Biz imzaları yox, əsərləri dərc edirik...

Həyatın acısına sənətinə görə dözən aktrisa – Aydın Kazımzadə yazır
897
24 May 2018, 09:29
 "Hərdən evdə olanda fikrə dalıram. Öz-özümə sual edirəm: axı, niyə mən də başqaları kimi bu həyatda xoşbəxt ola bilmədim, nə idi mənim günahım? Amiranə, dindar nənəm mənə "dingildəyən qız” adını qoymuşdu. Anam isə "sənin səsin, oxumağın yeddi palandan eşidilir. Sən, qız xeylağı bizi biabır edibsən el içində. Bilmirəm axırın necə olacaq” deyirdi. Axırım da belə. Alın yazısı olan taleyim məni qarabaqara izləyir, ondan qaçıb canımı qurtara bilmirəm ki, bilmirəm. Ömrümü beləcə yaşayıram, qızımın yadigarı olan nəvəmi böyüdürəm...”
 

 
 Xalqımızın sevimli sənətkarı Nuriyyəxanım Əhmədli ilə sonuncu dəfə görüşüb ondan aldığım müsahibədəndir bu sətirlər.
 Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, kino və teatr aktrisası Nuriyyəxanım Əliağa qızı Əhmədli 1950-ci ildə Bakının Şüvəlan kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. O, hələ uşaqlıq illərində yaşlı müğənniləri bacarıqla yamsılayar, məktəb tədbirlərində mahnılar oxuyar, şeirlər söyləyərdi. Qohum-qonşu yəqin etmişdi ki, bu qız böyüyəndən sonra müğənni olacaq, səs-sorağı estrada səhnələrindən gələcəkdir. Elə Nuriyyəxanımın özü də belə düşünürdü.
 Nuriyyəxanımın tərbiyə aldığı ailədə çox qəribə bir qayda-qanun qoyulmuşdu. Atası evə televizor almırdı ki, uşaqların tərbiyəsi pozula bilər, bu ailədə soyuducudan da istifadə olunmurdu. Əliağa kişinin fikrincə, soyuducunun insan səhhətinə mənfi təsiri var. Digər tərəfdən, ana və nənə yeniyetmə qızın çalıb oxumasına qadağa qoymuşdular, "hansı sənəti seçir seçsin, bircə artist, müğənni olmasın” deyirdilər.
 

 
 Günlərin birində Nuriyyəxanım qonşu qadının məsləhəti ilə sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir. Lakin onun sənədlərini qəbul etmirlər, çünki o, hələ 18 yaşına çatmamışdı. İlk cəhdinin boşa çıxması qızcığazı ruhdan salmadı, "görünür, vokal sənəti” qismətimdə deyilmiş” dedi. Lakin xoş bir təsadüf Nuriyyəxanımın həyat yolunu müəyyənləşdirdi. Məclislərin birində o, bəstəkar Tofiq Bakıxanovla tanış olur. Qısa sorğu-sualdan sonra Tofiq müəllim orta məktəbi yenicə bitirmiş bu qızı Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrına gətirir. O vaxt bu teatrda bəstəkarın "Məmmədəli kurorta gedir” operettası tamaşaya hazırlanırdı.
 Yoxlamadan sonra teatrın direktoru Ş.Bədəlbəyli qızı işə götürür, həmin operettadakı hindli qız rolu ona həvalə olunur. Teatrda ilk iş günü və tamaşada ilk rol. Bu sevinci yaşamış sənətkarlar Nuriyyəxanımın keçirdiyi həyəcanı, xoşbəxt anları yaxşı başa düşürlər.
 Artıq 1968-ci il idi. Gənc aktrisa ilk gündən bu sənət ocağında görkəmli sənətkarlardan Lütfəli Abdullayev, Nəsibə Zeynalova,  Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov, Ofelya Aslan, Səyavuş Aslan, Niyaz Şərifov, Vaqif Ağayev və başqalarının qayğısı ilə əhatə olundu. Bu teatrda işlədiyi on il ərzində bir çox tamaşalarda müxtəlif obrazlar yaratdı.
 Nuriyyəxanım teatrda işlədiyi dövrdə truppa qastrol səfərlərinə də çıxırdı. Teatr Moskva yaxınlığındakı şəhərlərin birində qastrolda olarkən gənc aktrisanın başına qəribə bir hadisə gəlir.
 

