Biz imzaları yox, əsərləri dərc edirik...

Füzuli və Mikelancelo – Rahid Ulusel yazır
3242
11 Oktyabr 2019, 08:49
  Artkaspi.az saytı Rahid Uluselin "Qılıncların oynadığı zamanda onlar qələm və tişə çalırdı: Füzuli və Mikelancelo” essesini təqdim edir:
 
  İntibah orbitində dolanan planet-dühalar.
 
  Füzuli və Mikelancelo. Şərq və Qərb İntibah mədəniyyətinin iki böyük yaradıcısı. Füzuli (1494 – 1556) dünyaya gələndə Mikelancelonun (1475 – 1564) on doqquz yaşı vardı, Füzuli vəfat edəndən səkkiz il sonra da o yaratmış, ömrünün son günlərinə qədər tişə çalmışdı. Füzuli – Mikelancelo çağında dünya tarixinin, bəşər mədəniyyətinin bir çox önəmli hadisələri, onu inkişafının yeni mərhələsinə və istiqamətlərinə hazırlayan və çıxaran olaylar baş vermişdi. İntibah mədəniyyətinin son fazası yaşanan iki böyük və rəqib türk imperiyası – Osmanlı və Səfəvi, sonra müsəlman Moğul və Konfutsiçiliklə yanaşı İslamın da özünə yer etdiyi Çin Minq imperiyaları Şərq sivilizasiyalarının dominantlığını təmin edirdi. Füzuli həmin rəqib və rəqibliyinə görə də tarixdə sonuncu olan türk imperiyalarının xaqanlarına – Şah İsmayıl Səfəviyə və Osmanlı Sultan Süleyman Qanuniyə (sonuncunun ona təyin etdiyi 9 ağca təqaüdü övqaf idarəsindən ala bilməsə də!) əsərlər həsr etmişdi... Avropada isə Mikelancelonun ata yurdu – Renessans mədəniyyətinin mərkəzinə çevrilmiş Florensiya və İtaliyanın digər şəhər-dövlətləri daxili çəkişmələrə və yadelli işğalçıların həmlələrinə məruz qalmaqda idi... 1455-ci ildə Azərbaycanda Təbriz miniatür məktəbinin Ustadı Kəmaləddin Behzad, 1483-cü ildə İtaliyada Rafael doğulur. 1492-ci ildə Kolumb Amerikanı avropalılara açır. Avropanın içərilərinə doğru genişlənməkdə olan Osmanlı imperiyasında isə bundan heç kimin xəbəri olmur... 1497-98-ci illərdə Vasko de Qama Afrikadan dolayı Hindistana dəniz yolu açır. Kopernik ömrünün sonunda çap etdirdiyi (1543) "Göy cisimlərinin dövranı haqqında” əsəri ilə dünyanın heliosentrik nəzəriyyəsini irəli sürür. XVI yüzilliyin son çərəyində Leonardo da Vinçi, Rafael, Dürer vəfat edir. Mikelancelonun dünyadan köçdüyü 1564-cü ildə Qaliley və Şekspir doğulur, 4 il sonra isə "Günəş şəhəri” əsərinin müəllifi Kampanella...
  Şərq İntibahı Şərqi Orta Çağdan ayırmadı, Qərb İntibahı isə Qərbə köhnə dünya – "orbis terrarum” sədlərini yardırdı, onu Yeni Çağa adladan təkanları yetişdirdi...
            
 

  İntibahın Şərq və Qərb yarımkürələri.

