Biz imzaları yox, əsərləri dərc edirik...

İmkanım olsa, onu boğub öldürərəm – Səlim Babullaoğlunun müsahibəsi
1463
17 Sentyabr 2018, 10:49
 Artkaspi.az şair, esseist Səlim Babullaoğlu ilə müsahibəni təqdim edir: 
 
 
 
 – Ədəbiyyatın missiyası nədir? İllər keçdikcə bu sualla cavabınız dəyişibmi? 
 – Əksinə, ədəbiyyatla bağlı ilk dövrlərdə, yəni hələ uşaqlıqdan nağıllarla tanış olduğum illərdə formalaşan duyğum-düşüncəm nə idisə, elə də qalır – ədəbiyyat insana kömək etməlidir, insanı insana xidmətə, köməyə sövq etməlidir. Məsələn, bir nağılda əzilən tərəf varsa, xəyalən haqsızlığa uğrayanların yanında olursan, yardım göstərmək istəyirsən. Bu, elə həm də ədəbiyyatın missiyasını müəyyənləşdirmək deməkdir. Ədəbiyyat insanlara kömək etmək üçün vasitədir. Yəni zamanla ədəbiyyatın hədəf yox, vasitə olması ilə bağlı düşüncələrim dərinləşir. Ədəbiyyat insanın insana xidmətdə malik olduğu ən böyük vasitənin – Sözün təzahürlərindən biridir. Allahı nişan verən vasitələrdən biridir həm də. Yaxud olmalıdır. 

 – Amma bir məqam var. Nəzərə alsaq ki, Söz özü konkret anlayış deyil və heç də həmişə xeyrə xidmət etmir, təhlükəli vəziyyət də yarana bilər.
 – Əlbəttə. Sözlə insanı yaralamaq da olar, xilas etmək də. Ədəbiyyat da söz sənəti kimi sözün bütün imkanlarını özündə birləşdirir.

 – Yəni ədəbiyyat aldada, azdıra da bilər.
 – Bəli, insanlar bir qayda olaraq bütün işlərini sözlə həyata keçirirlər – sevirlər, vəd verirlər, aldadırlar, özlərinə, dostlarına, yaxınlarına xəyanət edirlər. Ədəbiyyatda da belədir. Bəzən müəllif bunu qeyri-iradi edir, sadəcə, sözün, dəqiq desək, prosesin, yəni sözlə izdivacın sehrinə düşür, özü də aldanır. Bəzən də bilərəkdən edirlər. Məsələn siyasi ideoloqlar yüksək tribunalardan nitq söyləyirlər, yüksək vədlər verirlər, onlar, təbii ki, qəsdən yalan danışırlar. Təsadüfi deyil ki, siyasətçilər arasında böyük natiqlər və yazıçılar da olub. Əlbəttə, filosofların, siyasətçilərin də öz aldanışları ola bilər, yanlış ideologiyaya inanırlar, həyatlarını buna həsr edirlər, qalın-qalın əsərlər yazırlar. Bu əsərlər öz dövrlərində, tutalım, yüz, ya min oxucuya təsir göstərir, amma ondan sonra gələn nəsillər daha böyük şər də törədə bilirlər. Tarixdə buna nümunələr çoxdur.

 – Bu mənada təhlükəli hesab etdiyiniz əsərlər varmı?
 – Müasir ədəbiyyatdan.... məsələn, Mişel Uelbek... onun prozasını ziyanlı hesab edirəm, nəsri çox iyrəncdir, hərçənd, esseləri və poeziyası təmiz və maraqlıdır. Mənə görə... Yeri gəlmişkən, bunu o özü də etiraf edib – müsahibəsində deyib ki, mənim "təmiz” ərazim – şeirlərimdir.

