Biz imzaları yox, əsərləri dərc edirik...

Məni sevən yalvarırdı: Unutma! – Anna Axmatovanın şeirləri
1171
23 Avqust 2019, 09:59

Artkaspi.az  Afaq Şıxlının rəhbəri və tərcüməçisi olduğu "Şairələr” layihəsinə start verir. Hər dəfə dünya poeziyasında iz qoymuş şairələrin şeirlərindən ən gözəl nümunələr tərcümə edilərək yayımlanacaq. Bu dəfə böyük Rus şairəsi Anna Axmatovanın şeirlərini təqdim edirik:
 
 

 


Demək, düşünürdün - mən də beləyəm,
Aciz qadın kimi ağlayacağam?
Ya da döşənərək ayaqlarına
Hönkürüb yolundan saxlayacağam?
 
Ya da fal açdırıb bir falçıya mən
(Həyatda belə iş az olur bəyəm),
Caduyla isladıb ağ yaylığımı
Sənə hədiyyətək göndərəcəyəm?
 
Bil ki, nə iniltim, nə iztirabım
Gəlib çatmayacaq sənə bir kərə!
And olsun göylərin cənnət bağına,
Tanrı dərgahına, müqəddəslərə,
Sevdalı günlərin xatirəsinə -
Dönmərəm heç zaman sən olan yerə!
 


***
 


İndi, şan-şöhrətdən uzaq düşəli
Necə də hüzünlü, kədərlisən sən.
Kəssə də önümü taleyin əli,
Yenə də doğmasan, yenə əzizsən.
 
Kabus günlərinin əlacı – şərab...
Günah içindədi gecələrin də.
Ala gözlərindən yağan iztirab
Lillənib boş içki şüşələrində.
 
Üz tutub bir ucuz ölümə yenə,
Hüzura yetməyə tələsir ürək.
Səsini küləklər gətirir mənə,
Bəxtin gərdişini lənətləyərək...
 
De, sənin yanına necə dönüm mən?
Mən – soyuq diyarda saralan bahar!
Tək səni düşünmək gəlir əlimdən,
Sənsə olanları başından çıxar.
 
Tanrıya nə desin zəif bir qadın?
Ömür azalsa da azalmır kədər...
Demək ki, sonunda sən də anladın
Ölümdən güclüymüş belə sevgilər!
 


***
 


O sazaqdan sonra bir isti ocaq
Məni bihuş etdi, sözün doğrusu...
Amma nə biləydim, o gün çalacaq
Qəlbimi, amansız ürək oğrusu.
 
...Yeni il gecəsi şən idi yaman!
İslaqdı saplağı qızılgüllərin.
Mənimsə içimi bürüyən duman
Kəsmişdi səsini həzin tellərin.
 
Onu tanımışdım gözəl gözündən,
Fəqət bu deyildi işin çətini, -
Bu günə-sabaha, qorxurdum ki, mən,
Geri qaytaracaq qənimətini.
 


***
 


Axşamçağı...
Yolum eniş...
Zaman, önümü tutma!
Hələ dünən
Məni sevən
Yalvarırdı: Unutma!
 
Mənə qalan
Bir küləyin,
Bir də neyin səsidir...
Bulaq üstə
Yol gözləyən -
Qarağac kölgəsidir...
 


***
 


Sənlə tez-tez görüşürük, bəs nədən
Gecələr də sənsən yuxumun adı.
Bəs o əllər, həmənki səs, o bədən
Nədən yalnız yuxularda doğmadı?
Möminlərin duasıtək səmimi
Neçə incə, gözəl sözlər deyirsən...
Nə yanılıb səhv salırsan ismimi,
Nə ah çəkib ürəyimə dəyirsən...
 


*** 
 


Bağlamazdım qapımı bəyaz gecələrdə heç...
Yandırmazdım şamları...
Xəbərin də olmazdı, - əldən düşsəm də yenə
Ayaqüstə qalardım
Mən bütün axşamları...
 
Qızaran üfüqlərə
Baxa-baxa solardım...
Sənin səsinə bənzər bir səs eşidən zaman,
Sanki bihuş olardım...
 
Həyat cəhənnəm ikən,
Son vermişkən hər şeyə,
Yenə də inanardım –
Dönəcəksən geriyə.