Biz imzaları yox, əsərləri dərc edirik...

Güclü, soyuq yağışlarda üşüsən də, usanma – Koman Şovanın şeirləri
1434
06 İyul 2020, 10:02
 Artkaspi.az saytı Afaq Şıxlının tərcüməsində rumın şairi Koman Şovanın şeirlərini təqdim edir:
 
 TƏNHA QADINLAR
 
Tənha qadınlar
çantalarında diş fırçası,
şəffaf paltarlarında bitməmiş hekayələrin izi – 
dünyanı dolaşırlar...
 
Tənha qadınlar  
baxışları ilə ürkək addımlarını sayır,
nəğmə deməkdən sərxoş olur,
alçaqdan uçaraq qanadları yorurlar.
Ənlik-kirşan içində belə
bir bəyaz qarın arzusunda olurlar.
 
Tənha qadınlar  
müasir dünyamızın göz yaşıdırlar.
Limuzinə minərək,
yüzlərlə at gücündə
tənhalıqlarından qaçmağa çalışırlar.
 
Tənha qadınlar Diana kimi,
uzun barmaqları arasındakı siqareti sümürür,
və uyuduqları şəhərdə yuxuda görürlər
yaddan çıxmış uşaqlıqlarını.
 
 DÜNYAYA YENİDƏN GƏLMƏK
 
Ağac yavaş-yavaş qocalır,
amma bir gün
mebel, pəncərə, dirək,
qapı, qaşıq, asılqan olur...
Oyuncaqlarda
dovşan cəldliyini,
ayı yöndəmsizliyini,
tülkü hamarlığını qoruyur.
 
Körpələrin əlində
yenidən yaşıllaşır ağac,
şirələnir, budaqlanır,
gülür, gizlənir, tapılır.
 
Oyun da bir azadlıqdır,
yenidən gəlməkdir dünyaya.
 
 

BİR AĞA EHTİYAC
 
Hər şeyin xislətində nə varsa, 
o da baş verir,
və təkrarlanır olanlar
yenə də bir-bir.
 
Buludların təbiətində – şimşək, yağış, 
yollarda – eniş, yoxuş, 
gözümüzdə – işıq, yuxu,
sevgimizdə – toy, xəyanət, qorxu.
Mənimsə xislətimdə o qədər şey var... 
Nə sahmana sala, nə seçə bilirəm;
nə də "baxın, mən buyam” deyib keçə bilirəm...

Amma hamı necə ağlayırsa,
mən də eləcə ağlayıram
bir ağa ehtiyac duyan zaman.
 
OĞLUMU GÖZLƏYƏRKƏN
 
Mövsümün əvvəlində səni gözləyəcəyəm,
sənə etibar edəcəyəm bu bərəkətli torpağı – 
cərgəylə düzülmüş yonatanslar[1],
gözəl bir meyvə bağı.
 
Sən doğulduqdan sonra 
üç gün yağış yağmayacaq hələ,
ulu ruhlarımız övladlarımıza keçsin deyə.
 
Uzaq məsafələrə qaçmaq öyrədəcəm sənə,
kiçik bir adaya qaçanadək
sevgilinlə birlikdə;
orada – qızıl sahillərdə evlilik oynayın ikilikdə.
 
Sizdən bir qədər uzaq olacaq mənim izlərim,
qarda, şam ağacları arasında unudacaqsan, yəqin,
qoyub getdiyim sözləri.
 
TANRININ ƏSƏRİ
 
Göy üzündə bir nöqtəyə dikdin baxışlarını, 
O nöqtə Günəşimiz oldu, Tanrım!
Yaratdığın əsərlərin sobası oldun sən,
Və hər şey canlandı, Tanrım,
Torpağa, suya üfürdüyün nəfəsdən.
Sənin cənnətində dolaşanlar
Sözündən çıxdılar bir gün.
Sən də üz döndərdin onlardan
Və acı-acı güldün...    
Sonra isə
Öz oğlunu göndərdin insan surətində,
Ki insanlar 
Onları necə görmək istədiyini anlasınlar,
Bilsinlər kim olduqlarını.
Onlarsa... 
Çarmıxa çəkdilər xilaskarlarını.
 
