Artkaspi.az Xanım Aydının "Lermontovun ölümü – duel, yoxsa qətl?" adlı yazısını təqdim edir:
Dahi rus şairi, prozaik, dramaturq və rəssam,
cəmi 26 il ömür sürmüş Mixayıl Lermontovun (1814-1841) yaradıcılığı ilə bütün
dünya tanışdır. Əsərləri olduqca məşhur olan Lermontov deyilənlərə görə çox
mürəkkəb xarakterli, təzadlı bir şəxsiyyət olub. Onu yaxından tanıyanlar
deyirdi: "Olduqca kaprizli və əsəbi xarakteri vardı. Gah ifrat dərəcədə
nəzakətli, gah dalğın, diqqətsiz olurdu. Tez-tez əhvalı dəyişirdi: gah şən
olurdu, gah da kədərlənirdi. Saatlarla susa bilərdi, kimsə həmin vaxtda ona
müraciət etsə, sərt və kəskin cavab eşidərdi".

Bəlkə də, Lermontovun ölümü elə xarakterinin
bu qədər təzadlı olmağının nəticəsiydi. Bəli, bunun da müəyyən bir rolu
olmuşdu. Lakin burada şairə əl qaldıran adamın da psixoloji obrazını nəzərə
almaq lazımdı. O da mələk deyildi. Gəlin, nəticə çıxarmağa tələsməyək,
hadisələrin xronologiyasına birlikdə nəzər yetirək.
Mixayıl Yuryeviçin anası gənckən – 21
yaşındaykən vərəmdən dünyasını dəyişib. Balaca Mişanın o zaman 3 yaşı olub.
Atası Yuri Petroviçsə elə də abırlı adam olmayıb. Elə hey könlünü oxşayan
qadınların dalınca qaçıb, bu da, əlbəttə ki, həyat yoldaşının ölümünü daha da
tezləşdirib. Qadının ölümündən sonra o, balaca Mişanı nənəsinin qəyyumluğuna
buraxaraq çıxıb gedib və 1831-ci ildə 44 yaşındaykən dünyasını dəyişib.
Mişanın tərbiyə və təhsiliylə nənəsi
Yelizaveta Alekseyevna Arsenyeva məşğul olub. Onu təhsil almaq üçün Moskva
Universitetinin nəzdində oğlanlardan ibarət nəcib pansionata verir. 1830-cı ilə
kimi orda təhsil alıb və sonra Moskva Universitetinin siyasət şöbəsinə daxil
olsa da, sonradan sözçülük şöbəsinə keçib. O, Belinski və Stankeviçlə eyni
vaxtda oxuyub. Ali təhsil ocağında bəzi professorlarla münasibəti korlanıb. Elə
bunun özü də onun necə çətin xarakterli olduğunun göstəricisidir. Müəllimlərlə
yola getməyən Lermontova 1982-ci ildə Universiteti tərk etməyi məsləhət
görüblər.
Gənc Mixayıl Sankt-Peterburqa köçüb və burada
təhsilini davam etmək qərarına gəlib. Lakin ona Moskvada aldığı 2 illik
təhsilin üstündən xətt çəkib yenidən 1-ci kursda oxumağı təklif ediblər. O razılaşmayıb,
I Aleksandrın 1823-cü ildə yaratdığı elit hərbi məktəbə qəbul olunub. 1834-cü
ildə hərbi məktəbi bitirən kimi onu Qusar alayının leyb-qvardiyasına korney
kimi xidmətə göndəriblər. Bu dövrlərdə şairin yaradıcılığı ancaq dar bir
çərçivəyə – dost-tanışına məlum idi. Lermontov dueldə ölən şair Aleksandr
Sergeyeviç Puşkinə həsr etdiyi "Şairin ölümü” şeirindən sonra məşhurlaşır. Bu
şeir cəmiyyətdə "partlayış” yaradır və gənc şairin adı bütün Rusiyaya yayılır.

