Biz imzaları yox, əsərləri dərc edirik...

Gəncliyə ünvanlanan əsərlər lazımdır? – Müzakirə
265
21 May 2018, 17:09
 Sovet dövründə ədəbiyyatda gənclərin ruhuna uyğun yazan yazıçılar da vardı, əsərlər də. Gənclərin əlindən Əlibala Hacızadənin, Nurəddin Babayevin, Salam Qədirzadənin əsərləri, Nüsrət Kəsəmənlinin sevgi şeirləri düşmürdü. Gənclik mövzusunda ədəbiyyatda xüsusi bölgü olmasa da, amma gəncliyə ünvanlanan əsərlər geniş oxucu auditoriyası toplanmışdı. Bu gün necə, çağdaş ədəbiyyatda gəncliyə ünvanlanan əsərlər yazılırmı?

 
   Bizdə də cərəyan başlayıb
 
 


  Yazıçı İlqar Fəhminin fikrincə, sovet dövründə gənclik mövzusunda yazan yazıçı müəyyən prosedurlardan keçməli, peşəkar kriteriyalara cavab verməli idi. Ona görə də əksər hallarda gənclərə ünvanlanan əsərlər yazmaq üçün yazıçının yaş həddi 30-35 arası olurdu: "Bu, təkcə bizim ölkəmizdə deyil, həmin dövrdə Avropanın bütün ölkələrində belə idi. Yəni nəşriyyat dairələrinə gedib çıxana qədər yazarın yaşı xeyli yüksəlirdi. Ancaq son 20 ildə Qərbdən başlayaraq belə bir prosedur həyata keçirildi: gənclərin həyatı haqqında əsəri elə gənclərin özü yazmağa başladı”. Nəticədə "Teenage” (Yeniyetmə) deyilən bir janr əmələ gəldi. Bu, məhz Avropada gənc yaradıcı qüvvələr üçün yaradılan bir janr oldu. Bu da adətən, ali məktəbi bitirməyən gənclərin əsərlərindən ibarət idi. Onlar üçün xüsusi yarışlar keçirilir, müəyyən ixtisaslaşmış nəşriyyatlar yalnız onların əsərlərini çap edirlər. O yazarların təbliğatını həyata keçirən müəyyən təşkilatlar var. Polşa yazıçısı Dorota Maslovskayanın 17 yaşında ilk romanı çap olundu. O, həmin əsərdə məhz yeniyetmələrə xas məqamları işıqlandırmışdı. Daha sonra Marten Pajın əsərləri çap olundu. Təbii ki, həmin yazıçıların əsərlərinin səviyyəsi peşəkar yazıçıların əsərlərinin səviyyəsində deyil, ancaq onlar məhz gənclik nümunəsi olaraq qəbul olunur. Problemləri, qüsurları da olsa, yaşlı yazarlardan fərqli olaraq, gənclərin həyatını daha dolğun əks etdirir”. Yazıçı, müşahidələrinə əsasən deyir ki,  son vaxtlar çox sayda gənclərin əsərləri çap olunur və kitab çap etmək üçün «müəyyən yaş və ali təhsili olsun» kimi kriteriyalar artıq aradan qaldırılıb: "Hesab edirəm ki, artıq bizdə də cərəyan başlayıb”  

 
   Hansı yazarın ürəyi hansı mövzunu istəyirsə...
 
 


  Bütün romanların elə gənclərə ünvanlandığını deyən yazıçı Şərif Ağayarın fikrincə, oxucu potensialının çoxu enerjili, ədəbiyyatla maraqlanan gənclərdir: "Uşaq ədəbiyyatı istisna olmaqla, hər bir yazılan əsər elə gənclər üçündür. Mənə görə, "gəncliyə ünvanlanan romanlar” deyə xüsusi bir bölgü yoxdur”. Mövzu məsələsinə gəlincə, yazıçı hesab edir ki, mövzu baxımından gənclikdən bəhs edən əsərlər ola bilər. Lakin heç bir yazıçıya «gənclik mövzusunda və ya digər mövzuda yaz» demək olmaz: "Hansı yazarın ürəyi hansı mövzunu istəyirsə, nəyi yaza bilirsə, onu yazır. Əksər romanların qəhrəmanları elə gənclər olur. Yaxud qəhrəmanın gənclik illəri təsvir edilir, sevgisi, hissləri göstərilir”. Sovet dövründə gəncliyə ünvanlanan əsərlərin çoxluğuna gəlincə, yazıçı düşünür ki, o dövrdən romançılığımız üçün örnək götürüləsi nümunələr elə də çox deyil. Sadəcə, həmin dövrdə yaşamış istedadlı insanlardan sənətkarlığın müəyyən xüsusiyyətlərini öyrənmək olar: "Məsələn, bəzi istisna imzalardan – Mixail Bulqakov, Maksim Qorki, Vasili Şukşin, Mixail Şoloxov, İsa Hüseynov, Çingiz Aytmatov və başqalarından sənətkarlıq əxz etmək olar. Sovet romançılığı, xüsusən Azərbaycanda bu gün elə də unikal romançılıq hesab olunmur. Biz bu mənada sələflərimizdən çox bilirik”.
 

