artkaspi.az Çimnaz Sultanovanın müsahibəsini təqdim edir:

– Çimnaz xanım istərdik ki, ilk olaraq bizə gözəlliyinizin sirlərindən danışasınız. Sizi bu qədər cəlbedici edən nədir?
– Siz hər zaman formadasınız, fitsiniz. Bunun üçün hansı diyetalardan və üsullardan istifadə edirsiniz?
– 5 yaşından bədii gimnastika ilə məşğul olmuşam. Böyük travma aldım, ondan sonra bir müddət ara verdim. Deməyim odur ki, hər zaman bədii gimnastika ilə məşğul olmuşam. İndi isə gündəlik əhvalımdan asılı olaraq həftədə 3 dəfə "body flex”lə məşğul oluram. Bu, çox gözəl idman növüdür. Xanımlarımız gün ərzində 15 dəqiqə bu idman növü ilə məşğul olsa onun xeyirini görərlər.
– Siz tez-tez imicinizi dəyişirsiniz, saçlarınızı müxtəlif rənglərə boyayırsınız. Bundan əvvəl saçlarınız narıncı, qırmızı olub. Hazırda qara rəngdədir.
–Təbii ki, hər bir qadın müəyyən zaman keçdikdən sonra imicində dəyişiklik etmək istəyir. Mən eyni obrazda qalmağı xoşlamıram. Əvvəllər saçlarımı, imicimi lap tez-tez dəyişirdim. İndi çəkilişlərim başladığı üçün müəyyən obrazı saxlamaq lazımdır. Onun üçün də balaca dəyişikliklər edirəm. Saç rəngi insanın əhvalından asılıdır. Hansı əhvaldayamsa ona uyğun şəkildə saçlarımı boyayıram. İndi qarşıdan payız gəlir. Payızda məni fərqli saç rəngində görəcəksiniz. Əslində, çox da qlobal dəyişikliklər etmirəm. Heç buna imic deməzdim. Ancaq saç rəngi, həqiqətən, insana çox enerji verir. Geyimlərimizdə də belədir. Gün olur ki, ancaq yaşıl rəngləri seçirsən. Elə gün olur ki, çəhrayı rəngə üstünlük verirsən. Bu, əhvaldan və mövsümdən, qadınların daxili ruhundan asılı olan bir şeydir. Əsas odur ki, qadın həmin saç rəngində özünü gözəl və güvənli hiss etsin.
– Çimnaz xanım, hər dəfə sizə baxanda bizi bir sual maraqlandırır. Bədən fiquranız və simanız standart ölçülərə uyğundur. Bu qədər fit qalmaq üçün hansı estetik əməliyyatlar keçirmisiz?
– Bu sualı hər kəs mənə verir. Çəkildiyim serialda estetik cərrahını reklam edirəm. Ancaq mən heç vaxt heç bir zaman estetik əməliyyat etdirməmişəm. Mən o klinikanı ona görə reklam etmişəm ki, həmin klinika bizə sponsorluq edirdi. Mən estetik əməliyyatdan qorxuram və inanmıram ki, nə zamansa buna müraciət edim. Klinika siması kimi məni seçib, öz reklamına çəkmişdi. Mənim estetik əməliyyatla heç bir əlaqəm yoxdur. İnanmıram ki, nə vaxtsa estetik əməliyyata ehtiyacım olar. İdmanla məşğul olan insanın çətin ki, əməliyyata ehtiyacı olsun. Qabaqcadan danışmayım, bəlkə, 15-20 ildən sonra nəsə etdirəcəyəm (gülürük). Ancaq heç bir estetik əməliyyat etdirməmişəm. Təkcə Azərbaycanın deyil, bəlkə də , şou aləmin yeganə qadınlardanam ki, görünüşümə görə heç bir estetik əməliyyat etdirməmişəm. Ömür boyu özümə baxmışam, qidalanmağımın, sağlamlığımın qayğısına qalmışam. Hər zaman bədənimə, dərimə, üzümə, saçlarıma qulluq etmişəm. İndi xanımlarımız deyəcək ki, özünə qulluq üçün də pul xərcləmək lazımdır. Arıqlamaq üçün mütləq deyil ki, hansısa bahalı fitnes kluba gedəsən. Arıqlamaq istəyən qadın yaşadığı mənzildə liftdən istifadə etməməklə, pilləkənləri bir neçə dəfə ayaqla qalxıb düşməklə arıqlaya bilər. Bunun özü belə ən ideal idman növüdür. Hər bir xanımın mətbəxində müxtəlif tərəvəzlər var. Bununla özlərinə maska düzəldə bilərlər. Dəriyə vurulan vitaminlər, nəmləndiricilər son dönəmlər dəb halını alıb. Bizim nənələrimiz tərəvəzlər maskalar hazırlayırdılar və gözəl dəriyə sahib olurdular. Xanımların arıqlaya bilməməkdən şikayət etmələri, dərilərinin parlaq olmamasının hamısı bir bəhanədir. Özünə baxmaq istəyən qadın buna mütləq vaxt tapacaq. İstədiyi vaxt gözəl görünə bilər. Misal üçün arıqlamaq üçün məndə çox gözəl bir diyeta var. O üsul məni çox arıqladır.
– İstərdik o üsulu bizim xanımlar üçün də bölüşəsiniz.