XİYABANDAKI AĞAC...
 
Mən xiyabandakı ağac kimiyəm – 
Qədərincə uzanır qollarım,
Vaxtında kəsilir budaqlarım.
Təmiz hava olmadan da yaşıllaşır 
Yarpaqlarım.
 
Yalnız
Uşaqlar və sevgililər
Çiçəklərimi qoparan zaman
Sevinə bilirəm mən.
Bir də,
Nəzarətçilərdən qorxmadan
Meyvələrim dərilərkən.
 
 

ETİRAF
 
Orada nə təpə vardı, nə vadi, nə də düzəngah.
İki sahil arası uçurumdu elə bil...
Yol arzu deməkmiş?!
Ayaqlarım altda hiss etmirdim yolları.
Addımladıqca 
sanki mənim ayaqlarım deyildi yeriyən,
sanki addım deyildi bu atdıqlarım.
Nə aclığı, nə soyuğu, nə istini hiss edirdim.
Nə ağır, nə də yüngül deyildim –
Olması gərəkən biri idim sadəcə...
 
Surətimi də xatırlamırdım daha,
amma bunun mən olduğunu bilirdim.
özümə kənardan baxırdım, 
gözəgörünməz adam kimi
mən də görünmürdüm gözə.
Olmalı olan biri idim sadəcə...
 
AXIR ZAMANDAN SONRA
 
Minlərlə ömür əvvəl 
baş götürüb getdiyimdə
ev-eşiyim külə dönmüş,
ağaclarım yıxılmış,
uşaqlıqda – valideynlərimlə bir-birimizi 
sözsüz də anladığımız zamanlarda 
arxasında oturub söhbət etdiyimiz masa dağılmışdı.
taxma qanadlarla uçduğumuz vaxtlar
necə də xoşbəxt olmuşuq...
 
Lakin soyuqlar gəlib
öz boz üzünü göstərdi,
otları yaladı,
atları, mal-qaranı,
və quşları uddu.
İşıq titrədi qaranlığın önündə.
Ay da donub daşa döndü.
 
Gözlərimdən boz yağışlar yağdı,
boz rəngli toza büründü torpaq.
Valideynlərimi, həyat yoldaşımı
boz kraterdə dəfn etdim,
ağırlaşmış baxışlarımı ayırdım
bozumtul kütlələrdən və bozumtul təpələrdən.
Boz qanadlarımı açıb 
atıldım 
torpağın sularına. 
 
 YUXU
 
Yuxuda gördüm ki, bir körpə
bəli, bəli – bir körpə
həyat dərsi keçir mənə.
"Bəlkə, bu uşaq – bir möcüzədir?” –
deyə düşündüm.
O, ədalətdən danışır, 
müdrikcə məsləhətlər verirdi.
Söylədikləri kəhanətdi sanki.
Budur, o, əlimdən tutur 
və biz 
hava qatarına otururuq:
Mən və bu körpə...
o üzdə enirik qatardan – 
kimsəsizlikdir.
 
TƏHDİD
 
Biriləri nəfəs aldığım havanı
Qarışdırmaq istəyir.
biriləri başımın üstündə
zəhərli buludları toqquşdurmaq istəyir.
 
Bütün fəsillərimi
yaşıllıqlarla birgə udmaq istəyir.
Hələ də
bir müqəddəs bazar günü
köklərimi qurutmaqla
qorxutmaq istəyir.
 
Biriləri məni təhdid etməkdən
boğulacaq bir gün...
 
İNDİ
 
İndi!
nə sabah, 
nə başqa zaman,
nə də başqa fəsildə.
 
Elə indi görülməlidi
bütün lazım olan işlər.
Sabah, 
başqa zaman,
başqa fəsildə isə
yerindəcə, 
elə oradaca edərsən hər nə var.
 
Söylə – danışacaqlarını,
uçurt, dağıt – dağıdacaqlarını,
ucaldacaqlarını qaldır başa, 
və nə qədər ki sağsan – yaşa! 
 
