Biz imzaları yox, əsərləri dərc edirik...

Əşyaların quluna çevrilənlər
1102
14 Fevral 2018, 13:25
  Artkaspi.az Xanım Aydının "Əşyaların fəlsəfəsi" adlı məqaləsini təqdim edir: 
 
  Bizi müxtəlif əşyalar əhatə edir. Onlar haqqında çox az məlumatlıyıq, desəm yanılmaram. Biz onları hər gün görür, istifadə edir, kolleksiya yığır, hətta onlara aşiq olur, bəzən əziz adamımımı kimi bağlanırıq da. Məşhur ədəbi qəhrəman Şerlok Holms Vatsonla söhbətində belə deyir: "Əşyalar insanlar haqqında daha çox danışır, nəinki insanlar əşyalar haqqında". Oxşar paradoksu Albert Eynşteyn (alman nəzəriyyəçisi – 1879-1955) sudakı balıqlarla bağlı formullaşdırmışdır: "Ömrü boyu üzdüyü su haqqında balıq nə bilə bilər ki?" və ya "Su haqqında məlumatı olan ən sonuncu məxluq balıqdır" Doğrudan da, dünyanı ən sonuncu dərk edən çağdaş insandır. Özü də ki, söhbət hər birimizin yaşadığı, mexaniki olaraq, adətimiz üzrə elektriklə, istiliklə, küçə səs-küyüylə, internetdəki yeniliklərlə və s. birgə keçirdiyimiz gündəlik dünyadan gedir. "Gündəlik strukturlar" əsərində Fernan Brodel (fransız tarixçisi – 1902-1985) qeyd edir ki, keçmiş əsrlərdə yaşayan insanlar intellektual planda faktiki olaraq bizim müasirlərimizdir: "...onların ruhu, istəyi bizimkinə olduqca yaxın olaraq qalır ki, biz özümüzü başqa bir dünyada hiss etməyək". Lakin əgər hansısa möcüzə nəticəsində, məsələn, Volterin evinə – XVIII əsrə düşə bilsəydik, o zaman "bizi onun gündəlik həyatının bütün detalları dərindən heyrətləndirəcəkdi. Hətta onun özünə göstərdiyi qayğı belə... Onunla bizim aramızda uçurum yaranardı: evin axşam işıqlandırılmasında, istilikdə, nəqliyyat vasitələrində, qidada, xəstəliklərdə, müalicə metodlarında...". Əgər zaman maşınında heç olmasa iyirmi-otuz il geriyə qayıdıb 1980-ci illərdə Sovet İttifaqına düşə bilsəydik, demək olar ki, eynən bu cür uçurum ən xırda detallarda da yaranardı. Mis qəpiklər, şüşə süd butulkaları, böyük maqnitofonlar, sərnişinlərin vicdanına buraxılan baxımsız avtobus kassaları, "Troynoy" odikolonu, "Moskva" markalı yazı makinası, nərildəyən "Polyus" soyuducusu, iyirmi qəpiyə satılan kağız stəkanlardakı plombir dondurmaları, çox da keyfiyyətli olmayan lampalı "Rubin" televizorları, əlləsıxmalı paltaryuyan maşınlar... – bütün bunlar hansısa alternativ dünyanın əlamətləri, başqa planetin dekorasiyalarıdır. Özü də ki, hər bir əşya xüsusi, daha çox sirli texniki davranış tələb edirdi. Məsələn, birqəpikliyi "Xarkov" su avtomatına xüsusi istedadla fırlayıb atsaydın, qeyri-qanuni olaraq üç qəpik dəyərində olan siroplu qazlı su götürə bilərdin. Bundan başqa, "Su döyüşü" tipli avtomat oyunlarının, əl antenalı televizorların, mexaniki zəngli saatların, küçə taksofonlarının, qapı kilidlərinin, mikrofonların və s. də öz xüsusi sirləri vardı. Gündəlik reallıqlar daha tez axıb gedir, nəinki dövlətlər qurulur və dağılır, nəsillər bir-birini əvəz edir, kitablar çap olunur. Gündəlik əşyaların dünyası birdəfəlik yox olur, gedir və biz acımadan tez köhnələn televizor, avtomobil, kompüter proqramlarıyla vidalaşırıq. 
 

