Biz imzaları yox, əsərləri dərc edirik...

Hər quyu öz tənhalığını əzizlər – Qönçə Özmənin şeirləri
2911
11 Fevral 2020, 09:45
  Müasir dövrün sevilən Türkiyəli şairi Qönçə Özmən 1982-ci ildə Burdurun Tefenni kəndində anadan olub. İbtidai məktəbi Tefennidə, orta təhsilini isə Burdur Anadolu Liseyində alıb. İstanbul Universitetinin İngilis Dili və Ədəbiyyatı fakültəsində bakalavr və magistraturanı bitirib (2004) Hazırda həmin fakültədə doktorantdır.
  İlk şeiri 1997-ci ilin iyununda "Varlıq” jurnalında, daha sonra yazıları mütəmadi olaraq "Yasaq meyvə”, "Akatalpa”, "E”, "Uç” və s. dərgilərdə çap olunub.
  2009-cu ildən nəşr olunan "Palto" jurnalında redaktor kimi çalışıb. Şeirləri ingilis, alman, fransız, ispan, rumın və fars dillərinə tərcümə edilib. Macarıstan, Almaniya, Fransa və Sloveniyada keçirilən beynəlxalq şeir festivallarında Türkiyəni uğurla təmsil edib, ölkə və beynəlxalq miqyasda dəyərli bir çox mükafatlara layiq görülüb. "Kuytumda”(2000) və "Bəlkə Səssiz” (2008) adlı 2 şeir kitabı çapdan çıxıb.
 
  Zamanın tozları
 
Zaman – sudan da, Tanrıdan da əzəl
döyüşmədən zəfər çalar,
daşa dönmüş dərviş səbrini belə çatladar.
Öncə simamızdan başlayar dəyişikliklərə,
yaralar belə qabıq bağlayar zamanın tozu ilə.
Onu qanadlarında daşıyar köçəri quşlar,
sovrulub gedər bir qadının üçqat, sırıqlı ətəyində...
Zaman kif qoxuyar gözləməkdən,
amma gəlməz, gəlməz Qodo[1].
Zaman silinib gedər bir karvanın
ipisti qumlardakı izində,
susmağı tısbağa yerişinə bənzər.
Zaman mavilikdə vurnuxar,
                        yaşılla axıb gedər.
Tarix məzar qazıyar zamana
Amma nə qədər dərin qazsa da
yox olan deyil onun külləri...
 
 
  Uzağa yaxından baxmaq
 
Uzaqlar başını itirmiş, sarsılmış nağıl kimidir,
Qaf dağının[2] ardıdır uzaq...
Sonu gəlməyən bir macəradır
karvansaralarda bitən.
Kölgənə sarılıb yatdığın yerdir uzaqlar,
yad bir dildə kəkələməkdir.
Çapalamaq kimidir uzaq yollarda, dağlarda, dənizlərdə.
 
Okeanın, göylərin uzağı haracandı?
 
Keçmiş zamandır uzaq,
cib saatıdır, "ortadaqaldı” oyunudur...
 
Uzaqlar həmişə xəyal qurar özünə.
 
Budur oradasan! Uzaqda...
Qərq olmusan onun canyandıran gözəlliyinə...
 
 
 
  Payızda üşümək
 
Palçıqdan düzəltdiyim fiqurlar
dağılanda parçalandı uşaqlığım,
Suya həsrət sünbüllər kimi titrədim
həmişə ağrıdı üzümü sürtən çöllərin yeri
əllərimdə həqiqət, səsimdə tənhalıq...
 
Kimsə eşitmədi zanbaqların səsini,
torpağın yanğısını duymadı toxumlar.
Onun qırmızı nəfəsindən coşub çağladı
qırmızı-qırmızı alov çayları...
 
Yad bir kədərin ağuşuna atıldı axşam yalanları
Ona görə taleyimin ağ yerinə yazılıb şıltaq bir tarix,
Həm də axı həmişə bəyaz tərəfləri xatırlanar qadınların
Ona görə nə qədər çox tənhalıq varsa,
o qədər azdır pəncərələr
Hər şey payız üşümələridir, hər yan gizləndiyim sükutdur...
 
