Biz imzaları yox, əsərləri dərc edirik...

Hamımız Vətən olduq, mən yox, biz olduq, bir olduq – SORĞU
1068
23 Noyabr 2020, 11:26
 Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi noyabrın 10-da böyük tarixi qələbə ilə bitdi. Bu şanlı qələbəmizlə bağlı tanınmış ədəbiyyat nümayəndələri fikirlərini, təəssüratlarını bizimlə bölüşdülər.
 
 "Qələbənin sevincini dönə-dönə yaşayıram”
 
 "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə deyir ki, Azərbaycan qoşunlarının, igid balaların erməni qoşunlarının üzərindəki qələbəsinin pik nöqtəsi, mənim üçün, əlbəttə ki, Şuşanın alınması idi: "Şuşa mənim doğulduğum, dünyaya gəldiyim, havasını udduğum, suyunu içdiyim, ayaq açıb yeridiyim torpaqdır. Şuşa alınanda, əmin oldum ki, biz tam qələbəyə nail ola biləcəyik. Biz öz torpaqlarımıza tezliklə qayıda biləcəyik. Bu hiss, bu duyğu böyük bir duyğudur. Bunu mənə – adi azərbaycanlıya  yaşatdığı  üçün ilk növbədə Azərbaycan əsgərlərinə, igid oğullara təşəkkür edirəm. Şuşa uğrunda mübarizədə həlak olanlara Allahda rəhmət diləyirəm. Mən onların ruhu qarşısında baş əyirəm. Onlar böyük bir qəhrəmanlıq, böyük bir şücaət göstəriblər. Mən qələbənin sevincini dönə-dönə yaşayıram – hər saat, hər dəqiqə təkrarən yaşayıram. Və mən belə hesab edirəm ki, qələbənin  daimi olması üçün biz daim ayıq-sayıq olmalıyıq. Biz heç vaxt arxayınlaşmamalıyıq. Çünki düşmən daim bizim sərhədimizdədir. Bu günlərdə ermənilərin Xankəndinə köçürülməsi bizi daha da ayıq-sayıq olmağa çağırır. Biz çox rəzil, çox alçaq düşmənlə qonşuyuq. Xalq arasında yüksək qələbə sevincini görəndə sevinirik. Amma hər an bunu da düşünürəm ki, biz bundan sonra onların bir daha üstümüzə qalxmasına cürət etmələrinə imkan verməməliyik”. 
 
 

 "Bir çox insanlar bunun yuxu, nağıl olduğunu deyirlər”
 
 "525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bildirdi ki, Azərbaycan bu 44 günlük müharibədə böyük zəfər əldə etdi, tarixi qələbə qazandı: "İlk növbədə bu,  Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin böyük qətiyyəti sayəsində mümkün oldu. Azərbaycan ordusunun böyük əzmi sayəsində, Azərbaycan əsgərinin şücaəti sayəsində mümkün oldu. Bütün bu adını çəkdiklərimə böyük ehtiramla təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan  rəhmət, yaralılara şəfa diləyirəm. Müharibənin  ilk gülərindən başlayaraq, əvvəlcə sentyabrın 27-si, sonra oktyabrın 4-də Ali Baş Komandanın çıxışında Cəbrayılın almasını söyləməsi, eyni zamanda da "bu müqəddəs şəhərimizi murdarlayıblar" deyə düşmən tərəfə xitab etməsi, Azərbaycan ordusunun torpaqlarımızı azad edəcəyini, Şuşayacan gedib çıxacağını  deməsi insanlarda ruh yüksəkliyi yaradırdı. Və bu mənada cənab Prezidentin bütün çıxışları həyəcanla, göz yaşları ilə qarşılanırdı. Şuşanın  işğaldan azad olunmasını bütün xalqımız kimi mən də qürur, fəxarət duyğusu və əlbəttə ki, sevinc göz yaşları içində qarşıladım. Bir çox insanlar bunun yuxu, nağıl olduğunu deyirlər. Doğrudan da, qısa müddət ərzində Azərbaycan əsgərinin şücaəti, Ali Baş Komandanın qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu, böyük tarixi qələbədir. Bu qələbə hər bir azərbaycanlı üçün qürur hissidir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Doğrudan da, bizim o məğlubluq kompleksimiz aradan götürüldü. Özümüzə inamımız artdı, bizim məğrur, yenilməz xalq olduğumuzu bütün dünya da gördü, Azərbaycan həqiqətlərini də bir çoxları dərk etdilər. Cənab Prezidentin müsahibələri böyük bir informasiya blokadasını yardı, informasiya müharibəsində zəfəri çaldıq. Və elə bilirəm ki,  müharibənin ikinci hissəsi həm informasiya məsələsində, həm torpaqlarımızın quruculuq işlərinin aparılmasında biz yenə milli birliklə səfərbər olmalıyıq. Qələbəni sonacan aparmalıyıq.
 