 
  Maraqlıdır ki, niyə hansısa əşyalar bir başqalarını geridə qoyur, hansısa boş, mənasız bir şey sevilir, bəyənilir, lakin həyati vacib texnologiyalar (məsələn, ekoloji cəhətdən özünü təsdiqləmiş) ictimaiyyət tərəfindən qəbul olunmur. Pis vərdişlər və predmetlər (siqaret, alkoqol, narkotik, silah və s.) yaşayır və qalib olur, lakin heç olmasa fiziki sağlamlıq üçün yararlı və həm də vacib olan şeylər istifadəçilərin şüur və istək rəqabətinə dözə bilmir. 
  Əşyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, o nəyisə xəbər verir, məlumat ötürür, bilgiləndirir. Əşya danışa bilir, o, özünə xas xüsusiyyətlərdən başqa da hansısa məna daşıyıcısı ola bilir. Əşyaları duymaq da mümkündür. Onları eşitmək, başa düşmək, anlamaq olur. Əşyalarla dialoq çox mühüm bir məsələdir. Axı əşyalar həm özləri, həm də onu əhatə edən, başqa əşyalar haqqında informasiya ötürülür. 
  Ekran ekranlaşdırır, o görünməyən və ya təhrif olunmuş bir ortamdır. Hansı ki, indi daha insanlara dünyanı açmır, əksinə, yalançı obrazlar təqdim etməklə dünyanı insan üçün bağlayır. Bu yerdə Hans Kristian Andersenun (danimarkalı yazıçısı –1805-1875) məşhur "Qar kraliçası" əsərindəki sınıq güzgü yada düşür: insanın yaxınları və dünyayla əlaqəsini dağıtmaqdan ötrü balaca bir şüşə parçasının gözə düşməsi kifayət edir. Bəlkə də, dövrümüzün əsas problemlərindən biri insanların əşyalarla sadə münasibətlərinin korlanmasıdır. Söhbət adi əşyalardan deyil, bizim dünyaya və əşyalara qarşı münasibətimizin sadəliyindən gedir.
Bizi əhatə edən, diqqətimizi çəkən əşyalar, hətta bizim marağımızın xüsusiyyəti planında da sirli qalır. Şak Lakan (fransız psixoanalitiki, filosof – 1901-1981) əşyalarla bağlı yazır: "Əşyalarla münasibət – görmə qabiliyyəti ilə yaranan və təsəvvür fiqurlarıyla nizamlanan, qaydaya salınan münasibətlərdə həmişə sürüşüb aradan çıxan, bir yerdən başqa yerə keçən, bizdən yaxa qurtaran nəsə var". 
  Gündəlik əşya təyinatına görə artıq təkcə predmet deyil, o həm də nitq aktı, müzakirə mövzusu, işlək bir şeydir. Əşya məlumat ötürəndir. O, əşyalar arasında münasibətlərin ansamblıdır. Çünki əşyaların müasir istehsal-istehlak bumu əvvəldən seriya, dəst, tiraj və s. şəkildə mövcuddur. Özünə uyğun, oxşar və ya onu dəstəkləyən texnologiya və elementlər kompleksindən ayrılanda əşya dərhal öz cazibə və dəyərini itirir. Məsələn, əgər klaviaturayla yazan vaxtda kompüter İnternet şəbəkəsindən ayrılsa, insan özünü dünyadan təcrid olunmuş Robinzon Kruzo kimi hiss edər. Bu anda monitor da daha çox təklik və dilxorçuluq ekranına çevrilər. Və kompüter adi yazı makinası olar. Lakin kompüteri şəbəkəyə qoşub, bir neçə möcüzəli düymələri basmaqla kompüter yenidən "canlanar" və əşya ansamblına qoşulub insana məmnunluq verər. Əslində, demək olar ki, hər birimizdə baş verə biləcək haldır bu.
 

