Biz imzaları yox, əsərləri dərc edirik...

Əsərin mətnini bağlı olduğu tarixçədən kənar tədqiq etmək mümkünsüzdür – Aslan Salmansoyun müsahibəsi
1526
01 Noyabr 2018, 10:31
 Müsahibimiz Səməd Vurğunun "Seçilmiş əsərləri” (Şərq-Qərb – 2016) nəşrinin tərtibçisi və nəşrin şərhlərinin müəllifi filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur. Aslan müəllimlə bu elmi nəşr haqqında ətraflı söhbətimizin ikinci hissəsini təqdim edirik: 
 
 
 
 – Dediniz ki, 6 cildlik oxuculara "akademik nəşr” adı ilə təqdim edilmişdir. Eyni zamanda bu nəşrdə ciddi qüsurlara da yol verildiyini qeyd etdiniz” Akademik nəşr” və "ciddi qüsurlar”...
 – Altı cildlikdə akademik nəşrin qarşısında dayanan vəzifələrin heç biri axıradək yerinə yetirilməmişdir. Əvvəla, şairin xeyli tam və natamam şeiri, eləcə də bir sıra publisistik məqalələri və çıxışları bu nəşrdə diqqətdən yayınmış, cildlərə salınmamışdır. İkincisi, bu nəşrdə bəzi şeirlərin əsas mətni düzgün müəyyənləşdirilməmişdir. Sadalananlardan əlavə, altı cildlikdə, onlarla şeirin yazılma tarixi səhv göstərilmiş, çap mənbələri axıradək müəyyənləşdirilməmiş, tarixi-xronoloji prinsip bir neçə yerdə pozulmuşdur. 
 Bütün bunlar cildlərdəki elmi-köməkçi aparatın, xüsusilə də izah və biblioqrafik məlumatların lazımi səviyyədə hazırlanmadığından xəbər verir. Halbuki, akademik nəşrlərdəki izahlar hər hansı nəşr tipindəkindən daha dərin və mükəmməl olmalıdır. 
 Altıcildliyin akademik nəşrin tələblərinə cavab vermədiyini tərtibçilər özləri də etiraf edirlər. I cilddə "İnstitutdan” başlığı ilə verilən qeyddə deyilir ki: "Səməd Vurğun, əsərlərinin akademik nəşri verilən ilk Azərbaycan sovet yazıçısıdır... Məlum olduğu kimi, S.Vurğunun şəxsi arxivi hələ lazımınca nəzərdən keçirilməmiş, elmi surətdə öyrənilməmiş, əlyazmaları ilə mətbu mətnlər axıradək tutuşdurulub yoxlanmamışdır. Buna görə də həmin akademik nəşri kamil saymaq olmaz”. Əslində, "qeyri-kamil” akademik nəşr olmur, əksinə, ən kamil – mükəmməl nəşr akademik nəşr sayılır. Sadalananlar tərtibçilərin həmin nəşri "akademik nəşr” adlandırmaqda xeyli tələsdiklərindən xəbər verir. 
 Bütün bunlara baxmayaraq, altıcildliyin tərtibçilərinin cildləri hazırlayarkən çəkdikləri ağır zəhməti dəyərləndirməmək qədirşünaslıq olardı. S.Vurğunun altı cildliyinin çap edilməsinə hazırlıq şairin arxivinə mütəxəssislərdə bir maraq oyatdı və bu maraq indi də davam etməkdədir. Bu nəşr, eyni zamanda  həm oxuculara, həm də tədqiqatçılara şairin müxtəlif janrlarda yazdığı əsərlərlə toplu halında tanış olmaq və yaradıcılığının ümumilikdə poetik və psixoloji xüsusiyyətlərini, inkişaf dinamikasını izləmək imkanı verdi. 

 – S.Vurğunun əsərlərinin başqa elmi nəşri varmı, varsa, altıcildlikdən onun fərqi nədədir?