 – Yazıçı və şəxsiyyət mövzusu həmişə mübahisəyə səbəb olub. Necə düşünürsünüz, şərti olaraq belə deyək, pis, ya əxlaqsız adam yaxşı əsər yaza bilərmi? Məsələn, Hüqonun gerçəkdə azyaşlılara meylli və qadın hərisi olduğu söylənilməkdədir.  
– Hüqoyla bağlı bu deyilənlər az inandırıcıdır… Bilmirəm… Mopassan, Rembo, Verlen və başqaları ilə də bağlı bənzər şeylər yazırlar. Hamı səhv edə bilər. Amma əsas olan budur ki, o, səhvini anlayacaqmı, peşmanlıq duyacaqmı, sonra hansı nəticəyə gələcək, nə qərar verəcək, gəldiyi nəticələrə sadiq qalacaqmı? Təkrar səhv edib, təkrar peşmanlıq çəkəcəkmi? Gəlin insanlar barədə pis, ya yaxşı adam kimi hökm verməyək. Bir də görürsən, çox pis hesab etdiyimiz adam elə bir yaxşı addım atır, heyrətə gəlirsən. Bu mənada ən pis adam bir gün dünyanın ən yaxşı mətnini yaza bilər. Və ya əksinə, çox yaxşı hesab elədiyimiz adam sabah çox pis iş görə bilər, o cümlədən, pis mətn yaza bilər. Düşünürəm ki, yazıçının insan kimi səhv əməlinin arxasında ciddi peşmanlıq – iztirab yatacaqsa və o, həmin təcrübəni mətnində dürüst şəkildə bölüşə biləcəksə, həmin ədəbiyyat ən azından səhvi göstərmək baxımından qazanacaq. 
 
 


 – Mətndə əsas olan nədir? İdeya, məzmun, ya forma?
 – İnsanda əsas olan nədirsə, mətndə də odur. Mənə görə, birinci inamdır. Ədəbiyyat ruhani hadisədir. İnsan Allaha inanmalıdır, bacardıqca, onun insanlara buyurduğu kodekslərə əməl etməlidir. Təbii ki, çətindir. İnsanın özü ilə mübarizəsindən çətin heç nə yoxdur. İnsanın, ideyasına sadiq qalaraq yaşaması, ona ciddi ruhi təcrübə verir. Qalanı təfərrüatıdır. Sonrası da budur ki, insan ədəbiyyatla yaşamalıdır, sözə həssas olmalıdır, daim ətrafa diqqət kəsilməlidir. Bir də, fədakarlıq və həmdərd olmaq keyfiyyəti mütləq olmalıdır. Yenə də adi insani keyfiyyətlərə qayıdırıq. Yazıb-yazmamaq bəzən heç o qədər də vacib deyil. 

 – Artıq dünyada texnologiya ilə şeir yazmaq mümkündür. Bunun üçün kompüter proqramları var.  Robotların şeir yazacağı gün də uzaqda deyil. Necə düşünürsünüz, bu necə bir şeir olacaq?
 – Ola bilsin, robot hansısa söz sırasını bir nizamla düzəcək və bu, bizim xoşumuza gələcək. Bəlkə, bunu şeir kimi qəbul edənlər də tapılacaq. Çünki nəhayətdə, sözdür. Sözün isə aydın məsələdir, qüdrəti var. Amma bu, poeziya deyil, bunun sırf yaradıcılıq prosesi ilə heç bir əlaqəsi olmayacaq. Çünki yaratma prosesi ruhla üzvü əlaqədə baş verir. Robot "Allah”, ya "şeytan” sözünü deyə bilər. Amma o bu sözlərin nə demək olduğunu anlayacaqmı?.. Orxan Pamuk "Yeni həyat” romanında Rilkenin "Düin elegiyaları”nı sitat verir. Deyəsən, 9-cu elegiyanı: "Bəlkə, biz dünyaya gəldik ki, deyək, ev, sütun, darvaza, ayna... amma elə deyək ki, bu sözlərin özləri belə fəhm eləyə bilmirdi...” Təxminən belədir. Yəni biz sözlərin özlərinin belə fəhm eləmədiyi mənalarını bilirik. Bu mənada robot heç vaxt canlı şairi əvəz edə bilməyəcək. Bütün şairlərin adı robot ola bilməz axı…  Onların yazdığı sözün özü yox, şəkli olacaq – səsli və cizgili şəkli… Adına da, yəqin ki, "poeziya” deməyəcəklər. 

 – Necə düşünürsünüz, forma yaradıcılığı sonsuz prosesdir, yoxsa?
 – Bəli, sonu olmayan prosesdir. Heç vaxt bitməyəcək. Məsələn, düşünün, bir stəkan suyu nə qədər formaya salmaq olar...

 – Bəs onda mövzu niyə azdır, tükənəndir? 
 – Yəqin, ona görə ki, ideya formadan daha vacibdir. Həmin o  bir stəkan suda H2O heç vaxt dəyişmir.