 
  Əşya əgər daxili aləmdən bir əşyadırsa, onda fizika və ümumiyyətlə, elm öz yerini müasir əşyaların rasional və şüursuz şəkildə mövcudluğunun vacibliyini araşdıran fəlsəfə və psixologiyaya verməlidir. Bu nöqteyi-nəzərdən məişət əşyası fenomendir, hadisədir, təzahürdür... Və bunu danmaq olmaz.
  İnsanlar özlərinə lazım olan əşyaları daxili istəklərinə, gündəlik tələbatlarına və s. görə seçirlər. Məsələn, uşaqlar oyuncaq dünyasından özləri üçün onun daha çox şüursuz sorğularını ifadə edən oyuncaqları toxunuşla, görünüşlə seçirlər. Böyüklərsə reklamları, müxtəlif "sərfəli" təklifləri xırdalıqlara varmaqla incələyir, əşyanı iyinə, rənginə, dadına, ümumi görünüşünə görə yoxlayır və artıq ondan sonra lap əvvəldən (bəlkə də, anadan olandan və ilk uşaqlıq fiksasiyalarından) daxili topologiyasının strukturunu təkrarlayan əşyanı alır. 
  İstəyin predmeti, əslində, mövcud deyil. Çünki diqqət çəkən obyekt elə ki müəyyən və istifadə olunan əşyaya çevrilir, dərhal başqa bir şey – daha maraqlı, daha cəlbedici bir şey tapılır. İstək konkret predmetdən ayrılaraq bu seriyadan başqa əşyalara axıb gedir. Və bu, davamlı şəkildə baş verir. Bu istəklər, tələbatlar bir əşyadan digərinə rahatlıqla keçid alır, dəyişilir. 
  Əşyalar, əşyalara qarşı istək və tələbatla analiz edilir. Bu cür analiz üçün ilk imkan əşyaların maraq, istək predmeti kimi və ya Lakanın diliylə desək, istək səbəbi obyektinin dərkedilməsi zamanı yaranır. Bu baxış bucağı altında televizor, ayaqqabı, telefon, avtomobil və s. gündəlik işlənən əşyaların rolunu və məğzini dəyərləndirmək olar. 
  Başqa bir variant – aksentin istək obyektindən daha radikal şəkildə marağa yönləndirilməsidir. Bu halda əşya psixiki duruma, daxili kosmosun atomuna çevrilir. Bu mənada ailə, yaş, zorakılık, sevgi və s. haqqında danışmaq olar. 
  Əşyalarla bağlı mövzunun davamında başqa maraqlı məqamlara toxunaq. İmmanuel Kant "Xalis zəkanın tənqidi” kitabına "das Ding an sich” ifadəsini daxil edib. İfadənin mənası "özü özündə əşya”, yaxud da "əşya özündə” anlamındadır. (Bu cür terminlərə Platon və Aristotelin əsərlərində də rast gəlmək olar.) Kantın bu ifadəsi göstərir ki, əşyaların dərk prosesində "insan üçün” olduğu məlum olsa da, onlar elə özü özünə mövcuddur ("özündə”). Onun fikrincə, "özündə əşyalar” dərkedilməzdir. Kant yazırdı: "Bilik ancaq hadisəyə aiddir, əşya isə özlüyündə dərkedilməz qalır”. "..nəyisə dərk etməkdən ötrü əvvəlcə həmin o şey haqqında düşünmək, onun haqda ümumi təsəvvür yaratmaq, fikrində qurmaq lazımdır. Və fikrində qurduğun zaman əsas rolu təxəyyül oynayır. Deməli, elm təbiətin qanunlarını açmaqdan çox, onları təbiətə aid edir.” Kantın bu barədə də qeydi var: "Ağıl qanunlarını (apriori) təbiətdən götürmür, sadəcə onlara adi edir”. Bu alman filosofunun fikrincə, əşyaların məğzini, mahiyyətini şüurlu elmi biliklər öyrənmək iqtidarında deyil. Çünki bundan ötrü bütün dünyanı şüurla dərk etmək lazım gələrdi. Elminsə buna gücü çatmaz: o ancaq tam dünyadan müəyyən hissələri "kəsir”, reallığın ayrı-ayrı aspektlərini dərketmə obyekti kimi ayırır. 
 

 
  Göründüyü kimi əşyalar, onların fəlsəfi, onlara olan tələbat, istək, sevgi haqqında müxtəlif fikirlər var. Əşyalara vurğunluq, onlara daha çox aludəliksə "əşyaviliyə”ə gətirir çıxarır. Əşyaviliyin psixologiyası insanın əşyalara aşırı dərəcədə aludəliyidir. Və bu cür insanlar ətrafdakı insanlara da əşyalarına görə qiymət verməyə başlayırlar. Və beləliklə də, əşyanın quluna çevrilirlər. Əşyalara vurulmaq, onları dəlicəsinə arzulamaq yox, sadəcə, tələbat olduqca alıb istifadə etmək daha yaxşıdır. 
  İnternet materialları əsasında hazırlayan: Xanım Aydın