Biz imzaları yox, əsərləri dərc edirik...

Hamıya qulaq asıram, ancaq öz bildiyimi edirəm - Şamxal Həsənlinin müsahibəsi
2242
22 Sentyabr 2020, 10:05
 Artkaspi.az saytı Şamxal Həsənovun müsahibəsini təqdim edir: 
 
 Şamxal Həsənov Cəlilabadda doğulub. Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində Fransanın l’Universite de Bordeaux və l’Universite Toulouse Capitol univerisitetlərində fransız dilində magistratura təhsili alıb. İngilis, fransız və türk dillərində sərbəst mütaliə edən müəllifin ilk romanı Fransada fəaliyyət göstərən "Editoins Kapaz” nəşriyyatında da çap olunub. Son günlər Şamxal Həsənovun "Səs və ya Qırmızı” romanını oxuyurdum. Dörd yüz səhifəlik roman haqqında fikirlər birmənalı deyildi. Bir kəsim həddən artıq tərifləyir, onu Azərbaycan ədəbiyyatının dünyaya açılan pəncərəsi hesab edirdilər. Digər kəsim isə romanın dili haqqında mənfi fikirlərlə silahlanmışdılar: "Romanın dili qəlizdir”, "Onun Azərbaycan ədəbiyyatından xəbəri yoxdur” və s. Məsələni polemikalaşdırmayacağam. Ortada Azərbaycan ədəbiyyatının xeyrinə bir həqiqət var. Sözügedən roman yaxın günlərdə Fransada da çap olunacaq. 


 - Mən müəlliflərin beyninə girməyi, romanda gerçək həyat detallarından qopub gələn və xəyal məhsulu olan səhnələri, obrazları xırdalamağı, saf-çürük eləməyi sevirəm. Bunu bir oyuna çevirməyi, yazıçının da bunu bir oyun kimi görüb oxucunu aldatmağı ədəbiyyatın əyləncəli tərəflərindən biridir. Ramiz ədəbiyyatımızdakı digər ata obrazlarına bənzəmir...
 – Yəqin, düşünürsən ki, Ramiz mənim atamın prototipidir. Yanılırsan (gülür). Ramizin heç bir prototipi yoxdur. Hər obrazı müəllifin şəxsi həyatında və ya onun çevrəsində axtarmaq düzgün deyil. Nə də romanlarda təkcə öz həyatından, özündən yazmaq. Sənətin öz reallığı var. Amma yenə də deyim ki, Ramizin yatdığı klinika, yəni romanı yazdığım əvvəlki ofisim buralara yaxındır. Romanla həyat arasında belə pəncərələrin açılmağı məni də sevindirən şeylərdir. Üstəlik, özüm də atayam!


 – Ata olduğunu bilmirdim.
 – Hə, roman yeni qayğıların içində və bu qayğılara rəğmən yazılıb. Gəzdiyimiz küçələr, əslində yazı prosesində tək dolaşdığım, zehnimdə düyün düşən səhnələri, cümlələri çözməyə çalışdığım məkanlardır. Yasamalın qaranlıq məhəllələrində məni qorxusuz gəzdirən şey romanı yaxşıca işləmək arzusu olub. Məsələn, axşamlar işdən qayıdıb, yorğun bədənimi masaya çəkirdim. Yeməkdən sonra vücudum daha da ağırlaşırdı. On-on beş dəqiqə evdə Səmədlə oynayıb, tez-tələsik ofisə çıxırdım. Asan deyildi! 

 – Səməd?
 - Oğlumun adıdır. Romanın ilk epiqrafının müəllifi odur. Fevralda üç yaşı olacaq (gülür).

 - "Üzüm ikiqapılı ayna imiş”?
 – Bəli!

 – Ofis buralara yaxın idi, hə?
– Hə. Dayımın, təxmin edirəm, 2007-ci ildə tikdirdiyi hündürmərtəbəli binada idi. Tikilinin altında əvvəllər özlərinin istifadə etdiyi geniş bir ofis vardı. Çoxdan istifadə olunmurdu. Sağ olsun, açarlarını verdi. Dedi, necə istəyirsən, elə də istifadə et. Mənim bəxtimdən, bir il sonra on iki ildir icarəyə verilməyən ofisə müştəri çıxdı. Bir il ərzində romanın ciddi hissəsini orda yazdım. İndi həmin yer uşaq bağçasıdır və Səməd bir neçə aydan sonra təhsil həyatına o bağçada başlayacaq...


