Biz imzaları yox, əsərləri dərc edirik...

Hədəfim “Youtube”dan ən çox qazanan sənətçi olmaqdır – Elcan Rəsulovun müsahibəsi
2390
25 Dekabr 2019, 09:00
  Onunla zaman sürətlə keçir. Pozitiv enerjisi, fərqli ab–havası var. Danışıb–gülməyi sevdiyi qədər də, yeri gəldikdə ciddiyyəti ilə insanları təəccübləndirməyi bacarır. Müsahibimiz komediya aktyoru, stund up ustası Elcan Rəsulovdur. Onunla sosial şəbəkələrin yaratdığı imkanlardan danışdıq. 
 
 

  – Günlük olaraq sosial şəbəkələrə nə qədər zaman sərf edirsiniz?
  – Demək olar ki, hər gün 6 saat sosial şəbəkədən istifadə edirəm.

  – Sosial şəbəkələr siz sənətçilərə nələr qazandırır?
  – Birbaşa olaraq ünsiyyət, müəyyən mənada pul qazandırır. Onu da qeyd edim ki, bu yaxınlarda "Youtube” kanalımı yaratmışam. Yaxın bir neçə il ərzində sosial şəbəkə üzərindən ən çox qazanan sənətçilərdən biri də mən olacam. Hədəfim Azərbaycanda "Youtube”dan ən çox qazanan sənətçi olmaqdır.

  – Sizcə, izləyicinin çox olması üçün  məşhurluğun, yoxsa istedadın rolu böyükdür? 
  – İzləyicinin çox olması üçün ilk növbədə tamaşaçının zövqünü oxşamaq lazımdır. Gündəmlə ayaqlaşmaq, izləyicilərdən biri olmaq, onların problemini yaxından izləmək, yeri gəldikdə, tamaşaçı rolunu oynamaq əsas məsələlərdən biridir.

  – Sizcə, blogger yaxşı aktyor ola bilərmi?
  – Yaxşı aktyor əgər istəsə, yaxşı blogger ola bilər. Yaxşı blogger isə, yaxşı aktyor ola bilməz. Çünki aktyorluq özü bir istedaddır. 

  – Ancaq biz bu gün bloggerləri seriallarda, filmlərdə az görmürük.
  – Bu, filmləri çəkən rejissorların istəyindən asılıdır. Onlar məşhur bloggerlərin reklamından istifadə etmək üçün bu addımı atırlar ki, daha çox tamaşaçı cəlb etsinlər. Bir dönəm rejissorlar elə düşünürdülər ki, tanınmış bloggerlərdən öz filmlərində istifadə etsələr, filmləri daha çox satılacaq. Ancaq bu təcrübə özünü doğrultmadı. 

  – Doğurdanmı, sosial şəbəkələr televiziyaları üstələyib?
  – Dünyanın ən inkişaf etmiş ölkələrində belə televiziya öz sanbalını qoruyub–saxlamağı bacarıb. Sosial şəbəkələr heç vaxt televiziyanı üstələyə bilməz. Çünki televiziya peşəkar qurumdur. Sosial şəbəkə vasitə ilə məşhurlaşanların istəyi televiziya ekranlarında görünməkdir. Sosial şəbəkə vasitəsilə məşhurlaşan ifaçılarımız az deyil. Orada sərhəd yoxdur və hər kəs istədiyi şəkildə özünü təqdim etmək imkanı əldə edir. Sən orada ağılsızlıq, hörmətsizlik edə bilərsən, özünü ən pis yola qoyub, məşhurlaşa da bilərsən. Ancaq televiziyada tamaşaçıya hörmət edilir. Misal üçün, ailənizlə televiziya qarşısında əyləşib, hər hansı verilişi rahatlıqla izləyə bilərsiniz, ancaq sosial şəbəkədə əlin elə bir videoya toxuna bilər ki, ona görə ailənin yanında utanarsan.    Sosial şəbəkəyə çox da arxayın olmaq olmaz. 

  – Amma sosial şəbəkənin verdiyi azadlığı televiziya vermir. 
  –  Bu da sosial şəbəkənin üstünlüyüdür. Sosial şəbəkədə hansısa bir videoya baxırsan, onun ardınca elə bir video başlaya bilər ki, baxanda peşman olursan. Elə bir reklam qarşınıza çıxar ki, siz ondan utanarsınız. 
 