 – S.Vurğunun 1985–1988-ci illərdə nəşr olunmuş Əsərlərinin 7 cildliyini də – cildlərin 4-ü çapdan çıxdı; tərtibçilər: O.Sarıvəlli və Ə.Hüseynov; İzah və şərhlər Ə.Hüseynovundur – elmi nəşr hesab etmək olar. Yeddi cildlik altı cildlik əsasında nəşrə hazırlandığından tərtibçinin işi – əslində, 7 cildliyi nəşrə Ə.Hüseynov hazırlamışdır, lakin bu nəşr altıcildlik əsasında hazırlandığından və şeirlərin toplandığı cildlərin tərtibçisi O.Sarıvəlli olduğundan Ə.Hüseynov I-II cildlərə onun da adını tərtibçi kimi qeyd etmişdi, – məlum səbəbə görə asanlaşırdı. 
Yeni nəşrin altıcildlikdən əsas fərqi burada əksər şeirlərin avtoqraflarının üzə çıxarılması, nüsxələr arasındakı tekstoloji fərqlərin göstərilməsi, bəzi şeirlərin əvvəlki nəşrdə səhv göstərilən ilk çap mənbələrinin dəqiqləşdirilməsi və şairin bir çox naməlum şeirinin cildlərə daxil edilməsidir. Sadalanan məziyyətləri ilə yanaşı, bu nəşrdə də tekstoloji fərqlərin səbəbləri izah edilməmiş, xeyli şeirin mühafizə edilən avtoqrafları üzə çıxarılmamış, bir sıra şeirin ilk çap mənbəyi yenə də dəqiqləşdirilməmiş, yeni şeir məsələsində isə ən ciddi qüsura da elə burada yol verilmişdir...
 Sənətkarın gözdən qaçan, yaddan çıxan əsərlərini üzə çıxarıb çap etdirmək, bəlkə də, əsərin yazılması qədər əhəmiyyətli bir işdir – həmin əsərlər üzə çıxarılıb, oxucuya çatdırılmadıqca yazılmamış əsər "statusunda” olur. Bu əsərlərin çapı, təbii ki, müəllifi haqqında yeni söz deməyə imkan verir. Lakin bu işdə tələsmək, diqqətsizliyə yol vermək tədqiqatçıları həmişə pis vəziyyətdə qoymuşdur. 
 Yeddicildliyə – II cild s.332–334 – yeni şeir kimi "Bakı” adı ilə daxil edilmiş, eləcə də adsız verilmiş – s.340-341–  və ilk dəfə çap edildiyi göstərilmiş parçalar müstəqil şeirlər deyil, "Bakının dastanı”ndandır. 348-ci səhifədə adsız verilmiş üçüncü "yeni şeir” isə "İnsan” pyesinin 8-ci şəklindən bir parçadır. 
 Tərtibçilər başqa diqqətsizliklərə də yol vermişlər. Belə ki, müxtəlif tədqiqatçılar tərəfindən üzə çıxarılmış bəzi şeirlərin göstərilən çap mənbələrini dəqiqləşdirmədən, mənbəni və əsəri mənbədə öz gözləri ilə görmədən də cildlərə salmışlar. I cildə daxil edilmiş "Nişansız nişanlıma”, "Gəlin”, "Şərq qadınlarına”, "Məktəbli qız”, "Solan məhəbbətim” və "Qafqaz” şeirləri S.Vurğunun deyil. Biz sadaladığımız yanlışlıqlar barədə "Vurğunun deyilsə, bəs kimindir?” adlı geniş bir məqalə çap etdirdiyimizdən – həmin əsərlərin müəlliflərini – Ə.Abid, H.Cavid, İ.K.Zeynalov və b. dəqiqləşdirmişik – burada ifrata varmırıq. 
 Kitab tərtibi zamanı düzgün, vahid prinsip seçilməsi və ona axıradək riayət edilməsi başlıca şərtdir. Bu nəşrdə isə həm düzgün prinsip seçilməmiş, həm də ona tam əməl olunmamışdır. Tərtib prinsipinin düzgün seçilməməsi yeddi cildliyin nəşr tipini müəyyənləşdirməyə də mane olur. Belə ki, şairin mühafizə edilən əksər avtoqraflarının üzə çıxarılması  həmin nəşri elmi nəşr səviyyəsinə qaldırırsa, şeirlərin yazılma tarixlərinin, ümumiyyətlə göstərilməməsi və əsərlərin yalnız ilk çap mənbələrinin təqdimi, eləcə də tekstoloji fərqlərin yalnız bu nüsxə ilə müqayisədə verilməsi nəşrin elmi səviyyəsini aşağı salır. 
