Biz imzaları yox, əsərləri dərc edirik...

Həqiqətləri dərk edib sonra yazmaq lazımdır– Kit de Volun müsahibəsi
689
30 Aprel 2018, 11:03
  Artkaspi.az irland əsilli britaniyalı yazar Kit de Volun yeni kitabının nəşri ərəfəsində "Guardian”a verdiyi müsahibəni təqdim edir: 
 

 
 Dünya ədəbiyyatının yeni imzalarından Kit de Volun "uğur hekayəsi” adlandırılmağa layiq debüt əsəri "Mənim adım Leondur”. ("My name is Leon”) Əsər 2017-ci ilin bestseller siyahısında ilk iyirmilikdə yer aldı. Doqquz ədəbi mükafata namizəd göstərilən roman "Desmond Elliott” və "Costa First Novel”-in qalibi elan edildi. Birmingamda anadan olmuş Kitin anası təmiz İrlandiya vətəndaşıdır. Atası isə Karib dənizi hövzəsində məskən salmış amerikalılardan olub. İlk romanın uğurundan sonra Kitdə cövhər olduğu qənaətinə gələn nəşriyyatlar onunla müqavilə imzalamaq üçün yarışa girdilər. Martın 29-da isə ilin ən çox gözlənilən kitablarından "Zamana tələ” ("The trick to time”) "Vikinq” nəşriyyatında işıq üzü gördü. Yazarlıq karyerası qurmadan əvvəl 15 il ağır cinayətlər və ailə münaqişələri üzrə vəkil işləmiş Kit de Volun yeni kitabının nəşri ərəfəsində "Guardian”a verdiyi müsahibəni təqdim edirik. 

 – Yeni romanınız Birmingamda yaşayan İrlandiyalı gənc cütlük – Mona və Villin həyatından bəhs edir. Baş verən bir faciə onları parçalayaraq, uzaqlara sovurur. Yazmağa başlamadan əvvəl əlinizdə nə var idi – obrazlar, yoxsa bu ürəkdağlayan hekayə?
 – Birinci Mona gəldi. Obrazlar həmişə dəvətsiz qonaq olurlar mənə. Onu tanımağa başladım, obrazı yaratdıqca hekayəsi də açıldı. Bu romanın hekayəsi Monanın obrazı, onun keçmişinin müşayiəti ilə yazılıb. İrland köklərimlə bağlanan, uşaqlığımın keçdiyi yerləri təsvir etmək imkanı verəcək bir şey yazmaq istəyirdim. Anamın İrlandiyadan bu yerlərə köç etmiş ailəsindən, köç zamanından bəhs edildikcə, yaddaşımın ağ divarlarına hopmuş xatirələrə, Birmingama yeni gəldikləri dönəmlərdə yaşadıqları "didərginlik, qəriblik” duyğusuna, çətin günlərə işıq tutmağa çalışdım. Bütün dünyada ingilislər soyuqqanlı insanlar kimi tanınırlar, amma anamın ailəsi ingilislərlə heç bir tanışlıqları, əlaqələri, bağları olmadığı halda, yerli əhalinin köməyilə bura çox tez öyrəşiblər. Dünyanın bütün xalqlarında belədir bəlkə də, irlandlar birmənalı şəkildə düşünür ki, bir irland nə qədər ki, nəfəs alır o yaşadığı yerə yox, soyuna aiddir. Təsəvvür edin ki, nənəm bütün ailəsi köçüb İngiltərədə məskunlaşsa da, Veksforddakı ərazilərini satmadı: "Mənim soyumdan olanlar bir gün bura qayıdacaq”.
 
 

