Artkaspi.az
saytı Rəvan Cavidin "Hüqonun Adeleyə yazdığı məktuba ithaf” adlı yazısını
təqdim edir:
Məncə,
dünya mavi rəngdədir və adamların hamısının qanadı var. Bütün adamlar uça
bilir, məncə. Səncə..? Hər kəsin içində qoruyub saxladığı bir qağayısı var.
Yerin cazibə qüvvəsinə tabe olan ölüm kimi onu da qoruyub bir ömür dənizə
atırıq. Dənizə atdığımız qağayılardır, indi səmaya tərəf uçmaq istəyirlər. Heç
fikir verdinmi, onlar – qağayılar sadəcə dənizin üzərində, sahilə yaxın tərəfdə
uçurlar. Onları orada uçmağa vadar edən hadisəyə mən ümid deyirəm. Qağayılar
sahildən və dənizdən ümidini üzmür. Onlar bir gün bu iki sevgilinin
qovuşacağına inanırlar. Lakin onlar çoxdan qağayılara aşiq oldu. Bilirsən,
qağayı dənizin uçmaq arzusudu. Dənizin səmaya çatmaq istəyi, həsrəti. Sənə
arzuların nə qədər böyük, nə qədər ağır, nə qədər xoşbəxt edən halından
danışmaq deyil fikrim. Sənə arzuların bir gün qanadlana bilməsindən danışmaq
istəyirəm. Səninlə mənim nə qədər böyük arzularımız ola bilər ki..? Bir az
sənin istədiyin həyat, bir az mənim bu nəfəskəsici ağrılardan qurtulmağım. Bir
az sənin bəyaz, çəhrayı yuxuların, bir az mənim içində özümü itirib-tapdığım
yazılar, yazılar.
Biz bu mavi planetdə iki otaqlı, içi taxta qoxuyan, pəncərəsi
yaşıllıqlara, ya da sarı yarpaqlarını yavaş-yavaş torpağa əmanət edən, ya da
qar örtmüş budaqlarını səssiz çöllərin qucağına verən ağaclara açılan balaca
bir ev istəyirik. Nə qədər xəsis ola bilər ki Tanrı? Ümid edirəm, sən də, mən
də, lap elə küçənizin tinində dayanıb siqaret çəkən dayı da, sən universitetə
gələndə sənə baxıb öz qızını fikirləşən, əlində süpürgə tutan xanım da, onun
balaca, yaşıl gözlü qızı da layiq olduğu, yaşamalı olduğu taleyi yaşayacaq. Hər
kəsin bir günah payı varsa, həm də bir ümid payı var. Ümid etməlidi insan.
Gözləməlidi. Dayandığı yerdən çoxdan getmiş olsa belə ümid edib gözləməli. Bir
gün bir qağayının, nəhayət, şəhərə tərəf uçduğuna baxıb sevinməli, gülümsəməli.
Bir gün dənizin sahildən əl çəkib öz kiçik adalarının qayğısına qaldığına
tamaşa etməlidir insan. Saatlarla Xəzərin, Narginin, bir də arxadakı Bakının
rəsmini çəkməlidir ağlına, yaddaşına. Yaddaş qocalmır çünki. Qocalıb özümüzü
Tanrı amanına buraxdığımız vaxtda yaddaş bizə parta arxasında oturub saçlarını
lentlə yığmış qızın gülüşünü xatırladır. Rəsm çəkmək bacarığımızdan və ya
bacarmamağımızdan bizə saatlarla mühazirə deyir. Gözlərimiz yaşarır. Və biz
islanırıq xatirələrin ilıq yağışında. Sağımız-solumuz çobanyastığı olan bir
uşaqlıq da yaşamadıq, düzü. Amma olsun. Kim arzu etməkdən yoruldu ki..? Mən elə
birisini xatırlamıram. Sən? Dünyanın ən asan işidi arzu etmək. Gözlərini yumub,
əllərini birləşdirib sakitcə pıçıldayırsan və elə düşünürsən ki, bu qədər
uğultunun içindən sənin pıçıltıların Tanrıya daha aydın çatdı. Bəlkə də, ən
gözəl çağırışdı arzularını birinə pıçıldamaq. Sükutun içində dodaqlarının arasından
çıxan iki cümlə kəpənək effekti kimi qarşındakı adamın ürəyinə zəlzələ salır.
Onun içində səslər qarışır bir-birinə. Anlaşılmaz duyğudur. Mən yaşamışam.
