Biz imzaları yox, əsərləri dərc edirik...

Hansı mövzudan yazmalı ki, aktuallığını itirməsin? – Sorğu
210
23 İyul 2018, 13:50
     Ədəbiyyatda mövzu məsələsi həmişə aktual olub. Gündəmlə səsləşən, zamanla ayaqlaşan, tarixi və ya sevgi, qəhrəmanlıq, azadlıq və s. kimi əbədi mövzular yazıçı və şairləri həmişə cəlb edir. Hansı mövzuda yazılan bədii ədəbiyyat daha tez aktuallığını itirəcək?

 
  Ötəri siyasi məsələlərə bağlı olan ədəbiyyat
 
 


  "Zaman dalğalanır, zamanın havası gedib qayıdır. Dünən aktual görünənlər bu gün əhəmiyyətini itirir”  deyən Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, bu gün əhəmiyyətini itirən mövzular müəyyən illərdən sonra əhəmiyyət qazana bilir: "Mənə elə gəlir ki, bütün dövrlərdə mədhiyyə ədəbiyyatı dövrün keçici təbliğatına, keçici siyasi havasına uyub. Qısa ömürlü imtiyazlar  üçün yazılan əsərlər daha tez sıradan çıxacaq. Bu cür əsərlər uzun müddət yaşamır. Təcrübədə Lenin, Stalin kimi şəxsiyyətlər haqqında yazılan əsərlər var. Hətta, Nizaminin, Füzulinin, ümumiyyətlə, klassiklərin o dövrlərdə şahlara yazdıqları əsərlər var. Xəqaninin Şirvanşahlara yazdığı mərsiyələr var, amma onun "Şikayətnamə”si qalır”. Xalq şairi hesab edir ki, ötəri siyasi məsələlərə bağlı olan ədəbiyyat sıradan tez çıxır: "Bəlkə buna görə, biz, Füzulini daha çox "Leyli-Məcnun”u ilə tanıyırıq. Ancaq bu əsərin yanında onun din sevgisi ilə bağlı yazıları da var. Bu gün "onların hansı daha çox oxunur” müqayisəsini aparsaq, hansı ədəbiyyatın uzunömürlü, hansının tez sıradan çıxdığını görərik”.  
 
  Özündə heç bir dəyərli informasiya ehtiva etməyən mövzular
 
 


  Yazıçı Aslan Quliyev hesab edir ki, mövzu şərt deyil: "Boz, istedadsız yazıçı nədən və ya hansı mövzuda yazsa, boz yazacaq. İstedadlı yazıçı isə nədən yazsa, yazdığını oxucuya sevdirə biləcək. Amma hər halda, siyasi mövzularda, demaqogiya, münaqişə mövzularında yazılan, özündə heç bir dəyərli informasiya ehtiva etməyən əsərlər aktuallığı tez itirirlər. Sovet dönəmində yazılan, məsələn, aqronomun sədrlə münaqişəsi, partkomun qəhrəmanlıqları mövzusundakı kitabları indi oxuyan tapılarmı? Ya da anonim məktublar yazanları ifşa edən namuslu kommunistlərdən, işinin öhdəsindən vicdanla gələn komsomolçulardan, sosialist öhdəliklərini uğurla yerinə yetirən kolxozçulardan, sağıcılardan yazılan əsərləri kiməsə zorla da oxutdura bilməzsən”.

 
  Şair Emin Pirinin fikrincə, sırf bu günlə bağlı olan mövzular zaman keçdikcə aktuallığını itirir. Və ya hər birinin aktual olma zaman kəsimi var: "Dünya, texnologiya, elm inkişafda olduğu üçün bunu normal qəbul etmək lazımdır. Əgər bir cəmiyyətdə heç bir keçmiş mövzu aktuallığını itirmirsə, deməli inkişafdan qalıb və o cəmiyyət məhvə məhkumdur.
 