 Yeddicildlikdə, şeirlərin yazılma tarixlərinin ümumiyyətlə verilməməsini, heç cür başa düşmürük. Halbuki, nəinki altı cildlikdə bəzi şeirlərin göstərilməyən, yaxud səhv göstərilən yazılma tarixlərini, hətta ilk dəfə – kitablarından – bu nəşrə salınmış şeirlərin belə əksəriyyətinin yazılma tarixini dəqiqləşdirmək, müəyyənləşdirmək olardı.
 Yeddi cildlikdə bizi, bəlkə də yol verilmiş səhvlərin ciddiliyindən daha artıq altı cildlikdə akademik nəşr istiqamətində götürülmüş – özünü doğrultmasa da –  xətdən tərtibçilərin yayınmaları, daha dərinə getmək  əvəzinə, geri çəkilməkləri narahat edir. Lakin bu da bir həqiqətdir ki, altı və yeddicilddəki izahları birlikdə götürüb nəzərdən keçirdikdə aydınlaşır ki, şairin şeirlərinin mükəmməl nəşri istiqamətində az iş görülməyib.
 
 – Yaxın tarixdə yaşamış şairin əsərlərində, sizcə, niyə bu qədər səhv gedib?
 – Yol verilən səhvlərin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb materialların bolluğudur: təsəvvür edin, S.Vurğunun 400-dən artıq şeiri, 30-a yaxın poeması, 6 – 2-si yarımçıq – dram əsəri, 200-ə yaxın elmi-publisistik məqaləsi, məruzə və çıxışları, 10-larla məktubu... Bu materialların sayından qat-qat artıq müxtəlif mənbələri –hər bir əsərin bir neçə avtoqrafı – ərəb, latın və kiril əlifbası ilə yazılmış, – bir neçə çap nüsxəsi, səs yazıları və s. Üstəlik bu əsərlərin əlaqəli olduğu digər mənbələr. S.Vurğunun əsərlərinin mükəmməl nəşrinin hazırlanmasından ötrü bu əsərlərin, yuxarıda da qeyd etdiyimiz kimi, hər birinin tarixçəsi öyrənilməlidir. Bu vəzifənin yerinə yetirilməsindən ötrü isə sadalanan materiallar üzə çıxarılmalı, sistemləşdirilməli, tutuşdurulmalı  və ilk növbədə tekstoloji yöndən öyrənilməlidir. Bu işlər, şübhəsiz ki, uzun zaman, böyük zəhmət, xüsusi hazırlıq, səriştə tələb edir. Materiallar müxtəlif arxivlərdə, həm də səliqəsiz, qarışıq şəkildə saxlanır. Belə xaotik vəziyyətdə, təbii ki, gözdən qaçan, diqqətdən yayınan materiallar da olur.  Təsadüfi deyil ki, görkəmli mətnşünas akademik D.Lixaçov tekstoloji işi iynə ilə gor qazmaqla müqayisə etmiş və onu "təltifi gözlənilməyən iş” adlandırmışdır. Bu ifadə ilə həm tekstoloji fəaliyyətin əzablı bir iş olduğu, həm də bir o qədər də dəyərləndirilmədiyi diqqətə çatdırılmışdır. Bu sahəyə meylin az olmasının əsas səbəbi də budur. Təsəvvür edin: deyək ki, hər hansı bir ədəbiyyatşünas hansısa bir mövzuda M.Füzulinin, yaxud S.Vurğunun altıcildliklərindəki əsərlərindən istifadə etməklə araşdırma aparır. Hansı tədqiqatçı həmin cildləri böyük zəhmət hesabına nəşrə hazırlayan tərtibçinin adını çəkir ki?! Demək olar ki, heç biri...
