Biz imzaları yox, əsərləri dərc edirik...

Əsl yazıçı onsuz da məğlubdur – “Sevdiyim əsər” layihəsi – Orxan Fikrətoğlu
2164
18 Oktyabr 2019, 09:08
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Orxan Fikrətoğludur. Onun sevdiyi əsər Devid Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” romanıdır.

 

  – Devid Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  –   Düşünürəm böyük yazıçı öz dövrünün yaratdığı ictimai-siyasi mühitin yetişmiş meyvəsi olmalıdır. Selincer bu mənada, öz dövrünün yetişmiş meyvələrindən biri, bəlkə də birincisidir. Böyük yazıçı ona qədər mövcud olan və ondan sonra yaranacaq mədəniyyətin gerçəklərini mətnin içində əritməyi bacarmalıdır. Selincer "Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə bunu bacarıb, o, hər şeydən qabaq öz dövrünün yazıçısıdır. Bəlkə də bir çox dahi ədiblərin fonunda orta səviyyəli yazıçı kimi görünə bilər. Amma o, mənim yazıçı kimi yetişdiyim epoxanın formalaşmasında böyük rolu olan ədibdir. Selincer ədəbiyyata gələndə burada çox böyük qələm sahibləri vardı. Məsələn, biri elə Alber Kamü. A.Kamünun "Vəba” əsəri nə haqqında idi?
 
  – Faşizm əleyhinə yazılmışdı.
  – Bəli, faşizmin mahiyyətsizliyi və boz siçovulların xəstəlik daşıyıcısı olması barədə idi. Bu bəladan xalqı xilas edəcək, xəstəliyin içində də sağlam qalan Ryö həkim – bir xilaskar obrazı vardı. Ryö həm də İsa Məsih obrazının ədəbiyyatda intelligent formada təzahürü idi. Bu Kamü idi, keçək Selincerə. Selincer "Çovdarlıqda uçurumdan qoruyan”ı yazanda Avropa və Amerika müharibə məngənəsindən çıxmışdı.
  Psixoloji və mənəvi nicatı Şərqdə axtarırdı. Selincer bu əsəri Çin daosizmi, hind fəlsəfəsi üzərində qurub. O vaxt hippi hərəkatı vardı, həqiqətin, axtarılanın musiqidə, gözəllikdə tapılması ideyası mövcud idi. Bu əsərin mahiyyəti xilası və gerçəkliyi gözəlliklə və sadəlikə axtarmasıdır.
  Xatırlayırsızsa, əsərin qəhrəmanı yeniyetmədir, o, dişinə vurduğu, dərk elədiyi bütün sənətlərin, insanların, gerçəkliyin belə saxta olduğunu anlayır. Bacısı Fibi əsərin baş qəhrəmanı yeniyetmə Holdendən soruşur ki, nəçi olmaq istəyərdin? Holden deyir, vəkil olmaq istəyərdim, amma vəkillərin də elə məqamı olur ki, müdafiə etdikləri insandan çox öz qələbələrini düşünürlər, şöhrətpərəstlik onların qəlbini fəth edir. O, hər şeyin alınıb-satıldığını görür deyə, təmənnasız bir iş görmək – uşaqları uçurumdan qorumağı özünə ideal peşə sayır.
  Bu nəticə Servantesi, Şekspiri olan dünya ədəbiyyatı üçün gəlinən çox böyük nəticədir: bir yeniyetmə hansısa uçurumda dayanıb yıxılmaq ehtimalı olan uşaqları qorusun. Absurddur. Amma eyni zamanda insanı xilas edə bilən bəşəri dəyərdir.
 
  – Holden, Robert Burnsun şeirindəki "Qız oğlana urcah olsa çovdarıqdan keçən zaman” misrasından təsirlənib uçurumu xəyal edir sadəcə.
  – Yenə deyirəm, mənimçün bu əsərdə əziz olan məqam xilasın bu cür sadə yolda tapılmasındadır. Selincer qütbləşmiş, siyasiləşmiş, oyunbaz cəmiyyətə belə bir format, model təklif edir. Bunu bir uşağın timsalında verir, o uşaq ki, hər şeydən bezib və baş götürüb qaçıb. Amma o, insan itkisinin qarşısını bu cür sadə yolla almaq istəyir. Ona görə də Holden insanlığı uçurumdan qorumağın yolunu göstərən bir mərddir, kişidir, peyğəmbərdir – nə istəyirsiz deyin ona.
  Onun aşmaq istədiyi yüksəklik tamam başqa idi. Tomas Vulf deyir ki, mənimçün ən böyük yazıçı Folknerdir, çünki onun yüksəkliyi daha uca idi və heç kəs onun yıxıldığı yerdən yıxıla bilmədi. Əsl yazıçı onsuz da məğlubdur, yazıçı gerçək yüksəkliyi yarada bilən və o yüksəklikdən rahatlıqla yıxıla bilən adamdır. Selincer bu əsərində bəşəriyyəti qoruyan peyğəmbər missiyasındadır.
 
