Biz imzaları yox, əsərləri dərc edirik...

Əsl tarix həqiqi ədəbiyyatdadır – “Sevdiyim əsər” layihəsi – Rafiq Həşimov
1959
08 Yanvar 2020, 09:12
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz diktor Rafiq Həşimovdur. Onun sevdiyi əsər Herman Hessenin "Yalquzaq” romanıdır.
 
  – Herman Hessenin "Yalquzaq” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Həyat elə gətirib ki, oxuduğum məktəbin kitabxanasında az, amma seçmə kitablar vardı. İnsanın kimliyini bəlirləyən, onu formalaşdıran əsas zaman kəsiyi uşaqlığıdır. Harada keçib, hansı təəssüratlarla yadda qalıb və s. Uşaqlıq xatirələrim yaddaşımda o qədər aydın canlanır ki, indi də film çəkəndə o hadisələrdən, fraqmentlərdən istifadə edirəm. Mən kitablara çox şey borcluyam. Taleyimə minnətdaram ki, gənc yaşlarımda bu əsəri də oxumuşam. Hesse fərdiyətçilərin yazıçısıdır. O mənim üçün yaradıcılığı bütünlüklə əmələrini sərgiləyən bir yazıçıdır. Onun əsərlərini oxuyanda fikrimdə əsl yazıçı obrazı canlanır. Hesse hikmətli adamdır, yoxsa iki dəfə dünya müharibəsini necə öncədən xəbər verə bilərdi?
  İki dəfə müharibədən əvvəl SOS siqnalı verib. O 1929-cu ildə bacısına yazdığı məktubda deyirdi: "Əgər Hitler hakimiyyətə gəlsə, biz nəinki pulu və təhlükəsizliyi, həm də ruhi və mənəvi dəyərləri itirəcəyik”. Bunu o vaxt yazırdı ki, Almaniya hələ müharibə olacağını güman belə eləmirdi.

  – H.Hesse tarixə qarşı aqressiv olub, O, "Yalquzaq” əsərində yazırdı ki: "Məktəbdə adını "Dünya tarixi" qoyub əzbərlətdikləri qəhrəmanlar, dahilər, böyük əməllər, böyük hisslər, başdan ayağa yalandır. Zəmanə, dünya, pul hakimiyyət də xırdaların, dayazların olacaq, başqalarına – əsl insanlara isə heç nə qalmayacaq. Yalnız ölümdən başqa". Sizin "Dünya ədəbiyyatı” jurnalında dərc olunan, bir neçə il öncə tərcümə etdiyiniz H.Hessenin "Dünya tarixi” adlı essesində də belə bir cümlə var: "Güman ki, bizə zorla yedirtdikləri dünya tarixi elə belə də olub – bu tarix bizi alçaltmaq və qorxutmaq üçün böyüklərin uydurmasıdır". Sizcə, Hesse tarixə niyə inanmırdı?
  – 30.000 kitab oxumuş adamı təsəvvür edirsiz? O, qeydlərində bu rəqəmi dəqiq yazırdı. Hesse qədim yunan mənbələrini oxuyub, hind fəlsəfəsini bilib. Elə esselərində çəkdiyi adlar bəs edir ki, onun düşüncəsinin, mütaliəsinin miqyasını bəlirləyək. Mişel Montenin də esselərini oxuyanda bilirsən ki, tarix nədir, biz hardan gəlib hara gedirik. Mən bir gün anladım ki, əsl tarix dini kitablardadır, bir də həmin dövrdəki həqiqi ədəbiyyatda.
  Tolstoy deyir ki, "Tarix nədir? Tarix hər bir insanın yaşadığı ruhi yaşantıların, iztirabların cəmidir”. Nə qədər insan varsa o qədər də tarix, tarixçə var. Ən düzgün tarix dini kitablarda əks olunur, hətta rəvayət səviyyəsində olsa belə. Dövlətlərin tarixini kim yazır – qaliblər, ya da qaliblərin düşmənləri. İki situasiyada da tarix tendensiyalı olur, yəni hərə özünə sərf edən kimi yazır. Allah isə insan tarixinə, tarixdəkilərə eyni gözlə, kənar gözlə, ən əsası həqiqət rakursundan baxır. Hesse bütün bunları bilirdi, ona görə də yaşadığı dövrün içində hamının əzəmətli bildiyi Avropa və dünya tarixi ona gülməli görünürdü. O, çox oxumuşdu, müqayisələri ona kifayət eləyirdi ki, dünya tarixini "böyüklərin uydurması” adlandırsın.

