Biz imzaları yox, əsərləri dərc edirik...

Dünya gözəli ilə evlənəcəm – Lao Manın hekayəsi
1303
22 Dekabr 2017, 14:41
 artkaspi.az Lao Manın "Esse" hekayəsini təqdim edir: 


 
 Çin dili müəllimi bir şagirddən xahiş edir ki, onun kabinetinə gəlsin. Müəllim stolun üstündəki bir topa tapşırıq dəftərlərinin arasından bir dəftəri dartıb çıxarır.
 – Bu esseni sən özün yazmısan? – müəllim tapşırıq dəftərini şagirdə göstərir.
 – Bəli, – şagird başını qaldırıb müəllimə baxandan sonra başını aşağı salır.
 – Yazdığını bərkdən oxu, – müəllim əmr verir.
 – Yaxşı... yaxşı, – uşaq həyəcandan özünü itirir.
 – Sən karsan? Dedim ki, yazdığını bərkdən oxu, – müəllim səbirsizliklə deyir.
 – "Mənim Ambisiyam!” şagird oxumağa başlayır, ancaq çox yavaş səslə. 
 –  Zəhmət olmasa, bir az bərkdən oxu. Başlığı yenidən de. Mən yaxşı eşidə bilmədim, – müəllim qışqırır.
 – Başlıq "Mənim Ambisiyam”dır, – uşaq səsini qaldırır.
 

 
 "Mən böyüyəndə müdir olmaq istəyirəm. Bill Gatesdən də zəngin. Mən təpələrin üstündə bir villada yaşayacam, evimin yanından çay axacaq. Mən Cadillac-ıma minib dənizin kənarına, sevgilimin küçəsinə gedəcəm. Mən dünya gözəli ilə evlənəcəm. Çoxlu bahalı cins itlər saxlayacam. Yayda mən arvadımla üzgüçülük hovuzumda çiməcəm. Qışda isə biz özümüzün şəxsi təyyarəmizdə xizəkdə sürüşmək üçün İsveçrəyə uçacağıq. Mən cangüdənlərimə əmr verəcəm ki, riyaziyyat müəllimimin və qonşumuzun xuliqan oğluna, məni döyən Erqouziyin yaxşıca dərsini versinlər. Mən həm təhsil şöbəsinin, həm də polis şöbəsinin rəhbəri olacam. Əmr verəcəm ki, məktəbləri bağlasınlar və uşaqlara tətil versinlər. Yay tətili günlərində mən əlavə dərs keçmək üçün atamın sinif rəhbərimizə verdiyi pulu geri alacam. Əgər sinif rəhbərimiz pulu geri qayarmasa polisə əmr verəcəm ki, onu həbs etsin”. 
 Şagird dayanır.
 – Elə bu? – Müəllim soruşur.
 – Bəli. – şagird mızıldanır, onun üzünü tər basıb. 
 – Mən bu esse üçün sənə 10 verəcəm, – müəllim uşağın başını sığallayır.
 Şagird gözlərini təəccüblə müəllimə zilləyir. O, qulaqlarına inana bilmir.
 – Hə, 10, – Mən sənə ən yüksək qiyməti verdim. Mən də sən yaşda olanda eyni başlıqlı, eyni mövzuda bir esse yazmışdım. Müəllimim mənə yağlı bir sıfır verdi, atama dedi ki, dərsimi versin. Mən isə sənə ən yüksək qiyməti verdim, bunu esseyə görə vermədim, eyni ambisiyalarımız olduğu üçün verdim. Başa düşürsən?
Oğlan başını yırğaladı, dərin fikrə getdi. 

 İngiliscədən tərcümə edən: Sevil Gültən
Xəbər lenti