artkaspi.az Nina Fedorovna Budanovanın "F.M.Dostoyevski əsərlərinin ikinci tam nəşrinin mübahisələrinə" adlı yazısını təqdim edir:

1
Artıq illərdir ki, F.M.Dostoyevski əsərlərinin
yeni tam akademik toplusu ilə bağlı müba hisələr səngimək bilmir. Bu polemikada
son sözü 2009-cu il üzrə "Russkaya
literatura" ("Rus ədəbiyyatı") jurnalının 3-cü sayında iki
məqalə deyib. (Bax. V.Y.Baqno, V.D.Rak. Dostoyevski əsərləri tam toplusunun
akademik ikinci nəşri haqqında. / Rus ədəbiyyatı. 2009. №3. S.60-68;
V.Y.Vetlovskaya, B.N.Tixomirov. F.M.Dostoyevski əsərlərinin akademik tam
toplusu haqqında (2-ci nəşr, düzəliş və əlavələr edilmiş) / Orada. S.69-73.)
V.Y.Baqno (işə başlayan ikinci nəşrin baş
redaktoru) və V.D.Rakın informasiya xarakterli məqaləsində 35 cilddən ibarət
olacaq Dostoyevski əsərlərinin tam
akademik ikinci nəşrinin konsepsiyaları, prinsip və strukturları haqqında
ətraflı məlumat var. (Dostoyevski əsərləri tam toplusunun birinci akademik
nəşri 30 cilddən ibarətdir. (Elm, 1972-1990)
V.Y.Vetlovskayanın və B.N.Tixomirovun məqaləsi
birinciyə nəzərən polemik xarakter daşıyır. Yazının müəllifləri indiyə qədər
böyük nüfuzunu qoruyub saxlayan Dostoyevski əsərlərinin tam toplusunun birinci
nəşri, öz dövrünün Rusiyada və xaricidə klassik ədəbiyyatın ən yaxşı
nəşrlərindən biri olduğunu etiraf edirdi. (Həmin əsər. S. 69, 72) Lakin onların
əsərlərin tam toplusunun birinci nəşrinin tekstologiyası və elmi təşkilatına
qarşı sonrakı tənqidləri bu nəşrin
yüksək dəyərinin açıq-aydın əskinə çıxırdı. Belə çıxır ki, əsərlərin tam
toplusunun nəhəng mətni bütövlükdə əvvəldən axıra kimi yoxlanılmasa,
"ikinci nəşrin (yubiley nəşri!) tekstoloji dəyəri elə əvvəldən sıfra enmiş
olur". (Həmin əsər. S.70) Mənim
fikrimcə, belə bir nəticəyə ancaq bu nəşrin mətnşünaslarının iyirmi illik
zəhmətinin nəticəsi olan əsərlərin tam toplusunun birinci nəşrinin bütün
tekstoloji hissəsinin üstündən tamamilə xətt çəkildiyi halda gəlmək olar.
Dostoyevski əsərləri tam toplusunun birinci
nəşrinin şərhlərinin də qiymətləndirilməsi ikili xarakter daşıyır. Onun yüksək
elmi qiyməti yenidən əsaslı işlənməsinin vacibliyi fikirləriylə əlaqəlidir.
Əlbəttə ki, o, "həm tekstoloji baxımdan, həm də Dostoyevski elmi təşkilatının mətnləri baxımından xətalar və
ciddi çatışmazlıqlardan uzaq deyil". (Həmin əsər. S. 69)
Polemikada olan hər iki tərəf Dostoyevski
əsərlərinin tam toplusunun yeni akademik nəşrinə ehtiyac olduğunu etiraf
etdilər. Lakin nəşrin necə olacağıyla bağlı fikirləri fərqli oldu: düzəliş
edilmiş, genişləndirilmiş, əlavələr edilmiş əsərlər tam toplusunun birinci
nəşri, yoxsa başqa prinsiplərlə qurulmuş yeni nəşr (əsərlərin tam toplusunun
ikinci nəşr opponentlərinin mövqeyi).
Dostoyevski əsərləri toplusunun akademik
nəşrlərinin hər ikisinin – əsərlərin tam toplusunun birinci nəşri və 15 cildlik
"kiçik" toplu adlanan nəşrin (Elm, 1988-1996) iştirakçısı kimi, hər iki məqalədə toxunulmuş
diskussiya xarakterli məsələlərə cavab vermək və əsərlərin tam toplusunun
ikinci akademik nəşrinin tipi, konsepsiyası və prinsipləriylə bağlı öz
fikirlərimi bölüşmək istəyirəm.
