Öz dili ilə desək, həm kod yazır, həm də yemək
bişirir. Yəni, xanımlığı öz yerində, həm də kişilərin çoxluq təşkil etdiyi İT
sahəsində çalışır. Və güclü, istədiyini əldə etməyə qadir qadındır. Çətinliklə
üzləşəndə özünə "Niyə bunu edə bilmərəm” deyə sual verir və həmişə də bir yolu
tapıldığını deyir. Müsahibimiz Almaniyada Berlin Texniki Universitetində
doktorantura təhsili alan, paralel olaraq həm də universitetdə tədqiqatçı kimi
fəaliyyət göstərən gənc azərbaycanlı xanım Günay Kazımzadədir.

– İlk olaraq elə bu
sahəyə necə gəlməyinizdən danışaq. Bu istiqamətdə ali təhsiliniz var?
– Mən 2008-2012-ci illərdə Moskva Dövlət Universitetinin
Bakı filialında tətbiqi riyaziyyat və kompüter elmləri fakültəsində təhsil
almışam. Filialın ilk məzunlarından biriyəm. Həmin təhsilim boyunca müxtəlif
proqramlaşdırma yarışlarında iştirak etmişəm. Almaniyada proqramlaşdırma üzrə
təcrübədən keçmişəm. Azercell kimi bir çox şirkətlərin İT üzrə olan tələbə
təqaüdlərinin qalibi olmuşam. O zamanlar çox aktiv şəkildə özümü inkişaf
etdirməklə məşğul idim. AİESEC adlı tələbə təşkilatında könüllü olaraq lider
vəzifədə çalışırdım. Bununla da xaricdəki təcrübələr haqqında məlumatım olurdu.
Özüm də 2011-ci ildə təcrübə proqramı vasitəsilə iki aylıq Berlinə gəldim,
proqramlaşdırma üzrə təcrübə keçdim. Sonra Azərbaycana qayıtdım, magistratura
oxumaq istəyirdim. 2012-ci ildə kompüter elmləri sahəsində Almaniyanın
magistratura üzrə DAAD və Dövlət təqaüdünü qazandım. Bonn Universitetində
kompüter elmləri üzrə təhsil almağa başladım. Dövlət xətti ilə oxuduğum üçün
2015-ci ilin yanvar ayında təhsilimi bitirib Azərbaycana qayıtdım, 3 il ölkəmizdə
çalışdım. Həm dövlət, həm də özəl sektorda fəaliyyətim oldu. 2016-cı ildən
Xəzər Universitetində və Bakı Britaniya Məktəbində kompüter elmləri və
riyaziyyat sahəsində ingilis dilində təhsil verdim. Bu il Almaniyaya qayıtdım,
hazırda doktorantura təhsilimi davam etdirirəm, paralel olaraq burada Berlin
Texniki Universitetində tədqiqatçı kimi çalışıram.
– Bu
sahədə daha çox kişiləri görürük. İT-yə gələndən sonra heç düşünmüsünüzmü ki,
hansı səbəblərə görə burda kişilər üstünlük təşkil edir?
– Ümumiyyətlə,
bütün dünyada texniki sahələrdə lider mövqelərdə qadınların yeri azdır. Qadın
həmişə seçim etməlidir: ailə, ya karyera? Həm yaxşı vəzifədə çalışıb, həm də
yaxşı ailə sahibi olmaq kişi üçün normal haldır, amma qadınlarda bu, heç də
asanlıqla alınmır. Həm yaxşı ailən olsun, həm də işə çox vaxt ayıra biləsən,
bu, bir az da çətindir. Belə bir stereotip var ki, qadın ikisindən birinə daha
çox üstünlük verməlidir. İT elədir ki, daim özünü inkişaf etdirməlisən. Çünki
hər saniyə nə isə dəyişir. Sən dəyişikliklərin arxasınca qaçmasan, geridə
qalarsan. Bəzən bu, insanı yora da bilir, amma insan sevdiyi işlə məşğul
olursa, yorğunluq tez keçir.
Demirəm ki, bütün qadınlar İT-də, ya hansısa vəzifədə
olmalıdır. Amma insan bunu istəyirsə, ikisini bir araya gətirə bilər.
Onu da deyim ki, bu yanaşma dəyişməyə doğru gedir.
Mən Azərbaycanda olduğum müddətdə iki layihə üzərində çalışırdım. Biri
"WoWoman: Tech-tech” xanım layihəsi idi. Layihə xanımların İT-yə marağının
artırılması ilə bağlı idi. 3 il ərzində biz 3000-dən çox xanımı İT-yə yönəldə
bildik. Onlara təlimlər, treninqlər təşkil etdik. İş, təhsil baxımından
köməklik etdik. İkinci layihə isə uşaqların proqramlaşdırmaya marağının artırılması
ilə bağlı idi. Azercell Barama İnnovasiyalar Mərkəzi və Paşa Bankın sponsorluğu
ilə 9-16 yaşlılar üçün 2 İT Yay Məktəbi təşkil etdik. Bu, tək bizim problemimiz
deyil, dünyada da bu proses gedir, həlli üçün də mübarizə aparılır.
