Biz imzaları yox, əsərləri dərc edirik...

“Gilavar” Azərbaycan Foto Klubunun “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihəsi
83
09 Aprel 2020, 15:44
 Cari ilin yanvar ayından etibarən "Gilavar” Azərbaycan Foto Klubu Mədəniyyət Nazirliyinin təsisçiliyi ilə yeni adla nəşr olunan "Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalı ilə birgə yeni rubrikaya start verib.
 AZƏTAC xəbər verir ki, "Həmkarlarımız” adlanan rubrikada Azərbaycan foto sənətinin inkişafına töhfə verən, çəkdikləri fotolarla tarix yazan, Azərbaycanı xarici ölkələrdə və beynəlxalq fotomüsabiqələrdə təmsil edən fotoqraflar və fotomüxbirlərlə söhbətlər yer alacaq. Eyni zamanda, onların qazandıqları nailiyyətlər, onlara uğur gətirən fotolar, fotoqraf həmkarlarına tövsiyələr də oxuculara çatdırılacaq. Dərginin ilk nömrəsində jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva "Gilavar” Azərbaycan Foto Klubunun həmsədrləri Dilavər Nəcəfov və Rəşad Mehdiyev ilə həmsöhbət olub.
 
 Söhbət zamanı klubun gördüyü işlər və layihələr, fotoqrafların beynəlxalq fotomüsabiqələrdə əldə etdiyi nailiyyətlər, eləcə də onların statistikası barədə ətraflı məlumat verilib.
 Qeyd edək ki, "Gilavar” Azərbaycan Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.