Əvvəlcə tekstologiya haqqında. Əsərlərin tam
toplusunun birinci nəşrinin tənqidçiləri bu nəşrin əməkdaşları tərəfindən
hazırlanan yazıçının indiki vaxtda məlum olan bütün əlyazma irsi, hər hansı bir
ədəbi və ya bioqrafik maraq doğuran ayır-ayrı qeydlər toplanan, oxunan,
tarixlənən (lap elə xəta və səhvlər olsa belə)
tekstoloji işinin miqyas və əhəmiyyətini çox vaxt düzgün
qiymətləndirmirlər. (Dostoyevski sağlığında əsərlərin tam toplusu deyəndə
yazıçının tamamlanmış və artıq çap olunmuş əsərlərinin toplusunu nəzərdə
tuturdular. Ərinin vəfatından sonra əsərlərin nəşrində aktiv iştirak edən həyat
yoldaşı L.Q.Dostoyevskaya onları Dostoyevskinin məktubları, qeyd dəftərçəsindən
müxtəlif qeydlər və bəzi bioqrafik məlumatlarla zənginləşdirdi). Nəticədə
Dostoyevski mətnlərinin tənqidi tədqiqi zamanı yazıçının əsərlərinin
publikasıyalarını müşahidə edən
mətnlərin mənbə siyahısında öncəki nəşrlərlə nisbətdə daha çox
düzəlişlər və əlavələr edilmiş, çox sayda xəta aradan qaldırılmışdır. (Əsərin
tam toplusunun birinci nəşrinin tekstoloji nəşrinin işində G.M.Fridlenderlə
yanaşı, V.V.Vinoqradov, M.P.Alekseyev, İ.V.İzmaylov kimi nüfuzlu tekstoloqlar
iştirak etmişlər.) Bu, heç cürə özümüzdən əvvəlkilərin zəhmətini kiçiltmir.
Elmdə nəsillərin ardıcıl yol getməsi onun mövcudluğu üçün əsas şərtdir. (Əsərlərin
tam toplusunun birinci nəşrinin nisbətən məntiqli tənqidçisi T.A.Kasatkina bu
ardıcıllığı qəbul etmişdi.)
P.S.Tarasova qeyd edir ki, XX əsrin 90-cı
illəri – XXI əsrin əvvəllərində müasir elmdə "tekstologiya problemlərinə,
ümumiyyətlə, başqa baxış formalaşır (Dostoyevski yaradıcılığı nəzərə alınmadan
və ya daha dəqiq desək, təkcə bu müəllifə tətbiq edilməyən), mətnin analiz və nəşrinin metodikası yenidən
qiymətləndirilir, əsas termin və tekstologiyanın nəzəri vəziyyəti (məsələn,
"qaydaya uyğun mətn" anlayışı, "müəllif istəyi" qaydası və
s.) yenidən gözdən keçirilir".
(Y.A.Tarasova. Dostoyevski əlyazmalarının tekstoloji analizlərinin müasir
problemləri / Dostoyevski və XX əsr / red. T.A.Kasatkina. M., 2007. C.1.S.65) Hesab
edirəm ki, "tekstoloji mübahisələr" çox-çox əvvəllər yaranıb.
Mütəxəssislər arasında 1918-ci ilin orfoqrafik
reforması haqqında polemika davam edir. Əleyhdarların fikrincə, o, Dostoyevski
mətnlərinin təhrifinə səbəb olub. Onlar köhnə – "Ъ" və " Ѣ" ("tvyordıy znak" və "yat") işlənən orfoqrafiyanın qaytarılması uğrunda mübarizə aparırdılar.
"Qanunauğun" punktuasiyanın da yenidən qaytarılması, həmçinin
diskussiya mövzusu olaraq qalır. Bu, Dostoyevskinin qoyduğu, hətta hər bir
vergül (həmçinin də unudub buraxdığı və ya düzgün qoyulmayan vergül də),
bağlanmamış hər bir dırnağın yaradıcı xarakter daşımasını düşünən bəzi
alimlərin fikirləriylə əsaslanır. Bu ideya xüsusilə problematikdir.
Hal-hazırda Puşkin Evində Əsərlərin tam
toplusunun ikinci nəşrinin hazırlanmasına təcrübəli tekstoloqlarla
(N.L.Tarasova) yanaşı, gənclərin də cəlb edilməsi mümkün olub. Buna görə də,
Dostoyevski mətnlərinin hamısının frontal yoxlanılması haqqında qərar qəbul
olundu. Bu cür yoxlama artıq nəşrin ilk beş cildində aparılır. Habelə, səhv
oxunuş, buraxılış göstərişi olan publikasiyalar, böyük və balaca hərflərin
yazılışındakı qeyri-dəqiqliklər, müəllif punktuasiyasının müəyyən hallarda
pozulması və s. nəzərə alınacaq. (Əsərlərin tam toplusunun birinci nəşrində də
bəzi mübahisəli tekstoloji məsələlər yenidən nəzərdən keçiriləcək. Məsələn,
"Şeytanlar" romanın üçüncü hissəsinin salamat qalan qaralama
əlyazmalarının əsərlər toplusunun birinci nəşrinin variantı kimi yox, ayrıca
nəşr kimi çap olunmasının məqsədəuyğunluğu məsələsi).
Qrupun heyətinə qoşulan gənclər üçün əsərlər
toplusunun ikinci nəşri üzərində iş əsl məktəb olacaq, xüsusilə də,
tekstologiya sahəsində. Həm də ki, iş üçün elmi baza artıq mövcuddur. Mən
əsərlərin tam toplusunun birinci nəşrində çap olunmuş yoxlanışa və işlənməyə
ehtiyacı olan geniş tekstoloji külliyatı nəzərdə tuturam.

2
Dostoyevski əsərlərinin tam toplusunun birinci
nəşrinin təşəbbüsçüsü və faktiki baş redaktoru akademik G.M.Fridlender digər
nəşrlərdən fərqli olaraq, bu nəşrin qeydlər bölümündə "xüsusi xarakteri" nəzərə çatdırır.