 Subyektiv səbəblər sırasında isə ilk növbədə diqqətsizliyi qeyd etmək istərdik: Altı və yeddi cildliklərdə bəzi əsərlərin əsas mətnlərinin düzgün müəyyənləşdirilməməsinin, şairin poema və dramından parçaların buraya müstəqil şeir kimi, eləcə də, başqa şairlərin şeirlərinin Vurğunun şeirləri kimi salınmasının, bir sıra əsərlərin yazılma  və çap tarixlərinin, çap mənbələrinin səhv  göstərilməsi, yaxud, ümumiyyətlə göstərilməməsi və bir çox başqa yanlışlıqların səbəbi, məhz, diqqətsizlik olmuşdur. 
 
 – Bəs Sizin hazırladığınız kitabın əvvəlkilərdən fərqi nədir, əvvəlki nəşrlərdə yol verilən hansı qüsurları aradan qaldırmısınız?
 – Xatırladım ki, bu nəşrə qədər mən S.Vurğunun əsərlərinin 4 cildliyinin – 1996; təəssüf ki, şeirlərin toplandığı I cild işıq üzü görə bildi), eləcə də 5 cildliyinin – 2005 – tərtibçisi olmuşam. Bundan əlavə, yuxarıda adını çəkdiyimiz 7 cildliyin hazırlanmasına da kömək etmiş və üzə çıxardığım bir neçə naməlum şeir həmin nəşrin müvafiq cildlərinə daxil edilmişdir Cildlərin ərsəyə gəlməsinə yardımçı olanların sırasında böyük şairimiz B.Vahabzadə və  görkəmli ədəbiyyatşünas R.Tağıyevlə yanaşı, mənim də adım qeyd edilmişdir. 
 Bu nəşrə gəldikdə isə deməliyəm ki, mən onu hazırlayarkən S.Vurğunun mühafizə edilən avtoqrafları və çap olunmuş bütün kitablarını öyrənmiş, əsərlərinin avtoqraflarını və çap nüsxələrini öz aralarında, eləcə də avtoqrafları çap nüsxələri ilə tutuşdurmuş, aralarındakı tekstoloji fərqləri müəyyənləşdirmiş, səbəblərinə aydınlıq gətirmiş, 6 və 7 cildliklərdən bəhrələnməklə yanaşı, yol verilən qüsurları aradan qaldırmağa çalışmışıq.
 Bizim nəşri altı və yeddicildliklərdən fərqləndirən başlıca xüsusiyyət izahlar və biblioqrafik məlumatların keyfiyyətidir. İzahlarda dövrün ədəbi tənqidinin S.Vurğunun yaradıcılığına münasibətinə kifayət qədər yer ayırmışıq. Çünki, tənqid – əslində, hakim ideologiya öz siyasətini senzura və tənqid vasitəsilə həyata keçirirdi – görünən, üzdə olan isə tənqid idi – şairin – o dövrdə yazıb-yaradan bütün sənətkarların da – , təkcə, nələri və necə yazması, başqa sözlə, yeni əsərləri mövcud ideologiyaya  tabe etdirməklə məşğul  deyildi, qələmə alınan əsərlərin  nəşrinə də ciddi təsir göstərir, məzmununda köklü dəyişikliklər aparılmasına nail olurdu. Bu səbəbdən də biz şairin əsərlərini mühit – müəllif –mətn kontekstində izah etməyə çalışmışıq. Zəngilinin, A.Faruq və Ə.Dəmirçizadənin, M.Rzaquluzadənin, M.Quliyevin, A.Musaxanlının, M.C.Paşayevin, M.K.Ələkbərlinin, M.A.Dadaşzadənin və b. tənqidçilərin S.Vurğuna həsr etdikləri məqalələrindən, eləcə də qardaşı M.Vəkilovun, ailə üzvlərinin, müasirlərinin şair haqqındakı xatirələrdən, epistolyar irsindən təqdim etdiyimiz parçalar müasir oxucuya əsərlərin məzmununu, yazılma və dəyişmə səbəblərini, şairin üzləşdiyi ideoloji problemləri anlamağa, onu daha yaxından tanımağa kömək edir. Təvazökarlıqdan kənar olsa da, izahların bu şəkildə hazırlanması Azərbaycan kitab nəşrində ilk təşəbbüsdür. 
