Artkaspi.az Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri Sevinc Əliyeva ilə müsahibəsini təqdim edir:

– Sevinc xanım, Azərbaycan Tərcümə Mərkəzi KİV-də apardığı
monitorinqi necə qiymətləndirirsiniz?
– Konkret faktlardan çıxış edərək deyə bilərik ki,
Azərbaycan Tərcümə Mərkəzinin apardığı monitorinqlərin heç bir əsası yoxdur.
Hər hansı işə peşəkar şəkildə yanaşmaq ayrı şeydir. Bir də var, hər işin
qulpundan yapışıb yarımçıq iş ortaya qoyula, bir sözlə, biabır olasan. Nəsimi
adına Dilçilik İnstitutu olaraq monitorinqlərlə 2011-ci ildən məşğul oluruq.
Monitorinq şöbəsi prezidentin 2013-cü ildə 9 aprel sərəncamı ilə yaradılıb və
2014-cü ildən fəaliyyətə başlayıb. Hər il bir neçə sahə üzrə monitorinqlərin nəticələri
həmin qurumların nümayəndələrinin iştirakı ilə ictimaiyyətə açıqlanır.
Məsələnin mahiyyəti bundan ibarətdir ki, monitorinq
birtərəfli aparılmır. Söhbət məsələn, reklamlardakı monitorinqlərdən gedirsə,
nəticələri əlaqədar qurumların – Bakı Şəhər Reklam və İnformasiya İdarəsi,
Reklamçılar İttifaqının əməkdaşları dəvət olunmaqla və mətbuat nümayəndələrinin
iştirakı ilə elan edirik. Bakıda və rayonlarda apardığımız monitorinqlər buna
misal ola bilər.
Onu da qeyd edim ki, Tərcümə Mərkəzi də bir vaxtlar bununla
məşğul idi.
Saytlarda Azərbaycan ədəbi dil normalarına uyğunluq və
qeyri-uyğunluq məsələsi ilə bağlı monitorinqlər zamanı da eyni metodologiyanı
tətbiq etmişik. Heç vaxt məsələyə fərdi yanaşmamışıq, saytın rəhbərinin
kimliyinə diqqət yetirməmişik. Bu, ciddi məsələdir.
Bizi düşündürən yalnız Azərbaycançılıq, dilimizə xidmət,
ədəbi dilimizə riayət məsələsi olub.
Məmurlardan tutmuş istənilən vətəndaşa qədər hər kəs
Azərbaycan dilində normal danışmağı, düzgün yazmağı bacarmalıdır. Bu, ilk
növbədə, bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan Respublikasının
vətəndaşıyıqsa, müvafiq olaraq ana dilimizdə danışmalıyıq. Söhbət peşəkarlıqdan
gedirsə, yanaşma da peşəkarcasına olmalıdır. Biz orta məktəb dərsliklərinin
monitorinqi zamanı müvafiq qurumları dəvət etmişik, əgər gəlməyiblərsə, bu,
başqa məsələnin mövzudur. Monitorinqin nəticəsi heç vaxt gizli olmayıb,
saytımıza qoymaqla kifayətlənməmişik, ictimaiyyətə açıqlamışıq.
Bir məqamı da vurğulayım, televiziyaların monitorinqini
aparanda teleaparıcılar mənə sual ünvalayırdı ki, niyə Azərbaycan Dövlət
Televiziyası kənarda qalır? Son 3-4 ildə apardığımız monitorinqlərə Azərbaycan
televiziyasını da cəlb etmişik. Aparıcıların nitqində qüsurlar varsa,
görüntülər verilməklə ictimaiyyətə açıqlanıb.
Tərcümə Mərkəzinin işini ona görə pisləyirik ki, əvvəla,
qeyri-peşəkar yanaşma var. Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətinə
daxil olan sözlərin qeyri-etik olduğunu vurğulayırlar. Əgər söz lüğətimizə
daxil olubsa, ümumişlək sözdür. Xalqın dilindəki sözlər lüğətdə öz əksini
tapıbsa, deməli, işlənə bilər.
Birtərəfli yanaşmadan çıxış edərək məqsədli şəkildə hansısa
saytı qınaq obyektinə çevirmək xatirinə hər hansı sözü axtarmaq düzgün deyil.
Başqa bir məqam da var, hansısa xəbərdə qüsur görəndə diqqət edirik, sayt öz xəbərinimi
qoyub, yoxsa başqa mənbəyəmi istinad edib? İstinad varsa, xəbəri olduğu kimi
yayımlayan sayta deyil, orijinala müraciət etməliyik. Tərcümə Mərkəzi bu işdə
peşəkar olmadığına, hər hansı məqsəd güddüklərinə görə bu cür yanaşıb.