  Dünya İntibah mədəniyyətinin tam dəyəri onun Şərq və Qərb "yarımkürələrinin” seçkinliyi ilə yaradılan vəhdətindədir. Bu "yarımkürələrin” sayrışan çevrəsindən bir-birinə ehtiramla baxanlar arasında Füzuli və Mikelancelo (daha geniş spektrdə Dante – Nizami – Behzad – Rafael – Füzuli – Bottiçelli – Leonardo da Vinçi – Mikelancelo – Memar Sinan...) yaradıcılığı İntibah duyğusunun zənginliyini onun ən dolğun bəlirində bizə, gələcəyə ötürür. Bəşəriyyətin yalnız cürbəcür konfiqurasiyalarda özünü təkrar edən Hadisələr Tarixindən fərqli olaraq, Mahiyyət Tarixi – keçmişin indi və gələcək olması, ancaq həmişə də əslən dəyişmənin baş verməsi modelində özünüyeniləşdirən tarixdir. Mahiyyət Tarixinin yaradılmasında xüsusi bir mərhələ olan Füzuli və Mikelancelo sənətində Hadisələr-Şəxsiyyətlər Tarixi çox uzaqdan, zorla görünən fondur. Füzuli və Mikelanceloda Tarix və onun Personaliyası bədii dünyaduyumunun altına çəkilir və heç zaman birbaşa, çılpaq görüntülərində təzahür tapmır. Tarixin xronologiyasından Ruhun Xronosofiyası və Mənəviyyatın Xronopoetikası əxz edilir. Bu İntibah dühaları Çağın fövqündə dayanaraq, onun burulğanlarında nə qədər qıvrılsalar da, ehtiraslarına qatılsalar da, həmin Çağın məna qatından yüklənməyə, məna qatını yükləməyə təşnə olmuşlar. Füzuli ümumiyyətlə zəmanə işlərinə qarışmamışdır. Mikelancelo isə, əksinə, özünün qeyd etdiyi kimi, "üç Papaya qulluq etmiş”, ayrı-ayrı vaxtlarda Florensiya Ali Hərbi Şurasının üzvü, Florensiyanın bütün müdafiə istehkamlarının Qubernatoru, Vatikanın baş memarı, heykəltəraşı və rəssamı, Romada müqəddəs Pyotr məbədi tikintisinin baş memarı və bir sıra önəmli tikintilərin layihəçisi olmuş, ancaq bütün bu işlərin icrasında səfadan çox cəfa görmüşdür.
 
 

  Ənənəçilik və universallıq.
 
  Füzuli və Mikelancelo böyük mədəniyyət ənənələri üzərində yüksəlmişlər. Füzuli dünyanın hikmət və sənət cövhərinin toplandığı klassik Şərq poeziyasının dəyərlərini yaradıcılığının şəkil və məzmununa mənimsədərək və öz doğma türkcəsinin şeriyyətini pardaqlayaraq, Şərqin üç ulu dilində – türkcə, farsca və ərəbcə divanlar bağlamışdır. Mikelancelo isə antik klassikanın, ikonoqrafiyanın və özünəqədərki İntibah qurucularının gələnəklərindən qaynaqlanmaqla, boyakarlıq, heykəltəraşlıq, memarlıq və şairliyin sintezini yaratmış, İtaliya Renessans hərəkatının gur mühitində yaşayaraq, bu mühiti daha da canlandırıb yeni axtarışlara təkanlamışdır. Divarları üzərində özünə qədərki böyük sənətkarların – Bottiçelli, Qirlandayo, Perucino, Sinorelli, Pinturikkionun 25 il çalışdığı Sikstin kapellasındakı (Roma, Vatikan, 1508 – 1512) işləri davam etdirib, onu dünyanın ən nadir və möhtəşəm abidələrindən birinə çevirərək başa çatdırmışdır. Füzulinin türkcə "Divan”ı, "Leyli və Məcnun”u, "Su”, "Xəncər” və "Gül” qəsidələri ilə Mikelancelonun Sikstin kapellasına freskaları, "David” və "Musa”sı Yerüzü insanının Torpaqdan Ruha qədər yüksəlməsinin – onun öz cismaniliyindən necə ağrı ilə qopmasının, Kainatın məhz Yerüzü məkanında mənəviyyatlaşmasının, bu ilahi proqramın yalnız başlanğıc mərhələsində olduğunun, İnsan İradəsinin haçansa (ancaq mütləq!) məhz bu nöqtədən – Kainat Ruhunun hərəkətə gəlməsi nöqtəsindən start götürəcəyinin döndərilməz olduğunun ideal təcəssümüdür.
 
  Bədən harmoniyasından Ruh harmoniyasına.
 
