artkaspi.az Ziyadxan Əliyevin Xalq rəssamı Xanlar Əhmədovun yaradıcılığı haqqındakı "Heykəltəraş ömrü" məqaləsini təqdim edir:

Yola saldığımız ildə müasir Azərbaycan heykəltəraşlığında
özünəməxsus yeri olan xalq rəssamı Xanlar Əhmədovun 70 yaşı tamam oldu. Bu yaş
hər bir yaradıcıya geriyə boylanmağa – keçdiyi sənət yoluna baxmağa və dəyərləndirməyə
imkan verir. Milli təsviri sənət məkanında yaradıcı "mən”ini təsdiqləməsi də
arxada qalan illərin onun üçün səmərəsiz keçmədiyini göstərir. Yaradıcılığında lirik
duyğuları romantika ilə qovuşdura bilən heykəltəraş kimi tanınması da onun
çağdaş plastika sənətində fərqli estetik tutuma malik iz salmasının nəticəsi
sayıla bilər. Onun maraqlı axtarışlarla dolu yaradıcılıq yoluna nəzər salmaqla
həmin "iz”in bədii məziyyətlərinə aydınlıq gətirmək mümkündür...
Bakıda və Daşkənddə xüsusi
ixtisas təhsili alan Xanlar Əhmədovun sənət yolunda "yaşıl işıq” yandıran, onu
tanıtdıran əsəri 1977-ci ildə yaratdığı "Lənkəran qadınları” kompozisiyası
olmuşdur. Ağacdan yonulmuş bu əsərdə plastikanın dinamikliyi, ritmlərin kəskinliyi
və dərin ekspressiya aparıcı rol oynayır. Mövzunun açımında materialın
dekorativ imkanlarından, rəngindən bacarıqla istifadə olunub. Ritmin nəhayətsizliyi,
axıcılığı kompozisiyaya nəzərə çarpacaq harmoniya və bütövlük bəxş edib. Heykəltəraş
bütün dəqiqliyi ilə zəhmət adamlarının səciyyəvi hərəkətlərini əsərin plastik və
ritmik həlli ilə birləşdirməyə nail olmuşdur. Bunun sayəsində o, qadınların
söhbətindəki əhval-ruhiyyəni, poetikanı duya və onu başqaları üçün də aşkarlaya
bilmişdir. Xanlar Əhmədovun "Lənkəran qadınları”nda nümayiş etdirdiyi yüksək sənətkarlığa
görə həmin illərdə neçə-neçə mükafatın sahibi olması da əsərin yüksək bədii dəyərə
malik olmasından xəbər verir .

İndi o vaxtdan qırx il keçib.
Bu müddətdə müxtəlif materiallarda işlədiyi heykəl-kompozisiyalar həm heykəltəraşın
maraq dünyasını, həm də sənətdə tutduğu mövqeyi duymağa imkan verir. Onun əsərlərinin
bir qismi hardasa ənənəvi sayılan, əbədi mövzulara həsr olunub. Diqqəti cəlb edən
cəhət budur ki, dəfələrlə işlənmiş bu mövzuların bədii şərhi üçün heykəltəraş
elə yeni, obrazlı plastik həll tapmışdır ki, onlar müasir baxılmaqla yanaşı, həm
də dərin məzmun, duyulası emosional təsir gücünə bələnməklə cəlbedici mənəvi
qaynağa çevrilmişlər.
X.Əhmədovun ana mövzusunda yaratdığı əsərlər dediklərimizi təsdiqləyir.
Ana məhəbbətini, ana sevincini, onun ülvi qayğılarını özündə yaşadan və psixoloji duyğularla zəngin olan bu əsərlər
müxtəlif materiallarda ərsəyə gətirilmişlər. "Gənc ana”, "Ana körpəsi ilə”,
"Xoşbəxtlik” və "Analıq” kompozisiyalarında bir-birini təkrar etməyən
forma-biçim və plastik həll bəşəri düşüncələrdən xəbər verir. Onların əksəriyyətinin
bədii təfsirlə poetik axara yönəldilməsi yaddaqalan əsərlərin yaranmasına səbəb
olmuşdur.
Uzun müddətdir ki, müasirlərimizin
obrazları X.Əhmədovun yaradıcılığında geniş yer tutmaqdadır. Onun "Tələbə qız”,
"Sürücü Mirzə”, "Pəhləvan İsa”, "Musiqiçi Habil Əliyevin portreti”, "Heykəltəraş
Mirəli Mirqasımov”, "Rza dayı” və s. əsərlərində müəllifin ifadəli forma həllinə
meyli, obrazın daxili aləminə nüfuz edə bilməsi, heykəlləşdirdiyi adamlara xas
olan fərdi keyfiyyətləri üzə çıxarmaq
istəyi duyulur.
Əgər X.Əhmədovun qadın
obrazlarında ilahi bir sakitlik duyulursa, əksinə, kişi surətlərinə daxili
narahatçılıq, müəyyən qədər də romantik əhval-ruhiyyə xasdır. Onlarda
intonasiya oxşarlığının, yeknəsəqliyin yoxluğu hər şeydən əvvəl məzmun yükünün
məntiqli plastik biçimlə vəhdəti ilə əldə olunmuşdur.