"Lap əvvəldən nəşriyyatın ənənəvi, artıq oturuşmuş tələblərini pozmaqla
riskə gedərək, – G.M.Fridlepder yazır, – biz Hersen və Turgenyevin əsərlərinin
akademik toplularındakı kimi, burada da mətni çoxsaylı tarixi-ədəbi, tekstoloji
və real şərhlərlə müşayiət etməyə qəti qərar verdik. Həmin şərhlər dar formada
hər bir Dostoyevski əsərinin əvvəlki
tədqiqat mərhələsi üçün nəticə çıxarar və tədqiqatçıya tədqiqatını azad, özünü
maraqlandıran istiqamətlərdə aparmaq üçün bələdçilik edər. Sıravi oxucu üçünsə
mətnin bütün "qaranlıq" yerlərini aydınlaşdırar. Quruluş baxımından
bizim şərhimiz iki yerə parçalanır. Birinci son söz kimidir – o əsəri müəllifin
bioqrafiyası kontekstinə, onun əvvəlki və sonralar yazılan əsərlərinin, habelə
daha geniş sosial, tarixi-bədii və mədəni-tarixi kontekstə salır. Burada
Dostoyevski yaradıclığının bu və ya digər əsəri müəyyən qədər əmələ gətirən və
hazırlayan obrazları, ideya və motivləri izlənilir və qeyd olunur; onun
yaranması, bədii ideya, süjet, personajların xarakterləri tədqiq olunur; yaranması
və nəşr tarixinin əsas mərhələləri işıqlandırılır; real məişət və tarixi-ədəbi
mənbələri, senzura tarixçəsi, Rusiyada və xaricdə oxucular, yazıçılar və
tənqidçilər tərəfindən necə qəbul edilməsi, tarixi-ədəbi və tənqidi
interpretasiyalarının əsas xətləri, müxtəlif ənənələrin izahı və
qiymətləndirilməsi zamanı formalaşması və mübarizəsi xarakterizə olunur. Hər bu
cür son sözdən sonra biz Dostoyevski tədqiqatçılarının əlinə öz işlərimizin
nəticəsiylə düzəliş və əlavələr edilmiş, yoxlanılmış, oxucuya "hazır"
nəticələr sırımaqdan uzaq mətn və şərhləri təqdim etməklə özünün bunu
yoxanmasına imkan yaradan, elmlə
toplanılmış biliklərin artıq hazır məlumatını verməyə cəhd göstərmişik.
Şərhlərin tarixi-bədii hissəsinin yaradılması böyük tədqiqi və mükəmməl bir
işin nəticəsidir. Şərhlər "Dostoyevski. Materiallar və tədqiqatlar"
seriyasından olan toplularda çoxsaylı məqalə və tədqiqatları tamamlayır.
(G.M.Fridlender. Rus klassiklərinin akademik nəşrlərinin elmi prinsip və məqsədləri
haqqında (F.M.Dostoyevski əsərlərinin tam toplusu materialları əsasında) /
İzvestiya OLYA.1991.C.50. Burax. 5. S. 408-409.)
Şərhlərin çoxaspektliliyi əsərlərin tam
toplusunun birinci nəşrinin iştirakçılarına tarixi-ədəbi və tekstoloji şərhləri
birləşdirməyə imkan yaratdı: mətn nəşrdə variant, qaralama şəklində ölü yük
kimi qalmır, əsərin yaranma tarixçəsində (orada yaranan ilk ideyadan bitkin
mətnə qədər əsərin bütün yaranma
prosesi) dəyər əldə edir.
Dostoyevskinin hər bir əsərinin şərhi, həyata
keçməyən ideyalar da daxil olmaqla, özü özlüyündə sanki kiçik bir
ensiklopediyanı ifadə edir. Bunu da qeyd edim ki, əsərlərin tam toplusunun
birinci cildindən sonra işıq üzü görən heç bir topluda belə şərhlər yoxdur:
onlardan ən böyüyü – artıq yuxarıda qeyd olunan Dostoyevski əsərlərinin 18
cildlik tam toplusunda yazıçının erkən yaradıcılığı giriş mətnində ümumi
xarakteristikada verilib.
Əsərlərin tam toplusunun birinci cildi
çıxandan sonrakı illər Rusiyada radikal dəyişikliklər illəri oldu. Senzuranın
aradan qaldırılması alimlərə məcburi susmalara, düzəlişlərə yol vermədən,
Dostoyevskinin ictimai-siyasi və dini baxışlarını obyektiv şəkildə
işıqlandırmağa şərait yaratdı. Lakin bu iş gerçək və gələcək tədqiqatların
işidir. Əsərlərin tam toplusunun birinci nəşrində buraxılmış bütün
"zamanın ideoloji təbəqələşməsi", əlbəttə ki, hər dəfəsində senzura
barədə qeydə müraciət etmədən, elə bircə dəfə birinci cild nəşrinin preampulasında
göstərməklə, aradan qaldırılacaq ("yazıçı səhv
edirdi"/"yanılırdı"/"səhvən düşünürdü" və s. kimi
ifadələr).
Lakin əsərlərin tam toplusunun birinci
nəşrinin şərhləri bütövlükdə zamanın sınaqlarından keçərək öz elmi dəyərini itirməmişdir.