 – Hekayədə 1974-cü ildə Birmingamda bir klubda baş verən bombardman hadisəsi geniş təsvir olunur. Həmin terror hadisəsi irlandlar tərəfindən tamamilə şəxsi münaqişə zəminində törədilmişdi. Sonra siz özünüzə qarşı da yerli əhalinin mənfi reaksiyasını hiss etdinizmi?
 – Nümayişkaranə şəkildə həm də. Həmin hadisədən sonra irlandiyalılara qarşı münasibət sürətlə və kəskin şəkildə dəyişdi. O klubda bizim hər gün üz-üzə baxdığımız insanların doğmaları da ölmüşdü. Onların doğmaları günahsız idi, iki nəfərin qərəzinin qurbanı olmuşdular. Amma biz də günahsız idik və ictimai şübhəyə, qınağa hədəf olurduq. Xatırlayıram ki, həmin dönəmlər bizimkilərin arasında dərin sükut hökm sürürdü. Birmingamda həmişə irlandların saf, yelbeyin, qərarsız olduqları ilə bağlı zarafatyana söhbətlər edilərdi, amma o məlum gecədən sonra bizə iyrənc, qorxulu bir məxluq kimi davranırdılar, sanki hamımız terroristik. Bu gün dünyanın hər yerində müsəlmanlara qarşı olan münasibət o vaxt İngiltərədə irlandlara göstərilən münasibət idi.
– Romanın əsas xətlərindən biri də yaşlanmaq, zamanın sürətlə ötməsi üzərində qurulub. Bu məsələlərin təsiri altına çox düşürsünüz?
– Yaşın həyatında nəyisə dəyişə bilmədiyi azsaylı insanlardanam. Mənim həyatımı qərarlar, insanlar dəyişir. Zaman məndən ayrı dəyişən, yol alan məfhumdur. Mona haqqında yazmağa başlayanda elə bir yerdən başladım ki, bir neçə gün sonra onun 60 yaşı olacaqdı. Onun haqqında keçmişi vərəqləyən yaşlı qadın kimi yazmağa, onu yaşlanmış bir sevgili kimi dilləndirməyə başladım. Yaxşı ki çox davam etməmişdim. Anidən oyandım sanki: "Mən nə edirəm? Monanın 60 yaşı olur, mənimsə 57. Məndən cəmi üç yaş böyük bir qadın haqqında niyə yaşlıymış kimi bəhs edirəm”. Mən ağlımda hələ 35 yaşımda olduğum kimiyəm. Heç də o vaxtkından daha böyük, daha yaşa dolmuş, daha yetkin, artıq dövrümü yaşayıb, başa vurmuş kimi hiss etmirəm. Elə bilirəm ki, hələ yaşanası bir neçə həyatım var. 
– Yazmağa çox gec başlamısınız. Amma debüt əsəriniz hər müəllifə nəsib olmayan uğuru əldə etdi. Daha yetkin yaşlarda yazmağınızın daha yaxşı yazmağınızda bir rolu varmı, sizcə?
 
 

– Bəli. 20 yaşlarımda yazmağa başlasaydım, zir-zibil yığını olacaqdı. Sonrakı yaşlarımda da yazdıqlarıma baxıb-baxıb xəcalət çəkəcəkdim. Bu da azmış kimi xırda-para yazılar üçün ödənilən 3-5 qəpiklə dolanmalı olacaqdım. Bütün bunları çox düşünmüşəm, bilirdim ki, belə olacaqdı. Hər şey ağ və qara rənglərdən ibarət olardı, biryolluq ya yaxşıya, ya pisə yuvarlanardım. Üstəlik o vaxtlar yazmağa belə güclü, qarşısıalınmaz istəyim yox idi. Yaşa dolduqca həyatda sadəcə ağ və qaraların olmadığını öyrəndim. Bəzi həqiqətləri dərk edib sonra yazma lazımdır. 
– "Mənim adım Leondur” romanından sonra yazar kimi məşhurlaşmaqla kifayətlənmədiniz. Nəşriyyat sahəsindəki ayrı-seçkilik məsələsinin hansı ucunu qaldırsaq, altından sizin adınız çıxdı. Sizi bu haqda danışmağa nə vadar etdi?
– Heç bir xüsusi məqsəd güdmədən deyilmiş bir şərhlə bu söz-söhbət, uzun müzakirələr başladı bütün. Leondan əvvəl yerli dərgilərdən birinə müsahibə verirdim, orada bircə kəlmə dedim ki, yeni imzalar arasında işçi sinfindən yazarları da görmək istəyərdim, amma nəşriyyatlar nədənsə bu təbəqədən olanlara ögey münasibət bəsləyir. Bir səhər oyandım ki, kitabım qalıb bir tərəfdə, hər yerdən bu məsələ haqqında danışmağım, mühazirə deməyim üçün təkliflər göndərilib. Mən xüsusi bir hərəkat başlatmış qəhrəman kimi hiss etmirəm özümü. Bəli, aktivist, hüquq müdafiəçisi kimi nüfuz qazanmaq çox xoşdur, amma bu hadisə tamamilə təsadüfdən yaranıb. 
– Hazırda yatağınızın yanında hansı kitablar oxunmaq üçün sıralanıb?
– Bilirsiniz, hazırda "George Orwell” mükafatının münsiflər heyətindəyəm və oxunası 64 kitabım var. Düzdür, hamısını yatağımın yanına yığmamışam, amma bütün günümü onlara sərf etməli oluram. Elə əsərlər var ki, müasir siyasi çarx haqqında ağılalmaz detallar paylaşılıb və bu mənim həyatda ən çox sevdiyim şeydir. Özümü məxsusi hakimiyyət, məlumat taxtının sahibi kimi hiss edirəm, hər cümlədən nəsə qoparmağa can atıram.
– Son oxuduğunuz ən yaxşı, həqiqətən də, möhtəşəm olduğunu düşündüyünüz kitab hansıdır?
– Belə suallar ünvanlananda mexaniki olaraq, üç kitab canlanır beynimdə. Birincisi, Qabriel Tallentin əlimə təsadüfən keçmiş "Ən doğmam” ("My absolute darling”) romanıdır. İkincisi, Katlin Kollinsin "İrqlərarası sevginin tarixi” ("Whatever happened to interracial love”) hekayələr toplusudur. Onun yazıya çox incə bir toxunuş tərzi var, ən gərgin səhnələrin təsvirində belə oxucunu özünün sakit təbiətinə uyğunlaşdırır. Üçüncüsü isə, yəqin ki Donal Ryanın yeni kitabı "Aşağıdan, Sakit dənizdən” ("From a low, Quiet Sea”) romanının adını çəkərəm. Oxuduqca insan ürəyinin döyüntüsünü ağzında hiss edir, çox yaxşı romandır.
 
