Biz imzaları yox, əsərləri dərc edirik...

Əsl sevginin dəhşəti haqqında tamaşa
572
29 İyun 2017, 09:17

...Biraz sevgidən danışaq... Biraz sevilməkdən danışaq... İki insanın sadə sevgisindən danışaq...

Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub – it gəzdirən xanım. Xəbəri eşidər-eşitməz baş aldım ...İti gəzdirən xanım...ın ardınca yürüməyə. Bu minvalla Dövlət Pantomima Teatrına gəldim. Teatr mövsümünün son günlərində premyera izlədim. Və məşhur... əvəzolunmaz A.P.Çexovu "İti gəzdirən xanım”la pantomimanın səhnəsində... gördüm.

 

 

 

"İti gəzdirən xanım” dünya ədəbiyyatının məhəbbət haqqında ən yaxşı hekayələrindən biri hesab olunur. Həqiqətdə bu hekayə xoşbəxtliyin mümkünsüzlüyü və buna rəğmən yaşamağın zəruriliyi haqqındadır. Hekayədə təsvir olunan məhəbbət qəhrəmanları qəfil haqlamış, labüd olan sevgidir. Bu sevgi həm də iztirablar doğurur, insanı məhvə sürükləyir. Lakin insan onun təsirindən məst oldumu bir daha özünə gəlməz...

Səhnədən Moskva havası, rus mədəniyyəti, rus elitasının iyi gəlir. Hər bir xırdalıq buna hesablanıb. Arxa səhnədə yük çantaları bir-birinin üstündə toplanıb qatarın təsvirini verir, skamya, oturacaq, asılmış olan rus elitasının geyimləri və sevgi haqqında musiqi... Tamaşa qaranlıq zalda qatarın səsi ilə başlayır. Saniyə-saniyə qatar sanki səhnəyə gəlir... səs daha da yaxınlaşır və bir anlıq tamaşaçı özünü qatarın içində hiss etməyə başlayır.

Tamaşa sərbəst sevgi münasibəti kimi başlayır və yüksək faciə kimi bitir. Və burada ciddi səhnə metaforaları tətbiq olunur. Sözlərlə oyun Çexov akvarelini tamamilə yuyub aparır. Tamaşanın başlanğıcında bununla barışmaq asan deyil. Coşquyla "hanı nüans, hanı intonasiya?” deyə soruşmaq istəyirsən. Zaman irəlilədikcə anlayırsan ki, bu akvarel deyil, ekspressionist rəsm əsəridir. "İti gəzdirən xanım” ədəbi teatrın tipik nümunəsi kimi görünə bilər. Burada Çexov mətni səhnədən bütün müəllif haşiyələri və təsviri ilə səslənir. Səhnə əsərinin rejissoru Leyla Atayeva "İt gəzdirən xanım” tamaşasını ziddiyətlərin arxitektur sistemi üzərində qurub. Tərəzinin bir gözündə zərif, psixoloji oyun: gec-tez ayrılmaq məcburiyyətində olan iki sevən insanın ümidsiz məhəbbət hekayəsi. Digər gözündə isə personajların "oyun içində oyun” hekayələri.

...Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov (Nurlan Rüstəmov) bəstəboylu, başına beret qoymuş bir qadının sahildə gəzişdiyini görür. Kimdir Qurov? Görkəmində, xasiyyətində onu qadınlara sevdirən, onları yoldan çıxardan sezilməz bir cazibədarlıq vardı. Pantomimin Nurlanı da ehtiyatla sezdirilən özündən razı görkəmi, gözlənilməz centlemen davranışları, qadınlara yuxarıdan aşağı "alçaq irq” kimi baxan baxışları başlayacaq sevgi romanını maraqlı edirdi. Nurlan Rüstəmov Çexovun Qurovuna yaraşırdı, 1860-ci illərin rus elitasına yaraşırdı; davranışlarda son dərəcə qüsursuz idi. Qurov (N.Rüstəmov) qadına qarşı çox  acımasızdır, hətta tamaşanın başlanğıcında onun qadınlara qarşı alçaldıcı rəftarı, danışığı insanı özündən çıxardır, qəribə bir mübarizə başlayır. Özün-özlüyündə "bax, indi o alçaltdığın qadın gör necə səni mum edəcək?” deyə düşünürsən. Və düz də düşünürmüşəm...