 – Romanı oxuduqca Prustvari detalları görməmək mümkün deyildi. Məsələn, "İtirilmiş zamanın sorağında” bu cümlə ilə başlayır: "Uzun zaman gecələri erkən yatdım”. "Səs və ya Qırmızı” romanı da oxucunu, təxminən, bu ruha yaxın bir cümlə ilə salamlayır: "Uzun müddət həftə sonları doyunca yata bilmədim”...
 – Fransada fransız dilində hüquq oxumaq olduqca çətindir. İlk vaxtlar mühazirələrdə müəllimlərin sözlərinin əksəriyyətini başa düşsəm də, birləşdirib bir cümlədə anlamağa gecikirdim, hələ çox çalışmalı idim. Buna görə də, həftəiçi hər gün, hardasa on saat kitabxanada oturur, fransızcamı təkmilləşdirmək üçün çalışırdım. Əlbəttə, o günlərin zəhməti sonradan məndə xarakterə çevrildi. Çətin işlərin altından çıxacağıma məni inandırdı. Bunlardan biri də Prustu oxumaq idi. Prustu oxumağa ilk dəfə Fransada başladım. Hələ də vaxtaşırı olaraq zövqlə oxuyuram. Ancaq romanı yazarkən yalnız özüm olmaq idi niyyətim. Oxumaq istədiyim bir kitabı yazırdım və bu, məni istənilən məsuliyyətdən xilas edirdi. Yazıçının bu azadlığa ehtiyacı var. Əlbəttə, Prustun uzun, səbirlə və incəliklə işlənmiş cümlələrinin təsiri olurdu. Sevdiyim digər yazarlar kimi! Məsələn, Samuel Bekkettin yeri, mənə təsir edən yazıçılar arasında xüsusidir. Qısa və sadə cümlələri ilə bu qədər dərin anlayışlar və hisslər yaratması, məni heyrətləndirib və narahat edib.


 – Romanda hər hissənin öz epiqrafı var. Epiqraf gətirdiklərindən çoxu xarici yazıçılardır... Bəs Azərbaycan ədəbiyyatında özünə estetik mənada yaxın hiss etdiyin hansı müəlliflərin adını çəkə bilərsən? Mənə görə sənin romanın modernist texnikaları ilə Saday Budaqlı yaradıcılığını bir daha aktual etdi!
 – Təəssüf ki, milli ədəbiyyatdan mütaliəm geniş deyil. Özümə yaxın bildiyim yerli müəllif də yoxdur. Roman çap olunandan sonra yeni insanlar tanıdım. Çoxu da ədəbiyyat adamları idi. Mənə milli və xarici müəlliflər arasından ədəbi əcdadlarım haqqında suallar verirdilər. Həm onlara, həm də oxuculara demək istəyirəm ki, bu fikri qəbul etmirəm. "Ədəbi əcdad” bir az sərt ifadədir. Mənimsə, sadəcə dostlarım var. Onları oxuyuram, həzm edirəm və zamanla hafizəmdə gizlənən detalları, mətndə özüm də bilmədən qarşıma çıxır. Saday Budaqlının əsərlərini isə mütləq oxuyacağam. Oxuyanlar bilər, romanın birinci hissəsində balıq, qatıq, xlor satanların səslərinə oyanan əsas obrazlardan biri İdrisdir. Məhz o pəncərədən eşidir səsləri (barmağını üçüncü mərtəbəyə tuşlayır). Həmin mənzilə 2006-cı ilin yayında köçmüşdük. Zaman keçdi, mən Fransaya getdim, sonra qayıtdım, başqa evə köçdük, romana başladım. Amma səyyar satıcıların səsini unutmadım.