  Füzuli məbədləşmiş maddiyyətçiliyin hasarlarını – ehkamlarını dağıdır. İnsan əlinə Diogenin çırağını verib onu öz Qəlbinin dalınca göndərir... Füzulinin sənət fəlsəfəsində bütün yolların gəlib toxdadığı son məqam – İnsan Qəlbidir. İnsanın Qəlbi – onun yeganə sığınacağıdır. Bu Qəlb – İnsan içinin Asimanıdır. Bu Qəlb – Kainatı özünə sığdıran ali məkandır. Şerlərinin birində Mikelancelo buraya – "Günəşin öz gücünü topladığı məkan...” deyir. Füzuli – lirikasında Qəlb memarlığı yapırsa, Mikelancelo – monumental heykəltəraşlığı və boyakarlığında İnsanın Yaradıcı Ruhunun Əzəmətini, bu Əzəmətin poeziyasını canlandırır. Mikelancelonun Bədən harmoniyası Füzulinin Ruh harmoniyası ilə tutaşır. Füzuli və Mikelancelo – Ruhla Canın böyük vəhdəti deməkdir: Mikelancelonun insan təsvirlərinə – Cana (Qüvvətli Bədənə!) Füzuli obrazlarının Qüdrətli Ruhunu "köçürmək” olsaydı, Füzuli – Mikelancelo dünyasının bütövlüyü yeni təcəssümündə yaranardı... İnsan bədəninin harmoniyası, onun öz varlığında əbədiyyəti yaşatması ilə keçəriliyə – faniliyə sinə gərməsi Mikelancelonu sənətin bu meyar prinsipinə dayandırır: "Memarlığın tərkib hissələri insan bədəninin proporsiyaları ilə müəyyənləşir...” (– Sonradan bu prinsip Avropa klassik memarlığının bütün fasadyapısında dürlənəcək...)
 
  İnsan məbədinin memarları.
 
  Füzuli və Mikelancelo sənətində dünya öz təkamülünün başlıca ideyası ilə arxetipləşir: Mikelancelo dünyayaradılışının ilahi proqramının – Xristian versiyasını, Füzuli isə  – İslam versiyasını obrazlaşdırır. Ancaq Mikelancelo daha ardıcıl bir məramla, müfəssəl mövzu və süjetlər üzrə. Füzulidə isə bu obrazlaşdırma onun fövqəlpoeziyasının ən müxtəlif şanlarından sayrışır: "Nə bilir oxumayan müshəfi-hüsnün şərhin // Yerə gögdən nə üçün endiyini Quranın”; "...Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın”; "Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə, // Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın. // Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk // İltimas eylərdi kim, aləmdə Adəm olmasın”; "Cənnəti almaq olmaz ağca ilə, // Girmək olmaz behiştə rüşvət ilə”; "Baddən qönçələrə hamilə oldu gülbün // Öylə kim, İsaya Cibril dəmindən Məryəm”; "...Adəmi istəsə torpaqdə, əlbəttə, bulur // Bu gün ol feyzi ki, torpağı edibdir Adəm”; "Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal // Yoxdur onsuz xəlq cismində həyatə ehtimal...” Füzuli və Mikelancelonun Kainat alleqoriyasına İlahi aktın başlanğıcından ("Qoy İşıq olsun!” – "Tövrat”, I, 1) Apokalipsisə – Məşhərə, Adəmdən İsaya, Xristianlıq və İslamın müqəddəslərinə, din şəhidlərinin başına gələn faciəvi vaqeələrə qədər insan dramının görkalıcı an-lövhələri həkk olunub. İbrahim və Məhəmməd peyğəmbərlərə müraciətlə "Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm, // Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su” deyən Füzulidə Kərbəla müsibəti, Mikelanceloda isə Həzrəti İsanın, müqəddəs Pyotrun çarmıxa çəkilməsi – əslində, bir yerdə öldürülən Həqiqətin min yerdən daha qüvvətlə dirilməsi deməkdir. Mikelancelonun freskaları ilə tavanı süslənmiş Sikstin kapellası – "Tövrat” və "İncil” süjetləri əsasında kompozisiyalaşdırılsa da, ancaq yalnız Musanın və İsanın kilsəsi kimi yox, İnsan məbədi kimi bəşəriyyətə təqdim olunur.
 
