Biz imzaları yox, əsərləri dərc edirik...

Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz –Timuçin Əfəndiyev yazır
1683
09 May 2018, 22:02
   Artkaspi.az əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin "Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz" adlı  yazısını təqdim edir:
 Azərbaycan xalqının  dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaratdı və onun gələcək inkişaf istiqamətlərini müəyyən etdi. 
 

 
 XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
 Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ  sovet dönəmində S. Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi yazıçılara, Q. Qarayev, Niyazi, F.Əmirov, T. Salahov, M. Hüseynov kimi  bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək  fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd edim ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ.Əfəndiyev, B.Vahabzadə,  X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, Elçin, Anar,  H.Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət  siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik, filosof şairi H.Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.
 

 
 Heydər Əliyevi hər şeydən öncə ədəbiyyatın yüksək borcu və amalı düşündürürdü. Azərbaycan yazıçılarının X qurultayındakı tarixi nitqində də o, ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandırmışdı. "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir", - deyən Heydər Əliyev ümumən intellektə, ağıl və zəkaya böyük qiymət verirdi. Çünki o özü XX əsr Azərbaycan tarixinin yetişdirdiyi böyük zəka, intellekt sahibi idi.
 Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək  fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir.
 Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya döndülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli mütəxəssis olacaqdılar. Necə ki, oldular da. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidinə çevrildik.
 Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.
 Ümummilli Liderin tarixi xidmətlərindən biri də odur ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü – azərbaycanlıların güclü diasporunun təməlini qoydu. Həmrəylik Gününün qeyd olunması ilə bağlı bu tarixi qərar o vaxt Naxçıvan  Muxtar  Respublikası Ali Məclisinin sədri kimi Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bələliklə, bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da isə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultaydakı nitqində Ümummilli Lider demişdir: "Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər".
 Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı gündəlik həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə təşkil etməsi də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın  tarixən formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyevin təbirincə desək, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır". 
 Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi-siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli tarixini, mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Ulu Öndərin misilsiz xidmətlərindən biridir. Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər, həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələrdir. Yubileylər vasitəsilə xalqa yenidən böyüklüyü, əzəməti ilə olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Onların heykəlləri Azərbaycan dilinin tarixi uğurlarını, sənət zirvələrini milli mühitin daimi, əbədi enerji mənbəyinə çevirir, ümummilli intibahda "gizli" iş görürdü. Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
 

 
 
 "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı, 30 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının qanunu və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanından irəli gələn vəzifələrdə Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibəti açıq ifadə edilmişdir.
 Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çox yaxşı bilirdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək demişdir: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, Ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. Bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir".
 Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i "Ana Dili Günü" kimi qeyd olunur.
Göründüyü kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi məhz Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irs də var olacaq, bizimlə, qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.
 Dilimizin inkişafında dövlət qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar, o cümlədən, "Azərbaycan dili gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin fərmanı (09.08.2001-ci il), "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu (30.09.2002), "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanı (02.01.2003), "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı (04.01.2003), "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004), "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004), "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar və metodik göstərişlərdən irəli gələn tələblər aidiyyatlı qurumlarda, ali məktəblərin fəaliyyətində, əməli işlərdə geniş şəkildə tətbiq edilməkdədir.
 
 

 Estafeti Ümummilli Liderdən alaraq şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır", – deyən möhtərəm prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur.
 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Mən fikirlərimi möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı sözləri ilə bitirmək istəyirəm: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

 525.az