Biz imzaları yox, əsərləri dərc edirik...

Güclü olmaq alın yazımızdır – Zəminə Ziyayeva yazır
970
03 Mart 2021, 12:42
 Artkaspi.az saytı Zəminə Ziyayevanın "Güclü olmaq alın yazımızdır" adlı yazısını təqdim edir:

 Elit sözü fransız mənşəli bir sözdür. Lüğətlərdə sözün əsasən iki məna ifadə etdiyi yazılıb. Birinci mənası "bitki və heyvanların ən seçmə, ən yaxşı nüsxələri”, ikinci mənası isə "cəmiyyətin yüksək təbəqəsi”dir. Başqa bir lüğətdə bu mənanın geniş izahı verilib: Cəmiyyətin sosial strukturunda idarəçilik funksiyalarını yerinə yetirən, elmin və mədəniyyətin inkişafını təmin edən ən yuxarı təbəqə; cəmiyyətin sosial strukturunda idarəçilik funksiyalarını yerinə yetirən, elmin və mədəniyyətin inkişafını təmin edən ali təbəqə. Diqqət edilsə, elit sözünün ikinci mənası bu izahla dəqiqləşir. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, Azərbaycan dilində sözün ikinci mənası işləklik qazanmışdır. Elitar və elita da elit sözündən formalaşmış və dilimizdə özünəməxsus çalarları ifadə edir.
 Təcrid olunmuş xalq yoxdur. Millətlərin inkişafı yaşadıqları coğrafiyanın təbii relyefiylə əlaqəli olmaqla birlikdə, həm də qonşu xalqların mədəni inkişafıyla da yaxından əlaqəlidir. Qərb mədəniyyətini təmsil edən xalqların inkişaf tempi buna nümunədir. Bəs relyefi, təbii zənginliyi ilə dünyanın incilərindən biri olan Qafqaz regionu necə, dünya mədəniyyətinə nələr bəxş edib? Etnik müxtəliflik bu coğrafiyada kaloritli mədəniyyət nümunələrinin ortaya çıxmasına səbəb olmuşdur. Sahə tədqiqatçıları bu mövzuyla əlaqəli ictimaiyyətə maraqlı materiallar təqdim edə bilərlər. Anlaşılandır ki, cəmiyyət həyatında azlıq təşkil edən bir qrup onun ictimai-siyasi, mədəni inkişafında müstəsna rol oynayır. Bu qrup dövlət xadimi, yazıçı, şair, rəssam, müsiqiçi-yəni cəmiyyətin elit təbəqəsidir. Azlıqda olan bir qrupun cəmiyyətin mədəni inkişafında rolu nə qədərdirsə, inkişaf etmiş xalqların bölgə üçün əhəmiyyəti də o qədər böyükdür. Təəssüf ki, son 30 ildə Qafqaz regionunun dünya mədəniyyətinə bəxş edəcəkləri erməni faşizmiylə zədələnmiş, erməni xudbinliyi bu regionun və burda yaşayan xalqların inkişafını ləngitmişdir. 1988-ci ildə "Ermənistanı türklərdən təmizləməli”  şüarıyla ortaya atılan şovinist yanaşma bölgənin həm əhali, həm də ərazi baxımından ən böyük dövləti olan Azərbaycanın mədəni və iqtisadi həyatına zərbə vurduğu kimi, regionun da inkişafına mane olmuşdur.
 
 
 