  – H.Hesse "Yalquzaq” romanı haqqında belə yazır: "Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmərəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, yalquzağın hekayəsi xəstəlikdən, böhrandan bəhs etsə də insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”. Amma, Rafiq müəllim, bu da faktdır ki, bir sıra ölkələrdə, xüsusən Amerikada gənclər, hippi hərəkatının nümayəndələri bu əsəri oxuyub intihar edirlərmiş. Bu paradoks haqqında nə düşünürsüz, Hessenin dirçəlişə səslədiyi bu əsər insanları niyə ölümə aparırdı? 
  – Doğrudan, qəribədir. Deyilən və yazılan sözün məsuliyyəti böyükdür. Əslində, əgər sözün məsuliyyəti dərk edilsəydi, dünyada bu qədər kitab yazılmazdı. Bəlkə də, o qədər az kitab olardı ki, onları oxumağa insan ömrü bəs edərdi. Yazılan söz əməldir. Andrey Tarkovski deyir: "Yaxşı film çəkmək, yaxşı əməl deməkdir”.
  H.Hesse yazdığı romanla heç kəsə demir, təlqin etmir ki, özünü öldür, amma kimsə həmin əsəri oxuyub özünə qıyırsa və yaxud oxşar qənaətə gəlirsə, deməli, bu da boşuna deyil və əsər hansı məqamdasa bütünlüklə xeyirə xidmət eləmir. Düşünürəm ki, bu cür əsərlər insanı ölümə sövq eləməməlidir. Bəşəriyyəti müharibədən saqındırmaq istəyən Hesse kimi humanist bir yazıçının insanları ölümə təhrik etməsinə qətiyyən inanmıram. Amma niyə belə olur, onu da deyə bilmirəm...

  – Əsərin üslubu da qəribədir, sonata formasında yazılıb. Tənqidçilərin fikrincə bu forma əsərin daha da təsirli alınmasına səbəb olub. 
  – Ümumiyyətlə, elə nasirlər var onların kitablarını oxuyanda görürsən ki, bu adam daha çox şairdir. Məsələn, Herman Hesse, Boris Pasternak, Həmid Herisçi və s. Oxuduğum müəlləiflər arasında dialoqdan ən az istifadə edəni H.Hessedir. O, roman-monoloq deyilən bir xətlə yazır. Təsəvvür elə bu cür yazmaq necə çətindir.
  Bilirsiniz ki, sözlər hisslərin qəbirləridir. Ən təsirlisi hissdir, hiss bitəndən sonra sözləri kağıza yazırsan. İndi nəzərə alaq ki, əgər Hessenin duyğularından süzülmüş sözlər bu dərəcədə yaşanmış, təsirlidirsə gör hissləri nə qədər güclü olub. Həmin hisslərə insan ürəyi necə dözüb, necə tab gətirib? Bunlar hamısı yaşantıların səmimiyyətindən irəli gəlir. Bir də bilirsən, seçilmiş adamlar var, məhz peşəsi üçün, missiyasına görə doğulur. Hesse də onlardan biridir. Bu adam yazmaq və məhz bu cür yazmaq üçün doğulub. Adam var ki, zəhməti, mütaliəsi hesabına yazıçı olur, adam da var ki, bu iş üçün doğulur. Romanın təsirli alınmasını hansısa səbəblərlə bağlaya bilərlər, amma mənə görə hamısı yaşantılardan və o ruhi iztirabları kağıza köçürə bilmək üçün seçilmiş olaraq doğulmaqdan irəli gəlir.
 
 

  – Əsərin sonu çox absurd – "Sehrli teatr” səhnəsi ilə bitir. Romanın əvvəlində qatı duman kimi insanın üstünə çökən reallıq bu yolla – absurdla – acı bir gülməcəyə çevrilir, həlim-həlim əriyir. "Yalquzaq”ın əvvəli və sonu arasındakı bu fərqli məqamdan danışaq bəlkə... 
  – Bilirsən, hansı yazıçının ki, yaradana münasibəti doğru olur, o sənətkarlar ciddi əsərlər yazır. Misal olaraq Nizami, Höte, Tolstoy, Hesse, Brodski, Səlim Babullaoğu və s. adını çəkə bilərəm. Əvvəllər Borxesi sevə-sevə oxuyardım, amma hərdən onun əsərlərində elə fikirlərlə rastlaşırdım ki, çaşıb qalırdım bu cür intellektual niyə belə yazıb? Zaman keçdikcə bu cür mətləblər mənə aydın oldu, çünki ağıl və intellekt ayrı-ayrı məhfumlardır. Ağıl daha çox imanla bağlıdır, intellekt isə bəzən insanı azdıra bilir.
  Nəzərə alaq ki, Hesse dindar, missioner ailəsində doğulmuşdu. O uşaqkən bu mühitdən bezmiş, ayrılmış, uzaqlaşmışdı. Belə olan halda daxili dünyanın yolu da haçalanır. Ümumiyyətlə, qeyd etdiyimanlamda iki yol var: qəbul edib yaşamaq yolu – bu dini yoldur; bir də daxili təbəddülatlar, axtarışlar yolu – bu yol isə insanı daha çox yaradıcılığa çəkir. Axı insanın anlamayacağı çox şey var həyatda, biz çözmək istədikcə düyünlər çoxalır. Düyünlər açıldıqca da absurd bir vəziyyət yaranır. Allaha tam tapınanda isə, müəyyən mənada yazıçılığa, şairliyə ehtiyac qalmır. Bu, qınaq deyil ha, sadəcə anladığım qədəri ilə absurd tam inanmayanda yaranır. Hesse "Yalquzaq” əsəri ilə həm də öz ruhi vəziyyətini təsvir edirdi. Nəzərə alaq ki, Hessenin məhsuldar yaradıcı dövrləri də müxtəlifdir: Hesse 20 yaşında, Hesse 30 yaşında, Hesse 40 yaşında, Hesse 50 yaşında və s. Onun hər yaşda fərqli qənaətləri olub.