  Zamanın diktəsi
 
 


  Yazıçı Əliabbas Bağırov hesab edir ki, hər bir əsərin yazılmasının səbəbi olmalıdır: "Bu, bəzən müəllifin istəyindən çox, sifariş məqamından qaynaqlanır. Sovet dövründə Yusif Şirvanın "Məzunlar”, Salam Qədirzadənin "Sevdasız aylar" kimi əsərləri nəşr olunanda böyük ajiotajla qarşılandı. "Məzunlar” əsəri haqqında Moskva mətbuatında yazı dərc olundu. Həmçinin Bəkir Nəbiyevin o əsər haqqında yazıları var idi. Zaman bu əsərlərin yazılmasını özü diktə edirdi. Yəni sosial sifariş var idi. Digər tərəfdən, yazıçılar yazdıqları əsərlərə görə qonorar qazanırdılar. Müəllif həmin qonorarla bir neçə il dolanırdı. Amma bu gün hansısa bir müəllifin romanı çap olunanda onun əsərdən aldığı qonorar haqqında danışmaq mümkün deyil”. Ə.Bağırov hesab edir ki, hazırda bu cür sosial sifarişlər olmadığına görə, hər hansı mövzuda yazmaq müəlliflərin öz ixtiyarında olan məsələdir: "Sovet dövründə yazıçıların qarşısına şərt qoyurdular ki, hansısa əmək qəhrəmanını – sağıcını, neftçini, pambıqçını əsərinizə qəhrəman edin. Biz bu diktələri zaman-zaman görüb gəlmişik. İndi belə diktələr yoxdur. Ədəbiyyat hakimiyyətin əlində idarəetmə alətlərindən biri idi. İndi isə müəlliflər onları maraqlandıran mövzulara üz tuturlar. Onlar detektiv janrına meyl edirlər və ya seks-simvolların həyatından yazıları oxuyuruq. Bəlkə də zaman gələcək, yenə o cür əsərlər olacaq". Bir-iki il bundan əvvəl orta məktəb şagirdlərinin həyatından bəhs edən "Gözmuncuğu" povestini yazdığını deyən yazıçı, o zaman əsərin maraqla qarşılandığını söyləyir: "İndi elə bir zaman gəlib çatıb ki, tələbələrin özləri roman yazırlar”. 


  Ədəbiyyat prioritet deyil
 
 


  Yazar Cavid Zeynallının fikrincə, müasir yazıçıdan bunu ummaq, gözləmək yanlışdır. "Ədəbiyyata bu gözlə, bu tərz münasibətlə yanaşmaq olmaz. Vaxtilə ədəbiyyat ideoloji vasitə, prioritet, idarə etmək üçün səbəb olub və s. Təyinat bütün bunlar idisə, deməli, ictimai-sosial sifarişlər olurdu və müxtəlif mövzulara həsr olunan romanlar yazılırdı. Məsələn, Neft daşları, kimya prosesləri, kolxoz həyatı, universitet mühiti... İndi bütün bunlar haqqında roman yazmaq qeyri-ciddi çıxar. Çünki nə zaman o zamandır, nə həyat o həyat. Bu günün tələbləri, reallığı başqadır. Və nə yaxşı ki, elə başqadır. Pis də odur ki, o dövrdən fərqli olaraq, ədəbiyyat prioritet deyil, ciddi mənada heç kimin ehtiyacı yoxdur ona. Sadəcə, maraqlı, istifadəsiz, amma təyinatsız dekordur, antikvardır, bəzək əşyasıdır, vəssalam”.

 
  Sevgi, macəra, fantastik romanlar yoxdur
 

 
 


