Biz imzaları yox, əsərləri dərc edirik...

Hər qadın sənsən – Bulud Muradinin şeirləri
1621
02 Mart 2017, 13:58
Artkaspi.az "Cənub ədəbiyyatı” rubrikasından Bulud Muradinin şeirlərini təqdim edir:
 
 

 
 
BACISIZ QUŞ VƏ BİZİM ŞEİR
 
Gözümdə səyriyir səni durnalar
Damarlarımda qadın axır
Adın...
 
Bu dərbədər röyalar sığmayır gecəyə
Calanır ağacların kabusunda balta oyanır
 
Səni şəkilə salmaq üçün şəkildən çıxır ədəbiyyat
Bacısız quşlar kimi onlayn bir ölümdə                       
Televizorlar açıq qalır 
ordakı ceyran sübhə qədər su içir
məktub baxır gözlərin
şifahidir bizcə sevgi,
ölüm və qırmızı
haray çəkirəm gözlərini 
ağrı çəkirəm sükut pərdəsində
xirtdəyimdə qürbət çəkirəm qopuzu  balta-balta              
qəzetlərin rəsmi vaxtı ilə
tutulur dilim kəsilir baş ağrım və erkək sözcüklərim
sənə çatsa türkün sözü
 
...Ah nə yazıq!
Sığmayır bizim şeirə azadlıq!
 
YALNIZ SƏNƏ İZİN VAR
 
Yalnız sənə izin var öldürəsən məni yenə!
Saçların ilə.
Telefon telləri ilə... boğasan!
Yalnız sənin iznin var yenidən doğasan məni!
 
Yalnız sənə çatır əllərim
Əllərim dənizdir batırıram göyə: Ay çıxan balıqlar!
Əllərimi çıxarıram yerə: Gün batan quşlar!
 
...heç kim deyilsən!
Yerlə göyün ortaq dilində - gözlərində -
şeirsən!
...hər şeysən!
 
EŞQ
 
Anlar çolaq,
Bir roman kimi baxır sükut...
 
Və eşq
Dikdaban başmaqları ilə
Universitetin pillələrində
Qocalacaq...
 
 

 
SAAT AXŞAM BEŞDƏ
 
Saat axşam beşdə, axşam beşdə
Dümdüz
öküz kimi baxır bu şeirə hakim bəy,
Üzərində dalğalanır Leylinin qırmızı yaşmağı
Füzulinin əlində.
Saat axşam beşdə, axşam beşdə
başını qoyur çiynimə Təbriz.
Cünun yarpaqları kimi Payız metrosunda
ay-ulduz düşür yadıma,
Ah, Lorka!
ayaq üstə yaşayırıq biz,
ayaq üstə əzizlənirik yenə
Və yenə
Həyat davam edir 
"Tıraxtur” bayrağı kimi qırmızı...
 
 
SINDIM OYANDI ŞEİRLƏRİM
 
Gözündən od düşdü yandı şeirlərim,
Səni quş yuvası sandı şeirlərim.
Əl vurma yaramdı, qandı şeirlərim
Sevgidən sındım, oyandı şeirlərim.
                                                                                  
Hər şeyin adı sən, hər qadın sənsən.
Bir kitab yuxusan, bir ovuc çənsən.
Qəlbimdə soyunan bıçaq... həmən sən
Sevgidən sındım, oyandı şeirlərim.
 
Boş yerin dərd ilə doldu gecəmdə
Dərdiyin mavilər soldu gecəmdə
Get!
Sənli günlərdən boldu gecəmdə
Sevgidən sındım, oyandı şeirlərim.
 
BİR KÜÇƏDƏ İKİ QUŞBAZ OLMAZ
 
Gözlərimlə Göy yola getmir
rəngini dəyiş, ana!
Ağacın yadına gəlmirəm, yolların yadına gəlmirəm
Gözlərimə dolub o, endirib göyərçinlərimi...
geri al, ana!
Sığmayır salama, sığmayır nağıla 
Yola getmirəm adım ilə, yola getmirəm adı ilə
doğma, ana!
 
Çiçək açır onu qoxuyur,
Yağış yağır, quşlar oxuyur,
Kimə baxsam, onu baxır,
O baxır...
 
Enməlidi gecə kimi səhərə,
dəli kimi şəhərə...
Bir Göydə iki quşbaz olmaz
Ona de, ana! Ana, de ona!
 
ÖLÜM QONŞU QIZIDIR
 
Sözcüklər məncil, sözcüklər ölümcül
Hansını dindirdim qan-qan dedi
Hansına yanaşdım qan çanağı...
 
Ölüm ilə nə xeyir-şərim?!
Mən kim, o kim?!
Küçəmizin ağzında durur hər gün,
Məni görcək dodağı qaçır,
Məni görcək qısılır göy üzü sinəmdə.
Bir topa ilıq qan olur qışqırır qapı-bacaya ölüm...
Ölüm ilə xeyir-şərim yox!
Təkcə o açır qapımı örtür
Yeri evimin baş yatağında, kabinetlərin üstündə,
İçdiyim çayın içində...
Ölüm oyadır məni, oyadır məni, 
əl-üzümü yuyur atır şəhərin ağzına...
Ölüm istər xətrimi
Kitab başı açar şeirlərimə dua qatar verər əlimə...          
Ölüm qonşu qızıdır: hər gün nəzir aşı gətirir.
 
MƏN NƏ BİLİM DÜNYA HARDA
 
Onu məndən xəbər alma – 
mən nə bilim dünya harda?!
...biz kafelərdə görüşmədik
Qəhvə üstündən ağ "Bəhmən” alışdırmadım
Qəhvəçi yan baxmadı, 
o da axşam mahnılarını oxumadı.
 
Biz xiyabandan qışı mindirib aparmadıq evə,
Odekolon almadıq bu çiçəyin doğum günündə, 
Və pəncşənbələrin fərqi olmadı bizə.
Restorandan qayıtdıqca həmən sönmədi çıraqlar,
Alışmadı öpüşlər, şam da yandırmadıq miz üstündə...
 
O dünyam idi, mən ona biryolluq müsafir
Üstəlik bir qəhvə axşamı
...yox!
Nə məndən şeiri soruş, nə şeirdən məni.

Hazırladı: İlham Qəhrəman