Biz imzaları yox, əsərləri dərc edirik...

Gürcü nağılı – Elias Kanettinin hekayəsi
3281
29 Oktyabr 2019, 08:59
  Artkaspi.az saytı Elias Kanettinin hekayəsini təqdim edir:
 
  Alman dilində yazıb-yaratmış Avstriya yazıçısı və dramaturqu Elias Kanetti 25 iyul 1905-ci ildə Osmanlı imperiyasının (indiki Bolqarıstanın) ərazisindəki Ruscuq (və ya Ruse) liman şəhərində, sefard yəhudisinin ailəsində dünyaya göz açıb. 1911-ci ilə qədər Dunay çayının sahilindəki Ruscuqda yaşayan ailəsi hələ 1492-ci ildə İspaniyadan baş götürüb Avropanın içərilərinə qaçıb-sığındığı üçün ispan dilinin bir dialekti olan Ladino şivəsində danışırmış. Bütün ailə üzvləri ata-babadan ticarətlə məşğul imiş. Nəslin nümayəndələri ən müxtəlif ölkələrdə və millətlər əhatəsində yaşadıqlarından istər-istəməz bir neçə dili yaxşıca mənimsəyibmişlər. Məsələn, Eliasın ata tərəfdən babası on yeddi dil bilirmiş. Gələcəyin dahi yazıçısı Elias hələ yeddi yaşı olanda ladino, bolqar, ingilis və qismən də fransız dillərində danışa bilirmiş. Valideynləri Jak və Matilda (qızlıq soyadı Arditti imiş) Kanettilər Vyanada təhsil aldıqlarından yalnız və yalnız almanca danışırmışlar. Elə buna görə də ailədəki üç oğulun ən böyüyü olan Elias əsərlərini sonradan məhz bu dildə yaradıb.    
  Altı yaşı olanda ailəsi İngiltərənin Mançester şəhərinə köçdüyündən Elias ingilis dilini öyrənməyə məcbur olur. Vaxtilə ailəsinin pambıq-kağız emalı və ticarəti işlərini yoluna qoymaqdan ötrü ədəbiyyata bəslədiyi dərin sevgidən imtina edən atası öz oğlunu bütün klassikləri oxumağa həvəsləndirib və daim ona təlqin edib ki, özündən fərqli olaraq, oğlunun sevdiyi işlə, sənətlə məşğul olması üçün heç nəyi əsirgəməyəcək. Aradan heç bir il ötməmiş Jak Kanetti qəflətən dünyasını dəyişir və dul qalan Matilda övladlarını da götürüb, vətəni Avstriyaya dönür.
  Vyanadakı məktəblərdən birinə daxil ola bilsin deyə, anası bir müddət Eliasa alman dilini öyrədir. Məhz bu sistematik məşğələlər sayəsində uşaq alman dilini öz ana dili kimi qavramağa, dəyərləndirməyə və sevməyə başlayır. Sonralar qələmə aldığı xatirələrində o, qeyd edirdi ki, gələcək həyat yolunun seçimində anasının və onun sevdirdiyi alman dilinin misilsiz rolu olub.
  Vyanada 3 illik təhsil sonrası Elias 1916-21-ci illərdə İsveçrənin Sürix şəhərində təhsilini davam etdirir və bu illəri "İlk gəncliyinin cənnət dövrü” adlandırır. Həmin illərdə o, özünün nəzmlə ilk pyesini ("Yuni Brut”) yaradır. Oğlunun Sürixdə hər сür qayğıdan uzaq bir həyat sürməsindən narahatlığa qapılan anası 1921-ci ildə onun Frankfurta köçməsinə nail olur və inanır ki, Almaniyanın savaşdan sonrakı sıxıntılı şəraiti Eliasın dünyaya daha real yanaşmasına şərait yaradacaq. Bu şəhərdə üç illik təhsilini başa vuran Elias, yenə də anasının istəyi ilə, Vyana Universitetinin kimya fakültəsinə qəbul olunur və 1929-cu ildə bu ali təhsil ocağının diplomunu qazanır. Lakin bu illər ərzində bütün varlığıyla yazarlığa, söz sənətinə can atdığından o, kimya ilə məşğul olmaqdan birdəfəlik imtina edir. Həmin dövrdə Elias tanınmış satirik yazar və aforist Karl Krausun yanına gedib-gəlir, ondan, özü demişkən, "dil ilə mənlik arasında körpü qurmağı” öyrənir.
  1928-ci ildə Berlinə səfəri zamanı Elias tanınmış yazarlardan Bertold Brext, İsaak Babel və rəssam Georq Qross ilə tanış olur. Məhz həmin vaxt o, ağlını itirmiş insanlar barədə romanlar seriyası yazmaq və hər romana bir manyak tipini qəhrəman seçmək qərarına gəlir.
  Otuzuncu illərin əvvəllərində o, məşhur ABŞ yazarı Epton Sinklerin üç romanını alman dilinə çevirir.  
 
 

  Ailə həyatı
 
  1934-cü ildə Kanetti Venesiyada yazıçı və çevirmən Veza Taubner-Kalderonla nikaha girir və tezliklə bir oğul atası olur. Bu xanımla o, ilk dəfə hələ 1924-cü ildə, Karl Krausun mühazirələrindən birində rastlaşmışdı.
  1963-cü ildə həyat yoldaşı Veza dünyasını dəyişdiyindən Kanetti ikinci dəfə, həm də bu dəfə bir restoran sahibəsi olan Hera Buşor ilə ailə qurur. Yazarla hələ 1950-ci ildə tanışlıq quran bu qadın 1988-ci ildə xərcəng xəstəliyindən vəfat edir. Bu evlilikdən bir qız övladı dünyaya gəldiyi zaman isə yazarın artıq 68 yaşı var imiş.
 