(Bu işdə bir çox cildlərin redaktoru, rus dilinin və Qərbi Avropa ədəbiyyatı,
tarixi, fəlsəfəsi, estetikasının mahir
bilicisi, akademik G.M.Fridlenderin
əməyi danılmazdır.) Tarixi-ədəbi, tekstoloji və real şərhlərin əsas korpusu
köhnəlməyib və yenidən işlənməsinə ehtiyac duyulmur. Bununla yanaşı, yaradıcılıq
tarixiylə bağlı bölümlərin də – əsərlərin tam toplusunun birinci nəşrində olan
ideyanın yaranmasından ta bitmiş mətnin yaranması və onun sonrakı nəşrlərin,
real və ədəbi təsirlər, əsər personajların prototipi, sağlığında edilən
tənqidlər, XIX əsrin əvvəlləri – XX əsrdə Qərbdə Dostoyevski yaradıcılığının
mənimsənməsiylə bağlı bölümlərin yenidən
əsaslı işlənməsinə ehtiyac yoxdur.

Aydın məsələdir ki, real və paraqraflar üzrə
düzülən şərhlər yenilənəcək, genişlənəcək, yeni mənbələrlə zənginləşdiriləcək.
Unutmayaq ki, birinci cildlərin nəşrindən artıq bir neçə onillik keçib. Və
həmin illər həm Rusiyada, həm xaricdə Dostoyevskinin intensiv tədqiqat,
əsərlərinin ətrafında polemikalar gedən, müxtəlif izahların rəngarənglik dövrü
idi. Bütün bunları tədqiq etmək, dərk etmək və əsərlərin tam toplusunun ikinci
nəşrinə seçimlə daxil etmək lazımdır. Paraqraflar üzrə düzülmüş şərhlərdə
əsərlərin tam toplusunun birinci nəşri çıxandan sonrakı dövrdə bu və ya digər
əsərin tədqiqatında əsas istiqamətləri qeyd ediləcək. Xüsusilə, real şərhlər genişlənəcək və yenilənəcək. Çünki son
onilliklərdə "Dostoyevski. Material və tədqiqatlar",
"Dostoyevski və dünya mədəniyyəti" akademik toplusunda,
"Dostoyevski və müasirlik" almanaxlarında, "Xristianlıq və rus
ədəbiyyatı", "XVII-XX əsr rus ədəbiyyatında "İncil” mətnləri"
məcmuələrində, "Dostoyevski: şərhə əlavə" (T.L.Kasatkinanın
redaktorluğuyla) nəşrində və bir sıra xarici nəşrlərdə ona çoxlu əlavələr
yaranıb.
Bu səbəbdən də V.Y.Vetlovskaya və
B.N.Tixomirovun planlaşdırılan nəşrin əməkdaşlarının onun üzərində ancaq
müəyyən qədər düzəliş və əlavə etmək niyyətində olduqlarından nəşrin akademik
xarakter daşımayacağı fikri əsasını itirir.
O ki qaldı əsərlərin tam toplusunun birinci
nəşrində senzura məsələsinə, qeyd edim ki, bu barədə həddindən artıq birmənalı
şəkildə mülahizə etmək olmaz. Bizim köhnə tarixi təcrübəmiz də buna şahiddir
ki, hətta senzura olan dövrlərdə də azad insan düşüncələri intensiv şəkildə
işləyirdi. Əsərlərin tam toplusunun birinci nəşr əməkdaşları bir çox hallarda
senzura maneələrini ustalıqla dəf etmişdilər.
F.M.Dostoyevski əsərlərinin tam toplusunun
birinci nəşrinin əməkdaşları dəfələrlə məharətlə senzura maneələrini dəf edə
bilmişdilər. G.M.Fridlender yazırdı: "Tarixi-ədəbi və izahedici şərhlərdə
"İncil”ə, ruhani şeirlərə, agioqrafik (xristian övliyalarının həyatını təsvir
edən dini kitablar – X.A.) ədəbiyyata müraciəti Dostoyevski əsərlərinin tam
toplusunun akademik nəşrinin birinci hissəsinin hazırlıq və işıq
üzü görmə mərhələsində o zamanki nəşr praktikasında misilsiz, görülməmiş bir iş
idi. O, tədqiqat düşüncələrini durğunluq dövrünün əl-qol bağlayan
qadağalarından çıxmasına təkan verdi, "köləlikdən" azad ediləməsinə,
SSRİ-də sonrakı illərdə xristian ənənələrinin, həmçinin də rus dini-fəlsəfi
fikirlərinin Dostoyevski tərəfindən mənimsənilməsi və onun inkişafındakı
rolunun məsələlərinin işlənməsini davam etdirən yeni tədqiqatların meydana
çıxmasına vasitəçilik yaratdı. G.M.Fridlender. Rus klassiklərinin akademik
nəşrlərinin elmi prinsip və məqsədləri haqqında (F.M.Dostoyevski əsərlərinin
tam toplusu materialları əsasında). S.409. Burada G.M.Fridlender şübhəsiz ki,
V.Y.Vetlovskayanın "Karamazov qardaşları" romanının qədim rus
mənbələri haqqındakı şərhlərinin tarixi-ədəbi hissələrini nəzərdə tuturdu).
Qeyd etmək lazımdır ki, indiyə qədər çap
olunmuş F.M.Dostoyevski əsərlərinin tam toplularının heç bir nəşrində
Dostoyevski mətnlərindəki "İncil” sitatları bu qədər çox şərh olunmamışdı. Və
bu işi davam etdirmək lazımdır. Belə ki, XX əsrin 80-cı illərindən indiyə qədər
Dostoyevski yaradıcılığının dini-fəlsəfi problematikasına artan maraq müşayiət
olunmaqdadır. Xarici nəşrlər sırasında, qeyd olunan elmi nəşrlərdə, Dostoyevski
əsərlərinin tam toplusunun akademik nəşrlərinin 30 cildliyi və 15 cildliyi
çıxandan sonra real şərhlərə çoxlu dolğun əlavələr yarandı. Bu materiallar
əsərlər toplusunun ikinci nəşrində nəzərə alınacaq.
