Biz imzaları yox, əsərləri dərc edirik...

Hamısı bu caniyə görədir – Lev Tolstoyun hekayəsi
1117
17 İyul 2018, 17:21
 Artkaspi.az Lev Tolstoyun "İlahi hökmün öz zamanı var" hekayəsini təqdim edir: 
 
 Gənc tacir Aksenov Vladimir şəhərində yaşayırdı. Bu tacirin iki dükanı və bir evi var idi. 
 Aksenov qumral, qıvrım saçlı, şən, yaraşıqlı, gözəl səsli adam idi. Əvvəllər çox içər, sərxoş olanda isə dava-dalaş salardı; ancaq evlənəndən sonra bəzi istisnalar olmaqla bu kimi xasiyyətlərindən əl çəkmişdi.
Bir yaz günü Aksenov "Nijnıy” yarmarkasına getmək üçün hazırlaşdı. Ailəsi ilə sağollaşarkən arvadı ona dedi: 
 

 
 – Nə olar, İvan Dimitrieviç, bu gün getmə, pis yuxu görmüşəm.
 Aksenov güldü: 
 – Yarmarkada içib keflənməyimdən qorxursan? 
 – Nə üçün qorxduğumu özüm də bilmirəm, amma pis yuxu görmüşəm. Gördüm ki, şəhərdən gəlmisən, papağını çıxaranda saçların ağappaq olmuşdu. 
 – Ağ saç zənginlikdir. Narahat olma, al-verim yaxşı olacaq, sənə də ürəyin istəyən hədiyyələr alıb gətirəcəyəm.
Aksenov ailəsi ilə sağollaşıb yola düşdü.
 Yolun yarısına çatanda tanış bir tacirə rast gəldi və gecəni birgə keçirmək üçün bir karvansarada dayandılar. Birlikdə çay içdilər; sonra yan-yana olan otaqlarına çəkilib yatdılar. Aksenov çox yatmağı sevməzdi; gecə yarı oyanıb həyətə çıxdı, "sərin havada yol getmək daha rahat olar”, düşüncəsi ilə arabaçını oyadıb atları qoşmağı tapşırdı. Sonra geri qayıdıb karvansara sahibi ilə hesablaşıb yola düşdü.  
 Təxminən qırx verst yol qət etdikdən sonra atları yemləmək üçün bir karvansarada dayandı, dincəldi, günortaya yaxın yemək sifariş verib karvansaranın yuxarı mərtəbəsinə qalxaraq gitarasını əlinə alıb çalmağa başladı. Birdən zınqrovlu bir arabanın karvansaraya yaxınlaşdığını gördü. Arabadan iki əsgərlə bir zabit düşərək Aksenova yaxınlaşıb: 
 – Kimsən? Haralısan? – deyə soruşdular.
 Aksenov kim olduğunu söyləyib onları çaya dəvət etdi. 
 Amma zabit:  
 – Dünən axşamı harda keçirmisiniz? Tək idiniz, yoxsa bir tacirlə bərabər idiniz? Səhər tezdən həmin taciri gördünüzmü? Karvansarada niyə bu qədər erkən çıxmısınız? – deyə suallar yağdırmağa başladı.
Aksenov sorğu-sual olunmasına təəccüb qalıb hər şeyi olduğu kimi danışdıqdan sonra soruşdu: 
 – Məni niyə bu qədər sorğu-sual edirsiniz, mən nə oğruyam, nə də quldur. Öz işimə gedirəm.
 Bu vaxt zabit: 
 – Mən rayonun qəza zabitiyəm. Dünən gecəni eyni karvansarada keçirdiyin tacirin boğazını kəsiblər. Göstər əşyalarını, – deyib üzünü əsgərlərə tutdu, – siz də üstünü axtarın, – dedi.
Otağına girib çantasını, torbasını götürüb axtarmağa başladılar. Birdən qəza zabiti torbadan balaca, qanlı bir bıçaq çıxardı. 
 – Bu bıçaq kimindir?
 Aksenov torbasından çıxmış qanlı bıçağı görəndə qorxdu: 
 – Mən bilmirəm... mən... bıçağı... mənim deyil...
 Zabit dedi: 
 – Səhər tezdən tacir yatağında öldürülmüş halda tapılıb. Tək şübhəli sənsən. Karvansarada içəridən bağlı imiş, orada da səndən başqa heç kim olmayıb. Qanlı bıçaq da sənin torbandan çıxdı. Üzünün ifadəsindən də hər şey aydın olur. İndi de görüm taciri necə öldürdün, nə qədər pulunu aldın? 