  Vəfatı
 
  Kanetti 14.08.1994-cü ildə və ömrünün son iyirmi ilini keçirdiyi Sürix şəhərində dünyaya gözlərini əbədi yumur. Vəsiyyətinə əsasən o, məşhur irland yazıçısı Ceyms Coysun (1882 - 1941) yanında dəfn olunub.
 
  Uzun yaradıcılıq fəaliyyəti dövründə yazar aşağıdakı əsərləri yaradıb:
 
Roman
 
"Korlaşma” (1935)
 
Pyeslər
 
"Toy” (1932), "Şənbazlıq komediyası” (1934), "Sayılı günlər” (1956)
 
Avtobioqrafik esse və xatirələr
 
"Xilas olunmuş dil” (1977), "Gözlərin oyunu” (1985), "Qulaqdakı məşəl” (1987), "Blits-görüş” (1991)
 
Yol qeydləri
 
"İnsanın ucqarı” (1942 - 1972, 1973), "Saatın gizli qəlbi” (1973 - 1985)
Bunlardan başqa yazar "Kütlə və iqtidar” (1960), "Mərakeşdən səslər” (1968), "Bir başqa proses: Kafkanın Felisiyaya məktubları” (1968), "Əlli xarakter. Qulaq yoldaşı” (1974) və "Sözlərin mənası” (1975) adlı fəlsəfə, sosiologiya və bioqrafiya mövzularının qarışımından ibarət araşdırma əsərlərinin də müəllifidir.
 
  Tərcümələri
 
  Epton Bill Sinklerin (1878-1968) üç romanı – "Sevgi sınağı” (1930), "Pullar diktə edir” (1930), "Sərxoşların nümayişi” (1932).
 
  Mükafatları
 
  "Xarici dildə yazılan ən yaxşı kitab” beynəlxalq mükafatı (1949, Paris), Ədəbi mükafat (1966, Vyana), Ədəbi tənqid mükafatı (1967), Bavariya Gözəl Sənətlər Akademiyasının ödülü (1969), Georq Büxner ödülü (1972, Münhen), Nelli Zaks mükafatı (1976, Dortmund),
  Merit ödülü (1979, Almaniya), Avropa Prato mükafatı (1980, İtaliya), Höbbel ödülü (1980), Ədəbiyyat üzrə Nobel mükafatı (1981), Kafka ödülü (1981, Avstriya)
  Misilsiz Xidmət mükafatı (1983, Almaniya).
 
  Yazarın dilimizə çevrilən ilk əsəri "Alatoran” nəşrləri” silsiləsində 2011-ci ildə işıq üzü görən dünyaşöhrətli "Korlaşma” romanıdır. 
 
 
  Gürcü nağılı 

  Hiyləgərlikdə Şeytana papış tikən usta özünə bir yeniyetməni şəyird tutub, bildiyi bütün sehirləri ona öyrətmişdi. Təlim-təhsil dövrü bitsə də, usta bu şəyirdindən heç cür ayrılmaq istəmir, onu həmişəlik öz yanında saxlamağı umurdu.
  Bir gün ondan yaxa qurtarıb qaçsa da, gənc şəyird az sonra yaxalanır. Cəzalandırmaq üçün usta onu qaranlıq bir axura salıb, qapını  qıfıllayır. Şəyird oradan da qaçmaq niyyətinə düşür, ancaq ağlına heç bir fənd-üsul gəlmir. Günlər keçdikcə, bədbinləşir, acı taleyindən küsür.
 
 

  Bir gün fərqinə varır ki, axura haradansa zolaq şəklində gün işığı süzülür və öyrənir ki, bu işığın mənbəyi qapıdakı bir çatdır. Əlüstü özünü bir siçana döndərməklə, həmin çatdan bayıra çıxır və axurdan qaçır.
  Usta axura baş çəkəndə şəyirdinin qeybə qarışdığını anlayır, özünü bir pişiyə çevirməklə, onun axtarışına çıxır.
Beləliklə, onların durmadan bir məxluqdan digərinə çevrilmə silsiləsi başlanır.
  Pişik şikarını yaxalamaqdan ötrü tam ağzını açdığı anda siçan dönüb, bir balıq olur və özünü suya atır. Usta bir göz qırpımındaca balıqçı toruna çevrilərək, balığı yaxalamağa çalışır.
  Ona lap yaxınlaşdığı an balıq dönüb, qırqovul olur. Bu səfər şahin quşuna çevrilən usta onu ovlamağa girişir.
  Öz can düşməninin pəncəsini lap yaxınında hiss edən qırqovul bir anda qıpqırmızı almaya dönür və diyirlənərək gəlib, o məmləkətin kralının düz qucağına düşür. Usta da özünü bıçağa çevirir və almanı dadmaq istəyən kral onu əlinə alır. Bıçaqla almanı dilimləməyə hazırlaşdığı an kralın ovcundakı alma qeybə çəkilir və azca aralıda bir ovuc darıya çevrilir.
  Cəld tərpənən usta başına bir dəstə cücə yığılmış qırt toyuğa çevrilir və son dənəsi qalana qədər bu yemi dənləyir. Amma sonuncu darı dənəsi, yəni şəyird özünü iynəyə döndərincə, toyuqla cücələri də həmin iynənin dəliyindən keçən sapa çevrilirlər. Bu vaxt iynə od tutub yanır və sapı külə döndərir. Beləcə, usta cəhənnəmə vasil olur.
  İynə təzədən cavan bir oğlana dönür və öz doğma evinə, ata ocağına qayıda bilir.

   Dilimizə çevirdi: Azad Yaşar