  İlahi toxunuş: Adəmin gözləri Allaha and içir! 
 
  Mikelancelo Sikstin kapellasının tağında – "Müqəddəs Kitab”ın rəvayətlərini özündə konsentrasiya edən tektonik sistemin mərkəzində "Adəmin yaradılması”nı təsvir edib: Allahın barmağının İnsan (Adəm) barmağına toxunuşa maksimum yaxınlaşması anı. Bütün ilahi aləm bu aktın – Adəmə ruh verilməsinin olayı-mənası üzərinə gərilib. Kainata ilk İnsan doğulmaqdadır. Ancaq hələ Allahın barmağı Adəmin barmağına toxunmayıb. Bu kiçicik məsafə bəlkə milyon işıq illərincədir. Bəlkə artıq toxunuş baş verib, əl geri çəkilir, – ilahi enerji ötürülüb. Adəmin sadəcə bu enerjini canında oyatması gərəkdir. Bitməz "bəlkə”lərdən biri: bəlkə Allah Kainatın İnsan tarixinin başlamasının bu həlledici məqamında ilahi aktı dayandırır. Və Adəm yarımçıq enerji ilə tərpənəcək: onun və nəslinin sonrakı günahları da bu "yarımçıq qismət” üzündən olacaq. Adəm və övladları ilahi enerjinin zərrəsindən, torpaq (gil) enerjisinin küllündən mayalanacaq... Bəşəriyyətin yaşanmış tarixi aqnostikanın bu məntiqincədir. Yox. Mikelancelonun inadlı məqsədlərinə bir qədər də yaxınlaşaq: Allahla Adəm göz-gözədirlər. Allahın gözləri Adəmə inanır! Adəmin gözləri Allaha and içir! Adəmin bədəni onun əzalarına, damarlarına, iliklərinə süzülən bu Ruha sevinmir, sadəcə bu ilahi axını özümləyir. Ruha dolduqca, ağlında işaran ilk şüur aktı da bu olur: "Mənim olan bu Ruh – mənim Missiyam – Mənim Məsihalığımdır!” – Bəşəriyyətin yaşanmış tarixi həm də bu həqiqəti təsdiq edir... Adəmin gözləri Allaha and içir ki, o, bu missiyanı doğruldacaq, təkcə Yer adamı deyil, Kainatın oğlu olacaq – Kainatquruculuğunun Adəmi olacaq. Gözləri, barmağı danışan Adəmin danışmalı dili hələ danışmır. Onu dilləndirən, Sözünə ehya verən Füzuli olacaq! Adəm Həvvaya – Leyliyə divanə məhəbbətindən də yuxarı qalxıb, Allaha böyük məhəbbətinə Məcnun kimi qayıdacaq!.. Sağ əlini Adəmə uzadan Allah yarıaçılmış ilahi sferanın – artıq başqa zamanın və məkanın "bətnində” sol əli ilə hələ xəlq olunmamış Həvvanı qucub, hələ doğulmamış İsanı göstərir. Yaradılmaqda olan Adəmlə yaradılacaq İsa arasında gərilən Allah Göyüzü və Yerüzünün vəhdətini belə bir sakral zaman və məkan transformasiyasında vücuda gətirir...
  Füzulinin Ruh harmoniyası onu Şərq mənəviyyatının qalxdığı ən yüksək mərtəbəyə – İrfaniliyə və Kamil Eşqə, Mikelancelonun Bədən harmoniyası onu Qərb mənəviyyatının qalxdığı ən yüksək mərtəbəyə – İntellektə (Zəkaya) və Enerjiyə qaldırır. Bu İrfanilik və Kamil Eşq, İntellekt və Enerji özünün yaradıcı təzahüründə Şərqə də, Qərbə də bərəkət verib...
 
Qəlbin dərinliklərinə çəkildikcə...
 