Orfoqrafiya lüğətini misal gətirə bilərəm, hər hansı quruma
subyektiv münasibəti ortaya qoymaq üçün iş görülmür. İşi peşəkarcasına görmək
istəyirsənsə, işinin keyfiyyətini ortaya qoymalısan. Monitorinq elə
aparılmalıdır ki, indiyə qədərki monitorinqlərə uyğun olsun, onlarla çəkidə
taraz gələ bilsin.
– Orfoqrafiya lüğəti ilə bağlı məsələni vurğuladınız, bəs
KİV-lə bağlı monitorinq hansı məqsədə xidmət edir?
– Belə qənaətə gəldim ki, bu da subyektiv münasibətdir. Əgər
söhbət reallıqdan gedirsə, niyə görə bütün saytlar monitorinqə cəlb olunmur?
Niyə bütün saytlardan nümunələr verilməklə monitorinqin nəticələri açıqlanmır?
Söhbət hər hansı saytı qınaq obyektivinə çevirməkdən gedirsə, məsələn, axar.az,
yaxud teleqraf.com saytlarında məlumatların yanlışlığı ortaya qoyulubsa, başqa
saytlarda nə var?
Görmək istədiyim aparıcı saytları təəssüf ki, orda görmədim.
Tərcümə Mərkəzində monitorinq aparan şəxslərin kimlər olduğunu bilmirəm, bütün
saytlar monitorinqə cəlb olunduğu təqdirdə Mərkəzin monitorinqləri peşəkar
mütəxəssislərin apardığı monitorinq hesab oluna bilərdi. Heç bir fərdi
münasibət olmadan, hər bir sayta obyektiv yanaşma ilə açıqlamalar verilməli,
Azərbaycan ədəbi dilinə uyğunluq prinsipi gözlənilməlidir.
Hansısa saytla münasibətə görə qəsdən onun qabardılmasını
pisləyirik. Monitorinqlər düzgün aparılsaydı, çəkinmədən bütün saytların
qüsurlarını qeyd edib, tövsiyələri verməli idi.
Qüsurları da necə gəldi vermək olmaz. Hansısa qrammatik
pozuntular olduğu və düzgün variant göstərilməklə nəticələr açıqlanmalıdır.
Sonra isə tövsiyə və təkliflər verilməlidir.
– Tərcümə Mərkəzi bir çox saytlarda "qüsurlar”ı şərhsiz
başlığı altında açıqlayıb...
–
Bu, tamamilə yanlışdır. Tərcümə Mərkəzinin monitorinqlərində peşəkarlıqdan
söhbət gedə bilməz. Təəssüf edirəm ki, yenə də ən ali dil qurumu olan Nəsimi
adına Dilçilik İnstitutunun funskiyasına qarışdılar, şərik olmağa çalışdılar.
Bunu bir dilçi kimi pisləyirəm.
– Özünüz də qeyd etdiniz ki, bütün monitorinqə KİV-lər cəlb
olunmayıb, sanki seçim zamanı hansısa saytları qaralamaq məqsədi güdülüb. Başqa
məşhur portallara, saytlara rast gəlinməyib. Sizcə, bu seçim necə aparıla
bilər?
– Bir var ciddi oxunaqlı saytlar, onları hamımız tanıyırıq.
Şou səciyyəli, hansısa xəbəri verib arxasınca nə isə güdmək məqsədilə fəaliyyət
göstərən saytlar da var. Bu yaxınlarda bir neçə saytın fəaliyyətinin
dayandırması ilə bağlı xəbərdarlıq edildi. Bu, dərs idi ki, hamı öz işinin
ciddiliyinə diqqət yetirsin. Tərcümə Mərkəzi də öz işinin ciddiliyini nəzərə
almalıdır.
Əlbəttə, insanın bir şəxsə yaxşı münasibəti yoxdursa,
hansısa hərəkətində qüsur axtarıb tapacaq. Bu baxımdan hesab edirəm ki,
saytlara yanaşma eyni olmalıdır. Söhbət ilk növbədə ciddi saytlardan gedir.
Mənə bu barədə də sual verilib ki, o qədər oxunaqlı olmayan saytların
monitorinqini aparırsınızmı...
Söylədim ki, o saytlara baxanda hətta xəbərlərin bir çoxunun
ciddi mənbəyə istinad olunmadan məqsədli şəkildə yerləşdirildiyini şahidi olduq
və buna görə onları nəzərə çarpdırmırıq ki, belə sayt da var. Məqsədimiz
dilimizə xidmət, vətəndaşlarımızın daha çox müraciət etdiyi saytlardakı dil
qüsurlarını ortaya qoymaqdan ibarətdir.