 Aksenov taciri öldürmədiyinə and içirdi – bir yerdə çay içdikdən sonra taciri görmədiyini, üstündəki 8 000 rublun isə öz pulu olduğunu deyirdi. Bıçaq da onun deyildi. Amma bütün bunları deyərkən səsi qırılır, bənizi boğulur, günahkar adamlar kimi qorxudan bədəni tir-tir titrəyirdi.
 Zabit əsgərləri çağırıb onun əllərini bağlayaraq arabaya mindirmələrini əmr etdi. Aksenov əlləri-ayaqları bağlanıb arabaya mindirilənə qədər xaç çevirdi, ağladı. Əşyalarını, pullarını toplayıb onu yaxınlıqdakı həbsxanaya apardılar. Onun barədə ətraflı məlumat əldə etmək üçün də bir nəfəri Vladimir şəhərinə göndərdilər. Bütün tacirlər, şəhər camaatı Aksenovun yeniyetmə ikən içkiyə, əyləncəyə aludə olduğunu söyləsələr də yaxşı bir insan olduğuna şahidlik etdilər.
 Bununla yanaşı Aksenov üçün qurulmuş məhkəmədə taciri öldürüb onun 20 000 rublunu almaqda günahlandırıb məhkum etdilər.
 Arvadı əzab çəkir, nə edəcəyini bilmirdi. Sonuncusu beşikdə olmaqla uşaqlarının hamısı balaca idi. Qadın hər şeyini toplayıb bir gün ərinin yatdığı həbsxanaya getdi. Əvvəlcə içəri buraxmadılar, çox yalvarıb-yaxardıqdan sonra onu ərinin yanına apardılar. Ərini oğrularla, quldurlarla bir yerdə, həbsxana geyimində, zəncirdə görən qadın özündən gedib yerə yıxıldı. Uzun müddət özünə gələ bilmədi. Sonra uşaqlarını ətrafına toplayıb əri ilə yan-yana oturub ev-eşikdən danışmağa, onun başına gələnləri diqqətlə dinləməyə başladı. Qadın nə etmək lazım olduğunu soruşduqda əri dedi: 
 – Çara hər şeyi xəbər verib yalvarmaq lazımdır. Günahsız bir adamı həbsə saldıqlarını çar mütləq bilməlidir.
 Qadın bağışlanması üçün çara ərizə yazdığını, amma cavab gəlmədiyini ona bildirdi. Aksenov çarəsiz halda başını aşağı əydi. Bu zaman arvadı: 
 – Sənə pis yuxu gördüyümü demişdim. Gərək yola çıxmayaydın. Bax, yuxumda gördüyüm kimi saçların ağ-appaq olub, – deyib saçlarını sığallayaraq soruşdu: 
 – Vanya, əzizim, mənə düzünü de, bu işi sən etmədin, elə deyil? 
 Aksenov: 
 – Demək sən də mənim belə bir iş görəcəyimi düşündün! – deyib əlləri ilə üzünü qapayıb ağladı. 
 Sonra bir əsgər gəlib qadına görüş vaxtının bitməsini bildirdi. Aksenov ailəsi ilə son dəfə vidalaşdı.
 Arvadı getdikdən sonra Aksenov danışdıqlarını fikrindən keçirməyə başladı. Arvadının da belə düşündüyünü xatırlayanda öz-özünə –  "görünür ki, Allahdan başqa heç kim həqiqəti bilmir. Doğrunun üzə çıxması üçün yalnız ona yalvarmaq, ondan kömək gözləmək lazımdır” – dedi. O gündən sonra ərizə yazmaqdan  əl çəkib təkcə Allaha yalvarmağa başladı.
 Aksenovu qırmanclayıb, sonra da Sibirdə kürək çəkməyə məhkum etdilər. 
 Əvvəlcə qırmanclandılar, yaraları sağalar-sağalmaz başqa məhkumlarla birlikdə Sibirə göndərdilər.
Aksenov Sibirdə 26 il sürgün həyatı yaşadı. Saçları qar kimi ağappaq oldu, saqqalı uzanıb sallandı.
Şən təbiətindən əsər-əlamət qalmadı. Beli bükülmüş, az danışan, lal-dinməz dolaşan, heç gülməyən Aksenov gecə-gündüz Allaha yalvarırdı.
