Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc şairin ilk kitabı – Hikmət Ziya
523
12 Oktyabr 2018, 09:02
  Artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Hikmət Ziyanın uşaqlara həsr olunan ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir: 
 
 
 


  Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).
 
  Şairin ilk kitabı "Atamın hədiyyəsi” 1957-ci ildə "Uşaqgəncnəşr”də  çap olunub. 20000 min tirajla nəşr olunan kitabın redaktoru Ə.Abasov, texniki redaktoru V.Ağayeva, bədii redaktoru. Y.Ağayev, korrektoru R.Salamaova, rəssamı R.Babayev, qiyməti isə 45 qəpik olmuşdur. 
 
 
 
 

 
Atamın hədiyyəsi 
 
Moskvadan gəlibdir
Sevimli atam bu gün.
Gör nə yaxşı oyuncaq
Alıb o mənim üçün.
 
Böyük qutu içində 
Bəzəkli taxtalardır –
"Qapı”, "pəncərə”, "ulduz”...
Hər nə desəniz vardır.
 
Rəngli qəşəng kitab da
Qoyulmuşdur qutuma.
Burdakı şəkilləri
Göstərərək atama
 
Dedim: – Bax nə qəşəngdir!..
Bu "evdir”, bu "hasardır”,
Bir bax üstündə onun 
Nə parlaq ulduz vardır!
 
Atam dedi: – bu şəklə
Yaxşı, yaxşı baxıb sən
Bəzəkli taxtalarla
Bina qura bilərsən.
 
Masanın üstündə tez 
Şəklə baxa-baxa
Orda gördüklərimi
Mən başladım qurmağa.
 
Qurduğum gözəl bina
Lap şəhərə bənzədi.
Al-əlvan ulduzları
Evimizi bəzədi.
 
Atam söylədi: – Oğlum
"Kremli”dir bu bina
Moskvaya  gələndə,
Baxacaqsan sən ona.
 
Eh!.. Sevindim mən necə!..
Quş tək uçmaq istədim.
Axı, çoxdan bilirəm
Mən adını Kremlin –
Döyünən ürəyidir
O, bizim xoşbəxt elin!
 
 
 

    
 
  Sünbülüm

 
Çöllərimə bəzəksən,
Elə bil ki, çiçəksən,
Gör nə ləçək-ləçəksən
Qızıl budaq sünbülüm,
Sarı saçaq sünbülüm!
 
Üstündən ötsə külək,
Gen zəmidə dəniz tək
Ləpələnib, de görək,
Nədir sözün sünbülüm,
Gülür üzün sünbülüm!
     
Sarı buğdan var sənin
Sərvətisən Vətənin
Heç qoyarlar bir dənin
Evdə qala sünbülüm?!
Boy at hələ sünbülüm! 
 
 
 

 
  Bal arısı
 
 
Gözəl bağları
Çox sevirəm mən.
Şirə yığıram
Güldən çiçəkdən.
 
Mənə yer verib
Bəsləsəniz siz –
Şəkərdən şirin
Bal yeyərsiniz.
 
 
 
 

 
 Hazırladı: Aysu Kərimova