Biz imzaları yox, əsərləri dərc edirik...

Geriyə baxmaq anı – Ziyadxan Əliyev yazır
2344
15 Yanvar 2020, 08:48
 Artkaspi.az saytı Ziyadxan Əliyevin yazısını təqdim edir:
 
 Əməkdar rəssam Natiq Fərəcullazadənin yubiley portreti
 
 Bir həqiqətdir ki, sənətdə müəyyən uğur qazanmaq və hansısa iz qoymaq üçün yaş məhdudiyyəti müəyyən olunmayıb. Çoxəsrlik incəsənət tarixini vərəqləsək, onda müxtəlif yaradıcıların onları əbədiyyətə qovuşduran uğurlarını bəzən gənc, bəzən də  kamillik dövrlərində qazandıqlarını görərik. Bununla belə, taleyini sənətə bağlayanların adətən 20-30 illik səmərəli fəaliyyətdən sonra arxaya baxıb, yaratdıqlarını bütün mənalarda dəyərləndirilməsi təbii qəbul olunur. Bu mənada bu günlərdə anadan olmasının 60 illiyi qeyd olunacaq Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Fərəcullazadə üçün özünə "bədii güzgü” tutmaq anının yetişdiyini təbii sayırıq. Sərtliyi və barışmazlığı ilə çoxlarını "qorxudan” həmin "bədii  güzgü”də görünənləri dəyərləndirməyi isə biz öhdəmizə götürürük...
 
 

   Tanışlıq üçün deyək ki, Bakıda dünyaya göz açan Natiq Fərəcüllazadə ixtisas təhsilini əvvəlcə paytaxtdakı məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda almışdır. Təhsilsonrası müxtəlif yerli və beynəlxalq sərgilərdə uğurlu iştirakı baş tutmuşdur. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə 2018-ci ildə "Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür.
 
 

  Etiraf edək ki, on il əvvəl – 2010-cu ildə V.Səmədova adına salonda təşkil olunan və anadan olmasının 50 illiyinə həsr edilmiş fərdi sərgisi ilə müasir Azərbaycan təsviri sənətində xüsusi yer tutduğunu təsdiqləyən Natiq Fərəcullazadənin çoxşaxəli yaradıcılığı sənət xiridarlarına yaxşı tanışdır. Bu gün onun istedadlı və özünəməxsus rəngkar, həm də heraldika ustası kimi tanınması da onun bədii irsinin kifayət qədər ictimailəşməsinin və təqdir olunmasının  nəticəsidir. 
 
 

  Bu deyilənlərə onu əlavə edək ki, onun yaradıcılığı mövzu və janr baxımından kifayət qədər müxtəlifdir. Diqqət çəkən isə rəssamın bu rəngarəng bədii tutumun hər səhifəsinə özünəməxsus münasibət göstərə bilməsidir. Odur ki, onun hamıya məlum olan tarixi hadisələrə və məkanlara, tanınmış şəxsiyyətlərə və əşyalara bədii-tarixi yanaşması hər dəfə maraqla qarşılanmaqdadır.
  Natiq Fərəcullazadənin rəngkarlıq irsi bütün mənalarda maraq doğurur. İlk növbədə müəllifin xalqımızın uzaq-yaxın keçmişinə müraciətlərinin nəticələri diqqət çəkir. "Türkmənçay”, "Şəmkir yaxınlığında döyüş”, ”Xudafərin”, "Qanlı Yanvar”, "Şah İsmayıl Xətai” və s. əsərlərində onun məkana və hadisələrə, taleyüklü hadisələrin yükünü daşıyanlara bədii-obrazlı baxışlar həm də düşündürücü-fəlsəfi tutuma bələndiyindən görünənlər kifayət qədər mənalı və yaddaqalandırlar.
 
 

  Rəssamın tariximizin bədiiləşdirilməsinə yönəli əsərlərində zamanında yaşananların obrazlı-bədii, çoxqatlı tutumda təqdimatı, həm də onların müəllifinin təxəyyül gücünü əyaniləşdirməyə xidmət edir. Onun Azərbaycanın faktiki olaraq bölünməsini şərtləndirən Türkmənçay müqaviləsinin (1828) mahiyyətini açıqlayan əsəri rəmzi-düşündürücü təqdimatı ilə diqqət çəkir. O, üfüqi kompozisiyada bədii təzadlardan məntiqlə istifadə etməklə Rusiya ilə İran arasında bağlanan bu müqavilənin reallıqda bir milləti iki yerə parçaladığını təsirli şəkildə ifadə etməyə nail olmuşdur. Bu azdetallı kətan səthinin iki – "yandırıcı” rəngə bölünməsi, bədəni iki hissəyə bölməyə hazırlaşan bədxah qılıncının həsrətyaradıcı görüntüsü kifayət qədər cəlbedicidir. Bölünən bədənə ağı kimi qəbul olunan və zamansızlığa qovuşduğunu təsdiqləyən bu əsərin düşündürücülüyü də birmənalıdır...
  Natiq Fərəcullazadənin "Xudafərin” tablosunu, əslində, "Xudafərin”in davamı hesab etmək olar. Belə ki, zamanında iki sahili birləşdirən tarixi körpünün bu gün ayrılıq rəmzinə çevrilməsi məhz 1828-ci ildən sonra baş vermişdi. Odur ki, əsərdə çoxtağlı qədim memarlıq tikintisinin ifadəli görüntüsü nə qədər qürurdoğurucudursa, körpü üzərində sıralanan xilaskar qoşunu əsarətə almağa hazır olan yuxarıdan asılmış torun yaratdığı həsrət-ayrılıq hissləri yaratması duyulandır...
 
 

  Rəssamın təqdimatında Şah İsmayıl Xətainin portreti də kifayət qədər düşündürücüdür. Hakimiyyəti dövründə həyatını Azərbaycan torpaqlarının bütövlüyü, ana dilimizin təmizliyi uğrunda mübarizəyə həsr etmiş sərkərdə-şairin obrazı nə qədər nikbin boyalarla işlənsə də, daxili yaşantıları pozasında və üz cizgilərində hiss olunan hökmdarın baxışlarında onun narahatlığı duyulmaqdadır...
  Natiq Fərəcullazadənin qan yaddaşımızda əbədi yer tutmuş 20 yanvar hadisələrinə yaradıcı-vətəndaş münasibətində onun bədii təxəyyülünü əvvəlkilərdən çox fərqli bədii tutumda görürük. Qənaətimizcə, rəssamın ifadə tərzinin mücərrədləşməsi, bir qədər də məşhur Pikasso "Gernika”sı  ilə doğmalaşması-onunla anım yaratması təbiidir. Belə ki, hər iki əsərdə insanlığa qarşı törədilmiş çox dəhşətli faciəyə münasibət öz əksini tapmışdır. Odur ki, onun  "Qanlı Yanvar”inda  paralanmış insan əzaları, həyəcandoğurucu müxtəlif detallar qırılmış talelərin ümumiləşdirilmiş obrazı kimi cəlbedicidir. Elə bədii vasitələrdə qabarıq görünən ekspressiya da faciənin təsirliliyinin yaddaqalan təsvirinə xidmət edir... 
  Bütünlükdə tarixi mövzuda əsər yaratmağın elə də asan olmadığını vurğulamaqla,  rəssamın digər mövzu və janrlarda çəkdiyi əsərlərdə də onun bədii təxəyyülünün özünəməxsus estetikaya malik olduğunu qeyd etmək lazımdır. Onun "Abşeron qadınları”, "Novruzda”, "Yumurta döyüşdürənlər”, "Muğam”, "Söhbət”, "Güləş”, "Yağışlı gün”, "Uzaq sahillərdə”, "Əbədi payız”, "Səhər”, "Kitabxanaçı”, "Sevgi”, "Ruhlara dua”, "Güzgü”, "İstedad”, "Meyvələr”, "Güllər” və s. əsərləri bu qəbildəndir. Bu lövhələrin önəmli xüsusiyyəti onların tamaşaçıda ovqat yaratmaq gücünə malik olmalarıdır. Rəssamın bu vacib estetikanı kolorit özünəməxsusluğu ilə yaratması da hər bir əsərdə duyulmaqdadır. Əsərlərindəki ifadəli siluet, kolorit şuxluğu və məntiqli stilizələr isə onun qədim milli ənənələrdən yaradıcılıqla faydalanmasının nəticələridir. 
  Çox vaxt rəssamların rəsmetmə çatışmazlığını rəng və yaxıların hesabına ört-basdır edənlərdən fərqli olaraq Natiq Fərəcullazadə əksinə, kətandakı müxtəlif səthlər arasındakı sahələri duyulası dəqiqliklə göstərməyə çalışır. Onun dəsti-xəttini səciyyələndirən qrafik icra mədəniyyətindən rəngkarlıq tablolarında uğurla istifadə edən müəllif, bununla da əsərlərinə bədii aydınlıq verir və onları tamaşaçı üçün dolğun estetik qaynağa çevirir, desək, yanılmarıq...
 
 

  Onun ifadə tərzindəki bu bədii dəqiqlik sənətkar kamilliyinin göstəricisi kimi onun müstəqillik dövründə yaratdığı çoxsaylı heraldika nümunələrində də özünü nümayiş etdirmişdir. Bu gün o, Azərbaycanın bir sıra orden və medallarının eskiz müəllifi kimi tanınır. Bu mənada onun hazırladığı "Əsrin müqaviləsi - 20 il", "Naxçıvan Muxtar Respublikasının 90 illiyi", "TANAP" xatirə-pul nişanlarının, I Avropa Oyunlarının xatirə medalının, Üzeyir Hacıbəylinin 130 illik yubiley medalının, Nizami Gəncəvi medalının, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalının, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının, "Rəşadət" ordeninin, "Şücaətə görə" medalının və başqa heraldika nümunələrin adını çəkmək olar. 
  Sonda demək lazımdır ki, Natiq Fərəcullazadənin yaradıcılığı Azərbaycanla yanaşı, qardaş Türkiyədə də  kifayət qədər tanınandır. Müstəqillik illərində bir müddət Türkiyədə fəaliyyət göstərən rəssam 2003-cü ildə ölkənin paytaxtı Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın tərtibatında yaxından iştirak etmişdir. Onun burada ərsəyə gətirdiyi bədii kompozisiyalar bu məkanda yüksək icra sənətkarlığı ilə diqqət çəkir.  Rəssamın elə həmin  şəhərdə yerləşən "Şeraton" mehmanxanasında yaratdığı  relyefli dekorativ kompozisiyası da cəlbedici monumental sənət nümunəsi kimi ziyarətçilər tərəfindən maraqla qarşılanmaqdadır...  
 
 

Xəbər lenti