Ən çox senzuraya tuş gəlmək qorxusunu, əlbəttə
ki, "Şeytanlar" romanı doğurdu. Bu romanın yaranma tarixçəsi haqqında
məqalənin müəllifi kimi bütün məsuliyyətimlə deyə bilərəm ki, akademik
şərhlərdə tamamilə adekvat və müəllif izahlarına uyğun olaraq romanın
başlığına, "İncil”dən epiqrafına və "Şeytan"in ümumi dini-fəlsəfi
mənasına izahat verilmişdir. Bu izahatı mən, Dostoyevski əsrlərinin akademik
nəşrinin 15 cildliyində artıq şərhlərin xeyli yenilənməsi və yeni mənbələrin
əlavə edilməsinə baxmayaraq, romanın digər təkrar nəşrlərində də saxlamışam.
Bunu da əlavə edim ki, "Şeytanlar" romanı əsərlər toplusunun birinci
nəşrində qorunub qalmış bütün əlyazma materialları ilə birgə çap olunmuşdu.
Sovet dönəmində roman faktiki olaraq qadağa altında idi. Çünki roman rus
inqilabı hərəkatına qarşı böhtan kimi, iftira kimi dəyərləndirilmişdi. (1935-ci
ildə "Academia" nəşriyyatının "Cinlər" romanın
L.P.Qrossmanın (rus ədəbiyyatşünası, yazıçı) önsözü və şərhləriylə iki cilddə
çap etmək niyyəti baş tutmadı: çapdan ancaq birinci cild çıxdı. Romanın ayrıca
nəşri ancaq postsovet dövründə həyata keçdi. (bax. F.M.Dostoyevski.
"Şeytanlar”. Dörd hissəli roman/mətnin haz.,giriş mətni və qeydlər
İ.F.Budanova. Bədii ədəb.,1959)
G.M.Fridlenderin "Şeytanlar" romanını xilas etmək üçün
şərhlərinə əlavə etdiyi ideoloji pasajlar zahiri xarakter daşıyır və onları
çıxarmaq asandır.
O ki qaldı "Şeytanlar" romanın
yaranma tarixçəsində "Neçayev işinin"
rolu haqqında V.A.Tunimanovun (filologiya elmləri doktoru) geniş şərhlərinə, elə oradaca
Dostoyevskinin fikirləri obyektiv
şəkildə əks olunmuşdur. Bu halda şərhçinin bəxti gətirib: K.Marks və F.Engels
S.G.Neçayeva (Rus nihilisti və XX əsr
inqilabçısı) və onun taktikalarına mənfi münasibət göstərdilər. Onlar Neçayevin
"siyasi qətlin müdafiəsi" və "kazarma kommunizmi
nəzəriyyəsi", həmçinin "uşaqyana və inkvizitor fəndlərini"
bəyənmədilər. (K.Marks. F.Engels. Əsərlər. M., 1961. T. 18. S. 412-414).
Beləliklə də, "Neçayev işi"nin qiymətləndirilməsində gözlənilmədən və
paradoksal şəkildə, əslində üst-üstə düşməyən kimi görünən nöqteyi-nəzərlər
bir-birinə yaxınlaşdı.
S.G.Boçarovun (rus əsəbiyyatşünası – X.A.)
məqaləsindən sərlövhəni diqətinizə çatdırıram: "Dostoyevskinin
adından" və "P.S. Dini filologiya haqqında". F.N.Xotsa aid və
S.G.Boçarovun təkrarladığı "Dini filologiya" təyininin bu yerdə
ironik mətnaltısı yoxdur. O, müəlliflərin yaradıcı məqsədini və yazıçıya aid
edilən interpretasiyaların subyektiv xarakterini ifadə edir. "Təyin onunla
uğurludur ki, – S.G.Boçarov izah edir, – dini filologiya bu günümüzün hadisəsi kimi, əsrin
əvvəllərinin dini fəlsəfəsiylə həmahəngdir". (S.G.Boçarov. Rus ədəbiyyatının
süjetləri. M., 1999. S. 585.)
Anlaşılmazlıqlarla üzləşməmək üçün bu başdan
qeyd edim: F.M.Dostoyevski dahi xristian yazıçısıdır. Və onun yaradıcılığının
dünyagörüşü və dini-fəlsəfi məzmununun sovet dönəmində qeyri-mümkün olan əsl
elmi tədqiqatı, indi açıqdır və bir çox tədqiqatçıların marağındadır (onların
içində mən də varam).
S.G.Boçarov yazır: "Posmodernist
müasirlikdə "interpretasiyann
sərhədləri" – Umberto Eko kitabını da belə adlandırıb (1990) – məsələsi
ilkin aktuallığındadır. Eko tendensiyanı patoloji sindromu "gizli məna
mübtəlalığıyla" təsvir edir. İndi həmin sindrom – epidemiya halı alan
hadisədir. (...) ..."mətnaltı" və "metofizik səviyyədə
mütaliə" kimi terminlər gündəmdədir. Mətnaltı – mətnin altındadır və
deməli, bilavasitə verilməyib; ona çatmaq üçün "axtarmaq" lazımdır...