– Yarmanı təmizləyib suya qoyuram. Bir gecə o suda qalır. Səhəri həmin yarma çox yumşaq olur. Səhər-səhər kivini doğrayır, onunla birlikdə yeyirəm. Günorta yeməyinə isə pomidor şorbası yeyirəm. Təbii ki, bu şorba yağsız olmalıdır. Axşama da yenə də yarma ilə kivi yeyirəm. Bu yaxşı diyetadır və çox gözəl nəticəsi var. Mənə nə zaman təcili 2-3 kilo arıqlamaq lazım gəlsə iki gün həmin diyetanı saxlayıram. Bu mənim arıqlamaq sirrimdir. Hələ indiyə kimi bu sirri heç kimə deməmişdim (gülürük).
– Bildiyimiz qədəriylə siz musiqi ilə də məşğul olursunuz. Musiqi sizin həyatınızda hansı yeri tutur?
– Mən universitetə hazırlaşanda anam deyirdi ki, sən ya Tibb universitetinə, ya da Pedaqoji universitetə daxil olmalısan. Anamın arzusu idi ki, mən bağçada musiqi müəlliməsi olum. Uşaqlara musiqi dərsi keçim. O, deyirdi ki, qadın üçün ən gözəl iş həftədə iki-üç dəfə gedib, uşaqlarla musiqi ilə məşğul olmaqdır. 7 yaşımdan musiqi məktəbinə getmişəm və oranı əla qiymətlərlə bitirmişəm. Düzdür, musiqini uşaq vaxtı çox da bəyənmirdim. Çünki dostlarım həyətdə oynayanda, mən də musiqi ilə məşğul olurdum. Bazar günləri həftənin yorğunluğunu çıxarıb, istirahət etmək, bir az yatmaq istəyirdim. Ancaq həmin günlər mənim solfecio və xor dərslərim var idi. Deməyim odur ki, musiqi ilə uşaqlıqdan məşğul olmuşam. Mənim üçün musiqisiz həyat yoxdur. Yaxşı günümüzdə də, şən günlərimizdə də hər zaman musiqi bizimlə olur. Musiqi insanın ürəyini açır. Onsuz bir günüm olmasın. Musiqi ilə peşəkar səviyyədə məşğul oluram. Hazırda gözəl komanda ilə çalışıram. Belə ki, Ukraynanın əməkdar artisti Rima Şapovalova ilə məşğul oluruq. O çox peşəkardır və eyni zamanda gözəl xanımdır.
– Siz zövqlə geyinən xanımlardansınız. Maraqlıdır, geyimlərinizi kim seçir? Bu sahədə stilistlərdən kömək alırsınızmı?
– Xeyr. Hazırda çəkildiyim "Vicdan haqqı” serialında gördüyünüz geyimlərin 60 faizi öz paltarlarımdan ibarətdir. Qalanları isə bizə sponsorluq edən mağazaların geyimləri olur. Hər zaman geyinəcəyim paltarı özüm seçirəm, bunu heç kimə etibar etmirəm. Sonda geyimimə baxanlar deyir ki, bu qeyri-adi geyimdir. Geyim seçmək zövq məsələsidir, o da daxildən gəlir. Bir çox hallarda mən qara rəngi xoşlamıram. Ancaq görürəm ki, son zamanlar qarderobumda məhz qara rəngi seçirəm. Rəngli paltarları daha çox xoşlayıram. Mən əhvalıma görə geyinirəm. Klassikanı və sport geyimi xoşlayıram. Bu da getdiyim məkandan asılıdır.
– Həyat, sevgi dolu bir xanımsınız. Sizi bu qədər pozitiv edən, enerjili saxlayan nədir?
– Bunun səbəbini mən də bilmirəm. Mənim də çox kədərli, qəmli günlərim olub. Əgər bu gün deyib gülürəmsə bu o demək deyil ki, həyatımda hüznlü günlər olmur. 2017-ci il mənim üçün çətin başladı. Bu il həyat mənə qarşı çox qəddar oldu, zərbələr aldım. Heç zaman təsəvvür etməzdim ki, həmin insanlardan zərbə ala bilərəm. İtkilərim çox oldu. Yay mənim üçün çətin keçdi. Bunu ancaq yaxınlarım bilir. Hələ də aldığım həmin zərbədən özümə gələ bilməmişəm. Bilirəm ki, hər insanın problemi var. İnsanın qəm-qüssəli günləri olur. Ancaq buna baxmayaraq işə gedəndə çalışıram ki, öz ürək ağrılarımı kollektivə göstərməyim. Şən zarafatcıl görünüm. Bir Allah bilir ki, ürəyimdə nələr çəkirəm. Bu il mənim üçün çətin olduğuna görə 2017-ci ilin tez bitməsini arzulayıram.
– İnsanı gözəlləşdirən, gözəl saxlayan sevgidir. Həyatınızda bu sevgiyə layiq olan özəl birisi varmı?
– Desəm inanmazsınız, ancaq həqiqətən də mənim həyatımda elə bir insan yoxdur. Düzdür məni çox adam sevir. Amma sizin deməyə çalışdığınız elə bir insan isə yoxdur. Çalışıram ki, insanlara qarşı mehriban olum, sevgi ilə yanaşım. Amma bu sevgi sizin dediyiniz o sevgidən deyil.
Söhbətləşdi: Xəyalə Rəis