Biz imzaları yox, əsərləri dərc edirik...

“Hamlet” əsərinin ideyası köhnə görünür – “Sevdiyim əsər” layihəsi – Aydın Dadaşov
3179
05 Noyabr 2019, 08:45
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Aydın Dadaşovdur. Onun sevdiyi əsər Uilyam Şekspirin "Hamlet” faciəsidir.
 
  – Uilyam Şekspirin "Hamlet” faciəsi hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir? 
  – Haqq-ədalətin bərpasının mükəmməl dramaturji həllinə görə. Türk dövlətçilik tarixində müstəsna yeri olan sultan Əlaəddin Keyqubad deyir: "Əgər iki nəfər belə sənə tabedirsə, haqq-ədalətlə çalışmağa borclusan”. Sonra haqq-ədalətin nə demək olduğunu açır: "Haqq-ədalət odur ki, papaq başda olsun, çəkmə ayaqda!” Yəni, haqqı olmayanın mühitdə mövqe tutması təhlükəlidir.
  Haqlıların sayı maksimum azalsa belə, haqq-ədalət prinsipi qoruna bilir. Aristotelə görə: "Min nəfərdən birində ideya varsa, cəmiyyət sağlamdır”. Yəni, bir nəfərin belə ideya daşıyıcısına çevrilməsi mənəvi dəyərləri qismən də olsa qoruya bilir. Müasir postmodern dünyada isə bazar iqtisadiyyatı və kommersiya ideyası məfhumu sanki, mənəviyyatla bağlı qlobal ideyanı məhv edir. 
  Odur ki, əsl insanın bütün həyatı boyu həqiqət, ədalət axtarışına çıxması təbiidir. Henrix Mann yazır ki: "Həqiqətin içində yaşamaq yox, ona doğru getmək labüddür”, yəni həqiqət elə məfhumdur ki, onun dinamikasını əldə etmək gərəkdir. Proqress – tərəqqi ölüm və məhrumiyyətlə mübarizənin dinamikasıdı. Reqress – tənəzzül isə geriyə doğru hərəkətdi.
  Əsrlərlə işğal altında yaşadığımızdan başımız bəlalıdı. İşğal altında olan, ölkələrdə müti, qul psixologiyası yarandığından ictimai-siyasi motiv ədəbiyyata, sənətə gələ bilmir. Diqtə olunur ki, dağdan-dərədən, güldən-bülbüldən, nədən istəyirsən yaz, yarat, amma əhalinin dərd-bəlasından söz açma, yəni, çıxış yolunu göstərmə ki, sakin vətəndaşa çevrilməsin.
  Şekspirin intibah realizmi dövründə klassisizm cərəyanında yazıb-yaratdığı, dramaturqun yaradıcılığının zirvəsi sayılan, əsas ideyası ölkəpərəstlik, dövlətçilik üzərində qurulan "Hamlet” pyesi bu mənada mükəmməl nümunədir. Ekspozisiyada keşikçi Frantsiskonun: "Dayanın kimdir?” tələbinə Horatsionun "Vətənpərvərlər, ölkənin dostlarıdır!” cavabı, Martselin: "Bax elə o mətin addımlarıyla, keçdi yanımızdan dünən iki yol” xəbərinə həyəcanlanan Horatsionun: "Anlaya bilmirəm nə sirridir bu? Bəlkə də dövlətin təhlükələrə, yaxınlaşdığına bir işarədir? sualları isə ictimai motivi önə çəkən klassisizmi dramaturji düyünə gətirir. Atasının ruhunun Hamletə vəsiyyətinin məğzi nədir?

  – Danimarkanı çirkabdan xilas etmək. 
  – Bəli. Hamlet o oğuldur ki, həyatının gənclik dövrünü yaşayır, sevir, sevilir və ictimai funksiyanı üzərinə götürməklə şəxsi motivin üzərindən xətt çəkir. Həyatı qədər sevdiyi, gül kimi açılmadan solacaq Ofeliyanı monastra göndərir ki, məhvərindən çıxmış dünyanı yerində oturda bilsin. 

