Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən
formalaşmasında teatr həmişə çox böyük rol
oynamışdır.
Heydər Əliyev
Ümummilli
liderimiz, ulu öndər Heydər Əliyevin bu sözləri mədəniyyət və
incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə
verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. O, tamaşaların
premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla,
rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət
edər, fikirlərini bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu
ənənəni davam etdirdi. Heydər Əliyevin teatra gəlişi, səhnə arxasında yaradıcı
heyətlə görüşləri, söhbətləri, bir qayda olaraq, televiziya vasitəsi ilə xalqa
çatdırılırdı. Böyük həvəs, maraq və heyrətlə bu görüşlərə baxırdım,
Heydər Əliyevin sənət haqqındakı fikirləri, yeri gələndə dramaturqa, rejissora
və aktyorlara xoş sözlərlə bərabər haqlı irad tutması o qədər obyektiv,
professional səviyyədə tutarlı olurdu ki, mən bir teatrşünas kimi heyranlığımı
gizlədə bilmirdim. Bəli, Heydər Əliyev doğrudan da fenomen bir şəxsiyyət
idi. Çox vaxt Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə edir, onların
ruhən bir-birinə yaxın olduqlarını deyirlər. Bu yerdə mən Mustafa Kamal Paşanın
bir tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşünü və onu müşayiət
edən məmurlara dediyi sözləri xatırladım: "Əfəndilər, onu bilin ki, hər biriniz
nazir, millət vəkili, hətta cumhurbaşqanı da ola bilərsiniz. Amma sənətçi ola
bilməzsiniz. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş cocukları sevək!”.

H.Əliyev
teatr sənətinin məna və mahiyyətini, onun insanların qəbinə, hissinə, əqidəsinə
dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən
duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. H.Əliyevin
sənət adamlarına hörməti hər zaman hədsiz olub. Onun tamaşalara hər gəlişi,
fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılıq axtarışlarına
səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin
yozumuna müasir baxış qüvvətləndi. Azərbaycanın görkəmli sənətkarına
SSRİ-nin Xalq artisti, yaxud Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə
H.Əliyev böyük mənəvi və fiziki qüvvə sərf etdi. H.Əliyev incəsənət xadimlərinə
böyük ehtiramla yanaşırdı:
"Mədəniyyət
uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. O həssasdır: əlinin tumarı,
ürəyinin qayğısı azca azalan kimi o hiss edir, küsür, inciyir. Siyasi rəhbər,
dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.
1974-cü
ildə Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə Respublika Sarayında
(indiki Heydər Əliyev adına sarayda!) keçirilən təntənəli yığıncaqda Azərbaycan
rəhbərinin teatrımızın tarixi, keçdiyi çətin, mürəkkəb və şərəfli yaradıcılıq
yolu haqqında qüdrətli teatrşünas və müdrik siyasətçi baxışı ilə söylədiyi
dolğun, mənalı məruzəsi yalnız teatr xadimləri deyil, eyni zamanda xalqımız
tərəfindən məmnunluqla, heyranlıqla qarşılandı: "Teatr müqəddəs yerdir; tərbiyə
ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri
tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün,
irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər
çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında
oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir”. Azərbaycan
teatrının 100 illik yubileyi (1974) respublikamızın həyatında böyük mədəni və
siyasi əhəmiyyətli hadisəyə, teatr bayramına çevrildi...
Böyük
dövlət rəhbərinin 100 illik yubileydə tarixi nitqini söylədiyi zamanda görkəmli
rejissor Tofiq Kazımov artıq on il idi ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının baş rejissoru idi. Bu on il ərzində Tofiq Kazımov
psixobioqrafiyasında gizlədilən "zədə”ləri, demək olar ki, tam sağaltmasa da,
ağrı-acılarını xeyli yüngülləşdirmişdi. Amma məhz bu məqamda, onun əleyhinə
olan bəzi "kəslər” sənətkarın ətrafında yaradıcılıqla bağlı olmayan "işlər”
görməyə başladılar. Bu işlərdə səriştəli olan "intriqaçı”lar T.Kazımovu ruhdan
salmaq, onu əsəbiləşdirmək, düşünülməmiş, çılğın, emosional addımlar atmağa
təhrik etməkdən ötrü xeyli çalışdılar. Bəzi bədxahların məkrli əlləri o vaxtkı
hakimiyyətin ali eşelonlarına belə çatırdı... T.Kazımovun başının üstünü "qara
bulud”lar alırdı. Tədricən yaranan və sənətkarın "gününü qara” edən buludlar
bir anın içində parçalandı, havaya sovruldu. T.Kazımovu normal yaradıcı həyata
qaytaran yenə də ulu öndərimiz Heydər Əliyev oldu. "Şəhərin yay günləri”
tamaşasında pərdə axırıncı dəfə bağlanandan sonra Heydər Əliyev adəti üzrə
səhnəyə qalxdı: yaradıcı heyət onu alqışlarla qarşıladı, o da cavabında hamıya
bir-bir əl çaldı. Yaranmış sükutu pozmağa heç kim cürət etmirdi. Sükutu Heydər
Əliyev özü pozdu. Onu müşayiət edən rəsmilərə sarı döndü və konkret olaraq, heç
kimə müraciət etmədən uca səslə dedi:
–
Bəs deyirdiniz Tofiq Kazımov bir rejissor kimi tükənib?! Mən isə gözəl rejissor
işini gördüm.