Yaşayıb qağayıları başa düşmüşəm. Onların arzu halında olmaları qəribədi. Heç
düşünmüsən, arzu halındasan? Kiminsə, nəyinsə arzususan. Əllərini açıb dua
edirlər, sonra xəlvətcə sənin də adını o duaya əlavə edib səmaya üfürürlər
dualarını. Kaş yaşamaq dua etməkdən və sevməkdən ibarət olaydı. Hər kəs
salamlaşandan sonra öz dualarının necə eşidildiyindən, öz sevgilərini necə
onları xoşbəxt etməsindən danışardı. Məncə, bu dünyanın elə bir halı olub. İndi
inanmasam da, ümid edirəm, ümid edirəm ki, yenə elə bir dünyada yaşamaq bizə
hədiyyə olunacaq. Saatların bir o qədər önəmli olmadığı bir həyat. Kitabların
bir məktub halında ev-ev öz ünvanlarına çatdığı bir şəhər. Və pianino ilə
üzərində dolma qələm, sarı kağız olan masanın yan-yana dayandığı fısdıq yaşılı
rəngli otaq. Dəstələnib ağ iplə bir-birinə sarılan çiçəklər, məktublar və
telefon nömrələrinin qeyd olunduğu balaca bir dəftər. İcazə ver sənə həmişə
arzularımdan danışım. Və icazə ver sənə həmişə ümidlərimi göstərim. Mən kədərin
arzulandığı adamam. Sən gülüşün ümid halı. Bir az müqəddəs düşünək, biz necə
yaradardıq kosmosu?!

Neçə gündü səni üzgün və narahat hiss edirəm. Bu məni də eynən sənin
qədər üzür. Yanından keçən o adamların üzündən bir az-bir az gülüş qopardıb sənin
kirpiklərindən ağzına doğru sallamaq istəyirəm (yelləncək budaqdan asılan
kimi). Yanaqlarını qulaqlarına tərəf dartmaq, sonra çənəndən iki barmağımla
tutub başını yuxarı tərəf qaldırmaq istəyirəm. Çünki sən ədalı bir xoşbəxtlik
kimi görünməyə layiq olan adamsan... şeirsən. İçində ümid olan bir şeir. İçində
oğlunun əlindən tutub məktəbə yola salan bir ana, əsgərlikdən xəbər gözləyən
bir ata, sakinləri tətildən qayıdacaq bir ev, bu il yenə çəmənliyində qaça-qaça
dilini çıxaran köpəyin gəlişinə hazır olan bağ, ya da payız üçün hazırlıq görən
bir şair, ya da pianino dillərinə toxunub biləyindəki acını hiss edib
gülümsəyən bir qız olan şeirsən. Hər kəs bir az şeir olmalıdı, bilirsən..? Bir
az musiqiyə çevrilməlidi Yer kürəsi, Mars və s. Əllərimizlə bərk-bərk tutub
saxlamalıyıq sən, mən, o və s.
Küləyin
həzin hənirtisində, maşınların asfalta toxunan şinlərinin uğultusunda, küçədə çiyələk
satan ucqar dağ adamının özündənrazı çağırışında, binaların işıq yanan
pəncərələrini sayan pıçıltılarımda, pişiklərin miyoltusunda, bir-birinə dəyən
yarpaqların xışıltısında səsini eşitmək, sonra buludlara baxanda gözlərinin
dolmasını xatırlamaq çətin olmur. Bir fincan çay, şirin peçenye və film
fraqmanı kimi danışdığımız 20 yaşlarında bir həyatımız var idi masada. Bir
şəhər bir qızı nə qədər çox kədərləndirə bilər ki..?! Bilmirəm. Bu sözdən sonra
yekə bir üzgün smayliki kimi üzümün ifadəsi var.
Hər
şeyin günahkarı cazibə qüvvəsidi. Qanadı olanlar da buradan uçub gedə bilmir.
Məsələn, elə bilirsən, dənizi sevdiyi üçün qağayılar ancaq sahillərin,
limanların, gəmilərin üzərindən uçur?! Bəlkə, Bakıya olan nifrətinə görə..?
Başqasına duyduğun acıdan digərinə sığınmaq dünyanın ən böyük işgəncəsidi. Bəs
dünyanın ən böyük xoşbəxtliyi nədir, kimdir, haradır, görəsən? Hansı evlərdə
gizlənib bizim uşaqlığımızın eynisi, bilirsən? Mən yox!
Düşünsənə...
tapırıq o uşaqları. Onlara bir Nazim Hikmət şeiri oxuyub pəncərədən yazın
gəlməyini müjdələyən çiçəklərə və arılara baxıb gülümsəyirik:
"Güzel
günler göreceyiz, güneşli günler
Motorları
maviliklere süreceyiz”
İnanırsan?
Mən inanıram.
Bu günün
musiqi parçası "Vai vedrai – Cirque du soleil” olsun.
Özünə
yaxşı bax!”