 – Bəs yeni başlayan yazar mətninin alınıb-alınmadığını haradan bilə bilər?
 – Bu, fərdi məsələdir, adama görə dəyişə bilər. Təcrübəsindən asılı olmayaraq, yaxşı mətn yazan adam adətən, özü bunu hiss edir. Mən yaxşı mətni həmişə hiss eləmişəm. Ona görə də heç bir tənqidçinin, ya şairin fikri bu illər ərzində şeirin yaxşı, ya pis olması ilə bağlı qərarımdan döndərməyib. Heç bir təsir göstərməyib. Senzorumuz daim bizim yanımızdadır. İnsan belə qurulub. Ruhumuz sevinir, içimizdə təqdiredici bir hal olur. Pis iş görəndə də qəlbimizin dərinliyində bunu bilirik. 
 
 
 
 
 

 – Ümumiyyətlə, tənqidi təqdir etmədiyimizi bilirəm. Amma şeirlərinizlə bağlı elə bir tənqid olubmu ki, onu bəyənəsiniz? 
 – Olmayıb. Dostum Rafiqin Həşimovun vaxtilə dediyi bəzi qeydlər mənə kömək olub. Şairlər Əlisəmid Kür, rəhmətlik Adil Mirseyidlə müzakirələrimiz olub. Onların bəzən fikirləri məni kiçik redaktələrə sövq edib. Bir nümunə deyim, mənim yazdığım şeir belə idi: 
 
 Siz şairlər görünən şeylərin xətrinə 
 əşyaları mənasız yerə 
 dürtməyin şeirin içinə. 
 
 Əlisəmid Kür dedi ki, "dürtməyin” yaxşı səslənmir, "dartmayın” olsun. Qəbul elədim. Yaxud, Məsiağa Məhəmmədinin fikirləri mənim üçün önəmli olub. Xüsusən yazılarımda onun fikirlərini nəzərə almışam. Belə şeylər olub. Məsələn, iranlı ədəbiyyatçı dostumuz var – Hümmət Şahbazi məqaləsində bir irad bildirmişdi. Xatırlamıram, mən o iradı nəzərə aldım, ya yox, amma onun irad bildirmə tərzi xoşuma gəlmişdi. 
 
 
 


 –  Tənqidlər təriflərdən çox olub?
 – Əksinə, hesab edirəm ki, şeirlərim haqqında burada da, xaricdə də daha çox xoş söz deyiblər. Qərəzli tənqidlərə isə əhəmiyyət verməmişəm.

 – Bəs saxta təriflər necə, olubmu?
 – Boğazdan yuxarı söz deyənlər olub. Ola bilsin, büruzə verməmişəm, amma bilmişəm. Ad çəkməyəcəyəm, amma bir məqamı deyəcəyəm: yaşı yaşımdan, təcrübəsi təcrübəmdən çox olan bir şair kitabını hədiyyə edib, içinə də yazıb: "şeirlərini çox sevdiyim ustad Səlim Babullaoğluna”. Öz aləmində, bəlkə ironiya edib, mən məsələn, ironiyanın bu həddi ilə tanış deyiləm, amma yazıb da, altına da imza qoyub. Sonra da yaxın adamlardan birinə mənim haqqımda deyib ki, imkanım olsa, onu boğub öldürərəm. İndi bilmirəm, hansı məqamda səmimi olub. Adətən, nifrət və qəzəb daha səmimi olur.

 – Bəs özünüz tənqid etməli olanda necə davranırsınız?
 – Mən daha çox təqdir edirəm. İradlarımı da təklikdə deyirəm, məsələn, "Facebook”da paylaşılan şeirlə bağlı təkliflərimi "inbox”a yazıram, şərh yerinə yox. Hesab edirəm, bu, daha doğrudur. Məsələn, adam olub ki, üzünə demişəm, nəsr yazsan, daha yaxşıdır. Düzdür, inciyib, amma fikrimdə qalmışam. 

 – Gəncləri tez-tez sizin əhatənizdə görürük. Özünüz gənc olanda nisbətən yaşlılardan kimlərlə görüşürdünüz?
 – Zaman-zaman həmkarlarla görüşməyə ehtiyacımız olur, bir-birimizdən öyrənirik, çalışıram, onlara vaxt tapım. Bu, xüsusi düşünülmüş proses deyil. Məsələn, indi gənclərdən Elşən Mehdini götürək. Hesab edirəm ki, nəsildaşları ilə müqayisədə daha dərindən fikir yürüdən, alt qatları düşünən şairdir. Bu səbəbdən, ona çətin də ola bilər. O və onun kimi cavan dostlar məni oxuyublar, mən onları oxuyuram, ola bilər ki, hansınınsa haqqında yazım da. O ki qaldı mənim gənc ikən dostluq elədiyim adamlara, elə bir dövr oldu ki, 1997–2001-ci illərdə Adil Mirseyidlə tez-tez görüşürdük. Yaşca böyük və təcrübəli şair kimi ona ehtiyacım vardı, tanış olduq, dostlaşdıq. Şair Kəramətlə bir yerdə işlədik, bir müddət onunla oturub durdum. Ara-sıra Əlisəmid Kürlə görüşürdük. Sonra Əjdər Olla tanış oldum. Əjdər Ol mənim Brodskidən şeir tərcümələrimi redaktə edən və bunu qəlbə toxunmadan çox nəzakətlə diqqətə çatdıran adamdır. Sonralar görüşdük, dostlaşdıq. Amma o zaman – yəni mənim gənclik vaxtlarımda özündən yaşca böyüklərlə dostluq eləmək indiki kimi asan deyildi. Hər halda mənə.