 

– Çağdaş ədəbiyyatda hansı roman yazarlarını, qeyri-bədii ədəbiyyat müəlliflərini heyranlıqla izləyirsiniz?
– Lauri Penni hazırda onun mükafata namizəd görülmüş əsərini oxuyuram, bəli, onun qələmində klassika dadı var. Onun ictimai tələblərə boyun əyməyən baxış bucağı, şəxsi hislərini idarə edərək, yazıya tökməməsi, gənc, amma eyni zamanda bu gün ən çox ehtiyacımız olan cəsur qadın obrazı məni valeh edir. Sebastian Barri bu əsrin estetik, bədii intelligentidir. O nə yazsa, sevərək oxuyuram. Onun qələmində köklü bir lirika, poetiklik, realistika var. Barrini həsədlə, qısqanclıqla mütaliə edirəm.
– Hansına üstünlük verirsiz: əsl kitab, yoxsa elektron?
– "Kindle” da var, "iPad” də. Elektron mütaliədən yadımda heç nə qalmır. Daşınması çətin də olsa, məcbur qalmadıqca hər zaman kağıza üstünlük verirəm. Nostalgiya açmaq istəmirəm, amma kağızdan oxuyanda sanki hərflərdən keçib, hekayəyə "süzülürəm”.
– Uşaq vaxtı necə bir oxucu idiniz?
– Uşaqlıqda ümumiyyətlə, oxucu deyildim. Evimizdə dərsliklərdən başqa bir dənə də olsun, kitab yox idi. Bircə "Bibliya” var idi, anam dinə çox meylli idi, bu kitabı gözündən qoymazdı. Məktəbdə dərslərimi hazırlayırdım, evdə dərs, kitab oxuduğum heç olmayıb. Könüllü şəkildə qiraətə ilk dəfə 22 yaşımda başlamışam. Tom Şarp oxuduğum ilk müəllif olub. O qədər də güclü əsər deyildi, amma ömrümün sonrakı 16 ilini dəli kimi bütün klassikləri, orta əsr ədəbiyyatını oxumağıma səbəb oldu.
– Tamamlamadan kənara qoyduğunuz kitab hansıdır?
– Başladığım bütün kitabları bitirmişəm. Amma Elizabet Qaskelin "Şimal və Cənub” ("North and South”) romanına həsr etdiyim hər saniyəmə heyifim gəlir.
– Dönə-dönə oxumaq istədiyiniz yazıçı varmı?
– Qraham Qrin.
– Hansı əsəri oxumağı uzun müddətdir planlayırsınız, amma alınmır?
– Müsabiqə bitən kimi Marqaret Etvudun məşhur qulluqçusunun hekayəsini oxuyacağam.
 
Mənbə: Guardian
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
Xəbər lenti