 Həbsxanada ayaqqabı tikməyi öyrəndi; qazandığı pullarla bir müqəddəs təqvim aldı, içəriyə işıq düşəndə mütaliə edir, tətil günlərində həbsxananın kilsəsinə gedib dini ayinlər oxuyur, kilsə xorunda iştirak edirdi. Səsi hələ də məlahətini itirməmişdi. Həbsxana idarəsində, sakit adam olduğu üçün Aksenovu çox istəyir, məhbus yoldaşları ona hörmətlə yanaşır, "ağsaqqal”, "Allah adamı” deyir, idarə ilə işləri olanda Aksenovu xahişə göndərir, yoldaşları dalaşanda haqlı ilə haqsızı ayırmaq üçün ona müraciət edirdilər. 
 Evindən məktub almır, arvadı ilə uşaqlarının sağ olub-olmadıqlarını  isə bilmirdi.
 Bir gün sürgünə yeni məhbuslar gətirdilər. Axşamüstü köhnə məhbuslar yeni gələnlərin ətrafına toplaşıb hansı şəhərdən, hansı kənddən gəldiklərini, kimə nə qədər cəza verildiyini soruşmağa başladılar. Aksenov başını aşağı salaraq danışılanlara qulaq asırdı. 
 Məhbuslardan biri hündür boylu, sağlam, altmış yaşlarında təmiz ağ saqqallı bir qoca idi. Başına gələnləri danışmağa başladı: 
 – Mən buraya heç nədən düşdüm. Arabaya bağlanmış bir atı açmışdım. "Heyvanı oğurlamısan” – deyib tutdular. Mən gedəcəyim yerə daha tez çatmaq üçün atın birini açdığımı desəm də inanmadılar. Əvvəllər o qədər belə işim olub ki, amma ələ keçirə bilmirdilər. İndi heç nədən tutdular.
Məhbuslardan biri soruşdu:
 
 
 
 – Sən haralısan? 
 – Vladimir şəhərindən. Yerli adamam. Ticarətlə məşğul olurduq. Adım Makar, atamın adı Semeneviçdir.
  Aksenov başını qaldırıb soruşdu: 
 – Semeneviç, Vladimir şəhərində tacir Aksenovlardan nəsə eşitmisənmi? 
 – Əlbəttə eşitmişəm. Varlı tacirləri. Ancaq heyf ki ataları Sibirdədir. Yəqin o da bizim kimi günahkarlardandı. Bəs sən, ağsaqqal, sən bura necə düşmüsən?
 Aksenov qara taleyindən danışmağı xoşlamazdı; içini çəkib dedi: 
 – Cinayətimə görə iyirmi altı ildir ki, kürək cəzası çəkirəm.
 Aksenov taciri öldürənin bu adam olduğunu anlamışdı. Qalxıb oradan uzaqlaşdı. Ürəyi sıxılırdı. Gözləri qarşısına nələr gəlmirdi?! Arvadının onu yarmarkaya yola saldığı vaxtı xatırladı. Sonra uşaqları o vaxtkı halları ilə gözlərinin qarşısında canlandı – hamısı bir-birindən körpə. Özünü də o vaxtki halı ilə görürdü – gənc, yaraşıqlı, şən. Tutulduğu karvansaranın çardağında necə oturduğunu, necə gitara çaldığını, o vaxt necə xoşbəxt olduğunu xatırlayırdı. Cəzalandırıldığı meydanı, cəlladı, ətrafa toplanan camaatı, zəncirləri, məhbusları – bir sözlə bütün iyirmi altı illik məhbus həyatını xatırladı. Aksenovun ürəyini elə bir sıxıntı bürüdü ki, hətta fikrindən intihar etmək keçdi. "Hamısı bu caniyə görədir”, deyə düşündü.
 Makar Semenova qarşı  elə bir kin bəsləyirdi ki, içində öz  bədbəxtliyim bahasına da olsa ondan intiqam almaq hissi baş qaldırdı. Bütün gecə dualar oxudu, amma özünü sakitləşdirə bilmədi. Makar Semenovun yanına getmir, görəndə də üzünə baxmırdı.   
 Beləcə iki həftə keçdi. Gecələr yata bilmir, nə edəcəyini, hara gedəcəyini bilmirdi. Bir gecə yuxusuzluqdan həbsxanada gəzişməyə başladı. Bir çarpayının altından papaq atıldığını gördü. Dayanıb baxdı. Birdən çarpayının altından Makar Semenov çıxdı, qorxu ilə Aksenova baxdı. Aksenov özünü görməməzliyə vurub getmək istədi. Amma Makar əlindən yapışdı. Çarpayısının altından torpağı necə qazdığını, qazdığı torpağı hər gün uzunboğaz çəkmələrinin içinə doldurub  yola səpdiyini danışdı.
 – Qoca,  dilini dinc saxla. Xəbər versən səni öldürərəm. 
