Biz imzaları yox, əsərləri dərc edirik...

Gedər oldum, sevdiyim – Sarı Aşığın bayatıları
1920
04 Sentyabr 2019, 08:17
  artkaspi.az Sarı Aşığın bayatılarını təqdim edir:



Buxarıya od qala,
Odun gətir, od qala,
Elə yandır aşıqı,
Məhşərəcən od qala.
 
Mən aşıq gül məkanda,
Gül bitmiş gülməkanda,
Səni gördüm mən güldüm,
Mən handa, gülmək handa?
 
Mən aşıq yar arxına,
Su gəlir yar arxına,
Nəzikdir barmaqların,
Qorxuram yarar xına.
 
Mən aşıq, Bağdad ara,
Tök zülfün bağda dara,
Vəfalı yardan ötrü,
Rumu gəz, Bağdad ara.
 
Mən aşıq oda para,
Ay doğdu o da para,
Varmı bir odu sönmüş,
Canımdan od apara.
 
Mən aşıq Bağdad ara,
Zülfünü bağda dara,
Bülbülü güldən ötrü,
Çəkdilər bağda dara.
 
Mən aşıqam Xalxala,
Tər buxaqda xal-xala.
Can verib dost qazandım,
Qoyarammı xalx ala?!
 
Ay qaldı bu səbaha,
Sonralar bus, abi, ha,
Aşıq canan yanında,
Can ucuz, busə baha.
 
Mən aşıq üzüm qara,
Yeməyə üzüm qara,
İstərəm yara varam,
Əlim boş, üzüm qara.
 
Aşığın canı yara,
Qıyaram canı yara.
Tutun qoyun qəfəsə,
Göndərin canı yara.
 
Aşığam qızıl cığa,
Şəkiyə, Qızılcığa.
Bir tərlan itirmişəm,
Başında qızıl cığa.
 
Mən aşıq bağrı qara,
Bir quş var Bağrıqara.
Lalə ki al geyinib,
Onun da bağrı qara.
 
Mən aşıq yaxşı yara,
Yaxşıya yaxşı yara.
Yaxşı qəmzəsi vurmuş,
Sinəmə yaxşı yara.
 
Mən aşıq gülüstana,
Yar gəlir gülüstana.
Qorxuram yağış yağa,
Qoynunda gül islana.
 
Aşıq der - dəmdə mayə,
Oxuram dəm-dəm ayə.
Hüsnün yadıma düşəndə,
Baxıram dəm-dəm aya.
 
Aşıq burda az qala,
Buxarını az qala.
Şövqün üzümə düşdü,
Yıxılmışdım az qala.
 
Aşığın günü qara,
Qış saldı günü qara.
Yaxşıya günüdür qəm,
Yaxşı ağ, günü qara.
 
Gəldi bir az, az alım,
Tərtərdən aza zalım.
Qorxuram tez qurtara,
Dərdini az-az alım.
 
Aşığam Mincivana,
Sən də gəl Mincivana.
Yüz ilin köhnə yarın
Vermərəm min cavana.
 
Mən Aşığam, qanlı gül,
Qanlı sevil, qanlı gül,
Yemiş bülbül bağrını,
Çıxmış ağzı qanlı gül.
 
Sədaqi tər, oxu tər,
Sədaq saxlar oxu tər.
Atma, müjgan oxunu,
Qəm tünlükdür, ox itər.
 
Durnanın təki yerdə,
Boynunu bükü yerdə.
Ölsün qurtarsın Aşıq,
Qalsın qəm yükü yerdə.
 
Bu bağın bax işi var,
Qönçəsi, nərgizi var.
Gül dəftərin tökübdür,
Bülbülün baqisi var.
 
Qarşıda səndə sən bil,
Sən oxu səndə sən bil.
Gedər oldum, sevdiyim,
Can qaldı səndə, sən bil.
 
Əsillər əsil andı,
Əfilər asi ilandı.
Həllacındır bu Aşıq,
Telindən asılandır.
 
Aşığam, bəndə dada,
Ləbindən bəndə dada.
Allah, özün dada yet
Yetərmi bəndə dada?!
 
Aşığam, yaxam əldə,
Öyrənir, ya xam əldə.
Tutdum hicran yaxasın,
Gördüm öz yaxam əldə.
 
Aşığam, dərdiməndə,
Aləmin dərdi məndə.
Göstərdim eşq odunu,
Ağlatdım dərdi mən də.
 
Qara qış, qara çilə,
Yaz gələ qar açılə.
İstəsən yol açılsın,
Göz yaşım qara çilə.
 
Mən Aşığam Gülgəzə,
Sona gərək göl gəzə.
Qoy bağı bülbül gəzsin,
Ayağı yox gül gəzə.
 
