"Open
Culture” onlayn maraq-əyləncə dərgisində, xüsusilə də, ədəbiyyatsevərlərin
marağına səbəb olacaq xəbər paylaşılıb. Dərgi bu sevindirici xəbəri elə məhz bu
başlıqla "Fitzeceraldın evində yaşamaq fürsəti” bölüşüb. Belə ki, dərginin
xəbərinə görə, yazıçı Skot Fitzeceraldın Montqomeridə tanış olub, evləndiyi
xanımı Zelda Sayre ilə üç ilə yaxın müddətdə yaşadığı mənzil ədəbiyyat və
Alabama sevərlərin ixtiyarına verilib. Dövrünün iki sevilən simasının yaşadığı
evdə qalmaq fürsətini isə yalnız "airbnb” saytının turizm xidmətlərindən
istifadə edənlər yararlana biləcəklər.

Portal
istənilən zaman bu evin kirayələnə bilməsi üçün evin qorunması və mühafizəsi
ilə məşğul olan "Montqomeri Fitzecerald Muzeyi” ilə müqavilə imzalayıb.
Alabama, Montqomeriyə səfər edənlər tur biletlərini "airbnb”-dən sifariş
edərkən, asanlıqla Fitzcerald cütlüyünün evini kirayələyə bilər. Evin bir
gecəlik qiyməti 150 dollardır. Cütlüyün olduqca çətin zamanlarını keçirdikləri
bu evdəki ədib mühit olduğu kimi saxlanılır. "Airbnb” şirkəti isə
müqavilədə göstərilən "yazara aid şəxsi əşyaların zədələnməsi qarşılığında
ciddi məbləğlər ödəmək və hətta müqavilə şərtlərinin birtərəfli pozulması”
tələblərinə razılıq verib.
Bu layihə
ilk baxışdan cəlbedici görünsə də, necə əks-səda doğuracağı hələ ki,
naməlumdur. Çünki ədəbiyyatsevərlər tez-tez yazarların həyatına səfər etsə də,
sevimli yazarlar haqqında çox şeyin gizli, özünəməxsus qalmasının, onların
mifik həyatlarının sehrinin pozulmamasının tərəfdarıdırlar. "airbnb” artıq evin
illik kirayə haqqını müqavilə şərtlərinə uyğun olaraq, ödəyib. Lakin
turistlərin bu ideyaya yanaşması hələ ki, soyuqdur. Evin kirayə şərtləri ilə bu
adresdə tanış ola bilərsiniz – "www.airbnb.com/rooms/17459957”.
Hazırladı: Elcan Salmanqızı