  Füzuli öz Qəlbinə çəkildikcə çəkilir və burada – "varlıqla yoxluğun bir olduğu” məkanda özünün əsl həyat mənbəyini – Eşqi (!) tapır: "Ey Füzuli, qıl kəlami-fəzl kəsbin, yoxsa mən // Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm”; "Məndə Məcnundan füzun aşiqlik istedadı var // Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var”; "Bir pəri-silsileyi-eşqinə düşdüm nagəh, // Şimdi bildim səbəbi-xilqəti-Adəm nə imiş”; "Dür tək dişin sözünü hər dəm eşitmək istər, // Bəhrin müdam onunçün sahildədir qulağı”; "Xaki-payinə yetəm der, ömürlərdir müttəsil, // Başını daşdan-daşa vurub gəzər avarə su”; "Sərmənzili-hər muradə rəhbərdir eşq, // Keyfiyyəti-hər kəmalə məzhərdir eşq, // Gəncineyi-kainatə gövhərdir eşq // Hər sadir olan nəş’əyə məsdərdir eşq”... Bu Eşq İnsanı bütün faniliklərdən sıyırıb Allahına doğru aparır: "Ey Füzuli, yarə döndərdim üzüm əğyardən, // Xəsmi çox gördüm, sığındım sidq ilə Allahimə!”; "Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, // Surəti-halım görən surət xəyal eylər məni. // ... Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, // Bu fəzilət daxili-əhli-kəmal eylər məni.” Füzulinin ilahi gözəlliklə üzbəüz dayanmanın müqəddəs ovqatında, duyğu daşarlığında Mikelancelo şeirinin bu misraları saçılır: "Gözəl üzün cazibəsi haralara çəkir məni?! // Məni məftun edəsi yox özgə bir səadət. // Dadımmı-dadmayımmı bu eşqin atəşini, // İlahi gözəllikdən yağırsa nur-səadət?!” Füzuli poeziyasının ideya qaynağında dayanan bir xətt – Bəqa mülkün dilərsən, fani et varini dünya tək // Ətək çək gördügündən afitabi-aləmara tək” –  Mikelancelo lirikasından da keçir: "Dünya mənə yoxsullaşdıqca, zənginləşir qəlbim!” Füzulinin böyük imtinası – "Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni, // Vəqtdir çıxmağa dünya qapısından, əgilin!” – Mikelancelonun böyük qiyamı ilə səsləşir: "Yalan zəfər çalır, həqiqət dələ bilmədikcə...” Füzulinin iztirabları Mikelancelonun "İeremiya peyğəmbər”inin ağrılı düşüncələrinə qatılıb...
 
 

  Sürrealistlərə və hər dürlü modernistlərə örnək.
 
  Fiziki və mənəvi gücün birləşərək fəaliyyət prosesinə keçməsini özündə əks etdirən Enerji, İntellekt (Zəka) və İradə vəhdəti (sonradan bu, Qərb əxlaq mədəniyyətinin dörd başlıca məziyyətində ifadə olunacaq: uzaqgörənlik, cəsarət, ölçügözləmə, ədalət)  İntibah ideallarının təntənəsi kimi Mikelancelonun "David” və "Musa” heykəllərində kamil təcəssümünü tapıb. Mikelancelo "Müqəddəs Kitab”ın bu iki peyğəmbərinə əsatir qəhrəmanlığı ilə yanaşı, gerçək insanlığın canlı obrazını nəqş edib. David – bütün vücudu ilə mübariz, qətiyyətli düşüncədədir. O sanki həyat üçün çox əhəmiyyətli olan bir qərarı vermək astanasındadır. Onun çılpaq atlet bədəni özünün ideal antik pozasında İntibah gözəlliyinin ətrinə, füsunkarlığına bələnib. Bu mərmər heykəl haçansa yerindən tərpənəcək. Və atılmış addımların ən qərarlısını atacaq...
  Mikelancelonun üzərində 3 il işlədiyi "Musa” heykəli. Peyğəmbərliyini hökmdarlığında bərqərar etmiş, hökmdarlığını peyğəmbərlik qatına qaldırmış Adəm övladı. Ola bilsin iki, burada Trinitasın – Üçərliyin gizli kodu var: heykəlin "uluqutsallığında” Zefs – Musa – Mikelancelo özü İntibah idealı kimi təcəssüm tapır. Mikelancelo heç vaxt portret janrında işləməyib. Özünün yeganə "avtoportretini” isə XX əsr sürrealizminə və ya hər dürlü modernizmə görk olacaq bir şəkildə "Məşhər”də təsvir edib: Müqəddəs Varfolomeyin əlində bir insan dərisi sallanır, dərinin ağır bükükləri arasından soyulmuş üzün konturları güclə sezilir: Bu – Mikelancelodur!
 