Bundan sonrakı günlərdə də,
və bütün ömrün boyu, beləcə,
yaşa – yaşaya bildiyin müddətdə!
Sonra nə qalır: 
heç nə edə bilməmək
və ölüm qoxusu.
 
O – SƏN OLA BİLƏRSƏN!
 
İrəlilə, yorğunluq da, üzgünlük də keçəcək.
Çoxlarından seçilməmək qorxusu da bitəcək.
Ümidsizlik, bu tərəddüd, bu yanğı
hər adamın canında var, biləsən.
Yürü, durma, irəli get,
O – sən ola bilərsən...
 
Durma!
Yoxsa uduzarsan. Bircə an da dayanma!
Güclü, soyuq yağışlarda üşüsən də, usanma.
Baxma yolun darlığına, 
Sürüşsən də, ayağa qalx yenə sən!
Durma!
Hər şey öz əlində! 
O – sən ola bilərsən!
 
QAR VƏ CANAVAR GÖZLƏRİ
 
Qışdan və bu meşənin
qurdlarından qorxma.
 
Qış – qədim, şəffaf zamanıdır dünyanın,
qurdlarsa o zamanın itləridir.
Heç birindən qorxma! 
 
Qışdan və qurdların arasından
birlikdə keçib getməliyik,
çünki sənə vəd etdiklərim
bundan sonradır yalnız.
 
Qar uçqunları olarsa yolumuzda,
bunu şərdən bilmə.
Olan olmalıdır,
əlini ver mənə.
 
Uzaq və uca təpələr, dağlar
mənim dostlarımdır.
Şam ağacları ilə 
bir ata kimi söhbət edə-edə
yol gedəcəyik gecələr.
Sahildə üç şam var, 
o üzə keçdikmi – çatmışıq.
 
Qaranlıqdan qorxma, əzizim. 
Bəyaz qar və canavar gözləri
yoldaşlıq edəcəklər bizə.
 
HƏR GÜN 
 
Gəlin qocalığa müqavimət göstərək,
ağır toz buludlarına da, 
kimyəvi tullantılara da.
Bizi təhdid edənlərin sözlərinə,
qanımızı qaraldanlara 
müqavimət göstərək.
Hər gün qara göyrüş ağacının 
yeni açmış yarpaqlarına baxaq.
Dostlarımızın dediklərini
körpə ağacların nəfəsi kimi qəbul edək.
Qoy havadakı kəskin soyuq 
və qanadı yaralı bir quş 
sızlatsın bizi.
Qoy haramızsa ağrısın!..
 
CAZİBƏ QÜVVƏSİ
 
Bəzən, 
Məsələn, elə bu gün nahardan sonra,
Cazibə qüvvəsi (başqa nə ola bilər?) 
Məni özünə elə çəkdi, elə ram etdi ki –
köləsiyəm sanki. 
Və səpələnməyim deyə boşuna,
Aldı məni ovcuna.
 
Sümüklərim müqavimət göstərməsə,
tabe olub
aşağı sürüşəcək,
bədən də düşəcək;
axıra tək duymaq qalacaq, 
və sonunda
o da
məğlub olacaq...
 
Mən
dəyanətim çatdığı qədər
dayanacam
və nəhayət, 
iradəsinə tabe olacam 
cazibənin.
 
SOYUQ
 
Elə soyuqdur ki,
Sarı panteranın xəzinə bürünmək, 
Qızınmaq istəyirəm.
 
Elə soyuqdur ki,
Odda yandırılanların
yerinə olmaq istəyirəm.
 
Bu soyuq 
sevgilimin ürəyinə də dolubdur. 
İlahi, necə soyuqdur!
 
QAR – BƏYAZ ÇİÇƏK
 
Qəhvə içib
siqaret sümürürkən
xəstəliklərimizi sağaltmağa çalışırıq.
Başqa sənətimiz olmayanda
poeziyaya bağlanırıq möhtəşəmdir deyə.
Ala-bəzək hava balonları kimi,
külək əsincə, ucalırıq göyə.
 