 
 Aktrisa N.Əhmədlinin xatirələrindən: "Romen” Qaraçı teatrının artistləri də o vaxt qastrolda olduğumuz şəhərdə idi. Vaxtımız olanda bir-birimizin tamaşalarına baxırdıq. Ancaq "Romen” teatrının aktyorları bizə daha çox maraq göstərirdilər. Sən demə, bir cavan qaraçı oğlanın gözü məni yaman tutubmuş. Mən bunu sonradan bildim. Qaraçı teatrının rəhbəri bizim teatrın rəhbərliyi ilə görüşəndə deyir ki, o qız, yəni mən qaraçıya çox oxşayıram. İstəyirmiş ki, mən "Romen” teatrına keçim, həmişəlik bu teatrın aktrisası olum. Rəhbərlik bu məsələni zorla bağlaya bilir. Qaraçılar üçün adam qaçırmaq su içmək kimi bir şeydir. Bundan sonra mən hara getsəm, aktyor yoldaşlarımla çıxırdım.”
 Tamaşalar, qastrollar bir-birini əvəz edir, səhnənin cazibə qüvvəsi gənc aktrisanı teatra tamamilə bağlamışdı. Teatr Naxçıvanda olarkən Nuriyyəxanım teatrşünas Cabir Səfərovla tanış olur. Və onun məsləhəti ilə ali savad alacağına qərar verir. Onun fikri qəti idi. N.Əhmədli 1970-ci ildə sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir və bu arzu, bu istəklə də "kino və dram aktyoru” fakültəsinə, professor A.İskəndərovun rəhbərlik etdiyi kursa daxil olur. Arzularının bir-birinin ardınca həyata keçdiyini görən aktrisanın sevinci yerə-göyə sığmırdı.
 1974-cü ildə Nuriyyəxanım institutu bitirəndən sonra teatrda işləməyə gəlmiş gənc vokalçı Xanlarla ailə qurur. Xoşbəxt günlər tezliklə ailə qayğıları ilə əvəz olunur. İki uşaq böyüdən Nuriyyəxanım ailə vəziyyəti ilə əlaqədar 1978-ci ildə məcbur olub teatrdan çıxır, incəsənət institutunun "Tədris” teatrında işləməyə başlayır. O, "Tədris” teatrında çalışdığı dövrdə müxtəlif tamaşalarda çıxış edir, bu sahədə təcrübəsi bir qədər də artır.
 "İkinci kursda oxuyanda məni bizim kinostudiyaya dəvət etdilər” deyən N.Əhmədli ilk dəfə kinoya necə gəldiyini xatırlayır: "Rejissor Əbdül Mahmudov özünün diplom işi olan "Qəribə ov” qısametrajlı bədii filmində tələbə qız rolunda çəkilməyi təklif etdi. Mənim kino ilə təmasım, əməkdaşlığım bu filmlə başladı...”
 1982-ci ildə bir qrup aktyor "Tədris” teatrından C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən "Kinoaktyor” teatr-studiyasına dəvət olundu. Aktrisa Nuriyyəxanım Əhmədli də onların arasında idi. 
 Aktrisa kinostudiyaya gələnə qədər televiziya tamaşalarında özünəməxsus rollar oynamış, "Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində çəkilmişdi.
 1983-cü ildə rejissor C.Mehdiyev "Evlənmək istəyirəm” kinokomediyasına quruluş verir. Həmin filmdə Nuriyyəxanım qulluqçu rolunu oynayır. Bundan sonra kinoda rollar biri-digərini əvəz edir: Ana ("Qəm pəncərəsi”), Nərgiz ("Araqarışdıran”), ana ("Qızıl balıq”), Sənubər ("Ölsəm, bağışla), Salatın ("Qətl günü”), makinaçı Əzizə ("Qəzəlxan”), Sima ("Təhminə”), qonşu qadın ("Hökm”), ana ("Köpək”) və s. Bu filmlərə çəkilməklə aktrisa öz imkanlarının genişliyini roldan-rola daha aydın nəzərə çarpdırırdı. 
 Rejissor T.Tağızadənin "Bağ mövsümü” filmini (1985) görənlər yəqin ki, Xeyransa surətini yaddan çıxarmayıblar. Filmdəki hadisələr Abşeron kəndlərinin birində cərəyan edir. Abşeronun ab-havası bu torpaqda yaşayanların xarakterlərinə də sirayət edib. Nuriyyəxanım Bakının Şüvəlan kəndində boya-başa çatdığı üçün filmdəki hadisələr də, qəhrəmanlar da, elə Xeyransanın özü də ona yaxşı tanış idi. Aktrisa özü deyirdi ki, mən Bakı kəndlərində yaşayan qadınların surətlərini yaşadarkən, ilk növbədə öz anamı gözümün qarşısına gətirirəm. Demək olar ki, onun danışığından, jestlərindən istifadə edirəm.