Anna Sergeyevna zərifdi, ondan təmiz, sadəlövh, görüb-götürməmiş qadın ətri gəlir. Anna (Leyla Atayeva) elit təbəqədən gəlmiş, sanki mənfiliyin toxulmamış, həlim, həssas, zərif ruhlu qadındır. Çox zərifdir, toplumun diqqətini cəlb edəcək qədər kübardır... Qurov (N.Rüstəmov) da məhz buna vurulur, bu incəliyi sevir. Baxmayaraq ki, Leyla Atayevanın göstəriləri səhnənin mərkəzində estetik kobudluğa varırdı, seyrcini ruhən incidirdi. Mən bunu qeyri-peşəkarlıqla deyil, sadəcə oyun üslubunun oturuşmaması ilə izah edərdim. Lakin bu kobudluğun  özündə də bir məna vardı. Biz hələ də öz ruhsal qəflətindən oyana bilməyən Qurovun gözlərilə Anna Serqeyevnanı görürük. Səhnə irəlilədikcə o, dəyişir, baxışlar ciddiləşir, hərəkətlər çərçivəyə salınır.

 

 

 

Səhnədə iki həyat vardır, Qurovun iki həyatı: biri üzdədir, hamı görür, hamı bilir – şərti həqiqətlər və şərti yalanlarla dolu olan, tanışlarının və dostlarının həyatına bənzəyən həyat, o biri isə gizli keçən həyat. Hər iki həyat bir-birinəparadoksal qurulub.  Bu tamaşanın sonu əsl sevginin dəhşəti haqqındadır. Anna Sergeyevna onun yuxusuna girmir, kölgə kimi onun arxasınca gəzir, onu izləyir. Gözünü yumanda onu diri kimi görür, kitab şkafından, küncdən ona baxır, Qurov Anna Sergeyevnanın nəfəsini duyur, onun paltarının xoş xışıltısını eşidir. Küçədə qadınlara göz qoyur, ona oxşar qadın axtarır. Həyat sevgisiz asan və təhlükəsizdir. Qurov (N.Rüstəmov) və Anna Serqeyevna (Leyla Atayeva) finalda sanki köçəri quşları xatırladırlar və birlikdə ola bilmirlər. Sadəcə onlar özlərilə və sədlərlə buxovlanan sevgi ilə necə davranmalı olduqlarını bilmirlər.

Və burada, bayağı kurort romanından çarəsiz məhəbbətə dönüş nöqtəsində rejissor tamaşanın ən əsas mizanlarından birini  gerçəkləşdirir. Qurov paltosunu və şlyapasını geyərək, baş tutan görüşün mənasızlığından, boşluğundan danışmağa hazırlaşır. Lakin öz oyunu ilə qəlbinin dərinliklərində tənhalığın qorxusu və dəhşətini tamaşaçı zalına yağdırır. Ər, arvad, uşaqlar və digər qohum-tanışlar tamaşada yoxdu. Biz səhnədə it də görmürük. Bu da öz-özlüyündə bizə aydındır. Çünki, balaca, sevimli küçük həyatın sevinc və şənlik dolu olduğu fikrini aşılamış olardı ki, bu da rejissorun məqsədinə uyğun deyil. Çünki rejissorun  təsvir etdiyi məhəbbət həyatın özü qədər bədbəxt, tragikdir. O, buna əmindir və kütləni də buna inandırmağa çalışır. Rejissor bizi inandırır ki, insan – insanlıq naminə düşünən, əzab çəkən həqiqi sevən insan xoşbəxt ola bilməz.

Çexov həyata xəstə insanın kədərilə baxsa da, onun təsvirində biz Qurov və Annanın bir-birlərinə həm kədər, həm də xoşbəxtlik bəxş etdiklərini görürük. Tamaşada isə onlar xoşbəxt deyillər, kədər onlardan sel kimi axır.

...sel kimi insanın qəlbinə axırdı. Tamaşanın aktyorları Leyla Atayeva, Nurlan Rüstəmov, Bəhruz Əhmədli, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev, Beyrək Rüstəmov və tamaşanın plastik həllinin müəllifi Bəxtiyar Xanızadəyə təşəkkürlər və uğurlar!

...Bu da sənə it gəzdirən xanım... Bu da sənə macəra...

 

                                                           

Aygün Süleymanov

Xəbər lenti