 – Altına imza qoymaq istədiyiniz əsərlər olubmu?
 – Olub, əlbəttə.... İndi yoxdur. Gözəl əsərlər həmişə var, amma mənim şeirə münasibətim dəyişib. Düşünürəm ki, şeir vacib deyil. Bir də, Axmatovanın bir sözü var: "Siz bilsəydiniz necə zir-zibildən yaranır şeir”.

 – Niyə poeziyanı seçibsiniz?
 – Bu suala cavabım yoxdur.

 – Hekayələr də yazıbsınız axı...
 – Bir-iki hekayə ilə adam nasir olmur. Özümü nasir hesab eləmirəm. Bir dəfə aləmi-qədimdə, 90-cı illərin ortaları, ya sonunda roman yazmaq istəmişəm, iki-üç fəsil yazdım. Ola bilsin, fraqment, ya hekayə kimi maraqlı olsun, amma bu təcrübədən sonra özüm düşündüm ki, daha nəsr yazmayım. Bir də, son illər bir-iki qısa kinossenari yazmışam. Bu ssenari kömək oldu ki, bir hekayə də qələmə alam – "Bayram” adlı hekayəni. Nəsr yazmaq kimi xüsusi bir ehtiyacı hiss eləmirəm. Dialoqlar, ya özümlə söhbətlər yazmaq mənə daha maraqlıdır. Uzun müddət, bəlkə də, 300 fraqmentə yaxın "Səkonun gündəliyindən” adlı bir silsilə yazdım. Onu da elə "Facebook”da paylaşırdım.  Bunu da nəsr yazmaq cəhdi hesab eləmirəm. Nə vaxtsa bioqrafik bir əsər yazmağı düşünürdüm. Amma onu da klassik mənada nəsr – roman, povest, hekayə hesab eləmək olmaz. Bu, qəhrəmanı, personajı Söz olan bir əsər esse-roman ola bilər. Orada bioqrafik məqamların olması da mümkündür. Amma yazmaq planla olmur. Bunun üçün xüsusi impuls lazımdır. Bir də, başqa heç bir işlə məşğul olmamalısan. Nəsr deməyək, amma təbii ki, düz yazı yazmaq daha asandır. Onu istədiyin vaxt oturub yaza bilərsən. Poeziya isə yüz faizli konsentrasiya tələb edir.
 
 
 
 


 – Hazırda daha çox tərcümə ilə məşğulsunuz.
 – Bəli, tərcümə çoxdur. "Serb ədəbiyyatı” silsiləsini tərcümə edirəm. "Dünya Ədəbiyyatı” dərgisinin Serbiya sayı hazırlanır. Bundan əvvəl polyak şeirindən tərcümələr etmişdim. Ümumiyyətlə, bir neçə kitablıq tərcüməm var.
 
 – Son olaraq, Azərbaycan şeirinin gələcəyini necə görürsünüz?
 – Bu sualı mənə çox veriblər, bu dəfə fərqli cavab vermək istəyirəm. Ümumiyyətlə, Azərbaycan şeiri deyilən bir şey yoxdur. Şeir var və insan olduqca şeir olacaq, o cümlədən, o şeirlərin bir hissəsi də Azərbaycan dilində olacaq. Məsələn, bir gənc şair var – Firudin Həmidli, görüşməmişik, amma şeirləri çox xoşuma gəldi. Ən son oxuduğum cavan şair odur. Və Firudin kimi cavanlar o bir hissənin davamıdırlar... Bir də söz insanın havadan sonra ən çox istifadə elədiyi şeydir. Gözəl sözdən  asılı adamlar isə həmişə olacaq, o cümlədən də şairlər.  
 
 Söhbətləşdi: Rəbiqə Nazimqızı