Nəzəri və ya ideoloji prezumpsiyaya (ehtimal) ehtiyac var. Müəyyən şəkildə istiqamətləndirilmiş (...)...İnterpretasiya baxımından onu qəbul,
ya inkar edən mətnin kontrol funksiyası
var. Mətn bizim interpretasiyalarımız altında köməksizdir, lakin həm də
əlçatmazdır. (S.G.Boçarov. Rus ədəbiyyatının süjetləri. M., 1999. S. 582-583.)
S.G.Boçarov istedadlı ədəbiyyatşünas T.A.Kasatkinanın "Dostoyevski
xarakterologiyası" kitabını analiz edir: "gizli mənalara mübtəlalıq",
"müəllifin lazımi mənanı sıxışdırıb çıxarmaq üçün mətnə sevdiyi, aktiv
(aqressiv deməməkdən ötrü aktiv deyirəm) təzyiq metodu pik nöqtəsinə
çatır" (S.G.Boçarov. Rus ədəbiyyatının süjetləri. M., 1999. S. 582-583.)
Alim bəzi "dini filoloqların" "qəhrəmanların adlarının ümumi
xristian etimoloji açıqlanmasına" qarşı skeptik yanaşır.
N.A.Arsentyeva "Dostoyevskinin
"İdiot" romanı: düşüncələr, problemlər" (İvanovo, 1999)
toplusunun analizinə həsr edilmiş "Uzunqulaq avazı" və "İdiotun məqamı"
(Dostoyevski. Materiallar və tədqiqatlar. 2005. C, 17. S.376-398)
məqaləsində də həmçinin çağdaş Rusiya müəlliflərinin posmodernist
metodologiyayla maraqlandığını qeyd etmişdir. Bu, romanın dini-fəlsəfi
məzmununun müəllif inrterpretasiylarında, xüsusilə də, baş qəhrəmanın – knyaz Mışkinin
xüsusiyyətlərinə öz təsirini göstərmişdir. N.A.Arsentyeva haqlı olaraq hesab
edir ki, topluda "filoloji analiz bir çox hallarda intellektual oyun,
dünya mədəniyyəti və ədəbiyyatı sahəsində məlumatlılığın nümayişi ilə, elmi
obyektivlik və dəqiqliksə eklektikayla əvəz olunur. Müəllifin şəxsiyyəti və
dünyagörüşü, onun yaradıcılığının estetikasıyla birgə bütün müstəqil mənasını
itirir, əsərsə çoxsaylı və bəzən də bir-birinin əksinə olan interpretasiyaların
obyektinə çevrilir". (Dostoyevski. Materiallar və tədqiqatlar. 2005. C, 17. S.376-377)
Müəllifin ideyasını açmaq cəhdindən imtina edən bəzi müəlliflər vurğunu
izahların çoxluğuna – "bir-birlərinin tamamlayan dialoqa girən iki
nəfər"ə keçirirlər. Bu cür
metodoloji yanaşmada knyaz Mışkin obrazının izahında bütün kənar nöqtələr
aşkara çıxır: İsa/anarxist, amma bunlardan heç biri mənəvi gözəl xristian
qəhrəman yaratmaq fikrində olan müəllifin yaradıcı ideyasında olmayıb.
Yuxarıda qeyd olunanlar heç də tədqiqatların
azadlığına, metodoloji yanaşmaların rəngarəngliyinə, bir-birləriylə özünəməxsus
tərzdə dialoqa girən çoxsaylı tədqiqatçı səslərinə qarşı yönəlməyib. Lakin
indiki halda söhbət akademik şərhlər və onların ciddi prinsiplərindən gedir.
Biz mətnin adekvat oxunuşunun mümkünlüyündən və müəllif pozisiyasının əsas mətnindən başqa, ona əlyazmada olan
materiallar, içərisində xüsusi yeri müəllifin düşündüyü əsərin ideyası, fikri,
obrazlarının izahıyla Dostoyevskinin məktubları tutan mənbələrin geniş əhatəsi təyinindən çıxış edirik. (Çox güman ki,
V.Y.Baqno və V.D.Rak "F.M.Dostoyevski əsərlərinin tam toplusunun ikinci
nəşri haqqında" məqalələrində "İdiot" romanın məhz ziddiyyətli
və bəzən bir-birini istisna edən traktovkalarını və xüsusilə də, yuxarıda adı
çəkilən "Dostoyevskinin "İdiot" romanı: düşüncələr,
problemlər" toplusundakı knyaz Mışkin obrazını nəzərdə tutmuşdu. Akademik
nəşrlərdə "Dostoyevski mətnlərinin tarixi-ədəbi izahlarının onun mifoloji,
metanoetik, simvolistik, maarifləndirici və buna bənzər başqa izahlarıyla əvəz
edilməsinin kobudcasına lazımsızlığını bildirəndə, opponentlərdə haqlı olaraq
polemik cavablar qalxdı. Həqiqətən də, Dostoyevski "simvolik yazı"
sənətinin ən yüksək pilləsində idi. "İncil” simvolikasından geniş istifadə
yazıçının romanına katorqadan sonrakı dönəmdə dərin dini-fəlsəfi məna verir və
burada məsəl çəkmək üçün heç də uzağa getməyə ehtiyac yoxdur.
"Cinlər" romanın (onların müəllif izahları əsərlərin tam toplusunun
birinci nəşrində verilib) başlığı və epiqrafı Luka İncilinə gedib çıxır.
