Biz imzaları yox, əsərləri dərc edirik...

Ev tikirəm qəriblərin bəxtindən – Dilsuzun ilk kitabı
825
30 Yanvar 2018, 08:32
 
  Artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Dilsuzun ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 
 

 
  Şair, tərcüməçi Dilsuz Mustafayev 1945-ci il martın 1-də Azərbaycanın Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Şairin ilk kitabı "Ağ atlı oğlanın nağılı” 1981-ci ildə  çap olunub. 5000 tirajla nəşr olunan kitabın redaktoru Vilayət Rüstəmzadə, rəssamı R.Nəzirov, bədii redaktoru F.Əfəndiyev, texniki redaktoru Ş.Kərimov, korrektorları S.Mahmudzadə, N.Qurbanova, qiyməti 25 qəpik olmuşdur.
 
 

 
 
 Nə olacaq?
 
Göy üzü bu qədər yaxın –
Əllərim nə olacaq?
Yer üzü bu qədər kiçik –
Ayaqlarım nə olacaq?
 
Yer üzünü asdım ömrümdən,
Göy üzünü asdım ömrümdən,
Səhərlərin ümidlərini asdım ömrümdən,
Axşamların kədərini asdım ömrümdən,
Bacılarımın toyunu asdım ömrümdən,
Oğlanlarımın boyunu asdım ömrümdən,
Bir qəribin səsini asdım ömrümdən,
Əlimə nə keçdi asdım ömrümdən.
Ömrüm nə olacaq?
 
Yaxşını yamanı gördüm,
Ürəklərin içini gördüm,
Dünyanın tərs üzünü gördüm,
Allahı gördüm,
Allahdan o üzü gördüm –
Gözlərim nə olacaq?
 
Sözə qarışdı başım –
Yatmadım bütün gecəni.
Pırıl-pırıl doğdu səhər –
Şeirlərim nə olacaq?
 
 
Güzgü-güzgü suları sevdim,
Sünbül-sünbül yağışları sevdim.
Yazağzını sevdim,
Çiçək-çiçək çatlayan torpağı sevdim,
İstini sevdim,
Böyürtkən çiçəyini sevdim,
Heyva qoxusunu sevdim,
Bal arısını sevdim.
İçim yenə dopdolu –
Sevgim nə olacaq? 
 
 
 

 
 
 Çili dustaqdır
 
Çili dediyin zindanlara yığmaz,
           Qaranlıqlara sığmaz,
Kədərlərə,
           Qüssələrə sığmaz;
Çili açıq havada,
Günəşin altında dustaqdı,
                         qardaşım...
 
 

 
 
 Ağ atlı oğlanın nağılı
 
 Xalq qəhrəmanını tanımasa da olar, qəhrəman xalqını tanımalıdır.
(Qazax atalar sözü)
 
Bu gecəni külək atmaz,
Bu gecəni ulduz yırtmaz.
Bu gecəni güllə deşməz,
Bu gecədən atlı keçməz.
Bu gecəyə qartal qonmaz,
Bu gecəni sular oymaz.
 
Bu gecənin ağrısı çox, acısı çox...
Durna-durna ulduzları çürütdü,
Alma-alma gündüzləri çürütdü;
Bu gecənin adı dəyib qulağına.
 
Bu gecənin torpağına daş qoyan yox,
Bu gecənin yastığına baş qoyan yox...
Bu gecənin ağrısı çox, acısı çox...
 
Bu gecənin ağrısı çox, acısı çox...
Bu gecədən baş götürüb dağlar qaçıb,
Bu gecədən baş götürüb yer-göy qaçıb;
Bu gecənin adı dəyib qulağına.
 
Bu gecəni yel yellətməz,
Bu gecəni saz dillətməz. 
Oğuz ellərindən bir atlı gəldi;
Qaba-qaba,
Ər-ər sürdü düz gecənin üstünə.
Atın döşünə qatdı,
Qovdu-qovdu qaranlığı,
Qovdu üzü dan yerinə, 
Qovdu üzü aydınlığa.
Yarıldı ürəyi qara gecənin,
Dözmədi, çatladı qalın qabığı.
Doldu gecəyə ağ atın ayaq səsləri.
Doldu gecəyə dan yeri,
Doldu gecəyə aydan arı,
Sudan duru qızlar,
Qovaq-qovaq dəliqanlılar.
Doldu gecəyə süd-süd aydınlıqlar.
Doldu  gecəyə ulu dağlar.
Başının ulduzlarıyla.
 
Doldu  gecəyə
Üzüm boyda köz-köz yaz yağmuru.
Doldu gecəyə dəniz-dəniz sular.
Doldu gecəyə ağca-ağca durnalar.
Doldu gecəyə Oğuz ellərinin nağılı.
 
Kim gördü, kim tanıdı
Ağatlı, ağköynəkli oğlanı?!
 
 
 

 
 Ev tikirəm
 (Ukrayna şairi Mikola Miroşinçenkoya)
 
Ev tikirəm yarpaqdan,
Payız gəlib uçurur.
 
Ev tikirəm buluddan,
Külək əlimdən alır.
 
Ev tikirəm  xatirələrdən,
İçindəkilər üşüyür.
 
Ev tikirəm nağıllardan,
Öldürə bilmirəm
içindəki divi.
 
Ev tikirəm havadan,
Üstü damır.
 
Ev tikirəm sudan,
Sevdiyim ağaclar bir-bir quruyur.
 
Ev tikirəm ağacdan,
Qonmağa yer tapmır 
Havadakı yaz.
 
Ev tikirəm qəriblərin bəxtindən,
Qəbirdən də dar olur.
 
Ev tikirəm ürəyimdən,
Balaca bir kədərdən uçub tökülür.
 
Ev tikirəm... Ev tikirəm...
Suda, palçıqda gedir əlim ...

 
 
 

 
  Hazırladı: Aysu Kərimova