 
 
   Amma burada bəzi milli məsələləri istisna hal kimi dövlət maraqları baxımından saxlamaq lazımdır. Məsələn, ikinci dünya müharibəsi bizim cəmiyyət üçün çox aktual idi. Amma Qarabağ savaşı ikinci dünya müharibəsini ikinci plana saldı. Əmin olun ki, belə bir problemlə üzləşməsəydik, proses də belə olmayacaqdı. Yəni, yeni problem, yeni aktual mövzu özündən əvvəlkinin qatilinə çevrilir. Burada yalnız bir məsələ qalır, həmin aktual məsələni necə bədii təsvir etmək”. Yazarın fikrincə, insan duyğuları, hisslərinin gözəl, bədii obrazlı təsviri həmişə əbədiyaşardır. Çünki mövzular, aktual olan problemlər zaman keçdikcə əhəmiyyətini itirir, amma hisslər, duyğular, yaşantılar yox: "Problemlər, mövzular zaman keçdikcə sadəcə, statistikadan ibarət olur. Argentina tənqidçisinin dediyi kimi: "poeziya şairinin oxucuya silləsidir”. Yadda qalan nədirsə, poeziya odur. Şair isə sillə vurmağı bacarmalıdır. O zaman əbədiyaşar olmağı bacarar. Hər hansı milli məsələni bəşəri problemə çevirə bilirsənsə, əbədiyaşar olmaq ömrünü uzadırsan. Məsələn, Qarabağ problemini götürək. Şair bu problemi əsərlərində statistikadan daha çox, bədii obrazlarla ifadə etməyi bacarmalı, bu lokal problemi bəşəriliyə çevirməlidir. O zaman müharibə bitsə belə, bu mövzuda yazdığı əsər ədəbiyyat baxımından əhəmiyyətini itirmir”.
 

   Zorən yazıçılığın problemi
 
 
 


   "Əgər söhbət ciddi ədəbiyyatdan gedirsə, ciddi ədəbiyyatda heç vaxt aktual və qeyri-aktual mövzular olmayıb, həmişə insan qəlbinin dərinliklərinə nüfuz eləyən, oxucu ilə tarix, ya da bu gün arasında məhrəm bağlar yaradan əsərlər meydana çıxıb” deyən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, aktual və qeyri-aktual mövzular psevdo-ədəbiyyatın, zorən yazıçılığın problemidir: "Təbii ki, bu cür "əsərlər" heç bir neçə onilliyin sınağına dözmək iqtidarında belə deyillər. Elə sovet dövrü ədəbiyyatımızın (eyni taleli digər xalqların ədəbiyyatının da) böyük bir hissəsi psevdo-ədəbiyyat idi, "sosializm qurucularının rəşadətli əməyinə, sovet adamının mənəvi keyfiyyətlərinə" həsr olunmuşdu. Aradan bir neçə onillik keçib, artıq həmin "əsərləri" nə oxuyan, nə də yada salan var. Həmin dövrdən bizə "aktuallıq mərəzi"nə tutulmamış azsaylı əsərlər qaldı, bu da təbiidir”. Yazıçının fikrincə, ədəbiyyatın əbədiyaşarlığı insandır, insanın iç dünyasıdır, insanın bu dünyada özünü axtarmasıdır, yaxud bu dünyanın öz içində sığdırmağa cəhd göstərməsidir: "Dünya ədəbiyyatının ən böyük əsərləri məhz bu kriteriyalarla yaradılıb, illərin sınağınsa məruz qalıb, bu gün də oxunur. Məncə, günümüzdə yaranan, bu kriteriyalara cavab verən bədii mətnlər də gələcəkdə oxucuları məhz bu cəhəti ilə cəlb edəcək”.
 
  Şair Aqşin Yeniseyin fikrincə, mövzunun məsələyə dəxli yoxdur, əsas olan mövzunu necə yazmaqdır, dilin hansı qatında işləməkdir: "Bu gün Azərbaycan ədəbiyyatı uğursuz, heç vaxt dünyanı maraqlandırmayan sovet ədəbiyyatının dili ilə yaradılır. Bu dillə yaradılan ədəbiyyat sələfi kimi, bəri başdan uğursuzluğa məhkumdur. Bu dildə yaradılan ədəbiyyat hətta günümüzün oxucusunu belə cəzb etmir.
 
