Biz imzaları yox, əsərləri dərc edirik...

Fərqanə Yusifqızının şeirləri
322
15 Oktyabr 2019, 11:58
  Artkaspi.az saytı Fərqanə Yusifqızının şeirlərini təqdim edir:
 
 

  Bu payız da tənhayam
 
Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi...
Alıb xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli sayağı kimi...
Bu payız da tənhayam,
Ətraf qırmızı, sarı,
Hər yan xına rəngində,
Gəlin ayağı kimi...
Bu payız da tənhayam...
Bu payız da soyuqdu...
 
  Bu gecə
 
Bu gecənin rəngi
daha qaradı məncə.
Küçələrdə ara-sıra 
sahibsiz itlər hürür‚
bir də yemək axtarır
balasına pişiklər...
Açdım pəncərəmi qaranlığa
ağaclar adam kimi
boylanırlar içəri
təngə gəldim‚
elə bil ki, gecə-gündüz
dayanıblar keşikdə...
Bu gecənin ayı yoxdur
dağılıblar ulduzlar.
Sanki bu gün göy üzündə
yollarını azıblar..
Bircə qədəh şərab süzüm
bir musiqi dinləyim..
necə idi o mahnı?
həə 
"gecələr pənah yerim"
oxuyan da deyəsən
o qız idi...Azərin...
Kimlər yatıb bu gecə
kimlər oyaqdı görən..
bu gecə tənhaların
gecəsidi deyəsən..
 
  Mövsümü olmaz ayrılıqların

Mövsümü olmaz ayrılıqların
nə istini hiss edər insan,nə soyuğu
gedişin bir burulğan kimi
içimi,çölümü söküb apardı.
İndi bu sevdiyim fəsildə 
xəzanlar ürəyimdə saraldı.
Anladım..
Bu sevdanın nə əvvəli olacaqmış,
nə də ardı.
Olsun.
Gedişini faciə etməyim mən də,
zarafat etmişdin bəlkə,
sevirəm deyəndə.
Mövsümü olmaz ki, ayrılıqların.
Mövsümlər də sən idin.
Güləndə bahar,
ağlayanda payız
susanda isə qış.
Və bir də ayrılıq varmış...
Gözyaşı, hüzün, kədər.
Bundan belə ayrılıq qoxar
bütün mövsümlər...
 
 

  Payız
 
Xoş gəlmisən payızım,
Sevimli fəslim mənim.
Ruhum ilə bərabər
Bax,sevinir bədənim.
Xoş gəlmisən payızım,
Bu xəzan ürəyimə.
Bilmirəm neçə dəfə
Gələcəksən ömrümə.
Neçə dəfə islanar,
Yağışında tellərim,
Neçə dəfə toxunar
Xəzanına əllərim?
 
Xoş gəlmisən payızım,
Sarışın fəslim mənim.
Tanrı yağışla yerə
Qoy göndərsin kərəmin.
Bir leysan yağış yağsın
Döyəcləsin üzümü.
Gizləsin bu minvalla
Yağmur dolu gözümü.
Əssin payız yelləri,
Dərdlərimi qoparsın,
Fırtınaya dönərək 
Uzaqlara aparsın..
 
Xoş gəlmisən payızım
Xoş gəlmisən evimə.
Neçə dəfə gələssən
Bundan sonra ömrümə?..