  – Holdenin dini düşüncəsi də başqadır, deyir ki, İsa-zad mənim də xoşuma gəlir, ancaq bu "Bibliya”dakı yalan-palan söhbətlər heç ağlıma batmır. Həvariləri pisləyir, çünki İsa öləndən sonra özlərini yaxşı aparsalar da İsanın sağlığında ancaq ona ziyan verirdilər. Katoliklər barədə deyir ki, sənin soyadını bilməsələr belə mütləq katolik olub-olmadığını soruşacaqlar, məzhəbpərəstdirlər. Kəsəsi, bütün oturuşmuş dəyərləri ələ salır.
  –   O dövr xristianlığın təftişi dövrü idi. Selincerin gəldiyi həqiqət o idi ki, insan dinlərin, bütün enerji daşıyan vasitələrin fövqündə dayanır. O da dini ayrı-seçkiliyin əleyhinə idi. Selincer öz epoxasının "tapançalı general”ı idi, bu adam öz dövründə baş verənləri o qədər düzgün görüb ki, bütün bu cəmiyyətdən təcrid olan hippilərin, müharibədən sonra aktiv cəmiyyətdən kənarda qalmış insanların, bioloji inqilab edən cinsi azlıqların xilasını bir uşağın diliylə əks etdirib. Çox adama elə gəlir ki, Holden etirazçıdır, amma sonda məlum olur ki, o xilaskardır. Bu cür ideyalar isə elə-belə yaranmır.
 
  – Amma Selincerin ideyası reallaşmadı, bəlkə də o bunu dərk etdiyinə görə romanın ikinci nəşrindən sonra ədəbi aləmdən çəkildi, uzaqlaşdı və anladı ki, əslində, mübarizə mənasızdır.
  – Hər bir insanın içində bu cür xilaskar olsa, cəmiyyətdə bəla-filan qalmaz. Çox təəssüf ki, Selincerin ideyaları həyata keçmədi və dünya daha bir qəddar gerçəkliklə üz-üzə qaldı. Dünyanı söz xilas etmədi, dünya sözü öldürdü. Selincer cəmiyyətdən kənara çəkildi, amma elə vaxtda ki, artıq o bu əsəri yazıb insanları uçurumdan qorumaq missiyasını yerinə yetirmişdi.
  Ümumiyyətlə, missiyanı bitirmədən geri çəkilmək olmaz. Selincer və Kamü fəlsəfənin, ədəbiyyatın içindən gəlsələr də çox realist yazıçılar idilər. Selincer yaşayan dövrdə intiharlar baş alıb gedirdi, onun əsəri nə qədər ölümlərin qarşısını aldı, insanların üzərinə xilaskarlıq vəzifəsi qoydu. Müharibədən sonrakı ruhi çöküşü məhv etdi. Bu mənada, o məğlub olmadı, qalib çıxdı, həmin qalibiyyəti duyuban sakit oturdu, kənara çəkildi.
 
 