  – Bu əsərdə personajlar sistemi qəribədir, Hamletdən bir damcı hamletliyi azaltsan o öz funksiyasını itirir. Bunu dekonstruksiya vasitəsiylə bu və ya digər dərəcədə etmək olar, amma əsər o andaca intibaha xas əlamətlərini itirir, sanki bir obraz bütün əsəri dağıtmaq gücündədir.
  – Ümumiyyətlə, personajlar sistemi, tipaj, obraz, xarakterdən ibarətdir. Tipaj sosial zümrənin göstəricisidir, obraz faktın, hadisənin mahiyyət daşıyıcısıdır, xarakter isə ideyası uğrunda ölümə gedən kəsdir. Hamlet mənə görə dünya ədəbiyyatının ən mükəmməl xarakteridir. 
  Şekspirin Hamleti fikir adamıdır, sadəcə bir erkək deyil. Hamletin əsərdə ilk öldürdüyü adam, həyatı qədər sevdiyi Ofeliyanın, özündən yuxarılara yaltaqlanıb, aşağıdakıları əzən atası Paloniy idi. Ən vacibi budur ki, finalda Hamlet həyatı bahasına haqq-ədaləti bərqərar edir, amma qoşun yığaraq Polşaya hücumda hakimiyyət taxtına qeyri-qanuni yiyələnmiş əli qanlı qatil Klavdiyin icazəsini alaraq Danimarka ərazisindən keçən Norveç kralının varisi Fortinbinansın gəlişi ilə elə bir məqam yaradır ki, sanki o, müstəqil dövləti işğalçıya verilir. Belə fikir yaranır ki, ədalətsiz yerli hakimiyyətdənsə, ədalətli gəlmə hakimiyyət yaxşıdır. 

  – Əsərdə ədalətli monarxiya tərənnüm edilir. Bu baxımdan "Hamlet”liyi necə dəstəkləmək və sevmək olar ki? Məncə, əsər bu baxımdan demokratik dəyərlərə ziddir.
  – İnsan amilinin hər hansı hakimiyyətdən öndə dayanması tarixin Şekspirdən sonrakı mərhələsində üzə çıxdı. Və hətta, humanizm az qala cərəyana çevrildi. Razıyam, bu kontekstdə "Hamlet” əsərinin ideyası köhnə görünür və düz deyirsən ki, demokratiyaya xidmət edən əsər deyil. Əlbəttə, "Hamlet” ədalətli monarxiyaya xidmət edən əsərdir, amma nə edəsən ki, Şekspir dövründə ideal cəmiyyətin modeli ədalətli monarxiya idi. Əbəs deyil ki, Hötenin "zəif iradəli”, İ.S.Turgenevin "iradəsiz intellektual” adlandırdıqları, dram nəzəriyyəçisi V.M.Volkenşteynin "zəifliyini anlayan, özündən narazı güclü” kimi dəyərləndirdiyi Hamlet təkbaşına mübarizəyə özündə güc tapır. Şekspirşünas alim Annikst ədibin əsərlərində Hamleti yeganə xarakter sayır.

  – Mən bir şair kimi əsərdəki poetik romantizmi də duyuram. Məsələn, Hamlet atası öləndən sonra anasının dərhal evlənməsi barədə Horatsioya deyir ki, qabaqda qalmış ehsan yeməyi, birbaşa verildi toy süfrəsinə. 
  – Bəli, yüz pyesindən yarısı faciə, yarısı komediya olan Şekspir əsərini nəzmlə yazmaqla romantik ruhu qorudu. Şəxsi faciəsi ilə susmuş vicdanları oyadan Hamlet anası Gertrudaya deyir ki, atamın tabutunun arxasınca gedəndə ayağına geydiyin ayaqqabılar dağılmamış, sən yenidən ərə getdin. Gör necə poetik obrazdır. 
Hamlet sonda ölümü ilə həqiqəti bərpa edir. Dövlətçiliyə şəxsi motivin üzərindən xətt çəkə bilən hamletlər gərəkdir. Dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün bu vacibdir. Dövlətin daimiliyi vacibdir. Yoxsa ki istənilən hakimiyyət tarixin fonunda müvəqqəti görsənir. Bax, bu mənada deyirəm ki, bizə hamletlər lazımdır.
 