 – Məkanları gəzdikcə, əslində, romanın içində dolaşdığımızı hiss edirəm. Düzdür, romanda bu söylədiklərin dekor və vasitə kimi iştirak edir. Yəni səslər, məkanlar, xatirələr, sadəcə obrazların daxili dünyalarını açmaq, bu dünyanı bənzərsiz formada göstərmək niyyətindədirlər. Ətrafdakı hər şey bu obrazların daxilində ulduz kimi axır... Mən hiss edirəm ki, sən dilin bədiiliyindən çox, hisslərin və anlayışların dərinliyində üzürsən. Yüksək bədii göstəricilərlə haşiyələnmiş dil bu anlayışları özündə daşıya bilərdimi? Müzakirəlidir. Bəlkə də, buna görə romanı bütöv oxuyanlar onu sevir, ancaq romandan hissələr oxuyanlara "dili zəifdir, demək, pis yazıçıdır” təsəvvürü hakimdir.
 – Romanın dilinə güvənirəm. Əsas tənqidi fikir romanın dil qatı ilə bağlı idi. Şərif Ağayar roman haqqında yazdığı essedə də bunu "uşaq ayaqqabısında ilişib qalan və daim ona narahatlıq verən daşa”  bənzətmişdi. Şərif Ağayar kitabın redaktordur. Ümumiyyətlə, redaktə prosesi ağrılı keçdi. Əsas müzakirələrimizdən biri xarici dillərdə oxuduğum kitabların mənə hər addımbaşı təlqin etdiyi anlayışları Azərbaycan dilinə uyğunlaşdırmaqdakı çətinliyim idi. Üstəlik, mənə elə gəlir, bu günün dili daha səmimi, daha zövqlü bir dil olmalıdır. Bəzən olduqca yersiz, yaxud bayağı görünən axar-baxarlı, lirik ifadələrlə yazan müəlliflər modern cəmiyyətdə çoxdan öz aktuallığını itiriblər. Mətn modern göstəricilərə cavab verməlidir, çünki mətnin təqdim olunduğu cəmiyyət modern bir cəmiyyətdir. İkinci bir tərəfdən, mən inanmıram ki, adlarını çəkdiyimiz müəlliflər bizim bədii dili göstərici kimi qəbul edən müəlliflərin etdikləri ilə müqayisəyə gələ. Ədəbiyyat da dil ilə "başlayır”. Prustun insanı sərxoş edən bədiiliyi, uzunçuluğu ilə yanaşı, yüksək zəkası və incə zövqü var. Yaxud nisbətən sadə cümlələrlə böyük enerji ötürən, dərin anlayışlar arasında üzməyi öyrədən başqaları. Buna görə dil ilə bağlı tənqidləri, təxminən, "hamıya qulaq asıram, ancaq öz bildiyimi edirəm” yanaşması ilə qəbul edirəm. Çünki indi dünyada hansı ədəbi proseslərin getdiyindən xəbərdaram. Mən "yuxusu ərşə çəkildi” ifadəsini heç vaxt romanımda istifadə etmərəm. Belə ifadələr, nədənsə, mətndən itələyir məni. Kim bəyənirsə, ürəyinə yatırsa, istifadə etsin. Təsəvvür elə, tərcüməçilər belə ifadələri çevirərkən necə əziyyət çəkirlər. Ədəbiyyat büsbütün zövq məsələsidir. Sadəcə qərəzli münasibətlərə dözümüm yoxdur. Oxuculara romanı bütöv oxumağı məsləhət görürəm. Hərdən fikirləşirəm ki, görəsən, bu romanı həmin axar-baxarlı dildə yazmaq olardımı?


 – Məncə, olardı. Dilin qaldıra bilməyəcəyi yük yoxdur. 
 – Bəlkə də, hə! Ancaq mənim sevmədiyim, qara siyahıma saldığım sözlər, ifadələr, deyimlər var ki, onları hamı rahat istifadə edir. Mən isə hansınısa istifadə etməmək üçün, bəzən onun istiliyini verməyən, məsələn, daha "soyuq” bir söz tapıram.  Mənim ədəbi dilim bir tərəfdən Azərbaycan dilində az oxumağım, ədəbi enerjimi daha çox xarici müəlliflərdən almağım ilə məhdudlaşırsa, bir tərəfdən də qara siyahımda olan ifadələrin çoxluğu ilə məhdudlaşır. Buna görə də, yeganə bir yol qalırdı: romanın yükünü qaldıra biləcək öz modern dilimi yaratmaq.


