Biz imzaları yox, əsərləri dərc edirik...

Heç vaxt poeziyanı duadan ayırmamışam – Derek Alton Uolkotun müsahibəsi
626
17 Avqust 2018, 12:58
 Derek Alton Uolkot 1930-cu il, yanvarın 23-də Karib dənizi sahillərində yerləşən Lusia əyalətində dünyaya göz açıb. Yaradıcılığa dramaturq kimi başlasa da, 1992-ci ildə "64 fəsilli bənzərsiz Karib eposu nümunəsinə görə” Nobel Ədəbiyyat mükafatına layiq görülüb. Fay Mostonla evliliyi boşanma ilə nəticələnən yazıçı, Marqaret Meylard ilə qurduğu ailəni də qoruya bilmir. Norlin Metivierlə olan evlilik də 1976-cı ildə boşanandan sonra yazıçı tək yaşamağa qərar verir. Şairin üç nikahdan 2 qızı, 1 oğlu var. Uolkot dünya ədəbiyyatında "Seçilmiş şeirlər”, "Dəniz üzümləri”, "Şanslı səyyah”, "Mərkəzi Amerika”, "Hədiyə” və s. şeir toplularının, "Möhtəşəm bir qalada”, "Pantomima”, "Səs-küylü ada”, "Sonuncu karnaval”, "Yadigar” və s. dram əsərlərinin müəllifi kimi sevilir. Yazarın "Paris Review” jurnalından Eduard Hirsç ilə olan söhbətini ixtisarla təqdim edirik. 
 

 
 – Söhbətə ailənizin keçmişindən danışmaqla başlamaq istəyirəm. Ailəniz bir çox cəhəti ilə Lusia üçün tipik hesab edilən ailələrdən olub, ancaq incəsənətə böyük maraqları varmış.
 – Böyüdüyüm ailə əslində elə anamdan ibarətdir. O dul qadın idi. Atam çox gənc – hardasa 31 yaşında ikən dünyasını dəyişmişdi. Əkiz qardaşım və bacım yetim qalmışdıq. Düzdür, iki bibim də var idi. Amma ailə qardaşım, mən və bacımdan ibarət idi. Lap uşaq yaşlarıma aid xatirələrdə daha çox anamı xatırlayıram, müəllimə idi, bütün günü evdə oxumaqla məşğul idi.
 
 – "Məktəbdən uzaqlaşmaq” adlı essenizdə atanızın işi ilə paralel olaraq yazdığı hobbisinin nəticəsi olan əsərlərdən bəhs edirsiniz, poeziya və rəssamlıq nümunələrindən. Onun yaradıcı fəaliyyətini necə təsvir edərsiniz və bu sizə necə təsir edib?
 – Anam artıq doxsan yaşındadır, amma hələ də atam haqqında danışır. Bütün həyatım boyu onun yoxluğunda günahkar olmasından və idarəetmə ilə bağlı qətiyyətindən danışır. Qulağından keçən infeksiyadan öləndə çox gənc imiş. O vaxt Lusiada tibb çox aşağı səviyyədə olub. Mən onun ölümü ilə bağlı nəsə xatırlamıram, amma nə zamansa var olduğunu çəkdiyi rəsmlərlə hiss etmişəm. Onun oval çərçivədə çəkdiyi bir portreti var, onu anamın portretinin yanında saxlayırıq, bu əsər onun nə qədər yaxşı həvəskar rəssam olduğunu göstərir. Əsərlərinin çoxluğu onun durmadan bu işlə məşğul olduğunu göstərir, bu məndə güclü iradə və ardıcıl olmaq qabiliyyəti formalaşdırdı.
 
 – Onun şeirlərini nə zaman oxudunuz?
 – Haqqında danışdığım şeirlər toplu halında deyil. Onları xırda satira nümunələri adlandıra bilərik.

 – Bir kitablıq avtobioqrafik şeiriniz – "Başqa həyat”-da ("Another Life”) şəxsi inkişafınızda iki rəssamın həlledici rolu olduğunu anlayırıq – yol göstərəniniz Harold Simmons, şeirin baş qəhrəmanlarından biri olan – Harri  kimi canlandırılıb və digər baş qəhrəman Qreqorias kimi verilən dostunuz Dunstan Omer. Onların həyatınızdakı əhəmiyyətindən danışaqmı?
 – Harri ikimizi də öyrədirdi. Emalatxanasında rəsm əsərləri vardı və musiqi səsləndirilirdi və o, atamın yaxın dostlarından idi. Biləndə ki, rəsm çəkməyi sevirik dörd-beşimizi öz emalatxanasına çağırdı və evinin aynabəndində qəbul elədi. Bizi boya və fırçalarla təmin etdi və çəkməyi öyrətdi. İndi istənilən bir şəhərdə də belə şeylər normaldır, amma o vaxtın Lusia kimi kasıb və olduqca balaca bir kəndində bu çox qeyri-adi idi. Bir müddət sonra uşaqlardan bəziləri bu çəkmək, boyamaq işini atdılar, Dunstan Omer və mən qaldıq. Yenə emalatxanaya getməyə davam etdik və birgə çalışdıq. İkimiz də rəsmin mahiyyətini birgə kəşf etdik.