Heykəltəraşın yaradıcılığında
rəmzi məna daşıyan kompozisiyalar da az deyil. Bu mənada onun Azərbaycanda çox
məşhur olan və özünün görkəminə görə qədim Şərq zikkuratlarını xatırladan Ağsu
dolaylarına həsr etdiyi əsəri obrazlı həlli ilə seçilir. Üst-üstə sıralanan
dolambacları obrazlı şəkildə görmək istəyindən yaranan kompozisiyada qız və onu qarış-qarış izləyən duman təsvir
olunub. Onların plastik vəhdəti o qədər uğurludur ki, kompozisiyaya hopmuş həyəcanı
duymamaq olmur. Öz aləminə qapılmış qızın duruşu və onu dövrələyən duman
xüsusilə yaddaqalandır.
X.Əhmədovun paytaxtın Bayıl hissəsindəki doğum evinin
qarşısındakı "Xoşbəxt uşaqlıq” kompozisiyasında (həmmüəllif Ə.Kərimovdur) da üç
uşağın qayğısız anlarının əks etdirilməsində də rəmzi məna hifz olunmuşdur.
Milli geyimlərdə təqdim olunmuş bu uşaqlarda müəlliflər xalqımızın zaman-zaman
formalaşan maddi-mənəvi dəyərlərini gələcəyə daşıya biləcək xələflərinin nikbin
və oynaq görkəmlərini bədiiləşdiriblər.

Memarlar arasında heykəltəraşların
yaradıcılığının müsbət tərəfini səciyyələndirən "divarı, səthi duymaq” ifadəsi
mövcuddur. Belə keyfiyyətlərə malik olan heykəltəraşların əsərləri interyerin,
yaxud tikilinin fasadının məntiqi ritmini qırmır. X.Əhmədov respublikamızın
müxtəlif guşələrində bu cür çoxsaylı əsər yaratmağa nail olmuşdur. Onların
arasında yazıçı-dramaturq C.Cabbarlının, general Ə.Şıxlinskinin, rəssam
Ə.Əzimzadənin, dramaturq H. Cavidin, opera müğənnisi Bülbülün və digərlərinin
xatirə-lövhələrini xüsusi qeyd etmək olar. Onun hazırladığı məzarüstü abidələrdə
(Səid Rüstəmov, Mikayıl Hüseynov, Məmməd Araz və s.) də müəllifin mərhumların səciyyəvi
cizgilərinin və həyat amalının yaddaqalan plastik təcəssümünü görmək mümkündür.
Xanlar Əhmədovun xalqımızın
uzaq-yaxın tarixinə marağının ifadəsi olan əsərlərinin milli plastika sənətimizdə
özünəməxsus yeri vardır. Bu mövzuya onun qədər maraq göstərən ikinci bir heykəltəraşımız
yoxdur, desək, yanılmarıq. "Qaçaq Nəbi və Həcər”, "M.P.Vaqifin portreti”,
"Qarabağ faciəsi”, "Gəncəli Cavad xan”, "Tomris” "S.Mehmandarov”,
"Ə.Şıxlinski”, "H.Z.Tağıyev”, "Xocalı” və s. əsərlərində onun obrazlı ifadə ilə
yanaşı, plastikanın monumentallığının əldə olunması da qabarıq duyulur.

Bununla belə, onun Xocalı
mövzusuna münasibətini ayrıca vurğulamağa ehtiyac duyuruq. Belə ki, faciənin
ildönümündə 20 tunc və 20 qrafik silsilə-kompozisiyanı ictimailəşdirməsi, onun
həm də vətəndaş-sənətkar yanğısının ifadəsi idi. "Yandırılmış qadın”, "Didərginlər”,
"Ana fəryadı”, "Donmuşlar”, "Qaçqınlar”, "Faciə”, "Güllə” əsərlərində erməni təcavüzkarlarının
dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlər və vəhşilik bədii dillə ifşa
edilmişdir. Mövzunun davamı olaraq işlədiyi, 2011 və 2012-ci illərdə Xocalı faciəsi
mövzusunda keçirilən respublika müsabiqəsinin birinci mükafatına layiq görülmüş
kompozisiyalarında da faciənin ifadəli-düşündürücü plastik həlli ilə
qarşılaşırıq. Əlavə edək
ki, o, "Xocalı” silsiləsinə görə
"Bakılı” Beynəlxalq cəmiyyətinin təsis etdiyi "Humay” mükafatına layiq görülüb.
Demək lazımdır ki, X.Əhmədov az sonra ikinci dəfə bu mükafatı alıb. Bu dəfə isə
görkəmli memar M.Hüseynovun məzarüstü abidəsinin bədii həllinə görə...

Tanınmış heykəltəraşın əvvəlcə
"Respublikanın əməkdar rəssamı”, sonra isə "Respublikanın xalq rəssamı” fəxri
adlarına layiq görülməsi də onun Azərbaycan təsviri sənətinin inkişafındakı
xidmətlərinə verilən dəyərdir. Əsərlərinin ölkə muzey və qalereyaları ilə
yanaşı, xarici ölkələrin nüfuzlu kolleksiyalarında qorunması da onun sənətinin
beynəlxalq şöhrətinin göstəricisidir.
Hazırda müstəqil yaradıcılıqla yanaşı Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində kafedra müdiri vəzifəsində çalışan Xanlar Əhmədov
heykəltəraşlıq sənətimizin mənəvi yükünü daşıya biləcək gənc kadrların
yetişdirilməsi ilə məşğuldur.