– Tərcümə Mərkəzi monitorinq və digər məsələlərdə heç
monitorinq şöbəsinə əməkdaşlıq üçün müraciət edibmi?
–
Xeyr, heç vaxt olmayıb. Biz televiziyaların monitorinqini aparanda suallar
verilirdi ki, dublyajlardakı vəziyyətlə tanışsınızmı? Mən də həmişə eyni cavabı
verirəm: Dublyajlardakı hər hansı qüsura görə məsuliyyəti Tərcümə Mərkəzi
daşımalıdır. Tərcümə Mərkəzi birinci növbədə tərcümə olunmuş kitablardakı,
filmlərdəki qüsurlarla məşğul olmalıdır.
Bilirsinizmi, dərman preparatlarının içlik vərəqində nə
qədər ciddi problemlər var. Biz bir dəfə özümüz üçün monitorinq apardıq, orada
o qədər səhvlər ortaya çıxdı ki... Baxdıq ki, burada sırf peşəkar tərcüməçilər
lazımdır o tərcümələri ortaya qoysun, sonra onun monitorinqini aparaq.
Məsələn, mənə maraqlıdır ki, Tərcümə Mərkəzinin
səlahiyyətlərində KİV-in dili, reklamlardakı dil qüsurları ilə bağlı monitorinq
aparmaq vəzifəsi varmı? Monitorinq şöbəsi məhz prezidentin sərəncamı ilə
yaradılmış bir şöbədir və fəaliyyətimizin başlıca prinsipi bundan ibarətdir.
Amma Tərcümə Mərkəzinin başlıca vəzifəsi adından da göründüyü kimi tərcümə
məsələlərinə nəzarətdir.
Bu yaxınlarda telefilmlərdə dil qüsurları ilə bağlı ekspert
qrupunun rəhbəri idim, o qədər məsələlər ortaya qoyulmuşdu ki, iki nəfərdən
biri mənə dublyajların vəziyyəti barədə sual verirdi. Bu, insanları həddən
artıq narahat edir. Halbuki bu, ilk növbədə, Tərcümə Mərkəzini, hörmətli Afaq
xanımı narahat etməlidir ki, onun başçılıq etdiyi Mərkəzin birbaşa
səlahiyyətinə daxil olan məsələlər nə vəziyyətdədir...
Həddən artıq bərbaddır! Mütəxəssis olaraq deyirəm ki, bu gün
televiziya üçün mənfi hal hesab edilən ən başlıca məsələlərdən biri məhz
dublyajlarla bağlıdır.
– Bütün bunların fonunda Tərcümə Mərkəzinin monitorinqi nə
dərəcədə mötəbər hesab edilə bilər?
– Qəti mötəbər hesab oluna bilməz. Tərcümə Mərkəzinin
orfoqrafiya lüğəti Dilçilik İnstitutunun tərtib etdiyi və Nazirlər Kabineti
tərəfindən təsdiq olunan lüğətlə heç vaxt bir səviyyədə ola bilmədiyi kimi
monitorinqlərin də heç bir əhəmiyyəti ola bilməz. Burada heç bir rəsmiyyətdən
söhbət gedə bilməz.
– Rəhbərlik etdiyiniz monitorinq şöbəsinin hazırda hansı iş
üzərində çalışır?
– Saytların, televiziyaların monitorinqi mütəmadi işimizdir.
İlin əvvəlində planlarımızı açıqlamışıq. Ölkə başçısının Monitorinq Mərkəzinin
yaradılması barədə sərəncamı təqdir etdik. Biz düşünürük ki, Monitorinq Mərkəzi
nə qədər tez yaransa, Tərcümə Mərkəzi də öz fəaliyyətini daha yaxından dərk
edəcək və bu işlərdən əl çəkəcək. Monitorinq Mərkəzinin səlahiyyətləri
qanunvericilik çərçivəsində daha güclü olacaq.
Ona görə də, indiyə qədər arzuladığımız, qanunvericilik
çərçivəsində edə bilmədiyimiz işlər yəqin ki, Monitorinq Mərkəzinin
fəaliyyətinə daxil olacaq. Biz şöbə olaraq fəaliyyətimizdəyik, radiolarla bağlı
monitorinqlərimiz olub, onların nəticələrini açıqlayacağıq.
Ötən il müğənnilərin ifa tərzindəki qüsurlarla bağlı
monitorinqlərimiz oldu, fəaliyyətimiz alqışlandı. Məqsəd yalnız dilimizin
xidmətində durmaqdır.
teleqraf.com