 

  – Elcan Rəsulov sosial şəbəkədə nə qədər azaddır?
  – Mənim müəyyən çərçivələrim yoxdur, hər şeydən danışa bilərəm, hətta yumordan da. Yumor olduğu üçün tamaşaçı məni qınamaz. Ancaq sosial şəbəkədə müəyyən mənada tanınan insanlar var ki, onların rahat, sərbəst davranması absurddur. Misal üçün, biri çalışır ki, özünü dindar kimi göstərsin, ətrafına dini inancı olanları toplamağa başlayır. Başqa biri açıq–saçıqlıqla özünü tanıtmağa cəhd edir, çevrəsinə daha sərbəst olanları toplayır. Sosial şəbəkədə hər cür insan var.  

 – Sosial şəbəkədə şəxsiyyətini gizlədən, özünü fərqli göstərməyə çalışanlar da az deyil. 
  – Onlar müəyyən tamaşaçı kütləsi toplayana qədər belə obrazdan–obraza girirlər. Bir müddətdən sonra dostluğundakı insanlar səni olduğun kimi tanımağa başlayırlar. 

  – Sizcə, bir insanın sosial şəbəkədəki səhifəsi onu xarakterizə edirmi?
  – Haradasa bəli. Ancaq bəzi məşhurlar var ki, onların sosial şəbəkədəki hesabını kimlərsə idarə edir. O sənətçi özünü necə tanıtdırmaq istəyirsə, o istiqamətdə göstərişlər verir və bu işdə PR menecerləri sənətçilərə kömək edir. Belə məşhurlarımız çoxdur. Onların sosial şəbəkəni idarə etmək anlayışı olmadığından işlərini köməkçiləri edir. Çünki o səhifələri özü idarə etsə, hörmətdən və gözdən düşə bilər. Ona görə bu sahəni daha yaxşı bilənlərə həvalə edirlər, onlar da pulun müqabilində işlərini görürlər.

  – Bir müddət Kəbirlə birlikdə siz özünüz də videolar çəkməyə başladınız. Bu, tutarlı olmadığı üçünmü davam etdirmədiniz?
  – Əslində, onunla birlikdə çəkdiyim videolar tutarlı oldu. Hətta o qədər tutarlı oldu ki, Kəbirə bundan sonra toy təklifləri gəlməyə başladı. Kəbir onun üzərindən seriala çəkilməyə başladı. Bu, sadəcə məndə bir həvəs idi. Yenə də bunu davam etdirmək niyyətindəyəm.

  – Bunu daha peşəkar şəkildə edəcəksiniz, yoxsa əvvəlki kimi həvəskar formada? 
  – "Youtube” peşəkar işləri sevmir. Bu bütün dünyada belədir. "Youtube” izləyiciləri daha çox həvəskar çəkilişlərə üstünlük verir. Mənim "Youtube”da yeni bir kanalım var, adı Elcan Rəsulovdur. 2300 izləyicim var. Kanalımın 2 milyon 300 min olmaq ehtimalı var. "Youtube” kanalında təkcə Azərbaycan dilində deyil, eyni zamanda rus və ingilis dillərində materiallar hazırlayacağam. Belə ki, milli Azərbaycan nağıllarını rus və ingilis dillərində səsləndirib göstərməyə çalışacam. Başqa ölkələrdən olan balaca uşaqlar bu nağılları dinləyib, ölkəmizin mədəniyyəti haqqında məlumatlı olacaq.  

  – İngilis və rus dilini bilirsinizmi?
  – Əlbəttə. 

  – Sizcə, bu, xarici uşaqların diqqətini cəlb edə biləcəkmi?
  – Məncə, edəcək. Ən azından, bir ingilis anası övladını yatıranda Elcan Rəsulovun videosu onun qarşısına çıxacaq və onun səsləndirdiyi "Məlikməmməd” nağılını övladına dinlətdirəcək. 
 
  – Bəzən deyirlər ki, "Youtube”–da ən çox izlənmə reytinqi toplayan videolara müdaxilələr olunub.
  – Sosial şəbəkəni idarə etməyi bacarmayanlar belə fikirlər səsləndirir. İndi sosial şəbəkə rəhbərləri özləri də buna imkan vermirlər. Hətta aktivliyi az olan istifadəçilərin hesablarını silirlər. Tanınmış ifaçılar deyirlər ki, sosial şəbəkələrdə izləyiciləri artırırlar. Əgər sizin videonuzu 100 min insan izləyirsə, demək ki, siz 100 milyona maraqlısınız. 

  – Elcan Rəsulovun tamaşaçı kütləsində daha çox hansı nəsil üstünlük təşkil edir?
  – Mən hər nəslin zövqünü oxşamağı bacarıram. Bəzən yolda məni görəndə, "səni tanıyıram” deyib yaxınlaşır və isti münasibət göstərirlər. 