  Foto
 
Heç sevmirəm vəsiqəlik şəkillərimi,
qollarım hardasa Orta əsr döyüşlərində
kəsilmiş kimi gəlir mənə.
Hələ ayaqlarım... Onları da itirmişəm sanki
ucsuz-bucaqsız minalı sahədə.
 
  Darıxır zaman
 
Darıxır zaman
eyni yerdə durmaqdan
Bu sıxıntılı, küləksiz havalarda
yağış fitlə çalınan nəğməsidir zamanın.
 
Saçaq-saçaqdır zamanın donu
keçmişə atılan güllələrin izləri durur orda
Darıxır zaman
eyni şeyi görməkdən.
 
Heraklitin axarı[3] daşıyıb aparır zamanı,
aparır dənizlərə.
Zaman sıyrılıb çıxır
öz zülmətindən.
 
  Sularda
 
"Rənglər bir-birinə qarışmır” dedi.
İşıq dondu. Daşların arxasında gizləndi səslər.
Nəfəsini içinə çəkdi küləklər.
İki çaydaşı gizli-gizli söz saldı
çoxdan köhnəlmiş bir sevincdən.
Küləyin səmti belə itmiş fırtınada
dənizləri təqlid etməyə çalışdı bir göl,
daşın üzünü sildi zaman,
ortada qaldı formasını və yerini axtaran
bir topa bulud.
Yaşlı bir vulkanın sükutunda
"əslində, günəş yoxdur” deyə sayıqladı bir qadın.
Çöl öz qumları arasında gizləndi.
Gözəgörünməz bir əl beynimə çəkiclə vurdu, vurdu…
Hər yan hörümçəklə doludur indi
Hər yanı tor basıb…
Axı əllərin harda qalıb?
 
  Darlıq
 
Küçələr – səma yerə ensin,
uşaqlarla oynasın deyə yaranıb.
 
Küçələr – pəncərələr bir-birinə baxsın,
dərdləşsin deyə var.
 
Öncə çölündən köhnələr evlər,
yavaş-yavaş unudular içəridəki bədənlərin istisi də.
Səslər çatmaz bir otaqdan o birinə,
güclə atar özünü bağçalara.
Susqunlaşar qapılar,
yuxu tökər pəncərələr.
 
Dörd divarın söhbətidir otaqlar,
evlər hələ də sökülüb-yığılan çadırıdır uşaqlığımızın.
Ölümü böyüdərik burada
barama qozasında bəslənən kəpənək tək.
 
Elə daraltdıq ki ruhumuzu
içimizdə bir saxsılıq torpağa belə yer qalmadı.
Hər kəsin özünü nişan verər,
hər kəsin özünə bənzəyər
gizlənqaç oyununda gizləndiyi yer.
 
Ağaclar öz başlarının üstündəki səmanı tanıyarlar sadəcə...
 
  Yara
 
Eşq susdu axı –
odur ki dibə enək, bir quyu dibinə...
Orada qaranlıq, səssizlik və su qorxusu yatıb,
Ora səsin belə çatmadığı qədər dərindir.
 
Bir tabloya səpələdim hisslərimi,
dolaşıq bir simfoniyaya sızdırdım ruhumu.
Yorğun bir iniltisən artıq səsimdə
Xəyallar öldü axı –
Uzağa gedək, eşqdən uzaqlara
Orada küllər, xatirələr və bir ölüm çökəkliyi var
Bir də dağların yad sükutu çöküb hər yana.
 
Sən yenə də unutma,
hər quyu öz tənhalığını əzizlər
Hər quş
           öz səsi ilə
                    qarşılayar səhəri...
 
 
  Türkiyə türkcəsindən uyğunlaşdırdı: Günel Şamilqızı
 

[1] Qodo – Semyuel Bekketin "Qodonu gözlərkən” əsərinin baş qəhrəmanı

[2] Qaf dağı – əfsanələrdə Simurq adlı mövhumi quşun yaşadığı Qafqaz sıra dağlarından birinin – Elbrusun qədim adı

[3] Heraklitin axarı – burada qədim yunan filosofu Efesli Heraklitin məşhur "Bir axarı iki dəfə keçmək olmaz” ifadəsi nəzərdə tutulur.