 
 
 
  Hər bir müəllifin borcudur ki, mənsubu olduğu dilin içində öz dilini yaratsın. Yeni dil yeni üslubu yaradır, sözlərin cümlədə, misrada düzülüş istiqamətini dəyişir. Köhnəlmiş qrammatikanı məhv edir. Qalıcı əsərlərin hamısı dili və üslubu ilə seçilənlərdir, hansı mövzunu əhatə etmələrinə baxmayaraq. Məsələn, Nabokovun "Lolita” əsəri mövzusuna görə, bəlkə də, yazıldığı dövrdə gözlənilməz idi, amma bu mövzu indi gündəlik rast gəlinən, hətta pornoqrafiyanın əsas mövzularından birinə çevrilən bir hadisədir. Amma Nabokovun dili və üslubu, mövzusu bu gün adiləşmiş bu əsəri, bütün zamanların sınağından çıxaracaq”. A.Yeniseyin fikrincə, ədəbiyyat yaradıcılıqdır, ədəbiyyatşünaslıq yaradıcılığın təftişi: "Ədəbiyyatşünaslığın başqa adı da mətnşünaslıqdır. Bu sahələr bizim ədəbiyyatda o qədər də inkişaf etməyib. Ədəbi tənqid adı altında ədəbi muzdurluqla məşğul olan imzalar olub həmişə. Və onlar həmişə Azərbaycan ədəbiyyatını bəlli, məhdud standartlara sıxışdırıblar. Ədəbi azadlığın qarşısını kəsiblər. Gənc yazıçı və şairləri özlərindən əvvəlkilərdən uzaqlaşmağa, daha geniş ədəbi üfüqlərə can atmağa qoymayıblar. Əslində, hər bir müəllifin ədəbiyyatşünas olması çox önəmlidir, hətta ədəbiyyata ədəbiyyatşünaslıqdan gəlmək daha doğru yoldur. Məsələn, Borxes, yuxarıda adını çəkdiyim Nabokov, Kortasar, Kundera və s. çoxsaylı dünya yazarları həm də mükəmməl ədəbiyyatşünaslardır. Borxesin "Min bir gecə” nağılları haqqında yazdığı mətni özündən başqa heç kim yaza bilməz. Yaxud Kunderanın Şərqi Avropa mədəniyyəti, tarixi haqqında yazdığı esseni yazmaq hər ədəbiyyatşünasın, tənqidçinin işi deyil. Bu mənada, ədəbiyyatşünaslıq ədəbiyyatı dünya səyahətinə götürən bir gəmidir. Bizi dünyada ona görə oxumurlar ki, ədəbiyyatımızın yanında ədəbiyyatşünaslığımız yoxdur”.

 
  Mövzu öz aktuallığını itirmir
 
 


  Tənqidçi Əsəd Cahangir hesab edir ki, ümumiyyətlə, heç bir mövzu öz aktuallığını itirmir: "Mövzular aktuallığını müvəqqəti itirə bilər. Ayın qabarıb çəkilməsi, gecənin gündüzü, fəsillərin bir-birini əvəzləməsi kimi, mövzular da müəyyən müddətə əhəmiyyətini itirə, sonra yenidən aktuallaşa və yaxud zahirən öz əhəmiyyətini itirə bilərlər. Ancaq sevgi, azadlıq, müharibə, qəhrəmanlıq kimi mövzular var ki, Homerdən üzü bəri ədəbiyyatın əsas mövzularıdır və bu günə qədər də qalmaqdadır. Konkret olaraq hansısa bir mövzu zamanla bağlı ola və öz əhəmiyyətini itirə bilər. Tutaq ki, sovet hakimiyyəti təzə qurulanda "Kütləvi savadsızlığın ləğvi" mövzusunda əsərlər yazılırdı. Məsələn, Qılman İlkin Musayevin "Ömrün oğlan çağları" povesti bu mövzuya həsr olunmuşdu. O cümlədən, çekistlərin quldurlara qarşı, kollektivləşmə uğrunda mübarizə mövzusu bir sıra əsərlərdə əksini tapmışdı”. Tənqidçi hesab edir ki, əsl sənət istənilən tarixi zamanı aktuallaşdıra bilər: "Fərman Kərimzadənin "Qarlı aşırım" romanında vaxtilə Kərbəlayı İsmayıl mənfi obraz kimi görünürdü. Bu gün isə həmin obraz tam fərqli görünür. Çünki onun düşüncələrində iqtisadi cəhətdən müstəqillik, azadlıq ideyası var. Bu gün də o filmə baxılır. Əsl sənətkar odur ki, mövzunu elə işləsin ki, əsər bütün zamanlarla dialoqa girə bilsin. Əlbəttə, yazıçı istedadsız olarsa, onun yazdığı əsər – hətta ən gözəl mövzu olsa belə – öz aktuallığını heç yaşadığı zamanda da qazana bilmir!". 
 
  Təranə Məhərrəmova