22 yaşlı heç kimin tanımadığı Qusar alayı
leyb-qvardiyasının kornetini bir anın içində məşhurlaşdıran "Şairin ölümü”
şeirini indi oxuyanda onu Lermontovun ölümünə də aid etmək olduğunu düşünürəm. Puşkinin
ölümünə səbəb olan Dantesin Martınovla oxşarlığı çoxdur. Zahiri görünüşcə hər
ikisi ucaboy, yaraşıqlı, sarışın idilər. Xarakterlərində müəyyən oxşarlıqlar
var. Hər ikisi də qadınların çox xoşuna gəlir, zəfərləriylə öyünürdülər. Və hər
ikisi də Kavalerqard alayında xidmət edib, elə hər ikisi də dahi insana "əl
qaldırıblar” Bircə fərq budur ki, Dantes əcnəbi, Martınovsa rus idi. Martınov
haqında daha sonra danışacağıq.
Lermantov və duellər
Çətin xarakterinin olmasına baxmayaraq, qeyd
etməliyəm ki, Lermontov 1840-cı ilə kimi heç bir dueldə iştirak etməyib.
1840-cu il şairə yeni həyəcanlar gətirir. Fevralın 16-da qrafinya Lavalın
evində şairlə fransız səfirinin oğlu Ernest de Barant arasında mübahisə düşür.
Və mübahisə Ernestin Mixayıl Yuryeviçi duelə çağırmasıyla nəticələnir. Fevralın
18-i baş tutan duelin birinci hissəsində Lermontov sinəsindən qılınc yarası
alsa da, ikinci – tapançayla olan hissəsində fransızı vurmaq imkanı tapsa da
gülləni havaya açır. Bundan sonra rəqiblər bir-birinin əlini sıxıb gediblər.
Lakin Lermontov fransız Ernest de Barantla duelinə görə həbs edilərək, hərbi
məhkəməyə verilir. Hökmdarın istəyi ilə onu Qafqaza göndərirlər, bu dəfə Tengin
piyada polkuna. General A.V.Qalafeyevin çeçen alayında o, hərbi ekspedisiyada
iştirak edir, Çeçenistan və Dağıstanda olur. Bu dövrün parlaq və kəskin
təəssüratları "Valerik" və "Vəsiyyət" şeirlərinə öz
təsirini göstərir.
Lermontov 1840-cı ilin aprelində Qafqazda
gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Komandanlıq cəsarətinə görə "qızıl
qılınc” və orden almaq üçün ondan ötrü dövlətə müraciət etsə də, çar bütün bu
təqdimatları rədd edib. Məsələ burasındadır ki, I Nikolay cavanların canını
alan duellərin qəti əleyhinəydi. Dueldə hər bir iştirak şahın gözündə ciddi
qəbahət, günah sayılırdı. Buna görə də, şairin qəhrəmanlığı qiymətləndirilmədi.
Nikolay
Solomonoviç Martınovla (1815-1875) dueli lap əvvəldə – Verzilinlərin evindəki
mübahisədə heç kim ciddiyə almayıb. Evin qonaq otağında Lermontovun Martınovla
– şairin Yunker məktəbindən olan keçmiş yoldaşı, həmin vaxtda isə Qrebensk
kazak polkunun istefada olan mayoruyla sözləri çəp gəlib. Lermontov onu
xanımların yanında ələ salıb və bu, onun heysiyyətinə toxunub. 1841-ci il
iyulun 15-də yaranan mübahisə Martınovun axşam saat 6-7 radələrində Lermontovu
duelə çağırması ilə bitib. Lakin dostları kimi Lermontov özü də bu dueli
ciddiyə almayıb: axı onlar yaşıdıydılar, Peterburqda Yunker məktəbində tanış
olmuşdular, dost idilər. Martınov da atıcı kimi "çəpgözün biriydi”, sərrastlığı
və cəsarəti ilə də xüsusi seçilmirdi. Dueldən qabaq Lermontov dostlarıyla birgə
piknikdə arxayıncasına, heç bir həyəcansız-filansız nahar edib. Elə dostlar da
dueldə onların barışacağına əmindilər.