 

  – Əsərdə heç kəs bağışlanmır. Hamletin anası, əmisi, Ofeliyanın atası və hətta özü – o mənadakı zəif iradəli idi Ofeliya – hər kəs öz elədiklərinin qurbanına çevrilir. Məncə, bu, həmin dövrdə dinin ədəbiyyatda əksi və bir qədər sərt desək, diqtəsi idi. 
  – Hə, əlbəttə ki, dinin rolu vardı. Bu da həmin ərəfədə rüşeymləri cücərən protestantlıqla bağlı idi, yəni günahlar bağışlanmamalıdır. Xristianlıq intibaha qədər rəhmdillik üzərində qurulurdusa, intibah dövründən başlayaraq yeni düşüncələr meydana gəldi, bu məqam da daha çox onunla əlaqədardır.
  Bizim dinimizdə də var ki, "Zülmə göz yuman kafirdir”. Yəni, haqq-ədalətə münasibətdə loyallıq özünü doğrultmur, əksinə mübarizəni sıradan çıxarır. Ümumiyyətlə, böyük şər bağışlanmazdır – ədalət bundadır.

  – Əsərdə ən sevdiyim məqam, kralın tövbə edə bilməməsidir. Hər şeyi var, amma Allah dərgahına üz tutacaq siması yoxdur deyə, tövbə edə bilmir və çarəsiz qalır:
Tövbə etməlimi? Bir xeyri varmı?
Əgər biri tövbə edə bilmirsə,
Onda neyləməli? Ah, müdhiş əzab!
  – "Ürək açılanda beyin susur” məsələsi üzə çıxır da. Şekspirin əsərlərində hər personajın öz rolu, missiyası var. Missiya isə insanı dəyişir. "Hamlet”də ideya uğrunda mübarizənin açılışına, mexanizminə qoşulmayan personaj yoxdur. Əgər əmisi Klavdiy tövbə edə bilsəydi, onda Hamlet elementlərinin işartıları görünə bilərdi. Bu isə dramaturji strukturda yol verilməzdir.
  Şekspir mənafeləri toqquşdurur. Ən barışmaz ziddiyyət mənafelərin toqquşmasıdır. "Romeya və Cülyetta”da təklif olunan vəziyyət belədir: sanki bu dünya iki düşmən cəbhəyə parçalanıb. Bu da qədim yunan dramaturgiyasından gəlmə elementdir. Qədim yunan dramaturgiyasında, səhnədə gözönü hadisələri gedişatında vacib rol oynayan xor xalqın təcəssümü idi. Əsl faciədə isə xalq məhv olurdu. "Hamlet”də də məhvə məhkum olan xalqın xilasından doğan toqquşma əsəri bəşəriləşdirir.

  – Atasının qatili olub-olmaması ilə bağlı əmisi üçün qurduğu tamaşa çox uğurludur. Bununla həmin tamaşaya baxan əmisinin reaksiyasını öyrənir. Eyni zamanda, tez ərə gedən anasına da öz iradını bildirir ki, yalnız birinci ərini öldürənlər ikinci dəfə ərə gedər. Çünki o dövrün İngiltərəsində ikinci dəfə ərə getmək heç də normal hal hesab olunmurdu.
  – Bu da bir metod idi. Pyesin dramaturji zirvəsində tamaşaya reaksiya hesabına qatili müəyyənləşdirəcək sərgərdan teatr truppasına Hamletin dilindən söylənən Şekspir mətni, müasir aktyorlara, rejissorlara belə bu sənətin peşəkar üslubunu, təbii, tərəddüdsüz oyun tərzini aşılamaqla, qışqırmamağı, ehtirası cilovlamağı, enerjini qorumağı, nadan yox, ağıllı tamaşaçıya yönələn ifanı, mizanı tövsiyə edir, öyrədir.

  – Bəs, Hamletin atasının kölgə kimi gəlməsi məsələsinə necə baxırsınız. Elə bil, Şekspir göstərir ki, əsl həqiqət öz donunda deyil, itkin bir simadadır. 
  – Əslində, o kölgə həqiqət carçısının simvoludur. Yəni insan öləridir, ruh əbədi. Ona görə də həqiqətin bərpasının yolunu ruh – kölgə, yəni əbədi olan göstərir. Faciədə yalan və gerçək kimi iki həqiqət üz-üzə qoyulur, amma sonra biz anlayırıq ki, onlardan biri həqiqət deyilmiş. 

  – Bununla əslində, Hamletdə ruha inam da yaranır. Çünki Horatsio ona ölüm təhlükəsindən danışanda Hamlet deyir ki: 
 
Nədən qorxuram?
Bir saman çöpünə dəyməz həyatım.
Ruhumsa ölməzdir, onun özü tək
O mənim ruhuma neyləyə bilər?
 
  Söhbətləşdi: Fərid Hüseyn