Biz imzaları yox, əsərləri dərc edirik...

And olsun ayrılığın kədərli gözlərinə – Səhər Əhmədin şeirləri
1577
08 Noyabr 2018, 09:08
 Artkaspi.az Səhər Əhmədin şeirlərini təqdim edir:
 
 
 
   

                           ***
 And olsun ayrılığın kədərli gözlərinə,
 And olsun ən qüssəli əlvida sözlərinə,
 Sevgi şeirlərinə,
 Payız yağışlarına,
 And olsun anıların
 Hələ də diri qalan məzlum baxışlarına
 Bu son gedişdi...
 Sənə demişdim...
 
 Necə getməyimi istəyərdin, birdənəm,
 Susaraqmı,
 Küsərəkmi,
 Dost qalaraqmı,
 Düşmən olaraqmı?
 Bilirəm, bu bir az
 "Səni necə, hansı silahla öldürüm?”
 Söhbətinə oxşadı.
 Qatilin qurbanına mərhəmətinə oxşadı.
 Amma nə olsun,
 Bu həyatdı, birdənəm,
 Qurban da qatilə çevrilə bilir,
 Qatil də qurban olur bir gün...
 
 And olsun öz əllərimlə öldürdüyüm
 Ürəyimin çırpınışlarına,
 Məsumların aldanışlarına,
 "Timsahların göz yaşları”na,
 Sevgi şeirlərinə,
 Payız yağışlarına,
 Bu son gedişdi...
 Sənə demişdim...
 
 

   
 
 
          ***
 Məni az sorğu-sual et,
 İlahi, günahım yox.
 Cəzamı ver, çıxım gedim,
 Növbən uzun, vaxtım yox.
 
 Qorxma, ölüb-eləmərəm,
 Səndən şəfa diləmərəm,
 Mən heç nə hiss eləmirəm,
 Bir yerimdə ağrım yox.
 
 
 Nə vaxt çağırdın yanına,
 Haçan qıymadım canıma,
 Baxıram telefonuma,
 Bir cavabsız çağrım yox...