Alimlər tez-tez Stavrogin obrazının – Dostoyevskinin bədii sisteminin ən
mürəkkəb obrazının simvolistik traktovkasına müraciət edirlər. O, müəyyən qədər
V.İvanov, S.N.Bulqakov, N.A.Berdyayevin məqalələrində verilib. Yazıçının
əsərlər toplusunun akademik nəşrlərində – 30 cildlik və xüsusilə də, 15
cildliyində "Şeytanlar"in şərhində bu məqalələrdən sitatlar
gətirilir.
4
İdeyasını öz tərəfdarları irəli sürən yeni tip
akademik nəşrlər ("XXI əsr nəşrləri") haqqında bəzi mülahizələr.
Dostoyevski əsərlərinin tam toplusunun yeni akademik şərhləriylə bağlı
diskussiya hələ 2005-ci ilin iyulunda A.M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda dəyirmi masa arxasında keçirilmişdi. Bu haqda B.N.Tixomirovun
geniş məqaləsi var. (bax.B.N.Tixomirov. Akademik şərhlər: məqsəd və prinsiplər
/ Dostoyevski və dünya ədəbiyyatı.S.P. S.117-126. Bu diskussiyanın
materiallarını növbəti almanaxlarda dərc etməyi düşünürlər.) O yazır: mən hər
şeydən əvvəl A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda keçirilmiş
diskussiyada səslənən fikirlə – işin əsas hissəsinin əsərlərin tam toplusunun
əməkdaşları tərəfindən edildiyinin və bizimsə boynumuza düşən işin (sitat
gətirirəm) "xırdaca nəyisə əvəz etmək, hansısa detalı dəyişmək olduğunu və
işimiz bizə qədər olunanların yanında olduqca kiçik bir işdir fikriylə razılaşmamalıyam.
Prinsipcə, razılaşmamağım bizdən əvvəlkilərin əməyini kiçilməkdən ötrü
deyil. Sadəcə bu yanlış tezis elmi
laqeydlik, tədqiqatlarda həvəssizlik doğurur, xüsusilə də, gənc alimləri
çaşdırır". (B.N.Tixomirov. Akademik şərhlər: məqsəd və prinsiplər /
Dostoyevski və dünya ədəbiyyatı.S.118. B.N.Tixomirov məqaləsində əsərlərin tam
toplusunun birinci nəşrinin şərhlərinə bir sıra əlavələr (onlar əsərlərin tam
toplusunun ikinci nəşrində nəzərə alınacaq) göstərir. Lakin bu əlavələr
əsərlərin tam toplusunun birinci nəşrinin əsas korpusuna heç bir xələl
gətirmir, əksinə, daha da dəqiqləşdirir və tamamlayır. Əlavə edim ki, dünyada
"bütün zamanlara uyğun" şərhlər mövcud deyil. Onlar hər zaman
yenilənir və əlavələr edilir).
A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda
keçirilmiş diskussiyada həm də "akademik şərhlərin sərhədləri, onun
kütləvi nəşrlər üçün olan şərhlərdən fərqi və bu janrın təbiəti haqqında vacib
məsələ müzakirəyə qoyulub. Qeydlər / şərhlər / izahlar / interpretasiyalar
arasında hədlərin qoyulması haqqında. "Üfüqi" şərhlər (yəni ənənəvi
sözün düzgün işlənməsində real) və "şaquli" şərhlər, yəni hansı ki,
(sitat gətirirəm) dünyəvi şüuru nə dünyəvi, nə də bəşəri şüura məlum olan şüura
yüksəlmək ehtimal edən", başqa sözlə, reallar altında "ali mənada
reallıq" nəzərdə tutulandır". B.N.Tixomirov əlavə edir: mən bu iki
şərhi bir-birindən "Çin səddiylə" ayırmazdım, qarşı-qarşıyasa,
ümumiyyətlə, qoymazdım. Hesab edirəm ki, burada da "realdan reallığa"
prinsipi işləməlidir. (B.N.Tixomirov.Akademik şərhlər: məqsəd və prinsiplər /
Dostoyevski və dünya ədəbiyyatı.S.121.)
"Yeni tip" şərhlər haqqında
mülahizələr ümumi polemik xarakter daşıyır və bu cür şərhlər üçün hər hansısa
bir ciddi, nəzəri əsaslanma prinsipləri yoxdur. Bundan əlavə, məncə,
maksimalist bir tendensiya – "hər şeyə şərh yazmaq" tendensiyası
yaranır – V.A.Koşelyovun B.N.Tixomirovun "Bəxtindən gileylənən! Rədd
ol" kitabına resenziyasından dəqiq ifadə: F.M.Dostoyevskinin "Cinayət
və cəza" romanı müasir oxunuşda: şərhlər kitabı" (S.P., 2005).
"Yeni tip" akademik şərhlərçün daha
radikal variantı T.A.Kasatkina təklif edir: "İndi "yeni
orfoqrafiyayla" bağlı təhrif olunmuş bir sıra Dostoyevski mətnlərinin də
şərhlərə ehtiyacı var (...) Nəşrdə təqdim olunmuş məqalələrin forması mütləq
müxtəlif olmalıdır. Bu, sözün əsl mənasında sözə, ada, epizoda, detala şərh ola
bilər; bu, şərhə (deyək ki, elə buradaca verilmiş faktiki şərhə interpretasi şərhi) verilən şərh də ola bilər
və s. Burada Dostoyevski haqqında rus elminin materialları (A.A.Saburovun (rus
ədəbiyyatşünası, şair X.A.) dissertasiyasının başlığı) və şərhçilərin fikrincə
dəyərli, indiyədək Dostoyevski haqqında bizim elmə daxil edilməyən xarici
alimlərin məqalələrinin (Malkolm Counsun (Nottinhem Universitetinin fəxri
alimi, məşhur ingilis slavisti – X.A.) məqalələri) tərcüməsi nəşr olunur.