 

 "Səsimizi eşitməyənlərə gücümüzü göstərdik”
 
 Bəstəkar-şair Xanım İsmayılqızı deyir ki, II Qarabağ müharibəsi və qələbəmiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq yeni, qürurlu bir tarixdir: "Müharibə başlayan gündən hər birimizin qəlbindən bir başqa insan doğdu sanki və hamımız Vətən olduq, mən yox, biz olduq, bir olduq. Azərbaycan özünü, gücünü, nəyə qadir olduğunu dünyaya yenidən sübut etdi. Müzəffər Ali Baş Komandanımızın, rəşadətli ordumuzun, hər bir cəsur əsgərimizin və mərd oğullarımızın biz də arxa cəbhədə mənəvi dayağı olduq. El gücü, sel gücü - nahaq yerə deməyib atalarımız. Əlbət ki, döyüşən əsgərdir, qanından, canından keçən odur. Və bu xalq öz qəhrəmanlarını heç vaxt unutmayacaq və unuda bilməz. İşğaldan azadlığa çıxan torpaqlarımız, o torpaqlarda yaşayacaq insanlarımız, 30 ilin ayrılığından sonra vüsala qovuşan, qələbənin təntənəsini yaşayan biz və gələcək nəsillər Şəhidlərimizin ruhu qarşısında həmişə baş əyəcək. Biz ayağa qalxdıq, biz qürurlandıq. Səsimizi eşitməyənlərə gücümüzü göstərdik. Güc birlikdədir, güc inamdadır, güc qələbədədir – torpaqlarımızla birlikdə  gücümüz, inamımız da qələbə çaldı. Dövlət rəhbərimiz başda olmaqla bu qələbəni qazanan və qazandıranlar var olsun.
 
 

 "Biz bu qələbənin əhəmiyyətini hələ tam dərk etməmişik”
 
 Yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin fikrincə, bütün qələbələrin həm maddi, həm mənəvi, həm dünyəvi, həm də psixoloji  tərəfi var: "Mən hər şeydə idealistəm. Və şəxsən mənim üçün bu qələbənin sırf coğrafi tərəflərindən daha əhəmiyyətlisi bizim xalqın, bizim millətin şüurunda qalan məğlubiyyət sindromunun sındırılmağıdır. Biz deyirik ki, 90-cı illərdə ölkəmiz azadlığa çıxdı, müstəqilliyə çıxdı, amma mən belə düşünürəm ki, bəlkə də, xalqımız məhz indi azadlığa çıxdı, tam müstəqilliyinə qovuşdu. Çünki 90-cı illərdə biz müstəqilliyimizi qeyd edə bilmədik. Müstəqilliyimizin ardınca faciələr, Qarabağ, 20 Yanvar hadisələri və s. baş verdi. Bəlkə də, bizim əsl müstəqilliyimiz məhz elə indi başlayır. Azad düşüncə, azad təfəkkür, bir millət olaraq özünü dərk etmək, öz birliyini görmək, öz vəhdətini görmək, bu baxımdan biz bu qələbənin əhəmiyyətini hələ tam dərk etməmişik. Məhz mənəvi-psixoloji anlamda dərk etməmişik. Yəni bir millət olaraq, xalq olaraq, toplum olaraq bunun bizə nə verəcəyini, düşüncəmizdə hansı dəyişiklik edəcəyini biz hələ yavaş-yavaş, zamanla başa düşəcəyik. Amma bir fakt dəqiqdir ki, üç ay bundan qabaqkı xalqla bugünkü xalq artıq ayrı-ayrı məhfumlardır. Bu, artıq qalib bir xalqdır! Öz tarixini dəyişməyi bacaran bir xalqdır. Və ən böyük qələbə, məncə, elə budur!
 

 
 "Ələ keçirdiyimiz ilk yüksəkliyin adı Ruh yüksəkliyidir”
 