– Bir müsahibənizdə
oxumuşdum. Orda başlıq diqqətimi çəkdi. Deyirsiniz ki, qadın bir əli ilə yemək
bişirib, o biri əli ilə kod yaza bilər. Kod yazırsınız, bəs yemək bişirmək
necə?
– Əlbəttə, bişirirəm. Əsas da Azərbaycan mətbəxinin
nümunələrini. Alman mətbəxi öz yeməklərimizə çata bilməz.
– Düzdür,
nailiyyətlər var, amma burda addımlamaq yəqin ki, heç də sizə asan başa
gəlməyib. Bu yerə gələnə qədər olan prosesləri necə xatırlayırsınız?
– Uşaq vaxtı şahmata, musiqi məktəbinə getmişəm.
Valideynlərim həmişə bizim üzərimizə təhsil baxımından böyük investisiyalar
qoymağa çalışıblar. Həmişə nəyəsə nail olmaq hissi ilə yaşamışam. MDU-ya qəbul
olanda mən Azərbaycan dilli məktəbi bitirmişdim və rus dilində təhsilə
başladım. Buna görə ilk vaxtlar mənim üçün çox çətin idi. Yuxusuz gecələrə
gətirib çıxarırdı. MDU-nun reytinqi çox şeydən xəbər verir. Tətbiqi riyaziyyat
fakültəsində oxumaq da çox çətin idi. Bütün istədiklərimə nail olmaq heç də
asan başa gəlməyib. Bəzən insanlar "bəxti gətirib” filan deyirlər, amma bəxt
bir yerə qədər insana kömək edir. Gərək insanın içində təhsilə, elmə sevgi
olsun. Şükürlər olsun ki, valideynlərim bunu məndə yaradıblar. İT sahəsində
qadının çalışması çox çətindir. Çünki kişilər bir çalışırsa, siz 10
etməlisiniz. Dediyim o sosial basqı, stereotiplər olduğu üçün insan özünü
təsdiq etmək istəyi hiss edir. Düzdür, bu, heç də doğru yanaşma deyil, amma
yenə də çox çalışmaq lazımdır. Bir şeyə nail olmaq üçün insanın içində istək
olmalıdır. Nəsəyə nail olanların içində nəyəsə nail olmaq ehtirası, hissi güclü
olur. Məndə də bu hiss var.
Bu nailiyyətlərin kölgəsində çox məğlubiyyətlərim
olub, amma onlar mənə irəli getməyə kömək edib. Həyat onsuz da çətinliklərlə
doludur, nəyəsə nail olmaq istəyirsənsə, mütləq bunları keçəcəksən.
Bir də məni dəstəkləyən ailəm, mentorlarım,
dostlarım, əlaqələrim olub. Onlar olmasaydı, çətinliklərə sinə gərmək daha
çətin olardı.
– Magistratura
təhsilini də Almaniyada almısınız, doktorantura üçün də ora getmisiniz. Artıq
orda əlaqələr olduğu üçün seçim bu ölkə olur, yoxsa başqa səbəblər də var?
– Əlaqələrin də rolu var. Mən əslində, doktorantura
təhsili üçün müxtəlif ölkələrə müraciət etmişdim. Avstriyadan da təklif
gəlmişdi, amma Almaniyadan daha çox təklif gəldi. Münhen, Drezden və Berlindən
gəldi. Mən Berlini seçdim. 7 il əvvəl təcrübə keçdiyim zaman burda yaşamışam.
Berlin mənə daha doğmadır. Doktorantura təhsilimə yeni başlamışam, Berlin çox
böyük şəhərdir, hər ölkədən insan var.
– Gələcəkdə orda
qalıb çalışmaq fikriniz var?
– 3 il sonra nə olacağını bilmirəm, təklifləri dəyərləndirib vətənimə də qayıda,
yaxud Avropada da qala bilərəm. Zaman göstərəcək.
– Realda söhbət edəndə
sakit təbiətli təəssüratı yaradırsınız, amma söhbət karyera məsələsinə gələndə
içinizdə irəli getmək kimi bir böyük istək, türklər demiş hırs olduğu hiss
olunur. Bəlkə bir az da bundan danışaq...
– Yaxınlarım, dostlarım da bunu deyir. Şəxsi
həyatda çox sakit təbiətli biriyəm. Amma nəyəsə nail olmaq istəyəndə içimdən
elə bil başqa biri çıxır. Buna görə özümü çox şanslı hiss edirəm. Məsələn,
çalışqanlıq, məntiqi düşüncədən başqa, bu hiss də mənə çox zaman kömək olub,
vaz keçməməyə sövq edib. Həmişə özümə sual vermişəm: Niyə də yox? Niyə bunu edə
bilmərəm? Həmişə bir yolu tapılır.