Lakin iyulun 15-də Maşuk dağının ətəklərində
sekundantlar M.P.Qlebov və A.İ.Vasilçikov, A.A.Stolıpin və S.V.Trubetskinin
şahidliyi ilə duel baş tutub! Mixayıl Lermontov Nikolay Martınovun gülləsnə tuş
gələrək dünyasını dəyişib...
Lermontovun
dəfni dueldən bir gün sonra – iyulun 17-də keçirilib. Xidmət göstərdiyi dörd
polkun nümayəndələri şairi son mənzilə yola salıblar. Lermontovun meyiti olan
tabutu qaldıran zabitlər onu Maşukun ətəyinə – köhnə Pyatiqorsk
qəbiristanlığına kimi çiyinlərində aparıblar. Lermontov səkkiz ay köhnə
Pyatiqorsk torpağında uyusa da, şairin nənəsi Yelizaveta Alekseyevna
Arsenyevanın uzun sürən əziyyətlərindən sonra cəsədin qalıqlarının Tarxandakı
doğma malikanələrinə aparılmasına icazə ala bilib. Şairin cənazəsini ailə
sərdabəsində, anasının məzarının yanında dəfn ediblər. Qəribə faktdır ki,
Lermontovun "duasız, xaçsız, qanlı qəbir” öncəgörməsi reallaşdı: Tarxana
köçürülməsi üçün qəbir və qəbirüstü abidə götürüləndə tamamilə ovulub getmişdi.
Onun ancaq dostu şair Arnoldi tərəfindən çəkilmiş şəkli qalıb.
Duel, yoxsa qətl?
"Bu duel deyildi, qətl idi!” Bunu Lermontovun
dostu, müharibə qəhrəmanı, duellər "şahzadəsi”, Tolstoyun "Hərb və sülh”
əsərindən Doloxovun prototipi olan Rufin Doroxov əminliklə deyirdi. Lermontovun
ölümündən sonra bu faktı onun digər dostları da təsdiqləyib: "1841-ci ilin 15
iyununda baş tutan qanlı dueldə şair rəqibinə atəş açmaqdan imtina edərək
nümayişkarcasına tapançanı yuxarı qaldırıb. Lakin Martınov bu jesti
dəyərləndirməyib, şairə güllə açıb”.
Maraqlıdır
ki, Lermontovla Martınovun duelindən yazmağa düz 30 il qadağa qoyulub. Sonradansa
bu barədə cild-cild yazılar yazılıb. Lakin bu günə qədər də praktiki olaraq
dəqiq heç bir şey məlum deyil. Hətta mənbələrdə qeyd olunsa da, duelin baş
tutduğu məkan və Lermontovun Pyatiqorsk qəbiristanlığında ilkin dəfn olunduğu
yer də dəqiq deyil.

Dueldən
sonra nə baş verdi? Lermontovun ölümü cəzasızmı qaldı? Əslində, Nikolay
Solomonoviçi qətldə günahlandırmaq olar. O, atəşini havaya açan adama güllə
atıb. Yəni, silahsız adama atəş açıldığı üçün bunu duel yox, artıq cinayət
adlandırmaq lazımdır.
İstintaq zamanı duel iştirakçıları hərəsi bir
cür ifadə verib. Ümumiyyətlə, qeyd edim ki, bu işdə bir-birini təkzib edən bir
çox məsələlər var. Məsələn, "Lermontov tapançadan atəş açıbmı?” sualına
Martınov heç bir cavab verməyib. Qlebov atəş açmadığını, Vasilçikovsa tapançanı
boşaltmaqdan ötrü dueldən sonra özü atəş açdığı deyib. Amma istintaqa onların
düzgün ifadə verməsi olduqca vacib idi!
O dövrdə hökm sürən qanunlara əsasən, dueldən
ötrü verilən ən ağır cəza edam idi. Martınovsa törətdiyi əmələ görə çox yüngül
cəza alıb. Cəmi 3 ay qaupvaxtada (hərbi qulluqçular üçün dustaqxana) dustaq
həyatı yaşayıb. Günahkarı, həmçinin kilsə tövbəsinə də məhkum ediblər və o, 5
il müddətində Kiyevdə dini cəza çəkib. Martınov altmış il var-dövlət içində,
əla yaşayıb.