Birinci
Katibin bu sözləri sürəkli alqışlar qopartdı. Amma o, əlini qaldırdı və sözünə
davam etdi:
– "Şəhərin
yay günləri” çox lazımlı, aktual olmaqla yanaşı, əsl bədii əsərdir. Hamınızı
təbrik edirəm.
Beləliklə,
"Şəhərin yay günləri” pyesinin tamaşasına baxdıqdan sonra yaradıcı heyətlə
görüşən ölkə rəhbəri Anarın bu pyesini yüksək qiymətləndirmişdi, psixoloji
realizim üslubunda yazılmış, ali məktəbə qəbul məsələsinə toxunan,
rüşvətxorluğu, əliəyriliyi kəskin tənqid edən bu pyesin əhəmiyyətini
vurğulamışdı. "Şəhərin yay günləri” tamaşasının quruluşçu rejissoru, ustad
rejissorumuz Tofiq Kazımov, aktyorlardan Səməndər Rzayev və Şəfiqə Məmmədova
1978-ci ildə Respublika Dövlət mükafatına layiq görüldülər.
1998-ci
il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət
Musiqili Komediya Teatrının açılış mərasimində öz mövqeyini bir daha
səsləndirmişdi: "Bəlkə, kimsə deyə bilər ki, biz ağır vəziyyətdə olduğumuz bir
zamanda nə üçün teatr binasının tikintisinə bu qədər xərc qoyulubdur. Ancaq
yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandıra
bilmərik. Bizim xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə
nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı
üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın
mənəviyyatını daha da yüksəklərə qaldıracağıq.

Müstəqil
Azərbaycan dövlətinin Azərbaycan Prezidenti kimi mənim siyasətimin böyük bir
qolu bundan ibarətdir. Əmin ola bilərsiz ki, bu siyasəti mən bundan sonra da
davam etdirəcəyəm”.
Heydər
Əliyevin geniş erudisiyası, mükəmməl analiz bacarığı və incə bədii-estetik
zövqü çox tez bir zamanda onu teatr çevrələrində də danılmaz bir avtoritetə
çevirmişdi. Onun baxdığı tamaşalardan sonra yaradıcı heyətlə apardığı söhbətlər
aktyor və rejissorlar üçün hər şeydən əvvəl əsl teatral ilə səmərəli ünsiyyət
aktına çevrilirdi. Ancaq tamaşadan sonra səhnəyə qalxan və tamaşanın yaradıcı
heyəti ilə söhbət edən yalnız dövlət başçısı deyil, ilk növbədə, sənət
adamlarının çox sevdiyi, ehtiram bəslədiyi həssas, bilikli və səmimi teatr
tamaşaçısı idi. Məhz buna görə, onun "səhnə söhbətləri” həm də teatr tarixinin
faktlarına dönürdü.
Heydər
Əliyevin "səhnə söhbətləri”nə konseptual prizmadan yanaşsaq, burada
teatrşünaslığın təməli anlayışlarını aşkarlaya bilərik. Belə ki, Heydər Əliyev
pyeslə – tamaşanın ədəbi əsası ilə zaman-məkan sənət növü olan tamaşanın köklü
fərqini vurğulayır və əsərin "məzmununu, mənasını” tam dərk etməkdən ötrü onu
"yaşamaq” şərtini önə çəkirdi. Səhnə əsərinin özünəməxsus təsir spektrini
açıqlayan nitqlərində Heydər Əliyev teatrşünaslıq analizinin təməlində duran
əsaslara arxalanırdı. Tamaşanın estetik, psixoloji və mənəvi təsirinin
əhəmiyyətini alim dəqiqliyi ilə vurğulayan Heydər Əliyev istənilən tamaşanın
başlıca məqsədini – emosional hasilini qeyd edirdi. Tamaşadan həyəcanlanmaq
qabiliyyətini ömrü boyu itirməyən ulu öndər nəinki tarixi şəxsiyyətdir, həm də
tarixi yaradan şəxsiyyətdir. Görünür elə buna görə də Heydər Əliyev mövzusu
zaman-zaman bədii təfəkkürə güclü təsir göstərmiş və göstərməkdədir.

