Biz imzaları yox, əsərləri dərc edirik...

Hekayələrdə özümüzü, taleyi, keçmişi itiririk İmre Kertes
956
17 İyul 2017, 11:04

artkaspi.az İmre Kertesin ədəbiyyat və yazı haqqında düşüncələrini təqdim edir:

 

"Öz yaradıcılığında cəmiyyətin müntəzəm olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə necə davam edə biləcəyi barəsində suallara cavab verdiyinə görə” 2002-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülmüş yazar İmre Kertes 1929-cu ildə Budapeştdə anadan olub. Hazırda həyat yoldaşı ilə birgə Berlində yaşayan müəllif dünya ədəbiyyatında "Bəxtsizlik” ("Fatelessness”), "İzləyici” ("Pathseeker”),"Detektiv hekayə” ("Dedectice story”),"Sürgün edilmiş dil” ("A language in exile”), "Dəyişməyin salnaməsi” ("The Chronicle of the changing”) romanlarının müəllifi kimi tanınır. Yazarın "The Paris Review” jurnalına verdiyi müsahibədə ədəbiyyat və yazı ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik.

 


"Həyatımın böyük hissəsini bunun haqqında danışmağa həsr edə, məni ədəbiyyata gətirən yol, hiss haqqında saysız-hesabsız kitablar yaza bilərəm, yəni bu o qədər dərindir. Amma biz yazıçılar yazdığımız hekayələrdə qaranlıqları işığa çəkir, ağrıları unudur, özümüzü, taleyi, keçmişi itiririk. Amma bunun necə olduğunu gərək kimsəyə deməyək. Öz işimizi olduqca sirli, şəxsi və özünəməxsus icra etməliyik. Mənə elə gəlir ki, yazıçılar hər şeyi, hamını xüsusi, başqa yolla dərk edir, hiss edir. Yazmaq mənim bütün həyatımı dəyişib. Yazmaq, yaza bilmək bütün yazıçılar üçün var olmağın, mövcud olmağın yeganə sübutudur. Yazar ancaq bu yolla varlığını sübut edə bilir. Bu, həm də göstəricidir, nə qədər çox yazırsa, o qədər çox mövcuddur, o qədər nəhəngdir. İncəsənətin hansı sahəsi ilə məşğul olursa-olsun, yazıçı, bəstəkar, rəssam işəyarar ideyanın varlığını bir anda hiss edir. Fikir, hiss, ideya yaradıcı adamı bircə anın içində ağuşuna alır. Mənim həyatım da həmin andan dəyişdi. Bu, peşəkar yolun başlanğıcı deyildi, sadəcə, sahib olduğumdan xəbərdar olmaq anı idi, oyanış idi. Bir il Auskvitçdə könüllü kurslara qoşuldum. Bir neçə utancverici, bayağı lətifədən başqa heç nə qazanmadım. Belə təcrübə ilə neyləmək olardı ki?! Hiss edirdim ki, bu gediş məni nə ədəbi oyanışa, nə də peşəkar və incəsənət ruhlu yola aparır. Nə axtardığımı, nə istədiyimi belə anlamayacaq qədər qarışmışdım. Ciddi mübarizə yolu seçəndə belə, yazmağın mənim sənətim, peşəm olmadığını bilirdim. Amma artıq o yolu seçmişdim. Yazmaq üçün lazım olan ən sadə qaydaları, qanunauyğunluqları öyrənmək belə, məndən illər aldı...”

"...Zaman keçdikcə orada oxuduqlarım kimi şeylər yazmağa çalışdım və hər dəfə yekun versiyaları kifayətsiz hesab edib, qaralayırdım. Sonra yazdıqlarımı düzəltmək qərarına gəldim və öz yazdıqlarımı təkrar-təkrar oxuyub, qane olmadığım hissələri dəyişdirməyə başladım. Ona görə də bu fikirdəyəm ki, insan öz yazdıqlarından öyrənə-öyrənə, özünü tənqid edərək, yaxşı yazıçı ola bilər. Bu mərhələ uzun müddət səssiz-sədasız davam etdi və birdən ayıldım ki, məni artıq hər yerdə yazıçı kimi təqdim edirlər”.

"...Həyatımı insanın düşüncəsini və ruhunu totalitarizmin sərt üslublarından qorumağın yollarını araşdırmağa sərf edə bilərdim. Çünki mən özümü xilas etməyin yolları haqqında düşünməsəm də, bu, necəsə alınırdı. Özümü öldürmək istəmirdim, amma ola bilsin ki, buna səbəb məhz ədəbiyyat idi, yazı idi. Bir müddət yazmaqdan tamamilə imtina etdim. Amma məni hər şeyin sonunun olduğuna ədəbiyyat inandırmışdı. Başa düşdüm ki, yazmalıyam, dəhşətə və zülmə yaxın şahidlik etdiyimiz bu dövrü yazmaq üçün yaşamalıyam”

"Auskvitçdə həbs olunduğumu heç inkar etməmişəm, ordan xilas oldum və bu gün Nobel mükafatının sahibiyəm. Amma fikirləşirəm ki, bunun mənim üçün nə kimi əhəmiyyəti var. Məni oradan xilas edən məqsədlər arasında Nobel mükafatı olmayıb. Mən oradan xilas olmadım ki, bu mükafatı alım, amma bu mükafat mənə ona görə qismət oldu ki, mən oradan xilas olmuşam. Amma məsələ təkcə sağ qala bilməkdə deyil, oradan xilas olanlar çoxdur. Sadəcə, orada yaşananları, gördüklərimi, insan beyninin zülmə və heyvani instinktlərə nə qədər yaxın olduğunu göstərə bildim deyə, bu mükafatı aldım, yaşadığım dözülməz şeylərə dözdüyüm, unudulmaz şeylərin öhdəsindən gələ bildiyim üçün yox, dünyanı və tarixi zənginləşdirə bildiyim üçün almışam”.

 

 

Tərcümə edən: Elcan Salmanqızı


Xəbər lenti