  Bədəninizi geyinin!..
 
  Mikelancelo həmişə ikonoqrafiyada zəif bir vücud, əzabkeş bir Oğul Allah kimi təsvir edilən İsanı da "Məşhər” əsərində böyük ilahi enerjinin timsalı tək təqdim edir. Burada – Kainat sisteminin dövr etdiyi mərkəzdə İsa həm Adəm, həm Apollon, həm Zevs, həm də İntibah mücahididir. Qaynaşan insan xaosuna İlahi iradə nizam gətirməlidir. İsa sağ əlinin enerjisi ilə günahkarları uçuruma – cəhənnəmə itələyir, sol əli ilə günahsızları, seçilmişləri ilahi məqama qaldırır. Ədalətin təntənəsi məqamında tarixin bütün ölü-bəşəriyyəti Yerüzündəki diriliyinin bütün yaşantılarını vücudunun, üzünün, heyrətdən bərəlmiş gözlərinin vəhşətinə çıxarır. Bütün İnsan tarixi bir anlığa yenidən yaşanır! Bütün varlıq qabardılmış dinamikasındadır. Bəzi canlar hələ ölüm qəflətindən ayılmayıb. Bəzi skeletlər hələ bədənini əyninə geyməyib... Ruhlar doğma bədənlərini, bədənlər doğma ruhlarını tapa bilmir... Təzədən insan olmağa başlayan bu canlar donmuş yaddaşlarının silkələntisi ilə bir-birini qaldırmağa da çalışırlar: Ruhun içindən Rəhm oyanır! Müdhiş bir sərgərdanlıq Nizama, Ədalətə hamilədir... Apokalipsisin Mikelancelo versiyası – varlıq stixiyasından dünya harmoniyasının necə əzabla, fəqət labüdlüklə doğulması ideyasına köklənib... Füzulinin "Xəncər”i də Kainat harmoniyası yaradan bir müqəddəs Silahdır: "Şəfiül-müznibina, məşhər əyyami ki, duzəxdən, // Çəkər hər ləhzə mücrim qəsdinə bir biəman xəncər... // Zəbani-tiz ilə ortayə girmiş müttəsil guya, // Olam der madihi-Peyğəmbəri-axirzəman xəncər... // Əduyi-cahinin qət’i-həyatiçün çəkər hər ay, // Qilafi-lacivərdidən hilali-asiman xəncər!”
 
  Eşq, yoxsa Eros?! 
 
