Biz imzaları yox, əsərləri dərc edirik...

Getməz yuduğun paltarlardan yalan ləkəsi – Fərid Hüseynin yeni şeiri
711
06 Dekabr 2018, 10:43
 Artkaspi.az Fərid Hüseynin "Yalan bayramı" şeirini təqdim edir: 
 
 
 
 
 

Sən günəşi yalan
şirinçayı yalan, 
səhər yeməyi yalan,
səhərdirsə, yalanın xeyir,
axşamdısa, yalanın xeyir,
qonağım olsan – Yalan, xoş gəlmisən,
yol görünsə, – salamat qal, Yalan.
 

Öz adını oğurlayıblar,
kim yalan desə çevrilib baxırsan,
Doğru sözləri zülmlə höccələmə,
səni rahat başa düşürlər –
axı əzəldən yalan dilində danışırsan.
 


Qızlıq soyadın Yalan,
"ərlik soyadı”n Yalan olacaq,
getməyəcək yuduğun paltarlardan yalan ləkəsi,
çəkilməyəcək ayağın dəyən yerdən yalan qoxusu.
 

Üç tərəfdən hücum çəksələr
qaçacağın dördüncü tərəf – yalan.
Özünü ovutmağa bir şey axtarsan
tapacağın səbəb – yalan.
 

Sözlərin isladılmış pambıqdı – çəkisi yalan.
İçəridən qırışır paltarların – ütüsü yalan.
 
 

Səni ağzından alov püskürən bu diyara
yola salandadı günah –
arxanca atılan su da yalan
Sabah tamam başqa şeylər istəyəcəksən Allahdan,
bugünkü duaların yalan.
 
 

Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm?
Açacaqsan – yalan.
"Yol adlamaq deyil ömür yaşamaq” – 
o tərəfə keçəcəksən – yalan.
 
 
 

Gərək sağ əlin verdiyini sol əl bilməyə, –
əllərin yalan,
Gərək ürəyin bağışladığını göz görməyə, –
gözlərin yalan.
Qanına qarışan dərdin
zilləti yalan.
sənə nə yaxşılıq etsələr –
fəziləti yalan.
 

Bir şeyi sonradan anlasan –
barmağını dişləməyin yalan.
Hiylə zənciriylə bağlıdır qolların –
nəyinsə naminə işləməyin yalan.
 
 
Qaranlıq tərəfdən çevirsən üzünü, –
işığın yalan,
Bətnindən meyvə dərsən, –
uşağın yalan.
Axşamçağı darıxsan –
bürkün yalan.
Nə toxusan ilməsi qaçır –
hörgün yalan.
 
 
 
 
 

Peşmanlığın məşuqə yanağıdı, –
allığını tez itirən –
ənlik-kirşanın yalan.
Bu gün dilədiyini sabah qarğıyırsan –
hicranın yalan.
 
 

Yalanlarından çox yazmaq olar –
oxşar fikirləri uzadıb,
"Dəyişmə qurbanın olum, dəyişmə".
"Allah bizi sədaqətindən yaradıb".