 – "Başqa həyat”-da təsvir etdiyiniz şair həyatını və taleyi bu xırda adaya bağlı olduğunu düşünən insanın yeni həyata atılması kimi görünən epifanik – həlli yolu anidən görülən və bütün aydınlığı dərk edilən hadisə - təcrübə haqqında nə deyə bilərsiniz?
 – İnsanlar müsahibələrdə bəzi şeyləri deməkdən qaçırlar, çünki bu tip şeylər bəzən istəmədən təşəxxüslü və ya sentimental, ya da ki, olduqca mistik səslənir. Mən heç vaxt poeziyanı duadan ayırmamışam. Bunun bir çağırış, dini bir məşğuliyyət olduğuna inanaraq böyümüşəm. "Başqa həyat”-da təsvir etdiyim, zirvədə olmaq və mümkünsüz şeylərin baş verdiyini hiss etmək duyğusu əslində bir gənc yazarın tez-tez yaşadığı təcrübədir. Tənhalığın ölümsüzlükdən çox, fani olmağın ləzzətini hiss edirdim, içimdə minnətdarlıq hissi var idi. Həm hər şeyi hiss edə bilməyin minnətdarlığı, həm də ətrafdakı həyatın, yer üzünün gözəlliyinə görə minnətdarlıq. Əgər gənc yazarın içində bu duyğu güclüdürsə, onun yazdıqları sizi ağlada da bilər. Bu sadəcə dumduru göz yaşıdır, bədənin gördüklərinə, hiss etdiklərinə doğru əriməsidir. Burada mistik bir şey yoxdur. Yeats deyir: "Bizi hər şeyə güldürən baş verənlərin təsiri ilə içimizdə yaranan o ilıq duyğulardır və gözlə gördüyümüz hər şey müqəddəsdir”. Bu həqiqətən də minnətdalıqdır. Şair bu duyğunun çoxunu özündə saxlayır.

 – Necə yazırsınız? Madam ki, sizin üçün şeir və dua təxminən eynidir, bu prosesi necəsə rituallaşdırılıbmı?
 – Əmin deyiləm ki, yazıçı kağıza bir şeylər tökmədən əvvəl buna necə hazırlaşdığını, şəxsi hazırlıq rituallarını könüllü şəkildə açıqlaya. Amma mən belə təsəvvür edirəm ki, bütün rəssamlar və yazarlar iş gününə və ya iş gecəsinə başlamadan əvvəl başlamaq və hazırlıq arasında bir an yaşayırlar. Bu görüləcək işin qısa məzmunu müəyyənləşdirən andır. Bu sanki nə üçünsə nəzir deyildiyi mərasimdir. Hər yazarın fərqli duruşu, fərqli hərəkəti, hətta fərqli baxışı ola bilər, amma mənə elə gəlir ki, boş kağızın önündə dayananda, ya da yazmaq üçün əyləşəndə, katoliklər kimi suya girmədən əvvəl əllərini sinələrində çarpazlayır və son hazırlığı edirlər.  Belə də baxanda zəhmətə dəyər bir şey yaratmaq üçün edilən hər cəhd özü bir ritualdır. 
 Öz yazı üsulumun nə olduğunu qeyd etmədim. Bircə onu bilirəm ki, insan şeirin gəldiyini hiss etdiyi anda – yazı maşınının səsinə, çöldəki nəqliyyat vasitələrinin gurultusuna, ya başqa bir şeyə baxmayaraq – sanki sükuta qərq olur, bu geri çəkilmə ilə səni bütün ətraf aləmdən qoparan, kəsib ayıran səssizliyə düşürsən. O anda insan varlığına məğlub üçün yox, qəlbi ilə haqq-hesab çürütmək üçün işləyir, qarşıda duran məqsəd sənin özündən daha vacib olur. Bu bir qədər yüksək iddia kimi səslənə bilər, amma ortaya yaxşı bir iş qoyanda, özümü dua etmişəm kimi, təşəkkür etmişəm kimi hiss edirəm. Düzdür, bu tez-tez olmur, yəni bunu hər gün eləmirəm. Rahib deyiləm, amma nəsə çox yaxşı alınanda təşəkkür edirəm, həqiqətən bunun bir şans olduğunu hiss edirəm.
 Son zamanlar çox erkən saatlarda oyanıram, ya orta yaş sindromudur, ya da qocalıq. Bu artıq ciddi mənada ritual olub, qəhvəmi hazırlayıb masaya qoyuram, siqaret çəkirəm. Dəqiq bilmirəm, məni o saat oyadan qəhvə istəyidir, yoxsa yazmaq həvəsi.