İndiyə qədər Lermontovun, doğrudan da, havaya
atəş açıb-açmadığını dəqiq bilən yoxdur. Amma hər halda o, bu dueli, həqiqətən
də, istəmirdi. Axı dostuna atəş aça bilməzdi. Lakin onun taleyi başqa cür
yazılıb və təəssüflər olsun ki, duel qanlı faciəylə sona yetib.
Daha bir fakt: Lermontov təxminən saat 18:30
radələrində öldürülüb. İştirakçıların hamısı bir ağızdan deyirdilər ki, şair
atəş açılandan dərhal sonra dünyasını dəyişib. Ona görə də onlar yağışın
altında ya həkim, ya da araba dalınca gediblərmiş. Amma bu heç bir nəticə
verməyib. Belə havada (hava yağışlı, küləkli olub) heç kim ora getmək
istəməyib. Və ancaq saat 21 radələrində araba tapılıb və sel kimi yağışın
altında qalan Lermontovu qulluqçular evə aparıblar. Lakin qulluqçu Xristofor
Sanikidzenin belə bir ifadəsi var: "Biz Mixayıl Yuryeviçi aparanda o hələ sağ
idi və güclə eşidilən tərzdə deyirdi: mən ölürəm. Sonrasa yolun ortasında səs
kəsildi və öldü”.
Tutalım ki, baş tutan dueldə Lermontov ya
ölmüş, ya da yaralanıbmış. Bəs onda niyə müharibə görmüş döyüş zabitləri
dostlarını yağışın altında ölümcül vəziyyətdə qoyub küçəbəküçə mifik həkim və
ya araba axtarmağa gediblər? Axı o adamların hər biri imkanlı idi. Özlərinin
atları, adamları vardı və onlar şairi tibbi yardım almaqçün daha tez xəstəxanaya
çatdıra bilərdilər. Bundan başqa, dağ adamlarının və ordunun yaralıları və
meyitləri sadə, köhnə üsulla – yəhərdə aparmaq qaydası da var. Və onlar da,
əlbəttə ki, bunu bilirdilər. Hər halda qan itirən adama belə daha çox köməklik
göstərmək olardı. Bəlkə də, Lermontovun sağ qalmağı onlara sərf etmirdi. Niyə
belə etdikləri sual altındadır. Təəssüf ki, indi bunu araşdırmaq mümkün deyil.

İstintaq sənədlərində bir-birinə uyğun
gəlməyən, bir-birini təzkib edən ifadələr bəs deyincədir. Hətta dustaqxanada
olan Martınova gələn və özünün duel şahidlərinə yazdığı məktublar da
araşdırmaqdan ötrü ayrıca bir materialdır. Məktublarda şübhəli yazışmalar var.
"Məhkəmədə sən belə deyərsən, mən bu cür ifadə vermişəm" tipli
sözləşmələr də açıq-aydın görünür.
Mən bircə buna əminəm ki, istintaqçıların
Lermontovun ölüm səbəblərini araşdırıb açmağa, 15 iyul 1841-ci ildə, doğrudan
da, nəyin baş verdiyini öyrənməyə bütün imkanları vardı. Lakin onlar nədənsə
hadisəni, sanki ört-basdır eləməyə daha çox meylliydilər.
Ömrünün
son aylarını Pyatiqorskda keçirən Lermontov rus ədəbiyyatında keçilməz zirvə
sayılan bir sıra şeir yazıb. Sofiya Karamzinaya məktubunda yazır:
"Bilmirəm bu nə qədər sürər, amma bura köçəndə məni poeziya, yəni şeir
iblisi ələ aldı..." Dostoyevskinin diliylə desək, "Martınovun atəşi
dahiyanə yaradıcılığın bütöv bir selini, nahəyətsizliyini qırdı".
Maşuk
çəmənliyinə yıxılan Lermontov ölmədi. Həmin an o, ölümsüzlük qazandı...