– Almanlardan
danışaq. Onları soyuq təbiətli adlandırırlar. Belə bir mühitə uyğunlaşmaq
problemi olmur? İş mühitində rahatlıqla qəbul edirlərmi?
– Əslində, almanlarla işləmək çox maraqlıdır. Həm
Azərbaycan, həm də Almaniyada işləmişəm deyə, müqayisə edə bilirəm. Hər
mədəniyyətin öz işləmə prinsip və qanunları var. Biri digərindən yaxşı, ya
pisdir deyə bir şey yoxdur. Sadəcə, hər mədəniyyətin öz dəyərləri, işləmə strukturu
var. Almanlar intizamlı və dəqiqdirlər, soyuqluqları özlərinə
fokuslanmaqlarından irəli gəlir. Heç zaman işinizə qarışmazlar və həmişə
anlayışla qarşılayarlar, amma səhv etdiyiniz zaman bu, tam sizin məsuliyyətiniz
olur (Gülür – A.Asimqızı). Mənə həm Azərbaycanda, həm də burda işləmək xoşdur.
Çünki əsas insanlarla dil tapa bilmək, pozitiv münasibət qura bilməkdir. Necə
deyərlər, hər yerin yaxşısı da var, pisi də.
– İş var, bəs siz
necə işləyirsiniz?
– Gərginliyi sevmirəm. Görüləcək işlərimi
prioritetlərə görə bölürəm və ən çətin işdən başlayıram. İşləri sadələşdirmə
metodu ilə görürəm ki, gərginləşməyim. Bu prinsip əslində, hər şeyə aiddir. Ən
çətin və tez həll olunması gərəkən işləri belə kiçik punktlara bölüb həll
etməyə çalışıram ki, mənə böyük görünməsin. Beynimizi belə aldatmaq mümkündür,
amma hərdən saatlarla dayanmadan işlədiyim də olur.
– Gəlirdən danışaq?
– Tədqiqatçıları ən son maraqlandıran mövzu
(Gülür).

– Siz ümumiyyətlə,
daha çox elmi tərəfə yönəlməyə maraqlısınız?
– Hazırda prioritet insanlara faydası dəyəcək
araşdırmalar etməkdir. Bizim institut süni intellekt və onun insanlar və
sosiuma olan təsirini araşdırır. Mənə də hazırda çox maraqlı olan mövzudur.
– Bizdə İT-nin
araşdırma sektorunda xanımlar var?
– Azərbaycanda tədqiqatçı xanımlar çoxdur.
– Amma nədənsə
tanınmırlar, üzdə deyillər...
– Təəssüf ki o tədqiqatlarla insanlar arasında
böyük uçurum var. Tədqiqat cəmiyyət üçün edilir. Bəlkə də, cümlələrim bir az
böyük çıxacaq, amma Azərbaycanda aparılan tədqiqatların çoxu sadəcə olaraq
vərəq üçün nəzərdə tutulub, cəmiyyət üçün deyil. Düzdür, bizim Lütfizadə kimi
dünya şöhrətli tədqiqatçılarımız olub. Tədqiqat, biznes və cəmiyyət. Əslində 3
sektor bir yerdə inkişaf etməlidir. Çox ümid edirəm ki bu cəhətdən də inkişaf
edəcəyik, hazırda dövlət tərəfindən buna böyük investisiyalar yatırılıb, ümid
edirəm ki bəhrəsini verəcək.
– 10
aydır ki, Almaniyadasınız. Bu müddətdə nələr etmisiniz?
– 7 ay ərzində "Oracle”, "Talant.io” kimi
şirkətlərdə, "Falling Walls” yarışmasında çıxış etdim, Almaniyanın ən böyük digital
konfransına dəvət aldım və şirkət rəhbərləri ilə görüşüm oldu. Bundan sonra
"Google”un sponsorluq etdiyi 2 konfransda spiker kimi çıxış edəcəm. Bunun üçün
"Google” mənə təqaüd ayırdı. Statistikadan xəbərim olmasa da, "Google”un
təqaüdünü qazanan azərbaycanlı xanım olmaq hissi insana böyük motivasiya verir.
Noyabrda Amsterdamda "European Women in Technology” (Avropa Qadınları
Texnologiyada) konfransında süni intellekt haqqında çıxış edən yeganə
azərbaycanlı xanım idim. Dekabrda Berlində Avropanın ən böyük təhsil
konfransında süni intellekt üzrə çıxış etdim və tədqiqatlarım cəmiyyətə təqdim
olundu. Bununla yanaşı, dekabrın 1-i Humbolt Universitetinin təşkil etdiyi TEDx
tədbirində süni intellekt mövzusunda çıxış etdim. Gələn həftə "Süni intellekt ailə”
seminarı üçün Bakıya gəlirəm. Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının
dəstəyi ilə baş tutacaq seminarda uşaqlar və valideynlər birlikdə süni
intellekt mövzusu ilə yaxın tanış olacaqlar.
Söhbətləşdi: Aygün Asimqızı