Biz imzaları yox, əsərləri dərc edirik...

Gözəlliyin kəndirini kəsməyib səbrimin – Kouiks Christosun şeirləri
702
02 May 2017, 14:01

  artkaspi.az yunan şairi Kouiks Christosun şeirlərini təqdim edir:

 

 



Sürgün

 


Sən uşaqkən xəyalımda qanadlanan Avropasan,

dənizlər sayaq əlçatan...

Gecə-gündüz bərabərliyi kimi ədalətli,

döyüş, intiqam vaxtıtək bietibarsan.

Sən nə etsən, nə eləsən də bezmirəm,

gözəlliyin kəndirini kəsməyib səbrimin,

istər bu saat başlayım, istərsə də çoxdan,

dodaqların xeyir-dua verib neyləmişəmsə.

Ağlasığmazlığın ülgüsüsən,

zəkanın ölçüsü,

səni zülmlə,

ehtiyacla sındırmaq namümkündü.

Sən ən şıltaq baharsan,

torpaqsız cücərib tumurcuqların,

sən onları qanınla bəsləyirsən,

özünsə bitirsən, tükənirsən...

ancaq bu sənin eyninə də gəlmir...

Ekvator xəttinin düz olmağı,

Cəbrin dünya üzərindəki hökmranlığı

ilə mübarizə aparmırsan...

Bizim gözlərimizsə imtina edir kölgələri

azacıq hündür olan nəsnələri görməkdən.

Sən sevgiyə gətirib külək,

lava dənizin üstünə boylanan tək

və barmaqların bağı əhatələyən

quş nəğmələri misalı

dövrəyə alır sən olduğun yeri.

Sən buludlar kimi ucasan,

Sular kimi səyyahsan,

və yaxşı bilirsən ki, tənhalıq

qaranlıqda görmək qabiliyyətidi,

qaranlıqsa gözdən zəlildi.

Bir siyasi cəmiyyət kimi

ilk qərarımız,

xoş niyyətlə

əbədi bir yaza səs verməkdi.

Göz yaşları istəyir ki, tən bölək çörəyimizi,

həyat insanı dəhşətə gətirəcək qədər çətindi,

amma nə xoş ki,

bircə öpüş ifadə edə bilir zamanın mənasını.

 


Üzgüçülük hovuzu

 


Günəş gur saçlarını silkələmədən əvvəl

onun parlaqlığı zühur edir.

Bax elə həmin vaxt,

BÖYÜK ZƏHMƏT səhər yeməyi hazırlayır,

YADLIQ, SOYUQLUQ onun üzünü yuyur.

JALƏlər sağlamlığın darvazasını təmizləyir,

və işıqlı evlər xəbərsiz gələn sabahların

qandallarını onun biləklərinə vurur.

Kədərin od kimi sularla ləbaləb qabları,

dünyanı vecə almayan dulların ətrafında qaynayır.

Belə vaxtda zanbaqlar sahilə arxa çevirir,

tayalanmış dalğaları qaralmaqdan qorumaqçün.

Sənin əlində gəlin buludlar bəyaz tabaşirlərdir,

Gələcəyin pıçıltıları necə də ağırdı – dəniz kimi,

hər şey eynidi,

ancaq mən səndə fərqli nəsə tapmaqda israrlıyam.

Qürub çağındakı sahillər sayaq işıqlıdır donun,

özünü başqa qızlardan necə gizlətdin,

necə salamat çıxa bildin ilan ağızlı bozluqdan,

ətrafındakı ehtiraslar bu qədər parıldayarkən?

Onlar sənə səbəbləri aydın qadağalar qoydular,

sən üzündəki həya ilə bu yerlərdə necə qaldın,

bu dolanbaclardakı sirli tələlərdən

başını necə salamat saxladın,

alovu qaranlığın üzünə necə ovxaladın?

Axı günah insanın kürəyini yandırır,

axı qızıldan günahlar sərvətlə bəzədilir.

Ulduzlar ləbaləb badələri gillədirlər,

sənin ürəyinin odu ədalətin boşluqlarını doldurur.

Şəfəq gizlənəndə,

kədər başqa kədərləri doğanda,

sənin sağ əlin uyuşur,

dizlərin sözünə baxmır.

Xalq isə oyanır,

və insanlıq dayaz bir hovuzda boğulmasın deyə

kraterləri işıqlandırır.

Hər şeyi olduğu kimi görmək üçün

sənin hasarlarından hündürə boylana bilmərəm,

ancaq qərar tutduğun yerlərin

küləklərini dağıtmağa gücüm çatar.

Sən qalasız da bir şahzadəsən,

ağlının suyu qurusa, insan boğular səndə,

bu dünyada işıq olmasa da olar,

onsuz da sən par-par parıldayırsan...

 


Vudstok

 


Eskiz Ayın içini doldurur uşaq,

əlindəki qızılı karandaşla,

və məndən soruşur,

sual eləyir mənə:

"O vaxtı vaxt, indiki vaxt. Fərq nədədi?

Sual götürür məni,

təsirlənirəm və cavab verirəm:

"Fərqli yerlərdə doğulur eyni suallar”.

 

Tərcümə edən: Fərid Hüseyn