  İntibah estetikasında Eşq və Enerjinin Erosa bağlanması da təbiidir: "Eşq mülkünün kafiristan olduğun” etiraf edən Füzuli bunu həm də qaçılmaz sanır: "Bu işrətgahın itmamında bir daş olmasa əskik, // Məni yerdən-yerə nəql eyləməzdi dəhr memarı”. Füzuli "Qıldı ol sərv səhər naz ilə həmmamə xüram, // Şəm’i-rüxsarı ilə oldu münəvvər həmmam” – mətləli qəzəlində nazlı-nazlı hamamlanan, yuyunub darandıqca hamamı nura qərq edən gözəlin təsvirində hətta detallarına qədər "naturalist” olsa da, onun bu "naturalizmi” çox incə və füsunkar bir həya tülündədir. Eləcə də Mikelanceloda. Onun əsərlərində Erosun təcəssümü cismaniliyin şəhvət ağuşunda deyil, məsumluq haləsində dolanır, "Gözəllik – tanrısal surətin şəfəqlənməsidir” (Mikelancelonun böyük intibahçı çağdaşı Marsilio Fiçino) meyarı ilə yaradılır. Füzulidə Eşq – İrfaniliklə tənləşə-tənləşə bərq vuran sönməz, lakin ataraksiyaya varmış Eşqdir, Mikelanceloda Enerji – hələ cövhəri Eşq qatına süzülməmiş, fəqət gurşadca kükrəyən yaradıcı Enerjidir. Bu Eşqin və Enerjinin mədəniyyətin sonrakı inkişafına impuls verməyindən savayı, həm də acı taleyi olacaq: Şərq o Eşqi çeynəyib-çeynəyib epiqonçuluq saqqızına çevirəcək, sızıltı və ah-vay ladına çökdürəcək, sonra da bu çöküntünü – xıltı mədəniyyətin formal qatına qaldırıb "qaymaq” adına sırıya-sırıya, saraylara zər kimi sata-sata tükəndirib yoxaldacaq... Qərb isə o Enerjini mədəniyyətin dərin qatlarına hopdursa da, nəhayətdə bu "xəyalatdan” bezəcək, onu cəmiyyətin sosial fəaliyyətinə transformasiya edib yanacaq kimi işlədəcək və sonda o da bu enerjini sivilizasiya labirintlərində azdıra-azdıra tükəndirib yoxaldacaq... Ona görə də bu gün nə Şərqdə Eşq, nə də Qərbdə Enerji mədəniyyətin yaradıcı başlanğıcı deyil. Hər nədə bənzəməsələr də, məhz bu Eşqi və Enerjini öldürməkdə – özlərini nəinki həmin yaradıcı başlanğıcdan, həm də həyatqurucu proqramdan məhrum etməkdə Şərqlə Qərb elə eyni hərəkətdə bulunmuşlar. Bu gün Şərq-Qərb həyəcanlarında, təlaşlarında, əslində, o toxum-başlanğıcı oyandırmaq stixiyası var!..
 
 

  "Günəş kələfi”.
 
  "Mən ilahi obrazlar yaratmalıyam!” –  Mikelancelonun bir dəfə dilinə gətirdiyi bu əhdi sanki hər iki sənətkar bir ağızdan deyib. Onların hər ikisində söz-materiya incə sənətə çevrildikcə, obrazın monumentallığı məhz tanrısal başlanğıcın gücünə – bu tükənməz toxumdan mayalana-mayalana böyüyür, əzəmətli ölçülər, görünüşlər, hərəkət dinamikası, fiqural vibrasiyalar alır. Füzuli-Mikelancelo sənətinin qavranılması nəhayətsizdir. Füzulidə – Nizami qəhrəmanlarının əsilzadəliyi, Mikelanceloda – Dante personajlarının möhtəşəmliyi var. Onların sırf sənətkarlıq baxımından istifadə etdikləri çəmlər də bir-biri ilə assosiasiya yaradır: "statua serpentinata” – "qıvrıq yapı” (obrazın qıvrılmış-qanrılmış pozada təsviri) və yaxud "non finito” – "bitirilməzlik” (obraz-informasiyanın axıra çatdırılmaması) Mikelancelo sənətinin xarakterik üsullarındandır ki, onu Füzuli şerinin poetik sistemində də parlaq şəkildə görmək olar. Məsələn, Mikelancelonun "non finito” üslubunda yaradılmış "Kentavrların döyüşü”, "Qoca qul”, "Pyeta Rondanini” əsərlərinə baxan hər kəs buradan Füzuli obrazlarına güclü assosiasiyalarla dönə bilər. Qiyam qaldırmış bədənin sönməsi anını ("Qoca qul”) heykəlləşdirmiş Mikelancelo kimi Füzuli də cismani ehtirasların səngiməsini dürlü görsənişlərində naxışlaya bilir. Füzuli lirikasındakı misilsiz "konsentrasiya qanunu” (ayrı-ayrı beytlərdəki tamamilə fərqli informasiya-sayrışların şerin sonuna doğru bir məcraya gətirilməsi – burada "Günəş kələfi”, adətən – "Ey Füzuli!”) Mikelancelonun monumental incəsənətinin orqanikasında da əsas yer tutur. Romadakı "dünya dövranının oxu üzrə” qurulacaq Kapitoli meydanının mərkəzində Mark Avrelinin heykəl-layihəsi buna parlaq örnəkdir...
  Füzuli və Mikelancelo. İntibah çağının iki dahi Ustadı. Onlar təkcə həmin çağdan deyil, tarixin hər zamanından bir-birinə ehtiramla baxırlar... Budur Əbədiyyət.