 – Romanın Orxan Pamukun düsturu ilə desək, saf və düşüncəli tərəfləri var. Xüsusən, Ramizin nostalji hissi ilə xatırladığı Z obrazı. Gəzdikləri küçələr, məşhur məkanlar. Bu hissələrdə gülümsəyən emosionallıq, romanın skeletində şirəli meyvələr kimi görünür. Romanın strukturu, üslubu, süjeti sənin üçün əvvəldən təyin olunmuşdu, yoxsa yazı prosesində yarandı? 
 – Sonuncu hissəni 2018-ci ilin sonlarına yaxın bitirmişdim. Əvvəl hər üç personajı bərabər yazmaq istəyirdim, sonra bunun çətinliyini duydum. Çünki bir tərəfdən İdrislə Səmanın bir-birinə qarşı hekayəsi, digər tərəfdən Ramiz, onun xəstəliyi, keçmişi, indisi, ailə həyatı, evlənməzdən öncə və evləndikdən sonra Z ilə münasibəti. Hamısını eyni anda düşünmək və şüur axını və daxili monoloq fəndlərilə yazmaq məni yorurdu. Odur ki, bir yerdən sonra ancaq Ramiz xəttini davam etdirdim və 2018-ci ilin axırlarına yaxın romanın son hissəsini bitirdim. Ramiz xətti bitəndən sonra Səma və İdris xəttini davam etdirdim. Əlbəttə, hər dəfə Ramizi xatırlayırdım, ona qayıdırdım, dəfələrlə düzəliş edirdim. Balansı qorumaq şərtilə! Romanın üzərində çox işləmişəm. Hətta deyim ki, əksər fəsillərin, cümlələrin iyirmiyə yaxın variantı var. 


 – Roman yazılarkən stolüstü kitabların hansılar idi?
 – Madam, hər şeyi "öyrənmək” istəyirsən, mən də ümumi cavablarla davam edim: Dəyişirdi. Nabokov, Hesse, Mann romanları da olurdu, başqaları da. Beckettin trilogiyası kimi, məni  xüsusən diri saxlayan əsərlər vardı.


 – 400 səhifəlik bir roman yazıbsan. 2 il yarımlıq bir zamanın bir kitaba həsr olunub. Yorulduğun, bezdiyin vaxtlar, əmiməm ki, çoxdur. Belə vaxtlarda özündə nə ilə motivasiya tapırdın?
 – Əlbəttə, belə anları yaşamışam. Birincisi, onu deyim ki, yazmaq mənim üçün əsas iş deyildi. Əsas işim məni zehni cəhətdən yorurdu. Bəzən günlərlə romana qayıda bilmirdim. Ancaq zamanla orta bir yol tapdım. Motivasiyam isə həmişə olub. Necə deyim, motivasiyamı elə bu maneələr və özümə inamım saxlayırdı. Bilirdim ki, gün ərzində enerjimin 70 faizini işdə qoyub gəldiyim üçün, o ofisə getməli və yazmalıyam. Başqa seçimim yox idi. Bu həyata məhkum olmuşdum. Nə qədər yorğun oluramsa-olum, yollar məni o ofisə aparırdı. Yazdığım romana güvənirdim. İndi uşaq bağçasının bir hissəsi olan keçmiş ofisimin divarları fotolarla dolu idi. Baxıb nələrisə xatırlayaram deyə, Avropada gəzdiyim şəhərlərin və muzeylərin xəritələrini də asmışdım. Kitablarım da yanımda idi. İkinci bir həyat kimi idi. Bəzən o ofisin də mənə motivasiya verdiyini düşünürəm.


 – İndi də bir roman üzərində işləyirsən. "Səs və ya Qırmızı” çap olunandan sonra müsbət və ya mənfi reaksiyalar gəldi. Bu reaksiyaların yeni roman yazmağına təsir etdiyini düşünürsən?
 – Təsirlər olur, ancaq mən yenə öz bildiyimi edirəm. Yəni oxumaq istədiyim romanı yazıram. Yəqin, dil məsələsində  daha diqqətli olmağa çalışaram. "Səs və ya Qırmızı”nın redaktə prosesi mənə çox şey öyrətdi. Şərif Ağayar tez-tez "filan-filan sözləri çox istifadə edirsən” deyirdi. Mətnə onun gözləri ilə baxanda artıq sözləri tuta bilirdim. Həm də, onu anladım ki, Azərbaycan dilində yazmaq məsuliyyətli işdir. Hər xəta insanın eqosuna toxunur, ancaq zaman keçir və əslində, belə şeylərlə öyrəndiyini, inkişaf etdiyini bilib sevinirsən. Həyatda olduğu kimi, ədəbiyyatda da bircə düstur var, axtarmaq, axtarmaq, daim axtarmaq.
 
 Söhbətləşdi: Orxan Həsəni