  – "Ər və arvad” layihəsi bitdi və bildiyimiz qədəri ilə, Kəmalə Piriyeva ilə yeni layihə üzərində çalışırsınız. 
  – Yeni layihəmiz "1 kişi və 1 qadın” adlanır. Köhnə layihə yeni adda tamaşaçılara daha peşəkar səviyyədə təqdim olunacaq. Yenilik etmək lazım idi. 

  – Sizcə, bu, tutarlı olacaqmı?
 – Əlbəttə ki, "Ər və arvad” da tutarlı layihə idi, sadəcə, çəkilişlərimiz gec–gec olurdu deyə, tamaşaçıları qaçırdıq. Həftədə bir seriya təqdim etmək lazım olduğu halda, bəzən 2 aya bir seriya təqdim edirdik. Düşünürəm ki, bu da tamaşaçıları uzaqlaşdırdı. Burda özümüz–özümüzə şərt qoymuşuq ki, nə olursa–olsun, hər həftə tamaşaçılara yeni seriya təqdim edəcəyik. 

  – Nə üçün bizdə qadın və kişi üzərində qurulan verilişlər daha çox izlənilir?
  – Son 10 ildə bizdə qadın və kişi münasibətlərində problemlər daha da artmağa başlayıb.  Hazırda televiziyalarda bir çox verilişlər qadın və kişi arasında baş verən problemlərin üzərində qurulub. Son bir neçə ildə bu səbəbdən psixoloqlara müraciət edənlərin sayı artıb. Əvvəllər bizdə belə bir hal yox idi. Bir neçə il bundan öncəyə qədər bizdə bu qədər psixoloq yox idi və psixoloqlara müraciət edənlər də bu qədər deyildi. 

  – Deyirlər, Azərbaycanda stund up yoxdur. Bu fikrə münasibətiniz necədir?
  – Kim deyir ki, Azərbaycanda stund up yoxdur, çağırsınlar məni, gedim onlara danışım. İndi Yeni il ərəfəsidir, ən böyük şirkətlərin korporativ tədbirlərinə gedib stund up danışıram. Məni heç vaxt heç kim heç kimə bənzətmir. Onlar bilir ki, səhnədə Elcan Rəsulov danışır və bu mənim öz üslubumdur. Dünyada tanınan stund up–çıların heç birinə baxmıram, heç mənə maraqlı da deyil ki, onlar nə danışırlar. Ona görə ki, birdən özüm də bilmədən oradan nəsə beynimin alt qatına hopmuş olar, kiməsə danışaram. Ona görə də onların çıxışlarını izləmirəm və mənə maraqlı deyil. Hərə öz qabına və beyninə uyğun şəkildə gülüş yaradır. Eyni əhvalatı siz danışarsınız, gülməli olmaz, mən fərqli danışaram, gülməli olar. Bəs onda bu insanlar nəyə gülür?
 
 

  – Elcan Rəsulovun danışdığı əhvalatlar niyə gülməlidir? 
  – Yumor reallıqdan yaranır. Bir də əsas məsələ, gərək gündəm üzərindən çalışasan. Hər gün bu  yumor yenilənir. Sənin bir həftə qabaq yazdığın bir həftə sonra kiməsə maraqlı olmaya bilər. Belə məqamlara diqqət etmək lazımdır. Bunun da bir yolu var, hər gün maraqlanmaq, hər gün oxumaq. 

  – 2019–cu ilin son həftələrini yaşayırıq. Geridə qoyduğumuz bu ili sizin üçün uğurlu hesab etmək olarmı?
  – 2019 o qədər də uğurlu il olmadı mənim üçün. Düzdür, yeni işlər, yeni layihələr təqdim etdim.  Ancaq buna baxmayaraq, ilin əvvəlində qarşıma qoyduğum daha böyük məqsədlər var idi ki,  onlar həyata keçmədi. İstəyirəm ki, o arzular 2020–ci ildə həyata keçsin. 

  – 2020–ci ildən gözləntiləriniz nələrdir?
  – 2020–ci ildən gözləntilərim çoxdur. İstəyirəm, yeni ildə əməkdar artist adına layiq görülüm. Bunun üçün də daha çox çalışacam. Sosial şəbəkələrdə bir az da aktivləşib, insanlara daha da yaxınlaşacam. Televiziya layihələrində geniş və uğurlu şəkildə təqdim olunmağı da hədəfləyirəm. 
 
  Xəyalə Rəis