Biz imzaları yox, əsərləri dərc edirik...

Haralardasan, cığır saçlı qız?Ülvi Şirinov şeirləri
342
21 İyun 2018, 17:01
   Artkaspi.az gənc şair Ülvi Şirinovun yeni şeirlərini təqdim edir:


 
  GECƏ DUASI
 
Küçəsində it ulayan
Bir yetim,əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.
 
Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...
 
Olur ki,gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.
 
Gündüz eyni,gecə eyni...
Otaq eyni,yataq eyni...
Eyni...eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...
 
Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü tanrının toruna
 
Bəzən istəsəndə bilmərsən
O gülüş...
Ölümdü ya qalımdı.
Ona görə də gülmərsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı...

  SADİQ DOSTLAR HAQQINDA

Bir bulud oturub ləpədöyəndə
Evindən didərgin qaçaqlar kimi
Anasından küsən uşaqlar kimi
 
Buludun yanında oturdum mən də
Ağlaşma başladı ləpədöyəndə
Bulud da,mən də,ləpədöyən də

  YOLUN SONUNDAN MƏKTUB...

Haralardasan, cığır saçlı qız, haralardasan?..
Həyat anasız uşaqların laylasız yuxuları,
Atasız uşaqların özünü müdafiə qorxularıdı.
Bəzən günəş səni sadəcə yandırır...
Sənsə Yer kürəsindəki
Son iki ayaqlıq buz parçasında dayanıb
günəşə baxaraq inadla gülümsəyirsən.
Haralardasan, cığır saçlı qız, haralardasan?
İnsan özünü aldadan yeganə canlıdı.
Çünki azad deyil
Azadlıq olan yerdə aldanış olmaz
Azadlıq odur ki, sənin ürəyin bütün qəfəslərdən böyük olur.
Bütün qızıl qəfəslər sənin ürəyinin içində buxarlanıb gözdən itir.
Atları görmürsənmi atları...
...ucsuz-bucaqsız düzəngahlarda
Elə gözəl uçurlar ki...
Hər qanad səsində
bir qəfəs qırılır Yer kürəsində...
Haralardasan, cığır saçlı qız, haralardasan?..
Gör nə vaxtdı
Doğruluq və cəsarət mövzularında 1-ci qrup əliləm.
Gör nə vaxtdı
Gecələr yatmağa, səhərlər oyanmağa səbəb tapmıram.
Gör nə vaxtdı
Kitab oxuyanda gülmürəm?,
Filmə baxanda ağlamıram.
Gör nə vaxtdı bomboşam?..
Gör nə vaxtdı heç kiməm?
Gör nə vaxtdı yoxam mən?..
Haralardasan,cığır saçlı qız,haralardasan
Hansı telindəsən?

  UNUTDUQLARINA...
 
Sənin unutduğun küçələrdən keçəndə
Sol qolum sırsıra kimi sallanır çiynimdən.
Qırılıb dağılır zərrə-zərrə
Sənin ayaq basdığın yerlərə...
Sənin unutduğun nəfəsi alanda...
Anlayıram...niyə o nəfəsi boş verib başqa nəfəslərə süzüldüyünü...
Necə əzildiyini...
Necə hönkürdüyünü...
Necə üzüldüyünü...
Amma...
Amma bilmirəm...vallah bilmirəm...
Axı necə qəbul eləyim?
Necə qəbul eləyim axı?
Özgə barmaqlarla susdurulduğunu...
Özgə səslərlə uyuduğunu...
Özgə nəfəslərlə oyandığını...
Özgə baxışlarla sevildiyini...
Yoxsa elə bilirsən, indi ölmür igidlər?...
Ölürlər,vallah,ölürlər.
Amma onlardan sonra daha adları qalmır...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
Orda insanlar danışmır
Orda küçələr danışır...
Elə ürək yandırır səmadakı tək ulduz
Elə qulaq batırır sükutun uğultusu...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...

  SENTİ(MEN)TAL
 
Bilirsən indi nə haldayam, cənab psixoloq
Elə bil ayaqlarımın yerində minlərlə qaranquş var...
əllərimin yerində kəpənək ordusu...
ona görə yaz aylarında özümə qapanıram..keyiyirəm
o gün sevgilim dizimin üstündə yatmaq istədi...
qorxdum, cənab psixoloq, qorxdum
qorxdum ki...qorxdum ki qaranquşlar duyuq düşər
həm ayaqsız qalaram...həm də ürəksiz
ancaq həm də istəyirəm...
qaranquşsuz bir dünyada sevgili nəyə lazımdı ki?
çarəsizliyimi danışa bilmirəm tanrıya, cənab psixoloq
ancaq danışacam...
mütləq danışacam...
çünki istəyirəm qollarımı qaldıranda dünya kəpənəkləşsin...
eybi yox, qoy mən qolsuz qalım...
cənab psixoloq, o qədər yorğunam ki
indicə bir ac quş
qoy gəlib didsin məni...
hər gün bir tikə aparsın
o ağacın budağındakı
günəşi hələ yarım görən ətcə balalarına...
quşlarsız bir dünyada yaşasam nə olacaq ki?
Bilmirəm, bəlkə də heç nə olmayacaq...
Yeri gəlmişkən,
Siz "Başsız atlı” romanını oxumusunuz?