Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası
haqqında
Rəssamlarımızın
müxtəlif nəsillərinin müstəqillik illəri yaradıcılığında üslub və ifadə
rəngarəngliyinə meyl nə qədər qabarıq görünsə də, ötəriliyi hər an duyulan
"müasirlik”lə əbədiliyi danılmaz olan realizmin mübarizəsində hələ də ikincinin
tamaşaçısını cəlb etmək, onu duyğulandırmaq gücündə olduğu aydın görünməkdədir.
Realizmə sadiqliyin ifadəsində bu üsluba tapınanların onun estetikasını bütün
mənalarda zənginləşdirməyə meylli olmalarının nəticəsidir ki, ərsəyə gətirilən
və dünyamıza gerçəkçi baxışın nəticələri olan bu əsərlərdə həyatda bu vaxta
kimi görə bilmədiyimiz gözəllik işartılarının üzə çıxarılmasını və bədii-mənəvi
dəyərə çevrilməsini görürük. Belə yaradıcılardan biri Azərbaycan Rəssamlar
İttifaqını üzvü, tanınmış rəngkar Əli İsmayıldır.

Tanışlıq
üçün deyək ki, Əli İsmayıl (Əli İsmayıl oğlu Əliyev) Qərbi Azərbaycanın
Basarkeçər rayonunda (1960) dünyaya göz açmışdır. İxtisas təhsilini əvvəlcə
Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1977-1983), sonra isə
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1983-1989) almışdır.
Əvvəlcə E.Tahirov və R.Əsədullayevdən, sonra isə T.Şıxəliyev, R.Hüseynov,
Ə.Verdiyev, T.Kazımov və B.Qasımxanlıdan peşəsinin sirlərini öyrənmişdir.
1989-cu ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır.
Onun zənginliyi ilə seçilən yaradıcılıq
axtarışlarında tapındığı bədii üslubu konkretləşdirməli olsaq, onda görünənlərə
nəzərən bunun məhdud çərçivə daxilində qalmayıb, gerçəkçilikdən duyğulandırıcı
romantizmə qədər uzandığını söyləyə bilərik. Bununla belə onun hər hansı "izm”
çərçivəsində qaldığını söyləməkdən uzaq olmaqla, əsərlərində reallığa bələnən
görüntülərə daha çox poetik-romantik don geydirilməsinə şahidlik edildiyini
deməliyik...

Əli
İsmayılın yaradıcılığında janr rəngarəngliyi duyulan olsa da, onun özünüifadəni
sona qədər reallaşdıra bildiyi sahə mənzərədir, desək, yanılmarıq. Müəllifin
müxtəlif illərdə çəkdiyi bu mənzərələrdə rəssamın həyatda gördüklərinin dəqiq
əksi də var, çoxqatlı müəllif duyğularından süzülüb gələn yaşantıların
lirik-poetik təfsiri də... Rəssam təxəyyülü bizi onun doğulduğu Aşıq Ələsgər
yurduna – Göyçəyə qaytarmaq gücünə malik olduğu kimi, arzu qanadlarında
Kəpəzin, Beşbarmağın, Xızının və Bakının özünəməxsus gözəlliyinin seyrinə
aparmaq iqtidarındadır. Odur ki, həmin ünvanların bədiiləşdirildiyi tablolarda
yurd itkisinin şərtləndirdiyi nisgil də var, doğma yurdun əsrarəngiz təbiətinin
aşıladığı gözəllik duyğuları da... Başqa sözlə desək, bu fərqli ovqatın
bədiiləşdirilməsində rəssamın yardımçısı olan rənglərə duyulası inam da var,
yeri gələndə itkilərlə barışmazlığın ifadəsi olan "inamsızlıq”da...
Rəssamın
janrları qoşalaşdırmaqla əsərin təsirliliyini daha da artırmaq istəyini "Göyçə
gölü” (1986) və "Qoca dağ” (2016) tablolarında görmək mümkündür. Bir-birindən
iyirmi il fərqlə ərsəyə gətirilən bu mənzərə-natürmortlarda təbiətlə onun
nemətlərinin vəhdətində hifz olunan estetik tutumda heyrət də var, həsrət də.. Bunlar
əslində keçmişi xatirələrinə köçürən, gələcəyi isə xəyallarında gəzdirməyi
bacaran bir yaradıcının bədii yaşantılarıdır, desək, yanılmarıq. Yurdun
bədiiləşmiş bu görüntülərində rəssam tamaşaçılarını inandırır ki, insan
gələcəyə öz keçmişinin çiynində gedir və bununla onlara xatırladır ki, bu
həqiqətin unutqanlığa bələnməsi də manqurtluğa yol açır. Yurd itkisindən əvvəl
- Göyçədən Göyçəyə baxışın nəticəsində görüntüyə alınan tabloda göl fonunda
təsvir olunanlarda mövcud olan nikbinlikdən heyrətləndirmək hissi nə qədər
güclüdürsə, Bakıdan Göyçəyə zillənən baxışlarda duyulası və üzüntülü bir həsrət
mövcuddur. Bununla belə müəllif ifadə etdiyi bu təzadin üzərindən Yaradanın
"Qalmaz belə, qalmaz dünya!” çətirini asdığına da inandığını ətrafındakılara
xatırlatmaq istəyir...

