Biz imzaları yox, əsərləri dərc edirik...

Həyatına intiharla son verdi
842
20 Aprel 2017, 13:55

artkaspi.az Nabokovun eyni adlı romanı əsasənda çəkilmiş "Lujinin müdafiəsi" filmi haqqındakı  məqaləni təqdim edir:


 "O, şahmatla elə belə məzələnmir, o, şahmata ibadət edir.”

Atasının Lujin üçün dediyi bu sözlər illər keçəndən sonra öz təsdiqini tapır. Lujin həqiqətən də şahmata ibadət edir və bu ibadət sonda onun faciəsinə gətirib çıxarır.

"Lujinin müdafiəsi” romanı Vladimir Nabokovun sayca üçüncü romanı hesab olunur. Nabokov bu romanını 1929-cu ilin yazında başlayıb, avqust ayında sona çatdırır. Roman 1930-cu ildə Berlində rus mühacirləri tərəfindən nəşr olunan "Müasir qeydlər” jurnalında dərc edilir. Daha sonra isə "Söz” nəşriyyatı tərəfindən çap olunur. Roman real hadisələrə əsaslanaraq qələmə alınmışdır. Nabokovun yaxın dostu, şahmat ustası Kurt fon Bardelebenin 1924-cü ildə özünə qəsd edir. Bu hadisə yazıçının yaddaşında çox dərin və kədərli iz buraxır. Bu səbəbdən də Nabokov dostunun həyatını qələmə almağa qərar verir. Romanda Lujinin rəqibi olan Turati də dörd dəfə şahmat üzrə dünya çempionu olmuş Aleksandr Alexinin prototipidir.

 

Lujin kübar ailədə doğulur. Ata Lujin yazıçıdır. Lakin, o, ədəbiyyat sahəsində o qədər də bəxti gətirən imza deyil. Evdar qadın olan ana xəstə, depressiv əhval-ruhiyyəlidir. Lujin uşaqlıq illərindən özünə qapanıq, səssiz biri olur. Məktəbdə daima lağ obyektidir. Bu səbəbdən də onun heç vaxt dostu olmur. Hansı peşəni seçəcəyi, kim olacağı barədə düşünən valideynləri onun üçün bərk narahatdırlar. Elə həmin ərəfədə ananın bibisi nəvəsi olan cavan qadın Anna evə get-gəl etməyə başlayır. Anna sağlam, gözəl və intellektualdır. O, şahmat oyununu çox gözəl bilir. Ata ilə onun yaxınlığı, anada qısqanclıq hissi oyadır. Bibi bu qısqanclığı duyur və onların evinə bir daha gəlmir. Lakin, gedərkən Lujini şahmat fiqurları ilə tanış edir. O gündən sonra Lujin bu oyuna aludə olur. Bəzən günlərlə dərsdən yayınıb bibinin evinə gedərək ondan şahmat oyununun qaydalarını öyrənir. Məktəb direktoru bu haqda onun valideynlərinə deyəndə ananın eyhamı diqqət çəkir: "Mən yalançılar əhatəsində yaşayıram. O, da sənin kimi məni aldadır”

Ana çox erkən yaşda uzun xəstəlikdən sonra dünyasını dəyişir. Bir müddət sonra isə ata da həyatdan köçür. Lujin qapalı məktəbdə təhsil alır. Zaman keçdikcə o, çox peşəkar şahmatçıya çevrilir.


 Almaniyada mühacir ailənin qızı olan Natalya ilə tanışlığı, onunla evlənməsi belə şahmata olan sevgisini azaltmır. Lakin, şahmata olan sevginin xəstəlik həddinə çatmasına əsəbləri davam gətirmir. Həkimlər ona qəti şəkildə şahmatı qadağan edirlər. Lujin bu qadağayla bir müddət razılaşsa da, yenidən şahmata geri dönür. Bu dəfə isə gizlin, öz içində... O, rəqibi Turati ilə açıq qalan oyunu başa çatdırmaq arzusundadır. Bunun üçün gecə-gündüz daxilində müxtəlif gedişlər edir, variantlar fikirləşir, analizlər aparır. Uşaqlıq xatirələri ona olmazın əzablar verir. Və həyatına xəyali uçuşla, əslində isə intiharla son verir.

Əsərlərinin ekranlaşdırılması baxımından Nabokovu bəxti gətirmiş yazıçı hesab etmək olar. Onun yaradıcılığına Stenli Kubrik, Rayner Verner Fassbinder, Toni Riçardson kimi rejissorlar müraciət ediblər.

"Lujinin müdafiəsi” romanı Piter Berrinin ssenarisi əsasında 2000-ci ildə rejissor Marlen Qorris tərəfindən lentə alınıb. Filmdə Lujin obrazını Con Turturro, Natalya Katkova obrazını isə Emili Uotson ifa edib. Romandan fərqli olaraq film daha yüngül, tamaşaçının həzm edə biləcəyi səpgidə ekranlaşdırılıb.

 

 Bundan əlavə rejissorun özünün də filmə müasir yanaşması hiss olunur. Romanda Lujinin Natalya ilə münasibəti ikinci plandadır. Hətta Lujinin qadını sevib sevməməsi belə sual altındadır. O, sadəcə olaraq şüuraltında kiməsə ehtiyacı olduğunu dərk edir. Ömrü boyu özünə qapanıq yaşayan qəhrəman birdən-birə gözəl qadınla rastlaşır. Lakin, onunla necə davranmaq lazım gəldiyini belə tam dərk edə bilmir. Natalyada isə Lujinə qarşı qəribə bir acıma duyğusu baş qaldırır. Romanda bəhs olunduğu kimi Natalya xeyirxahdır, dilənçilərə sədəqə verməyi, ac pişikləri bəsləməyi çox sevir.

Onun Lujinə olan münasibəti də məhz xeyirxahlığından qaynaqlanır. Sonradan tədricən həmin münasibət sevgiyə çevrilir. Romanın sonlarına qədər onların arasında dərin sevgi hisslərinin olub, olmaması sual altında qalır. Hər halda oxucu dərin məhəbbət romanı oxumadığını hiss edir. Çünki, mövzu və problem başqadır. İnsanın ona zövq verə biləcək hər şeydən imtina edərək bir peşəyə, oyuna bağlanması əslində faciədir, necə ki, faciə ilə də başa çatır. Lujini həmin oyuna bağlayan da hardasa şahmat oyununun ona uşaqlıq illərindən xatirə qalması olur. Bunun bariz nümunəsi uşaq vaxtı evlərində olan şahmat fiqurlarından birini daima özü ilə gəzdirməsidir. 

 

 

 Filmdə Lujin ən vacib oyunu oynamaq üçün İtaliyaya gəlir. Qaldığı oteldə o, Natalya ilə rastlaşır. Bir müddət keçəndən sonra Lujin iki sevgi arasında çıxılmaz vəziyyətə düşür. Şahmat və Natalya.

Qızın valideynləri xüsusən də anası bu evliliyə qarşıdır. O, özünü idarə etməyi bacarmayan, daima huşsuz-başsız olan Lujinlə qızının xoşbəxt olacağına inanmır. Ata isə qızının istəklərinə güzəştə getməli olduğunu düşünür. Həm də uzun illər mühacir həyatı yaşayan ata qızının elə öz vətənindən olan biri ilə evlənməsində pis heç nə görmür. Filmdə sevgi, intriqa, rəqabət daha qabarıq nəzərə çarpır.

 

 Rejissor filmin sonlarında bir sıra dəyişiklər edir. Romanın sonunda Lujin Natalya ilə evlənəndən bir müddət sonra intihar edir. Filmdə isə intihar toy günü baş verir. Həmçinin romanda Lujinin ən güclü rəqibi Salvator Turati ilə oyunu Lujinin xəstələnməsi nəticəsində yarımçıq qalır. Filmdə isə Lujinin intiharından sonra arvadı onun paltarlarını yığışdırarkən pencəyinin cibindəki sökük hissədən astarına düşmüş kağız tapır. Həmin kağızda Lujinin Turati ilə yarımçıq qoyduğu oyunun analizi qeyd olunub. Natalya yarımçıq qalan oyunu özü davam etdirmək istəyir. Kağızdakı gedişlərlə o, Turatiyə qalib gəlir və ruhsal aləmdə Lujin qələbə çalır. Onun ən güclü şahmat ustası oyunçusu olmağı sübuta yetirilib. Lakin, Lujin artıq həyatda yoxdur. O, həyat adlı oyuna uduzubdur. Bu məğlubiyyət isə heç zaman qalibiyyətə çevrilməyəcək.  

 

Maraqlı faktlar: Romanda Lujinin adı və soyadı yalnız  romanın sonunda bir dəfə qeyd olunur. Lujinin dostu olan Valentinov filmdə fitnəkar biri kimi təqdim olunur. Romanda isə belə deyil. Romanda Natalya və Lujin arasında heç bir erotik səhnə qeyd olunmayıb. Filmdə isə erotik kadrlar yer alıb.

Filmdə bir neçə kadrda səhv şahmat gedişləri nəzərə çarpır.

 

     Samirə Əşrəf