 Bəlkə ona görədir ki, istər Xeyransa, makinaçı Əzizə, istərsə də Suğra, bu qəbildən olan digər rollar Nuriyyəxanımın ifasında tamaşaçıya çox gözəl təsir bağışlayır.
 Kinoda oynadığı rollardan söhbət düşəndə H.Əhmədli hər şeydən əvvəl "Bir gün axşam” (1985) və "Seans” (1987) animasiya filmlərindəki ana surətlərini xatırlayır. Bəli, mən animasiya dedikdə, səhv etmədim. Məhz rejissor F.Qurbanova çəkdiyi bu filmlərdə aktyor oyunlarından da bacarıqla istifadə edərək, bədii və animasiya kinosunun sintezindən gözəl sənət əsərləri yaratmağa müvəffəq olmuşdur.
 "Bir gün axşam” sərxoş bir məclisin kiçik ailənin rahatlığını, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir. Burada aktyor oyunları və rəsmlərlə qurulmuş səhnələr var. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir.
 Bu filmdəki ana surəti gündəlik həyatda gördüyümüz minlərlə analara bənzəyir. Bu, ilk baxışda belədir. Hadisələr inkişaf etdikcə görürük ki, bu ananı başqalarından fərqləndirən müəyyən cəhətlər vardır. Bunu Nuriyyəxanım öz təbii və səmimi oyunu ilə tamaşaçılara bacarıqla çatdırır.
 N.Əhmədova rejissor Vaqif Mustafayevin bir neçə bədii filmində çəkilmişdir. O, "Yaramaz” filmində satıcı Zöhrə, "Hər şey yaxşılığa doğru”da Törə, "Yerlə göy arasında”da Ruhiyə, "Milli bomba”da ana, "Yoxlama”da (serial) Həlimə kimi irili-xırdalı rollar ifa etmişdir.
 Vaxtilə aktrisa ilə söhbət zamanı o, belə bir fikir söyləmişdi: "Mən hələ öz filmimi, arzusunda olduğum rolu gözləyirəm.” Əlbəttə, aktrisanın özünə inamı, öz yaradıcılıq imkanlarını ölçüb biçməsi yaxşı haldır. İstedad var, işləmək həvəsi böyük, ustalığını daim təkmilləşdirməyə cəhd göstərməsi aktyor üçün əsas məsələlərdən biridir.
 Nuriyyəxanımın arzusunda olduğu rollardan birini – erməni Roza surətini rejissor Şahmar Ələkbərov ona həvalə etdi. Bu, "Sahilsiz gecə” sosial-dramı idi. Aktrisa həmin filmi öz yaradıcılığında çox böyük uğur hesab edirdi.
 Film 30-cu illərin repressiya dövrünə də toxunur. "Xalq düşmənlərinin” ailələrinin acı talelərindən söhbət açır.  Rozakimilər belə ailələrin başsız qalan qız övladlarını öz tərəflərinə çəkərək, onları pis yollara aparıb çıxarırdılar. Aktrisa personajının pozğun daxili aləmini, mənəviyyatının puçluğunu incə detallarla açıb göstərir, tamaşaçıları belələrinə qarşı amansız olmağa səsləyir. 
 Məşhur "Bəxt üzüyü” pyesinin motivləri əsasında rejissor R.Əzizbəylinin çəkdiyi eyni adlı musiqili kinokomediya istər mövzu aktuallığına, istərsə də maraqlı aktyor oyunlarına görə tamaşaçı rəğbətini qazanmışdır. Burada Söylü, Moşu, Sara, Sevda, Rasim kimi baş rollarla bərabər, bir-iki dəqiqəlik ekranda görünən alverçi Məsmə rolu da var. 
 Nuriyyəxanım bu rolu elə ifa edir ki, onu tamaşaçı yaddan çıxarda bilmir. 
 Rejissor F.Əliyevin "Yuxu” lirik kinokomediyasında aktrisanın ifa etdiyi sözgəzdirən Səriyyə də epizodik roldur. "Bəxt üzüyü”ndə olduğu kimi, bu filmdə də aktrisanın oyunu milli koloriti və təbiiliyi ilə seçilir.
 