İç
dünyasının naməlum qatlarını ilhamı ilə işıqlandıran rəssam zaman-zaman
gəzib-gördüyü yerlərin bədii obrazını yaratmağa çalışıb. Maraqlısı Əli
İsmayılın bir çox hallarda olduğu kimi, obrazlılığı ideallaşdırmaqda
axtarmayıb, elə qabarıq görünənlərin hesabına təbiət motivlərini heyrət
qaynağına çevirə bilməsidir. Qənaətimizcə, realizmin poetik qatını özünəməxsus
təfsir etməyin nəticəsində müəllif çoxlarının gözündə adiləşən təbiət
motivlərini qürurverici obraza çevirə bilib. Onların bədii həllindəki duyulası
dəqiqlikdən nisbi ümumiləşdirməyə qədər uzanan evolyusiyası da rəssamın
gerçəkliyə və sənətə münasibətindəki dəyişikliklərlə bağlı olmuşdur, desək,
həqiqəti söyləmiş olarıq.
Əli
İsmayılın mənzərədən sonra daha çox müraciət etdiyi natürmort janrıdır, desək,
yanılmarıq. Rəssamın natürmortları üçün seçdiyi atribut və detalların
sayagəlməzliyi də ilk növbədə onun həmin əşyalarla təmas qurmaq istəyinin
göstəricisidir. Bu ünsiyyət dolayısı həm də onun özünün iç dünyasının əksidir.
Qədim mis və saxsı qablardan tutmuş müxtəlif meyvə və gül-çiçəyi əhatə edən
əşyalar məcmusu əslində, müəllifin zövqünün necəliyinin, cansız saydığımız
"əşyalar dünyası”na məna-məzmun daşıyıcısı axtarışına səyahətinin ifadəsidir.
Belə ki, avropalılardan fərqli olaraq kompozisiyaya daxil etdiyi əşyaları "ölü
və cansız”lıqdan çıxarmağa səy göstərən Əli İsmayıl əsərlərində onlarla dialoq
qurmağa iddialıdır. Odur ki, Göyçə gölünün və Qoca dağın, eləcə də Xızı
mənzərəsinin fonundakı müxtəlif formalı və funksiyalı əşyalar dialoqa hazır,
bir çox hallarda isə suallı görünürlər.

Qənaətimizcə,
yaradıcılığında süjetli tabloların yoxluğu qarşılığında, onun ərsəyə gətirdiyi
natürmort - mənzərələr məna – məzmun tutumuna görə başqa janrlardan heç də geri
qalan deyildir. Onun təkcə məşhur Göyçə gölünə həsr etdiyi iriölçülü
kompozisiyalarda poetikadan dramatikliyə qədər uzanan fəlsəfi-düşündürücü məna
daşıyıcılığı, təsirli psixoloji yaşantı məcmusu mövcuddur. Rəssamın fəlsəfi
tutumlu "Vətən.1988” (2002) tablosunda Göyçə sahillərinin yerli
azərbaycanlıların dədə-baba yurdunda tuş gəldikləri faciəyə şahidlik etdiyinə
bədii işarə mövcuddur. Qədim Azərbaycan xalçasının üzərindəki çevrilmiş kasanın
və səpələnmiş almaların ritmində bu həyəcanın obrazlı-fəlsəfi bədii şərhini
görmək mümkündür...
Rəssamın
"Pəncərə” (1984) adlı süjetli kompozisiyasında, eləcə də yağlı boya və qrafik
vasitələlərlə çəkdiyi portretlərdə ("Anam”, 1981; "Avtoportret”, 1982; "Elmibəy”,
1982; ”Lamiyə”, 1986; "Faiq”, 1986; "Xalidə”, 1981) onun insan psixologiyasına
nüfuzetmə bacarığı duyulur. Bu əsərlər say etibarilə digər janrlı lövhələrlə
rəqabət aparmaq gücündə olmasalar da, müəllifin gerçəkliyə fərqli münasibətinin
daşıyıcısı kimi yadda qalırlar.
Tablolarının
gerçəkləşməsini şərtləndirən rəng qatının rəssam tərəfindən incə və sakit
tutumlu yaxılarla gerçəkləşməsi də onun bir qərinəni əhatə edən yaradıcılığında
fərdi dəst-xətt göstəricisinin səciyyəvi xüsusiyyətidir. Bu mənada əsərlərində
qabarıq görünən rəng qatını şərtləndirən yaxılar da müəllifin iç dünyasından
qaynaqlanan duyğulara müvafiqdir. Odur ki, süni pafosdan uzaq olan belə mənzərə
və natürmortlarda bədii münasibətin vurğuladığımız tutumda olması da təbii
qəbul olunur.

Bütünlükdə
Əli İsmayılın yaradıcılığını ilhamı gerçəklikdən qaynaqlanan bir yaradıcının
gördüklərinin və təxəyyülünün nəticəsi saymaq olar. Elə müxtəlif janrlı əsərlərində
motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər
fərqli, bədii stilizədən keçirilmiş, obrazlı biçimdə və poetik tutumda
təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında
müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus
yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün
bunları isə həmişə axtarışlarla yaşayan Əli İsmayılın sənət uğuru saymaq
mümkündür...
Ziyadxan
Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru