Artkaspi.az saytı Ziyadxan Əliyevin "Rəngkar Namidar Əliyevin bədii axtarışları haqqında" adlı adlı yazısını təqdim edir:
Azərbaycan təsviri sənətinin müstəqilliyimizi əhatə
edən inkişaf mərhələsinin yeni adlarla zənginləşməsi
danılmazdır. Bu yaradıcıların mövzu, üslub və ifadə axtarışlarında həm illərlə
formalaşan bədii ənənələri qorumağa çalışanlar da var, az qala kanon şəklini
almış müxtəlif bədii cərəyanlara fərqli-özünəməxsus münasibət göstərənlər də...
Tanınmış fırça ustası Namidar Əliyev onların arasında ənənəyə sadiqliyi ilə
seçilir...
Rəssamın bir qərinəni əhatə edən yaradıcılığı ilə
tanışlıq göstərir ki, onun bir rəngkar kimi sərgilədiyi bu sadiqlik heç də
olub-keçənlərin "soyuq-quru” təkrarı olmayıb, daha etibarlı hesab etdiyi
realist-gerçəkçi bədii bünövrənin üzərində özünəməxsusluğu danılmaz olan estetik keyfiyyətlər nümayiş etdirməkdən ibarətdir.

İlk baxışda çoxlarına adi hesab oluna biləcək bu
yanaşma, əslində, onu yaşamağa hazırlaşanlardan görünənlərə daha diqqətli
münasibət tələb edir. Belə ki, əsl, daha dəqiq desək, obyektə-motivə yaradıcı
yanaşma yalnız o zaman baş tutur ki, rəssam görünənlərdə bu vaxta kimi
başqalarının görə və yaxud duya bilmədiyi gözəllik qaynaqlarını üzə çıxara və
onlara estetik tutum verə bilir. Namidar Əliyevin yaradıcılığı məhz bu
cürdür...
Onun bədii irsində janr məhdudiyyəti o qədər ciddi
duyulmasa da, daha çox sərgilərdə çəkdiyi mənzərə və natürmortlarla iştirak
etdiyi danılmazdır. Bu janrlar ənənəvi olaraq süjetli tablo və portretlə
müqayisədə "ikinci-üçüncü dərəcəli” hesab olunsalar da, onların yaradılma
estetikasına bələd olanlar üçün həmin janrlar tam ciddi hesab olunur. Başqa
sözlə desək, mənzərə və natürmortla da uğur qazanmaq, yaradıcı "mən”ini təsdiqləmək
olar. Necə ki, vaxtilə bunu dahi Səttar Bəhlulzadə etmişdi...

Bu mənada Namidar Əliyevin rəngkarlıq sənəti məkanında
o qədər də iddialı olmadığını vurğulamaqla yanaşı, bu vaxta qədər gerçəkləşdirdiyi
hiss və duyğularının qarşılığında onun axtarışlarında səmimi və özünəməxsus
olduğunu deyə bilərik. Qənaətimizcə, hər bir yaradıcının özünəməxsusluğu – sənətkar
"mən”inin təsdiqi məhz bu cür səmimilikdən qaynaqlanır və təsdiqlənir...
Abşeronda dünyaya göz açan, əvvəlcə Bakıdakı məşhur
"Əzimzadə məktəbi”ndə, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunda ixtisas təhsili alan Namidar Əliyevin əsərlərinin mövzusu
bilavasitə doğma yerlərlə bağlıdır. Abşeron təbiəti və memarlığı, onun təbii
nemətləri rəssamın mənzərə və natürmortlarının əsas motivləri, məna-məzmun
daşıyıcılarıdır. Onların hər birində gerçəkliyə müəllifin fərdi və fərqli bədii
münasibəti hiss olunur. Əgər dəyişkən Abşeron təbiətini əks etdirən mənzərələrində
bu münasibət yurda sevgi hissinə bələnmiş tutumdadırsa, çoxlarına sərt görünən
bu torpağın yetişdirdiyi nemətlərin əks olunduğu natürmortlarında əşyalara bədii
yanaşmasında isə görünənlərdən müəllifin qürur hissi keçirdiyi duyulmaqdadır...

Rəssamın mənzərələrində ovqat daşıyıcılığı önə çəkilmişdir,
desək, yanılmarıq. Əslində, elə mənzərə janrının mahiyyəti bunu tələb edir.
Etiraf edək ki, hər çəkilən mənzərədə arzulanan ovqat, əhval-ruhiyyə ifadəsini
görmək olmur. Bu o vaxt baş verir ki, rəssam məkanın zahiri oxşarlığını əldə
etməyə çalışır. Lakin o, buna nə qədər nail olsa da, görünənlərdə tamaşaçını
duyğulandıra biləcək estetik çalarlar üzə çıxara bilmədiyindən, təsvirə alınan
motivə bu cür yanaşma fotoaparat
obyektivinin görə biləcəyi işdən artıq olmur.
Çünki, obyektə münasibətdə obrazlı dillə desək, səmimilikdən qaynaqlanan
müəllif qəlbinin döyüntüləri hiss olunmur...
Namidar Əliyev isə ölçüsündən asılı olmayaraq müxtəlif
motivli mənzərələrində ovqatyaradıcı olmağa çalışmış və demək olar ki, əksər
hallarda öz məqsədinə nail olmuşdur. Bunu onun "Qayıqlar”, "Bilgəhdə küçə”, "Ləpəli
gün”, "Bağ evləri”, "Balaxanı məscidi”, "Qürub çağı”, "Qədim körpü”,
"Şirvanşahlar sarayı” və s. əsərləri də təsdiqləyir.

Səhər çağlarında sahilə göz qoyan ("Qayıqlar”) rəssamın
sakitliyi danılmaz olan məkanın tamaşaçıya lirik duyğular aşılaya biləcək məqamlarını
qabartmağa çalışmışdır. Sahilə dəyib qayıdan ləpələrin yaratdığı bəyazlığın fonunda görüntüyə gətirilən
bir-neçə qayığın həsrətini duymaq elə də çətin deyildir. Qızılı qumun üzərindən
"boylanan” qayıqların tünd rəngi ilə ləpə bəyazlığının və dəniz maviliyi nə qədər
təzad yaratsa da, bütünlükdə, nikbin və ümidverici qəbul olunur. Başqa sözlə
desək, az sonra balıqçıların gəlişi qayıqların yaşanan su həsrətinə son qoya biləcəkdir...
"Qədim körpü” əsəri Xudafərin körpüsünün obrazı
kimi düşünülmüşdür. Araz çayının sinəsində "təklənmiş” bu birləşdirici bədii-texniki
qurğu"Türkmənçay”dan və
"Gülüstan”dan əvvəl bələndiyi qələbəlikdən
uzaq olduğundan, bu kimsəsizliyin həsrət hissi yaratdığı birmənalıdır. Odur ki,
çay sularının yaratdığı bəyaz köpüklərlə dağların qış mənzərəsi arasında qərarlaşan
qədim körpünün tamaşaçıda təzadlı duyğular oyatması da duyulandır...
Abşeron kəndlərini gəzməkdən usanmayan rəssamın bu
yaradıcı müşahidələrindən sonra ərsəyə gətirdiyi mənzərələr də cəlbedici və
yaddaqalandır. Bu mənada onun "Bilgəhdə küçə” və "Balaxanıda məscid” əsərləri özünəməxsus estetik tutumuna görə cəlbedicidirlər.
Günəşli havada dar kənd küçələrinin və evlərinin
arasından səmaya ucalan məscid minarəsini ("Balaxanıda məscid”) kompozisiyanın
dominantına çevirən rəssam, işıq-kölgə təzadını tikililərin arxitektonikasının
qabardılmasına yönəltməklə, məkanda yaşanan auranın estetikasını əyaniləşdirə
bilmişdir. İsti rənglərin yaratdığı nikbinliyin əsərə və məkana özünəməxsusluq
bəxş etməsi də danılmazdır...

Onun "Bağ evləri” və "Şirvanşahlar sarayı” tablolarında isə daha çox tarixiliyin
qorunmasına üstünlük verilmişdir. Müasir dövrdə ənənəvi - sadə görkəmini itirməkdə
olan bağ evləri Namidar Əliyevin əsərində ("Bağ evləri”) elə əvvəlki kimidir.
Ona görə də hələ hündür hasara alınmamış bu tikililər tamaşaçını elə uzaq
olmayan keçmişə qaytarmaq gücündədir. Elə
uzaqdan göz qoyulmuş motivin nikbin boyalarla işlənməsi də bu hisslərin daha da
gücləndirilməsinə xidmət edir...
Namidar Əliyevin "Şirvanşahlar sarayı”nda isə əksinə,
obyektə çox yaxından diqqət yetirilmişdir. Əhatəli məkanın yalnız bir hissəsini
görüntüyə gətirən rəssam, bu qabarıqlıqda daşlarda yaşanan-hifz olunan
qürurverici - tarixə bələnmiş estetikanı əyaniləşdirməyə çalışmışdır. Odur ki,
burada kompozisiyaya daxil edilmiş hər bir ayrıntı cəlbedici görünməkdədir...
Azərbaycan təsviri sənətində sovet dönəmindən təşəkkül
tapan natürmort janrına da rəssamın özünəməxsus
yanaşması mövcuddur. Zamanında bu sahədə uğurlu əsərlərin yaradılması da, sübut
edir ki, natürmortun milli təsviri sənətimizdə
davamlı şəkil almış yeri vardır. Elə Namidar Əliyevin yaratdığı əsərlərin
timsalında da buna əmin olmaq mümkündür...
Onun qatıq bankası ilə iki qara çörəyi bir araya gətirdiyi
natürmort ilk növbədə atributların azlığı və məkana baxışın səmimiliyi ilə diqqət
çəkir. Elə bunun nəticəsidir ki, ağ, qara və qəhvəyi rənglərin işığında təqdim
olunan "süfrə” kifayət qədər düşündürücüdür. Belə bir kompozisiyanın
tamaşaçıların nostalji hisslərinə toxunacağı, onları uzaq-yaxın keçmişin
yaşanan təzadlı günlərinə qaytaracağı birmənalıdır. Onun müxtəlif
materiallardan hazırlanmış məişət əşyalarına, maddi-mədəniyyət nümunələrinə və
yurdumuzun təbii sərvətlərinə münasibətində də tamaşaçı ilə dialoq qurmaq istəyi
güclüdür. Bunu şərtləndirən səbəb rəssamın kompozisiyalara daxil etdiyi hər bir
əşyanı mənalandıra bilməsidir...
Təhsilsonrası əvvəlcə Azərbaycan Dövlət İncəsənət
Universitetində, hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
pedaqoji fəaliyyətlə məşğul olan Namidar Əliyevin müstəqil yaradıcılığına
tutduğumuz "bədii güzgü”yə əsasən demək olar ki, onun zamanın axarında ərsəyə gətirdikləri milli rəssamlığımızın
inkişafına töhfə kimi qəbul olunmaqdadır. Qənaətimzcə, bu onun bir yaradıcı
kimi ən böyük mənəvi qazancı hesab oluna bilər...