  – Holden özündən əvvəlki nəsli – ata-anası, müəllimini və s. qəbul etmir. Ümumiyyətlə, Selincerə görə insanın dini də, dili də, valideyni də onun saf, saxta olmayan ideyasıdır.
  – Qəhrəman xəstədir, tam sağlam deyil. O, yaddır hamıya. Ona görə də valideyninə də, dininə də, dostlarına da yaddır. Kamünun da "Yad” əsərinin qəhrəmanı belədir: qəhrəmanın anası ölür, amma o, rahatca evə gəlir, çimir, yasa getməyə hazırlaşır. Ağlamır, tələsmir. O hər şeyə tamam yadlaşıb. Reallıq gün kimi sanki başına vurub, onu hər şeyə yadlaşdırıb, başqa adama çevirib. Bu mənada, hər iki əsər arasında oxşarlıq var.
  Selincer və Kamü insanı içinə qovan yazıçılardır. Onların sayəsində insan öz içində azır. Qaldı ki, ideya ilə bağlı dediyin fikrə, razıyam sənlə. Zen-buddizimdə insana mətinlə təsir ayinləri var. Məsələn, insanda qorxu yaradan, yaxud cəsarət yaradan mətnlər var. Hitler də onlardan istifadə edirdi, insanları döyüşə hazırlayırdı.
  Yazıçı taleyi ilə yazı bir mənbədəndir. Selincerə görə insan ata-anasının onu anlamadığı, lakin dünyaya öz çıxışı olan varlıqdır. Romanın qayəsi odur ki, hər şeyin saxta olduğunu bilib içindəki dəyərə tapınıb yaşaya bilən, heç kəsə oxşamayan insanlar var, onları hər adam qəbul etmir. Onlar xilaskarlardır. Əslində, Selincer uşağın vasitəsi ilə İsanın taleyini yazmışdı. Zen-buddizmin üç həqiqətinin yekunu budur:
  1. Həyat məşəqqətlərlə doludur.
  2. Məşəqqətlərin əvvəli arzulardır.
  3. Həqiqət payızgülü çiçəyinin ləçəyindədir.
  O ləçəkdə olanı insan bir ömür boyu açmalıdır. Niyə ləçəkdədir həqiqət? Ləçək düşür axı. Ləçək düşür ki, gül açsın. Külün gülə, gülün külə çevrilməyi var. Selincer reallıqları həm də bu cür mətləblərin başına fırladırdı.
  Bizim ədəbiyyatda Selincer kimi yazıçı yoxdur, bizim yazıçılar əsərlərini elə bir kiməsə cavab olaraq yazırlar. Elə bil Kamü yazır, onun əsərini oxuyub təsirlənib ona cavab yazırlar. Mirzə Fətəli Axundovun Parisi parlatmağı necə də yaşanmamış hadisədir, mistikdir, ruhanidir, caduludur, amma real deyil.
  Eləcə də bir çoxları. Bizimkilər ağrını göstərmək üçün çox dərinə, çox vaxt mənasız yerə düşürlər, mətləbləri fırladırlar. İnsana insanın dayandığı yerdən baxmırlar. Bu baxımdan Selincer çox ideoloji yazıçıdır. 
  Dünyada, eləcə də Azərbaycanda çox sevilən ancaq anlaşılmayan yazıçılar var. Məsələn, Xorxe Luis Borxes, Qabriel Qarsiya Markes və s. Bu yazıçılar işğal yazıçılarıdır. İspan dilinin Latın Amerikasını işğal etməsindən sonra Latın Amerikasında olan magik realizm dünyaya meydan oxumağa başladı. Büt və tapınaqlara inancdan qaynaqlanan mədəniyyət ispan dilində yazılanda Markes kimi yazıçılar yaranır. Əslində, Markesin o sehrli qəhrəmanları indi Latın Amerikasında yaşayırlar, düzünə qalsa, sehrli deyillər, realdırlar. Selincer isə dil və hansısa mədəniyyət amilinin yazıçısı deyil. Ona görə də biz Selincerə yaxınlaşmışıq, Selincer bizə yaxınlaşmayıb. Fərid Hüseyn, Orxan Fikrətoğlu Amerika və Avropa reallığına yaxınlaşdığına görə Selincer bizə yaxındır.
  Başqa mənada, Selincerin Azərbaycana nə dəxli var? Azərbaycanda o cür nihilist, inkarçı varmı? Və inkarından sonra Selincer kimi xilasa yol göstərən varmı? Ona görə nəsr bizdə alınmır, amma onlarda alınır. Onların təfəkkürü epoxaldır: bir əsrin təfəkkürüdür.
  Selincer bir institutun görə bilməyəcəyi işi tək görüb. Bugünkü Azərbaycan gəncliyinin ideal hesab etdiyi kəs kimdir? Belə bir adam varmı, lap xəstə olsun, şil olsun, dəli olsun. Kimdir? Yoxdur. Bugünkü gənclər kim olmaq istəyir, bax bu araşdırılmalıdır, araşdırılmadıqca, ədəbiyyat bu şeylərə cavab tapmadıqca bizdə bu cür əsərlər yaranmayacaq.
 
  Söhbətləşdi: Fərid Hüseyn