Mənim iş günlərimdir bazar günləri.
Bu quraqlıq dövründə yağış da unutmuş torpağı.
Yağmasa olmaz. 
Gecələr – qaynayan söz bulağı,
içdikcə doyulmaz. 
Beləcə açıram səhərimi,
qızarmış gözlərlə baxıram günəşə,
möhtərəm hakimlər kimi.
 
Qar 
yalnız qışda yağacaq ömrümə,
bəyaz çiçəklər kimi.
 
SƏRGƏRDAN
 
Kimsə tutmuş əlimdən,
Dolaşdırır ucsuz-bucaqsız yollarda.
Heç nə əvvəlki deyil,
nəğmə də nəğmə deyil 
Buralarda...
 
Olsun! 
Hər şey indiyədək olmadığı kimi olacaq!
 
İstilər düşüncə 
köksüzlər qurumağa başlayacaq.
 
PƏRİ
 
Nə zaman ki 
Duymuram heç kimi,
Unuduram soyuğu, aclığı, gəzintiləri,
Nə zaman ki 
Olmayanları istəyir könlüm – 
Həmin anlarımda gəlir O.
Sağ əlimi əsir alır qələmimin ucunadək,
Köksümü, gözlərimi, zehnimi də...
Qırışlarımda, göz yaşlarımda, 
Nəfəsimdə, kölgəmdə – hər yerdə O.
Və mən Ona aid oluram.
Onun səsi, titrəyişi, hönkürtüsü oluram.
Yazan əli oluram onun – 
Dediklərini yazan biri: 
Saf,
Sadə
Müti...
 
BOZ GEYİMLİ XANIM
 
Haradasa kölgə kimi dolaşır boz geyimli bir xanım... 
Əllərim günahkarıdır boz rəngli örpəyinin,
solmuş rənginin, kirpiklərinin,
çal saçlarının,
boz rəngli xəz kürkə bürünmüş dayaz yuxularının...
 
Haradasa kölgə kimi dolaşır boz geyimli bir xanım...
Çiynimdə izi var solğun dodaqlarının,
çətin sınaqlara qatlanmış boz dırnaqlarının,
ikrah qədər acı olurmuş sözlərinin tamı...
 
Haradasa kölgə kimi dolaşır boz geyimli bir xanım...
Nə zaman ki, boz qüvvələr sehrinə baş əyər – 
böyük bir gecə doğular boz nəfəsindən,
və boz ağaclar, boz otlar, boz kölgələr... 
 
Haradasa kölgə kimi dolaşır boz geyimli bir xanım...
İçimi bir yorğunluq hissi, bir nigaranlıq sarmış,
dünyaya can gətirmək varkən, öldürmək də varmış.
və o boz günah bütün savabları yandırıb-yaxmış!
 
KRAL DAVİD
 
Qoy toplaşsın
damarlarında mənim qanım dolaşan 
bütün övladlarım!
Qoy göz yaşları dolu kimi səpilsin
qadınların üzünə!
Qoy gəlsin mənim nəslimdən olanların
dövranı!
Qoy oğullar gəlsin dünyaya, 
Aralarında Avsalomlar[2] olsa belə.
Qoy oğullarım dan sökülməmiş gəlsinlər,
Nurlandırsınlar göy üzünü.
Avsalom da gəlsin – 
Yuxularımdakı kimi: mavi gözlü,
Tunc biləkli,
Döyüş və şimşək ətirli oğlum.
 
ƏFSANƏ
 
Gənc David
Dünyaya gəlməliydi deyə doğulmuşdu.
Bəlkə, o, Holiafa qalib gələ bilməzdi –
Holiaf özünə məğlub olmuşdu.
 
Yerdə, toz-torpaq içində
Qüruruna qurban olmuşdu o nəhəng,
Və yalnız o zaman
Ona qalib gələ bilmişdi insan!
 
YOL QEYDLƏRİ…
 
Elə bil ki səyahətdə olmuşam,
və bədənim
yollarda açmış mənə
öz sirrini... 
 