 
 N.Əhmədlinin arzuladığı rollardan biri də rejissor R.Ocaqovun "Həm ziyarət, həm ticarət” sosial komediyasındakı Nuriyyə obrazıdır. Aktrisanın yaratdığı qəhrəman şəkilidir, o, coğrafiya müəllimi Mustafanın həyat yoldaşıdır. Məhz bu qadının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumlarını görməyə, həm də alverə gedirlər. Burada onlar komik vəziyyətlərə düşsələr də, öz insani ləyaqətlərini qoruyub saxlaya bilirlər. Filmdə Nuriyyəxanım öz qızı İlahə ilə çəkilmişdir. N.Əhmədlinin mətbuatda çap olunmuş müsahibəsindən: "Sənət və ailə. Birincisi, sənətə olan məhəbbətimdir. Onsuz yəqin ki, yaşaya bilməzdim. Həyatın acısına, ailədən gələn acısına dözə bilməzdim. Amma dözdüm, yalnız sənətimə görə. Həyat yoldaşım Xanlar yaxşı insandır. O, xəstələndi, ağır əməliyyatdan keçdi. Sonra bir neçə il yataq xəstəsi oldu. Onun və uşaqların qayğısına mən qalmalı oluram. Mən anayam...”
 

 
 Zavallı ana bilmirdi ki, onu irəlidə daha nələr gözləyir. O, bir qədər sonra övladlarının itkisini gördü. Bu ağır dərdə çox çətin dözürdü. Dözməyinin də səbəbi sənəti, bir də itirdiyi qızı İlahənin körpə balası Faiq idi. Ana balasının ətrini nəvəsindən alırdı. Nuriyyəxanımın nəvəsi ilə bağlı arzuları, istəkləri vardı. Lakin həyatın sərt sınaqlarına tab gətirməyən nənə nəvəsi ilə bağlı arzularını, istəklərini özü ilə apardı.
 Azərbaycanın xalq artisti N.Əhmədli oğlunun vəfatından altı ay sonra, 2015-ci il oktyabrın 10-da 65 yaşında, yubileyinə iki ay qalmış gözlərini əbədi yumdu. Böyük Nizami demişkən,
 
 Hərçəndi dünyada ölüm gerçəkdir,
 Ölüm ölmək deyil, yer dəyişməkdir...

 Sevimli sənətkarımız Nuriyyəxanım Əhmədli yerini dəyişsə də, ondan gələcək nəsillərə yaratdıqları miras qaldı.