Heydər
Əliyev İlyas Əfəndiyevin "Hökmdar və qızı” tamaşasına o vaxt respublikamızda
qonaq olan görkəmli alim İhsan Doğramacı ilə birlikdə gəlmişdi. Tamaşadan sonra
Heydər Əliyev qonaqla birgə səhnə arxasına gəlib yaradıcı heyəti təbrik etdi.
Həmin görüşdə Heydər Əliyev İlyas Əfəndiyev haqqında belə dedi: "İlyas
Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər
göstəribdir. Çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı
başqa cəhətlərlə yanaşı bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində
həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr
vasitəsilə bugünki nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir.”
"Qayıdış”
adlı sənədli televiziya filmində H.Əliyev deyir:
"13-14-15
yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla
baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim
ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə
iştirak etdim.
Mən
teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə
teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir
məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.
"Sənətdə
hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”, deyən rəhbər qayğı
göstərməklə yanaşı, obyektiv olmağı da qoruyurdu. Xalq artisti A.Pənahova
xatırlayır ki, Azərbaycan Dövlət Akademik Dram Teatrında görkəmli dramaturqumuz
İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı” tamaşasının Dövlət mükafatı alması şəxsən
H.Əliyevin təşəbbüsü ilə baş tutub. Belə ki, Dövlət mükafatı üzrə komissiya
üzvləri bir yerə yığışıb tamaşaya baxa bilməyiblərmiş. Sonra onlar baxmaq
istəyəndə Böyük bəy rolunun ifaçısı İsmayıl Dağıstanlı xəstələnir. Tamaşa
göstərilmir. Odur ki, dövlət komissiyasının yekun iclasında H.Əliyevə təqdim
olunan siyahıda "Mahnı dağlarda qaldı” tamaşasının adı olmur. H.Əliyev bunun
səbəbini soruşduqda komissiya üzvləri bir yerdə tamaşaya baxa bilmədiklərini
söyləyiblər. Ulu öndər üzünü komissiya üzvlərinə tutub deyir: "Mən tamaşanı
görmüşəm. Çox bəyənmişəm. Mən tamaşaya baxanda sizin əksəriyyətiniz də teatrda
idiniz. Tamaşaya baxırdınız. Kim tamaşanı görməyib, yaxud bəyənməyib, qoy
sözünü desin”. Heç kimin dinmədiyini görən H.Əliyev: – Niyə susursunuz? Kim
"Mahnı dağlarda qaldı” tamaşasına Dövlət mükafatı verilməsinə razıdırsa, səs
versin. Burada adları çəkilən artistlərə etirazınız yoxdursa, gəlin səsə
qoyaq”. Komissiya üzvləri ayrı-ayrılıqda öz müsbət rəylərini bildirdikdən sonra
"Mahnı dağlarda qaldı” tamaşası Azərbaycanın ilk Dövlət mükafatına
layiq görüldü.
1981-ci
ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Xurşud Banu Natəvan” pyesinin
tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan H.Əliyev əsərin
və tamaşanın orijinal təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi:
"Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı
gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan
qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə
bizim şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol
deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”. Sonralar da ayrı-ayrı
vaxtlarda H.Əliyev Azərbaycan teatrının "Xəyyam”, "İblis”, "İnsan”, "Dəli
yığıncağı”, "Fərhad və Şirin”, "Darıxma, ana”, "Aydın” və s. tamaşalarına
baxmış, yaradıcı heyətə öz dəyərli tövsiyyələrini vermiş, onları yeni
yaradıcılıq uğurlarına ruhlandırmışdı. Onun baxdığı son tamaşa isə görkəmli
rejissorumuz, Xalq artisti A.P.Nemətin "Hamlet” tamaşası idi.
Heydər
Əliyevin dəyərli teatr-estetik görüşləri onun ayrı-ayrı iclaslarda, müşavirə və
toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı
fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli
sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı
tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.
Ümummilli
liderimiz Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o
cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi. Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir.
Heç
şübhəsiz ki, ulu öndərimiz Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində
inkişaf etmiş Azərbaycan teatrı gələcəkdə daha yüksək sənət zirvələri
fəth edəcək.
Məryəm Əlizadə
Sənətşünaslıq doktoru, professor
Əməkdar incəsənət xadimi