Gözəl Allah, gül Allah,
Qul bəndənə gül, Allah.
Mən ki, Haqq Aşığıyam,
La İlahə İlallah!
 
Nədəndir bu qaş-qabax,
Telindəki müşkə bax.
Aşıq dərddən oxuyur
Görən deyir, eşqə bax.
 
Aşıq dərdə zalımı,
Düşsün dərdə zalımı,
Səndən dərman gəlməsə,
Məndən dərd azalımı?!


Gözəllik soy iləndi,
Şahmar da soy ilandı,
Nəsimi tək yolunda,
Bu Aşıq soyulandı.
 
Mən Aşığam, hasarı,
Sınıq könlüm ha sarı,
Aşıq dərddən ev tikmiş,
Qəmdən çəkmiş hasarı.
 
Mən Aşığam, bağdadı,
Paşa gəzər Bağdadı,
Getməz bülbül sərindən,
Gül sevdası, bağ dadı.
 
Mən Aşıq, başa qalı,
Bərgüşad, Başağalı.
Dünya Süleyman mülkü,
Bunda kim başa qalı?!
 
Aşığam, yara baxar,
Bayqular yara baxar,
Bir göz ki, kiprik çala,
O necə yara baxar?
 
Mən Aşıq, altın avlar,
Gəncənin altı navlar.
Bəxtəvər gül başına,
Tər buxaq altın avlar.
 
Mən Aşığam, yar gündə,
Doğra, bağrım, yar, gündə,
Qoygilən xəstə düşüm,
Gəlsin-getsin yar gündə.
 
Mən Aşıq, üz yerdən üz,
Sonalar üz yerdən üz,
Kipriklər kölgə salmış,
Yarılmış yüz yerdən üz. 
 
Otağında o xalı,
Döşənibdir o xalı.
Haray zülfün əlindən,
Qoymaz görəm o xalı.
 
Aşığam, qarsalandı,
Savalan qar salandı.
Şəklin yadıma düşdü
Ürəyim qarsalandı.
 
Aşığam, yüz hasarı,
Qalanın yüz hasarı,
Mərdin bir əl kölgəsi,
Namərdin yüz hasarı.
 
Mən Aşıq, gələn dərdi,
Hər ay-gün gələn dərdi,
Candan əziz saxlaram,
Canandan gələn dərdi.
 
Mən Aşıq, ozan yeri,
Mollanın əzan yeri,
İlan ollam öpərəm,
Ayağın gəzən yeri.
 
Aşığam, yar dilini,
Rəqibin yar dilini.
Biganələr nə bilər,
Yar bilər yar dilini.
 
Zülfün suda mar kimi,
Oynar su damar kimi.
Sızıldatdın Aşığı
Yağa su damar kimi. 
 
Mən Aşıq, bilən bizi,
Tutubdur Bilən bizi, 
Dardayıq unutmasın,
Tanıyan, bilən bizi.
 
Aşıq dua göndərdi,
Zülfün dua göndərdi,
Özü gələ bilmədi,
Çox-çox dua göndərdi.
 
Aşığa gələn dərdi,
Gül əkdim gələn dərdi.
Candan əziz saxlaram,
Canandan gələn dərdi.
 
Mən Aşıq, bağça Pəri,
Bağbandı bağça pəri,
Qaşın bağ, gözün bağban,
Kipriyin bağ çəpəri. 
 
Aşıq gül eylər səni, 
Güldən gül eylər səni,
Gül iyləmə, sevdiyim,
Nagah gül iylər səni.
 
Yolundan azan Aşıq,
Sızıldar əzan, Aşıq.
Dünya Kəbədir eşqə,
Çıx, bir çək əzan, Aşıq. 
 
Bağdan nə dərdin, Aşıq,
Dərdsiz nedərdin, Aşıq?!
Səndə ki yar dərdi var,
Daha nə dərdin, Aşıq?! 
 
Mən Aşığam, gülə gül,
Rəqib gördün gülə gül,
Yar buxağa gül sancmış,
Peyvəst olmuş gülə gül.
 
Aşığam, deməmiş gül,
Həll oldu demə müşgül.
Ağzın açdı bülbülə,
Nə qaldı deməmiş gül?! 
 
Mən Aşığam, ha maral,
Avçı vurmuş ha maral,
Belə can almaq olmaz,
İnsaf eylə hamar al.
 
Mən Aşıq, özüm neylim,
Bu dərdə dözüm neylim?!                 
Ah çəksəm aləm yanar,
Çəkməsəm özüm neylim?!
 
Mən Aşığam, mən şadam, 
Rəqib qəmgin, mən şadam,
Yara deyin şad olsun,
Xəyalilə mən şadam.
 
 
Təqdim etdi: İlham Qəhrəman