 "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs bildirdi ki, qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm: "Arzu edirəm ki, itkin düşmüş əsgərlərimiz də tapılıb ailələrinə qovuşsun. Millətimizin, xalqımızın gözü aydın olsun. Biz I Qarabağ müharibəsində döyüşləri uduzduq.  O, bir döyüş idi. O, əliyalın camaatın rus-erməni birləşmələrinə qarşı döyüşü idi. Və o döyüşdə əliyalın xalq başdan-ayağa silahlanmış mütəşəkkil orduya uduzmuşdu. Amma bir şeyi nəzərə almaq lazımdır ki, xalqı heç vaxt məğlub etmək olmur. Hətta əliyalın olsa da belə. Bu qələbənin əsası, təbii ki, 88-92-93-cü illərdə  Azərbaycan könüllülərinin, Azərbaycanın  hələ yaxşı təşkil olunmamış, pərakəndə ordusunun o vaxt göstərdiyi fərdi qəhrəmanlıq və şücaətlərin bünövrəsi əsasında qoyulub. Amma Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi arasında əsaslı fərq var. Qəhrəmanlıq o dövrdə də göstərilib, bu dövrdə də. Bunu inkar etmək olmaz. Amma fərq nədədir? Birinci Qarabağ savaşı məhz Qarabağ savaşı idi. Amma sentyabrın 27-dən noyabrın 10-na qədər olan savaş Vətən savaşı idi.  Nəhayət, başa düşüldü ki, biz Qarabağ uğrunda yox, biz Vətən uğrunda savaşırıq. Biz Qarabağ savaşını Vətən müharibəsinə çevirdik. Və  bu tarixi qələbənin də əsas prinsipi, nüvəsi məhz bu amilin üzərindədir. Bu, Qarabağ savaşı deyildi. Bu, artıq Vətən savaşı idi. Sentyabrın 27-si səhər saat 06:00-da hücuma keçən erməni ordusu öz qarşısında bütün Azərbaycanı gördü, on milyonluq ordu gördü. Və bu on milyonluq ordu elə ilk əks-hücumda dünyanın ən böyük yüksəkliyi olan ruh yüksəkliyini ələ keçirdi. Bizim ələ keçirdiyimiz ilk yüksəkliyin adı Ruh yüksəkliyidir. Və ruh yüksəkliyinə yüksələn, fəth edən ordunu dünyada heç bir ordu məğlub edə bilməz. İndi Ermənistanın rəhbəri etiraf edir ki,  müharibənin dördüncü günündə dayanmaq lazım idi. Artıq oktyabrın 1-də bu cinayətkar və təcavüzkar ölkənin hərbi rəhbəri siyasi rəhbərinə məlumat veribmiş ki, biz bu ordunun qarşısında dayana bilməyəcəyik. 
 Bizə təcavüz edən tərəf məhz  Ermənistan respublikasıdır, onun siyasi rəhbərliyidir və biz onu – özünə güvənən, özünü məğlubedilməz hiss edən ordunu çox qısa bir vaxtda məğlub etdik. Bunu da deyim ki, hazırda mitinqlərdə Rusiyaya qarşı çıxan ermənilər, əslində, Putinin əlini öpməlidirlər. Çünki məhz Rusiyanın  işə qarışmasından sonra Ermənistan daha minlərlə əsgər və zabitini  itirməkdən xilas oldu. Ermənistan, ümumiyyətlə, həmişə kiminsə havadarlığında, əlinin altında olan bir ölkədir, tuladır. Həmişə onu kimsə xilas edib. Bu dəfə də onlar, əslində xilas  oldular. Ona görə, onlar bu atəşkəsi bayram kimi, ölkənin xilası günü kim qəbul etməlidirlər. Guya döyüşmək istəyirlər, partizan döyüşü aparmaq niyyətləri var.  Həmin səfehlərə səslənmək istəyirəm, partizan müharibəsi o yerdə aparılır ki, yerli insanlar o partizanları silahla, azuqə ilə dətəkləyir, informasiya ilə təmin edir. Başa düşmürlər ki, Cəbrayılda, Qubadlıda, Füzulidə, Zəngilanda, Şuşada yerli əhali yoxdur. Onlar harda partizan döyüşü aparacaqlar? Cəbrayılda döyüşən erməni idmançısı "Youtube” kanalında çıxışında deyir ki, Azərbaycan ordusu Cəbrayıla hücum edəndə bizim general TTY maşınındakı yaralıları yerə tökdü, özü minib qaçdı.  Ona görə TTY maşınına mindi ki, Azərbaycan ordusu həmin maşınları, mülki əhalini vurmur. Ermənistanın cinayətləri masştaba sığmır. Gəncəyə, Bərdəyə, Mingəçevirə, Xırdalana atdıqları raketlər hərbi və beynəlxalq cinayətdir. Buna görə onlar cavab verməlidirlər. Müharibə başa çatsa da, mübarizəmiz başa çatmayıb. Beynəlxalq təşkilatların iştirakı ilə bizə dəyən ziyanı mütləq geri almalıyıq. Bəzi rus telekanallarında onlar üçün ağlayırlar ki, pulları yoxdur. Mən onlara səslənirəm: silah almaq lazım gələndə ermənilərin anası Kardaşyan bir çağırışla "Tvitter”də 7 milyon dollar yığmışdı. Müxtəlif ölkələrdə Kəlbəcərin qızılı ilə varlanan milyarderləri var. Zəhmət çəkib təzminatı ödəsinlər. 
 
 

 Hazırladı: Xanım Aydın