Biz imzaları yox, əsərləri dərc edirik...

“Gülşən bağı” çap olunub
605
18 İyun 2019, 12:54
 "Zərdabi” nəşriyyatında Cənubi Azərbaycanlı şairlərin – Süsən Nəvadeyi Rəzi və Əkbər Həmdi Əlyarın "Gülşən bağı” əsəri – dastanı işıq üzü görüb. Kitabın redaktoru Əsəd Cahangir, nəşrin məsləhətçisi Sabir Şahtaxtıdır. 
 "Gülşən bağı” çağdaş məhəbbət dastanı olmaqla yanaşı, digər dastanlardan həm də onunla fərqlənir ki, iki müəllif tərəfindən qələmə alınıb. İran ədəbi mühitində geniş tanınan Süsən Nəvadeyi Rəzi və Əkbər Həmidi Əlyar tərəfindən yazılmış bu dastan bütün ölçüləri ilə dövrümüzü səciyyələndirir. Dastandakı Pəri obrazını şairə Süsən N.Rəzi, Elyarı isə Əkbər H.Əlyar yaradıb. Pəri və Elyar internetdə tanış olublar və real həyatda bir-birini görmürlər. Lakin internet məkanındakı yazışma onlar arasında ülvi bir məhəbbət yaradır. Dostlar qarşılıqlı ehtiram, sevgi və istəklərini aşiqanə şəkildə ifadə edir, öz fikirlərinin təsdiqi üçün çeşidli şeir parçalarından örnəklər gətirir, bir-birinin ictimai və milli düşüncəsini yoxlayır və bununla da oxucunu virtual ortam dostluqlarında ehtiyatlı olmağa sövq edirlər.
 
 

 Kitabın ön sözündə müəlliflər əsərin mahiyyəti ilə bağlı aşağıdakı fikirləri qeyd edirlər: "Bütün tarix boyu ictimai mövzulara toxunaraq xalqın ağrı-acılarını əks etdirən Azərbaycan şeiri ilk öncə xalq tərəfindən sevilib, yaşadılıb və buna görə zamanımıza qədər ənənəvi çərçivələrdən çıxmayıb. Bəziləri bunu şeir və ədəbiyyatımızın geri qalması kimi qəbul edir. Bizcə, bu durum Azərbaycan şeirinin yeniliklərə qarşı çıxması demək deyil. Sadəcə olaraq, ötən əsrdən bəri yeni şeir klassika ilə çiyin-çiyinə addımlayıb. Oxucu isə klassik və ya modern olmasından asılı olmayaraq, dərdini, ürək sızıltısını gördüyü şeiri rəğbətlə qarşılayıb. Düzdür, son on iyirmi ildə sərbəst şeirin çəkisi artıb, modernizm və postmodernizmə can atan şairlərin sayı gün-gündən çoxalıb. Amma buna baxmayaraq, klassik şeir öz mövqeyini qətiyyətlə qoruyub saxlamaqdadır. Bəzi tənqidçilər şeirimizin hələ də klassik biçimlərdə ilişib qalmasını üzgünlüklə vurğulayır. Biz bu mövqeyi bölüşmürük. Çünki şeirin yeniliyi sadəcə forma, biçim, vəzn məsələsi yox, həm də və daha çox məzmunla bağlıdır. Bizcə, vəzndən, qafiyədən qaçmağı birmənalı olaraq yenilik, bunun əksini isə gerilik saymaq məsələyə bəsit yanaşmaqdır. Keçən ilin ilk aylarında bir neçə qəzəlimizin veb səhifələrində çoxsaylı yazarlar, xüsusən də yeni nəsil şairlər Süsən Nəvadə Rəzi, Əkbər Həmidi Əlyar  tərəfindən maraqla qarşılanması (bəzən də qınanması!) belə bir həvəs oyatdı ki, klassik və modern nümunələrdən ibarət şeirləri bir topluda oxucuların müzakirəsinə verək. Bir neçə örnək yazdıqdan sonra bu şeirləri bir hekayə içində verməyi lazım bildik. İşin gedişində real olaylar, tarixi gerçəklər, dini-milli düşüncədən doğan bəzi məsələlər, folkloristik incəliklər, bir çox dil olayları bəzən lirik, bəzən də yumoristik əhval-ruhiyyədə süjetin tərkibinə qatıldı – Elyar-Pəri dastanı belə yarandı. Bu iş bir ilə yaxın çəkdi. İndi söz oxucuların, özəlliklə də sayın tənqidçilərimizindir... Bu siz, bu da Elyar ilə Pəri!”.