 Soyluluq bir dəyərdir, millət üçün isə yüksək keyfiyyətdir. Mədəni cəmiyyət, mədəni bir dövlətin yaranmasında başlıca amildir. Son günlərdə Qarabağda faciələr törədən ermənilər "90-cı illərdə erməni ordusu regionda ən yüksək döyüş qabiliyyətinə malik ordu idi” deyərək Azərbaycan ordusunun qalibiyyəti qarşısında acizliklə keçmişə həsrətlərini dilə gətirirlər. 90-cı illərdə qazandıqları "qələbənin” hansı tarixi şəraitdə və necə əldə edildiyi hər iki cəmiyyət üçün də artıq sirr deyildir. O dönəmdə qüvvələr nəinki bərabər, heç qeyri-bərabər olmayıb. Azərbaycan Sovet ittifaqının tərkibindən ayrılmış və müstəqilliyini elan etmişdi. Bununla yanaşı, ölkə kütləvi bir köçlə üz-üzə idi. (1986-cı ildə axısqa türkləri, 1988-ci ildə isə Ermənistanda yaşayan azərbaycanlıların köçü gözardı edilməməlidir). Sərhədlər özünümüdafiə dəstələri tərəfindən qorunurdu.
 Ermənilərin tərif etdiyi "ən yüksək döyüş qabiliyyətinə malik ordu” 25 fevral gecəsi Xocalıya hücum etmiş, qoca-cavan, kişi-qadın, böyük-kiçik (körpə, hələ ana bətnində olan, doğulmamış uşaqlar) zalımlıqla, ədalətsizliklə, vəhşiliklə, təcavüzlə qətl edilmiş, şəhər yandırılıb viran qoyulmuş, insanların illərlə qurub-yaratdıqları talanmış, əmlakları yağmalanmış, bir gecədə yer üzündən silinmişdir. 1990-cı illərdə əldə edilən "erməni zəfəri” qeyri-bərabər döyüşdə vəhşilik və təcavüzlə qazanılan bir "qələbə” idi. Bu müharibə deyildi, mülkü insanları öz ata-baba yurdlarından köçə məcbur etməklə dünyada misli bərabəri olmayan zorlama əməliyyatı, soyqırımı idi.
 Elit təbəqə millətin güzgüsüdür. Seçilmiş, tərbiyələnmiş, bütün sahədə söz haqqına sahib təhsilli və savadlı insanlar deməkdir. Dövlətçilik fələsəfəsini quran və onu qoruyan, eyni zamanda elm və təhsil, mədəniyyət sahəsində yeniliklər edən təbəqədir. Əgər bir millətin elitası yalanı danışıb, ədalətsizliyin və zülmün yanında isə nifrətlə bəslənmiş kütlə nə etməlidir? Həm də elə bir kütlə ki, mayası qanla yoğrulub, Zori Balayanların türkə nifrət aşılayan kitablarıyla böyüyüb. Erməni faşizmi Azərbaycan xalqının qəhrəmanlığı qarşısında öz məğlubiyyətlərini gizlətmək üçün Qarabağ və Qarabağ ətrafında qətliamlar törətdi. Məqsəd türkü namusuyla qorxutmaq, gözdağı vermək idi. Ermənilər faciəni bu şəkildə xülasə etmişdir: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər”.  Beləcə,  ermənilər mülkü insanları qətl edərək bütün bir millətə düşman olduqlarını sübut etdilər. Qətliam Qarabağda yaşayan türklərə qarşı baş vermişdi, hadisənin nəticəsi isə insanlığın ən ali duyğularına yönəlmiş təcavüz idi.
 Tarixdə islamfobi, türkfobi anlayışları məqsədli bir şəkildə aparılıb. Bosniyalı müsəlmanların bilgə lideri Aliya İzzətbeqoviç Srebrenitsa faciəsindən bəhs edərkən serblərin komandiri Radko Mladiçin şəhərin viran edilmiş mənzərəsi qarşısında "Axır ki, türklərdən intiqam aldıq, onları Avropadan qovmağın vaxtı çatdı” deyərək böyük bir zövqlə var-gəl etdiyini məyusluq içində yazır. Srebrenitsa faciəsi də uzaq tarixin insanlıq dramı deyil. Çağdaş Avropanın hüquq və ədalət dediyi bir dövrdə-1990-ci illərdə baş verib. Xocalı, Qaradağlı faciəsi kimi. Yurtdaşlarına türkə nifrəti aşılayan ermənilər bu siyasəti (türkə nifrət siyasətini) dövlət ideologiyası səviyyəsinə qaldırıblar. Bitməyən bir "əzmlə” təxminən yarım əsrdən çoxdur ki, Aprel ayını "soyqırımı ayı” olaraq qeyd edir, bu hadisəni dünya arenasında tanıtdırmağa çalışır, dünyanın nəzərində türkə nifrət anlayışını məqsədli şəkildə gündəmdə saxlayırlar. Xocalı faciəsi yaxın tarixin insanlıq faciəsidir. Türkün acısı dinməyən yarasıdır.  Qələbə qazandıq. Ancaq tarixi missiya bitməyib. "Xocalıya ədalət” ədalət bərqərar olana qədər davam etməlidir.   
 Son olaraq: 20-ci əsrin ilk illərindən başlayaraq yaşadıqları ərazilərdə sayısız hesabsız vəhşiliklər törədən, insanları yurd-yuvalarından didərgin salan bu mənfur siyasət haradasa əsrin hər 10 illiyində təkrarlanmışdır. 1905-ci ildən sonra 1918-ci ildə ermənilər Azərbaycanın müxtəlif bölgələrində tarixdə nadir görülən soyqırımı hadisəsi törətmişlər.  Hər halda II Dünya müharibəsi dövründə Sovet hakimiyyətinin türk xalqlarına qarşı yürütdüyü ağlasığmaz siyasət onların duyğularını sığallamışdır ki, mənfur siyasətlərinə bir neçə il əl atmadılar. Ancaq müharibədən dərhal sonra Qərbi Azərbaycandakı soydaşlarımız köçə məcbur edildi. Beləcə, erməni faşizmi tarixin heç bir anında çirkin əməllərindən əl çəkməyib. Bura bizim əbədi yaşayacağımız bir ərazidir. Deməli, ermənilərlə qonşuluğumuz da əbədidir. Milli siyasətimiz məhz bu istiqamətdə qurulur və davam etdirilməlidir.
 Nəsillər dəyişəcək. Və biz milli-mənəvi dəyərləri daha dolğun formada gələcək nəsillərə ötürəcəyik. Çünki sonrakı nəsillərə ötürüləcək çox şey var. Qafqazı cənnətə çevirməklə yanaşı, varlığımızı göstərən mədəni  irsimizi həm qorumalı, həm də keçmişi unutmamalıyıq. Güclü olmaq alın yazımızdır!