 – İlk şeiriniz "Müqəddəs Lusianın səsi” ("The Voice of St. Lucia”) hələ 14 yaşınız olmamış yazılıb, səhv etmirəm ki? 
 – Tanrını kilsədən yox, təbiətdən öyrənməklə bağlı şeir idi. Təbiəti həyatı anlamaq yolu kimi göstərmişdim. Şeiri yerli qəzetə yollamışdım və dərc olunmuşdu. Əlbəttə ki, ilk şeirinin dərc olunduğunu görmək gənc şair üçün inanılmaz təkandır.
 

 
 – Əksər amerikan və ingilis oxucular "Mavi bir gecədə”-ni ("İn a green night”) ilk kitabınız kimi tanıyır. Xaricdə nəşr olunmazdan əvvəl öz hesabınıza üç bukletiniz işıq üzü görmüşdü. İlk buklet – "25 şeir”-i ("25 Poems”) çap etdirməyə necə qərar verdiniz?
 – Hər gün tapşırıq dəftərinə yazmağa vərdiş eləmişdim. Yazmağa təzə başlayanda qəlbimin istəyinə uyğun yazırdım. Nəyi nə dərəcədə dərin və güclü hiss edirdimsə, eyni dərəcədə çətinliklə də yazırdım. Böyük bir həzz və xilas duyğusu yaşayırdım. Sonralar özümü Auden, Eliot və oxuduğum hamıdan nəsə oğurlayırmış kimi hiss etməyə başladım. Bir gün oyanıb Spender kimi yazmaq istəyirdim, o birisi gün Dilan Tomas kimi. Bir müddət sonra baxdım ki, bəyəndiyim və məni bütünlüklə qane edən şeirlər bir xeyli toplanıb və onları nəşr etdirmək istədim. Lusiada nəşriyyat yox idi, mən də Eliotun, Audeninki kimi kitabım olsun istəyirdim. Odur ki, şeirlərin içindən sevdiyim 25 dənəsini seçdim. Fikrimi anama dedim: "Mən şeirlər kitabı nəşr etdirmək istəyirəm və bunun üçün 200 dollar lazımdır”. O həm dərzilik, həm müəllimlik edirdi. Bu pulu tapmaq çətin idi, çox kədərləndi, amma həm də mənim üçün bunu etmək istəyirdi. Necəsə o pulu tapdı və mən o pulu da, şeirlərimi də "Trinidad”a göndərdim.

 – İlk şeirlərinizdə həddindən artıq özünəinamlı, alovlu şair obrazı görünür. "Yayın ortası” ("Midsummer”) şeirində hədiyənin Musanın (şeir Tanrısı, ilham pərisi – red.) çırağından gəldiyini yazırsınız.
 – Heç vaxt hədiyyəm (hədiyə deməliyəm, çünki şeirin hədiyə olduğuna inanıram) haqqında tamamilə mənim olduğuna inandığım şeylər barədə düşündüyüm kimi düşünməmişəm. Uşaqlıqdan mənə elə gəlirdi ki, qarşımda necəsə ifadə etmək, demək, səsləndirmək kimi bir vəzifə dayanıb, amma öz təcrübələrimi yox, ətrafımda baş verənləri, gördüklərimi demək vəzifəsi. Elə uşaqlıqdan da dərk edirdim ki, bu nəsə gözəl bir işdir. Lusianın hansı zirvəsinə dırmaşırsansa, orada bir daimi yenilənmə hissi var, bunla yanaşı sonsuzluq duyğusu, sadəcə harada olduğunla bağlı həqiqət mövcuddur.  Eyni zamanda başa düşürdüm ki, məni əhatə edən kasıblar haqqında yazılacaq qədər rəngarəng insanlar deyil. Amma yaşadım, həyatlarını gördüm, izlədim və başa düşdüm ki, uzağa getməyə ehtiyac yoxdur. Hiss etdim ki, mən elə bunlar haqqında yazmalıyam.. 

 – Böyük ingilisdilli poeziyada öz yerinizi harada görürsünüz?
 – Heç yerdə. Mən tamamilə, təpədən-dırnağa Karib yazarıyam. O ki qaldı dilə, ingilis dili heç kimin şəxsi mülkü deyil. Dil təxəyyülün hakimiyyəti altındadır, eyni zamanda təxəyyülün sahibidir.
 
Tərcümə edən: Elcan Salmanqızı