Fəqərələrim
tutuquşu dimdiyidir sanki,
onurğam boyunca
nəğmə deyir.
 
Ağ ciyərlərim  
palma meşəsiymiş kimi,
bir yaşıllıq həsrəti var içlərində,
ağladacaq qədər.
Alın sümüyüm isə
sirli bir dünyadır,
ətrafa boylanıram – 
kibernetikadır başdan-başa...
 
Qanımın hökmünə 
tabe olaraq
gəlirəm
ürəyimə doğru – 
hər zamankı nişangah
yorğundur yaman – 
vurulmuş kimi.
 
ATLAR GERİ QAYIDIR
 
Qaçır, yenə də qaçır atlar...
Və yenidən geri qayıdır – 
Yüyənləri soyuq, yəhərləri tərli...
 
Qayıdır atlar geri...
Bazar günü arxada qalmış,
Bazar ertəsi isə hələ qarşıda...
Günlər – sürüşkən pillələrdir sanki...
 
Qayıdır atlar geri...
Mənsə uzanıb küknar ağacının altında,
Torpağa qarışıram.
 
ŞAHMAT
 
Mən 
Oyundan çıxmış bir piyadayam.
Yeni bir oyunun intizarı ilə
Kənarda durub
Fit çalaraq seyr edirəm.
 
Mən 
Qurban verilməyə alışmış bir piyadayam.
Lakin şah da ola bilərəm,
Top da,
At da,
Vəzir də.
 
Mən bir piyadayam.
Digərləri oynasınlar deyə 
Kənara çəkilirəm 
Üsyansız –
Yeni oyun başlayanadək.
 
YUXUMDA GÖRDÜYÜM YER...
 
Yuxumda bir yer görürəm – 
zərif heyvanlar,
gümüş iynəli, tüklü küknarlar,
çərşənbə günü axşamçağındakı kimi mübarək səma, 
zəbur yazılarına bənzər qırışmış qayalar...
 
Qoy sular rəvan axsın yumşaq çay daşlarının üzərindən,
quşlar təəccüb etsin suların dərinliyinə,
qanımda hiss edim göylərin sərinliyini...
 
Səs-küydən, qadınlardan yorulan,
gecənin ənginliyində dizi üstə düşən,
məsləhətlərdən və dostlardan bezib, 
söz dinləməkdən və küncdə durmaqdan nifrət edən,
uşaqlıq dövrünü və dəlisov küçələri keçən – mən,
otlara qarışıb duasız, səssiz,
çiyinlərimdən azad oluram... 
Qoy adsız bürclərin birində qalsınlar...
 
XƏSTƏXANA
 
Hindu 
Özü ilə dovşan pəncəsi gəzdirdiyi kimi,
Mən də 
Nitroqliserin gəzdirməli olacağam.
 
Yataq qonşum nəbzini yoxlayır...
Xadimə həkim olmaq istəsə də,
Başı ayrı işlərə qarışmış.
Qar mənim uşaqlığımdakı kimi yağır...
Münaqişələrin mərkəzindəyəm.
İki pəncərənin ortasındakı,
İri dibçəkdəki çiçək çox xoşuma gəlir.
 
Yataq qonşum nəbzini yoxlayır...
2033-cü ilin yeni il gecəsini gözləyərkən
Bir milad nəğməsi dinləyirəm – 
Alma çiçəkləri, 
Və bayram nəqəratları ilə...
 
SAKİTLİK
 
Axşam
sirlərlə dolu bir məkanda
işıqlar dənizə dolacaq...
 
Qar dayanmadan yağarkən,
ayı yuvasındakı kimi sakitlik var ətrafda...
 
Gəl ağac kötüklərini tapdalayaraq,
əl-ələ verib
gecənin ardınca gedək,
həmişəki kimi...
 
 
[1] İncildə bitki, meyvə adı

[2] Avsalom – (Avşalom, Avessalom) kral Davidin üçüncü oğlu. Namus üstündə öz qan qardaşını öldürüb ölkədən qaçmış, sonra isə atasına qarşı üsyana qalxmışdır. Nəticədə məğlub edilərək öldürülmüşdür.