  Ədəbiyyatşünas Rüstəm Kamal ədəbiyyatımızda müəyyən sahələrlə, yaş qrupları ilə bağlı əsərlərin olmadığını, janr, mövzu təsnifatının inkişaf etmədiyini deyir: "Çox istərdim ki, universitet romanları yazılsın. Avropada "universitet nəsri” deyilən bölgü də var. Yəni bu əsərlərdəki hadisələr universitetlərdə baş verir, qəhrəmanları da tələbələr, onların taleyidir. Belə romanlar oxucular tərəfindən rəğbətlə qarşılanır”. Ədəbiyyatşünasın fikrincə, ədəbiyyatımızda macəra, xüsusən hərbi-macəra romanları yoxdur: "Biz ermənilərlə müharibə dövründə yaşayırıq. Rembo kimi qəhrəmanları yaratmağın vaxtı çoxdan çatıb, hətta keçib. Ancaq belə qəhrəmanlar yaranmadı. Milli qəhrəman Mübariz İbrahimov və ya digər qəhrəmanlarımız haqqında maraqlı süjetə malik bir əsər varmı? Mən belə əsər oxumamışam. Onların ümumiləşmiş obrazını yaratmaq olardı. O, kitablar hərbi hissələrə paylanar və əsgərlər oxuyardı. Bu ədəbiyyatın böyük təsir gücü ola bilərdi. Çünki hərbi hissələrdəki əsgərlərin hamısı gənclərdir". R.Kamal həmçinin gəncliyə ünvanlanan sevgi romanlarının yoxluğundan şikayətlənir: "Bizdə sevgi romanları yoxdur. Ona görə də xalq "Əli və Nino"dan başqa əsər tanımır. "Bahadır və Sona” yaranmır, "Təhminə və Zaur”un adı keçilmiş mərhələdir”. Ədəbiyyatşünas gənclik illərində tələbə qızların Salam Qədirzadənin "46 bənövşə"sini axtardıqlarını xatırlayır: "Gənc oxucu öz yaşına uyğun olan romanları oxumaq istəyir, ancaq ortada əsər yoxdur. Sevgidən yazmaq, gənci n taleyindən danışmaq deməkdir». Ədəbiyyatşünas hesab edir ki, ədəbiyyatımızda cəmiyyətin texnoloji inkişafı ilə bağlı ola bilən fantastik əsərlər yoxdur: "Gələcəyin alimləri, ixtiraçıları məhz uşaq vaxtı fantastik əsərlər oxumuş uşaqlar olublar. Çünki onların fantaziyasının inkişafına belə əsərlər təkan verirdi. Uşaqlar nə qədər "Cırtdan”ın nağılını oxusunlar? 14-17 yaş arası uşaqların həyatından bəhs edən kitablar yoxdur. Bütün dünya ədəbiyyatında yaş dövrlərini əhatə edən əsərlər var. Bizdə isə yeniyetmələrin həyatı ümumiyyətlə unudulub. Ədəbiyyat gəncliyin tələbatını ödəməli, yəni bazarı bilməlidir, xüsusilə nəsr kitab bazarını nəzərə almalıdır. Burada maraqlı olan naşirlər, nəşriyyatlar olmalıdır". Ədəbiyyatşünas hesab edir ki, gəncliyə ünvanlanan əsərlərin yazılmamasının səbəbi ədəbiyyatımızda  xaosun olması, düşüncələrimizdə qarışıqlıq, oxucu auditoriyasını, yad təsirlərin altında ümumi xalqın obrazını görə bilməməyimizdir: " Ədəbiyyat bütün janrları ilə bir yerdə sistem ola bilər. Bizdə də müasir ədəbiyyat hələ sistem ola bilmir”. 
 
 

  Kiməsə sifariş vermək olmaz
 
 


  Tənqidçi Vaqif Yusifli sovet dövründə gəncliyə aid  onların əmək fəaliyyəti, sevgisi, ümumən həyatı ilə bağlı bir çox əsərlər yazıldığını deyir. Belə ki,  Salam Qədirzadə, Əlibala Hacızadə, Nurəddin Babayev kimi yazıçıların əsərlərində gənclik mövzusu mühüm yer tutub. "Onların gəncliyə həsr olunan publisistik hekayələri dərc olunurdu. Nurəddin Babayevin bütün yaradıcılığı demək olar ki, gəncliyə həsr olunmuşdu. O yazıçıların əsərlərində vətənpərvərlik ruhu, o dövrün həqiqətinə uyğun tərbiyə məsələsi yer alırdı. Bunlar bütün hallarda o dövrün həqiqətləri idi. İndi əgər bu mövzuda müəyyən mənada boşluq əmələ gəlibsə, bu məsələdə heç kimi qınamaq mümkün deyil. Çünki ədəbiyyatın öz istiqaməti, öz axarı var. Kiməsə sifariş vermək olmaz ki, mütləq gəncliyin həyatından əsərlər yaz”. Tənqidçi bu gün də gəncliklə bağlı əsərlərin yazıldığını istisna etmir. Xüsusən ədəbiyyata gələn gənclərin, məsələn, Cavid Zeynallı, Qan Turalı kimi yazarların əsərlərində bu xətt var: "Ümumiyyətlə, bu mövzu çox əhəmiyyətlidir. 21-ci əsrin gəncliyi hansı prinsipləri qəbul edir, həyatda onların məqsədi nədir?” – deyə daha çox yazmaq lazımdır. Çünki hazırkı gənclik əvvəlki illərin gəncliyindən tamamilə fərqlənir. İndi internet dövrüdür. Avropa həyat tərzinə uyğunlaşmaq, qloballaşmaq kimi proseslər baş verir. Belə məqamda gənclik nə etməli, hansı yolla getməlidir? Elələri var ki, keçmişi inkar edirlər. Bizim ədəbiyyatı tərəkəmə ədəbiyyatı adlandırırlar. Ona görə də gəncliyə ünvanlanan əsərlər lazımdır”. 
 

  Hazırladı: Təranə Məhərrəmova