 Aksenov həyatını puç edən adama nifrətlə baxdı: 
 – Sən məni çoxdan öldürmüsən. Xəbər verərəm, vermərəm, bilmirəm. Bu Allahın iradəsindən asılıdır. Allah necə istəsə elə də olacaq. 
 Səhəri gün məhbuslar işə gedəndə əsgərlər Makar Semenovun yerə torpaq səpdiyini gördülər; həbsxanada yoxlama aparıb qazılan deşiyi tapdılar. Rəis həbsxanaya gəlib sorğu-sual etdi. Bilənlər Semenovu ələ vermirdilər. Belə olduqda müdir Aksenova tərəf dönüb soruşdu: 
 – Aksenov, sən düz adamsan. Allah eşqinə, de görüm bu işi kim edib?
 Aksenov tərəfə gözünün ucu ilə də baxmayan Makar Semenov heç bir şeydən xəbəri yoxmuş kimi dayanıb müdirə baxırdı. Aksenovun əlləri, dodaqları titrəyirdi, uzun müddət ağzını açıb bir söz deyə bilmədi. İçi içini yeyirdi – "Bəlkə onu ələ verim? Məni məhv etdi, onu niyə bağışlamalıyam ki? Mənə zülm çəkdirdiyi üçün qoy o da çəksin. Ancaq desəm onu döyəcəklər. Nə üçün onu düşünürəm? Yaxşı bəs onu ələ versəm ürəyim sakit olacaqmı?”
 Müdir bir də soruşdu:
 – E... qoca, de görüm buranı kim qazıb?
 Aksenov Makar Semenova baxıb dedi: 
 – Deyə bilmərəm, hörmətli rəis, – dedi. – Allah deməyimi istəmir. Mən də deməyəcəyəm. Mənə istədiyinizi edə bilərsiniz, ixtiyar sahibisiniz. 
 Rəis ondan söz almaq üçün çox əlləşdi, amma Aksenov ağzını açıb bir kəlmə demədi. Beləcə deşiyi kimin qazdığını öyrənə bilmədilər.
 Səhəri gün Aksenov təzəcə yuxuya getmişdi ki, kiminsə çarpayının ayaq tərəfində oturduğunu hiss etdi. Qaranlıq olsa da Makarı tanıdı. Aksenov: 
 – Daha məndən nə istəyirsən? Burda nə işin var? – deyə soruşdu.
 Makar Semenov susurdu. Aksenov dikəldi: 
 – Nə istəyirsən?! Çıx get, yoxsa əsgərləri çağıracağam. 
 Makar Semenov Aksenovun üstünə əyilib pıçıltı ilə dedi: 
 – İvan Dimitriç, məni bağışla.
 Aksenov soruşdu: 
 – Nə üçün üzr istəyirsən? 
 – Taciri mən öldürmüşdüm. Bıçağı da torbana mən qoymuşdum. Səni də öldürmək istəyirdim, amma həyətdən səs gəldi, bıçağı torbana atıb pəncərədən tullanıb qaçdım. 
 Aksenov nə deyəcəyini bilmir, susurdu. Makar Semenov çarpayıdan qalxıb yerə əyildi. 
 – İvan Dimitriç, məni bağışla, Allah eşqinə bağışla! Taciri öldürdüyümü boynuma alacağam. Səni buraxacaqlar, evinə qayıdacaqsan. 
 Aksenov:
 – Demək asandır. Mən bundan sonra hara gedərəm? Arvadım ölüb, yəqin uşaqlarım da məni çoxdan unudublar. Getməyə yerim yoxdur.
 Makar Semenov yerdən qalxmır, başını yerə döyürdü: 
 

 
 – İvan Dimitriç, bağışla məni. Sənin gözlərinə baxmaq mənə çəkilən qırmanclardan ağırdır... Mənim sənə etdiyim pisliyin qarşısında sən məni satmadın. Allah eşqinə, məni bağışla, peşman olmuş canımı bağışla! – deyib pıçqırıqlarla ağlamağa başladı. 
 – Səni Allah bağışlasın!
 Birdən-birə ürəyi açıldı. Evi, uşaqları üçün narahatlığına son qoyuldu, hiss etdi ki, həbsxanadan heç yerə getmək istəmir, son saatını düşünür. 
 Makar Semenov Aksenova qulaq asmadı, idarəyə gedib Vladimir şəhərindəki qətldə özünün günahkar olduğunu boynuna aldı.
 Evinə qayıtmaq icazəsi çıxdığı zaman Aksenov ölmüşdü...