(T.A.Kasatkina. Göstərilmiş əsər. S.5-6. Bu fikir müəyyən qədər elə
T.A.Kasatkina özü reallaşdırıb. (bax. F.M.Dostoyevski. Əsərlər toplusu.
C9./mətnləri hazırlayan, giriş məqaləsinin, şərhləri hazırlayan T.A.Kasatkina.
M.2003-2004).
T.A.Kasatkinanın təklif etdiyi ideya maraqlı
və orijinaldır. Lakin dəqiq strukturlu və ciddi elmi prinsipləri olan əsərlərin
tam toplusunun ənənəvi tipinə uyğun gəlmir. Mənə elə gəlir ki, zamanın
sınaqlarından keçmiş və beynəlxalq nüfuz qazanmış F.M.Dostoyevski əsərlərinin
tam toplusunun birinci nəşrindən imtina etmək lazım deyil. Bundan əlavə,
əsərlərin tam toplusunun birinci nəşri əsas təməldir, özəkdir. Dostoyevskinin
bütün sonrakı böyük və kiçik nəşrləri ondan "çıxıb" və çıxır",
onun materialları əsasında dissertasiyalar yazılır və elmi işlər yaranır. Yeni
tip akademik nəşr elm tərəfindən tam
hazırlanıb ortalığa çıxmadığından hələ ki diskussiya mövzusu olaraq qalır.
Sonda bunu demək istəyirəm. F.M.Dostoyevski
haqqında akademik elmi "dəfn etmək" və opponentlərimiz kimi
"Puşkin Evində Dostoyevskinin tədqiqatı işində durğunluğun uğursuz
simptomu haqqında danışmaq hələ tezdir.
(V.Y.Vetlovskaya, B.N.Tixomirov. F.M.Dostoyevski əsərlərinin akademik tam
toplusu haqqında. S.73) Faktlar əksini deyir. Dostoyevski Puşkin evində
müvəqqəti qonaq deyil, ev sahibidir. Heç vaxt oranı tərk etməyəcəyinə ümid
edirəm. (İ.D.Yakuboviç haqlı olaraq hesab edir ki, Puşkin Evi filoloqlarının
Dostoyevskinin həyat və yaradıcılığına həsr olunmuş elmi işini Rusiyada
"dostoyevskişünaslığın tarixi” adlandırmaq olar. Alimlərin həll etdiyi
tekstologiya və mənbəşünaslıqdan tutmuş dünyagörüşü, fəlsəfi, mənəvi və estetik
problemlərin geniş əhatəsi Leninqrad-Peterburq Akademiyası məktəbinə rus
ədəbiyyatında Dostoyvskinin bədii və tarixi yerinin təyinində həlledici rol
oynamasına imkan yaratdı. Bu da filoloji elmlərdən bir cərəyan oldu.
(İ.D.Yakuboviç. Dostoyevski Puşkin Evində / Dostoyevski. Materiallar və tədqiqatlar.
SP.,2007. C. 18. S. 3)) Onun yeri Puşkinin yanındadır.
1960-cı illərin sonlarında yazıçının
əsərlərinin tam toplusunun akademik nəşrinin ərəfəsində yaradılan Dostoyevski
tədqiqat qrupu Dostoyevskinin əsərlərinin tam toplusunun iki akademik nəşrindən
30 (cildlik və 15 cildik) əlavə, fundamental işlər də görüb:
"F.M.Dostoyevskinin həyat və yaradıcılığı salnaməsi" (redaktorları
P.F.Budanova və G.M.Fridlender. SP. Nauka, 1993-1995); "F.M.Dostoyevski
kitabxanası: rekonstruksiya təcrübəsi. Elmi təsvir" (redaktor:
P.F.Budanova. SP.Nauka, 2005); "Dostoyevski. Materiallar və
tədqiqatlar" seriyalı akademik toplunun nəşri davam edir; (L., SP. Nauka,
1974-2007. C.1
- 19). "Pro memoria. Akademik G.M.Fridlenderin qeydləri" toplusu (SP.
Nauka, 2003), habelə əsərlərin tam toplusunun əməkdaşlarının Dostoyevskiyə həsr
olunmuş bir sıra monoqrafiyaları nəşr edilib. Bütün bu akademik işlər tələb
olunan və beynəlxalq nüfuz qazanan işlərdi.
Hətta ən mürəkkəb şərtlər altında və qrup
heyətinin azsaylı olanda da belə, Dostoyevskinin tədqiqatı dayandarılmamışdı.
Və 2007-ci ildə "Dostoyevski. Materiallar və tədqiqatlar" toplusunun
növbəti – 18-ci cildi çapdan çıxdı.
Puşkin Evində başlayan Dostoyevski əsərlərinin
tam toplusunun ikinci, düzəlişlər və əlavələr edilmiş nəşri üzərində iş dahi
yazıçının yaradıcılıq irsinin tədqiqatının
və Dostoyevski qrupu fəaliyyətinin yeni mərhələsidir.
Rus dilindən tərcümə edən: Xanım
AYDIN