  – Hessenin "Yalquzaq” əsərindən gözlənilən susqunluğu, ömrünün sonunda özünü doğrultdu. Belə ki, absurddan sonra ancaq susa bilərdin. 
  – O, 1949-сu ildə "Təsbeh oyunu” əsərini yazır. Sonra ömrünün sonuna qədər qələmi susur. Çünki hər şey onun üçün mənasını itirir. Ona çoxlu mükafatlar verirlər, adına muzey açırlar, II Dünya Müharibəsindən sonra Almaniyanın prezidenti dəfələrlə onunla görüşür, deyir ki, sizin əsərlərinizdə verdiyiniz proqnozların, gözləntilərin hamısı düz oldu və s. Amma Hesse üçün bunların heç bir önəmi yox idi, çünki o artıq özünə qapanmışdı, insan laqeydliyi onu susdurmuşdu. O məqamda artıq, nə absurd var idi, nə də müəmma, nə bilirdisə də doğru bilirdi. O çoxlu məktub yazan yazarlardandır. Narahatlıqlarını məktublarda ifadə edir,ən adi oxuculara da bu yolla cavab verirdi. Fəqət olmadı, insanlar dəyişmədilər, o da bu dəyişməz mövqe tutan, peşman olmayan insanları görüb susdu.

  – Əsərdə "Hamlet” əsərinə bənzər bir məqam var, əsl ideya, həqiqət məhz teatr ("Sehrli teatr” – yalnız dəlilər üçün) yolu ilə açılır. Bu bənzərliyə fikir vermisinizmi?
  – Bəli, o da var, amma bir şeyi unutmayaq. Hesse yazırdı ki, bu səhnədəki personajlar başqadır. Hesse o personajları çox yaxşı görürdü. Bir az diqqət etsək görərik ki, dünya özü bir tamaşadır. Hamı oynayır. Kimdən ötrü, nə üçün? Bunları axtarmağa lüzum yoxdur, hər şey aydındır. Oynaya bilməyən adamlar üçün bu çox çətindir, ona görə cəmiyyət Hesseni çıxdaş elədi. Bu da Hessenin "oyun”unun sonu idi.

  – Əsərdə dəfələrlə qeyd olunur ki, həyat dialektikadan ibarətdir, yaxşı-pis, qəddarlıq-humanizm və s. Amma əsərin adı "Yalquzaq”dır, yəni uzaqlaşmış vəhşi, bəli, məhz vəhşi...
  – Dünyada dörd nəfər vardı. Adəm, Həvva və onların iki oğlu. Bir qardaş o birini öldürdü, dünyanın dördə biri qırıldı – I Dünya Müharibəsi oldu... Hesse elə bir əsrdə yaşayırdı ki, həmin yüzillikdə bəşəriyyət iki dünya müharibəsi görüb. Bu əsərdə müharibələrin olacağını əvvəlcədən görən, hiss edən, buna ürəyi ağrıyan bir adam var. O adam sözü eşidilməyəndə artıq kənarda dayanır.
  Personajlar dəyişir, Hesse isə həmişə tək qalır və əsərdə deyidiyi kimi, həqiqətən də "təntənəli marşların sədası altında tənha adamın səsi eşidilməz”. Onun dedikləri azlıq üçündür. Quran ayələrinin birində yazılıb: "Əlbəttə, çoxunuz inanmırsınız, çoxunuz naşükürsüz...”.
  İnananlar həmişə az olur. Hesse bu gün də yaşasaydı, yenə belə olacaqdı. Pis insanların mahiyyəti, əməllər ardıcıllığı bu və ya digər formada dəyişmir. İsa peyğəmbər bir də dünyaya gəlsə, onu yenə çarmıxa çəkəcəklər. Hegel deyirdi: "Bəşəriyyətin tarixdən çıxardığı yeganə nəticə odur ki, bəşəriyyət tarixdən heç bir nəticə çıxartmayıb”.
  Hesse adamları pislikdən saqındırmaq, qandan uzaqlaşdırmaq istəyirdi, axırda da insanların yamanlığa olan aclığını görüb hamıdan uzaqlaşdı, təsbeh çevirən qocaya çevrildi. 
 
  Söhbətləşdi: Fərid Hüseyn