 Yazdığımız izahlarda elmi nəşrin prinsiplərinə əməl etməyə çalışmışıq: mətnin bütün mənbələrini üzə çıxarıb, qısa təsvirini vermiş, yazılma və çap tarixlərini, yerini dəqiqləşdirmiş, tekstoloji fərqləri təqdim etməklə yanaşı, səbəblərini də izah etməyə çalışmışıq. Mötəbər mənbələrə istinadən bəzi əsərlərin əsas mətnlərini müəyyənləşdirmiş və onların əvvəlki kitablarda səhv verilməsinin səbəblərinə aydınlıq gətirmişik. Belə ki, cildlərdə 30 misrası verilmiş "Ordenli qəhrəman” şeirinin 202 misralıq, 18 misrası verilmiş "Sünbül” şeirinin 112 misralıq, 4 bəndi verilmiş "Samur çayı” şeirinin 16 bəndlik əsas mətnini üzə çıxarmışıq.
 Ümumilikdə yanaşsaq, biz hazırladığımız kitabda S.Vurğunun şeirlərini mühit–müəllif–mətn kontekstində şərh etməyə çalışmışıq. Kitabı altı və yeddicildliklərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də budur. Biz kitaba yazdığımız ön sözü də elə "Səməd Vurğun: mühiti və mətni” adlandırmış və təhlillərimizi də bu aspektə yönəltmişik. Müqəddiməni bu yöndə yazmağımızı bizə də indiki mühit, xüsusilə də şairə qarşı hücumlar diktə etdi.
 
 

 
 – Adı çəkilən müqəddimədə yazırsınız ki, "Mətnyaratma prosesində müəllifin poezisiyası nə qədər yüksək olsa da, onun özünü formalaşdıran da mühitdir”. Bu baxımdan deyə bilərikmi ki, məhz sazlı-sözlü Qazax torpağı Səməd Vurğuna sərbəst şeirdə qalmaq "imkanı” yaratmadı?
 – Biz həm də o qənaətdəyik ki, mühit müəllifi formalaşdırmaqla yanaşı, ona mətni də yazdırır – dolayısı ilə mətni yaradan da mühitdir. Bizim nəzərimizdə mühit müəlliflə mətn arasında bir "körpü”dür – informasiya körpüsü. 
 "Mühit” termini də, yuxarıda toxunduğumuz "tarixçə” termini kimi, çox geniş anlayışı ehtiva edir. Bu ad altında  müəllifin doğulub tərbiyə aldığı ailə, doğmaları, təhsili, həyata baxışı, mənəvi aləmi–sevinci, kədəri, sevgisi, siyasi yönümü, ədəbi cərəyan mənsubluğu, eləcə də, siyasi-ideoloji rejim və onun formalaşdırdığı qurumlar – senzura, ədəbi tənqid və bu kimi başqa qurumlar nəzərdə tutulur.
 S.Vurğun yaradıcılığında "sərbəst şeir” mühitin diktəsi ilə yaranan, belə demək mümkünsə, "ötərgi həvəs” idi. Şair "zamanının istədiyi” şeirləri, xüsusilə də siyasi məzmunlu bir neçə şeiri – o, əsasən, 1929–1931-ci illərdə bir neçə sərbəst şeir yazmışdır, – bu vəzndə, bu "dil”də qələmə alırdı, lakin uzun müddət bunu, yəni, "futuristlərin yolu”nu – o dövrdə sərbəst şeir yazanları "futurist” adlandırırdılar – davam etdirə bilməzdi. Çünki, onun yaradıcılığının qaynaqları sırasında daha çox folklor ənənələri və heca yer almışdı. Təbii ki, şairin "sərbəst”dən uzaqlaşmasında "sazlı-sözlü Qazax torpağı”nın – dil açdığı ədəbi mühitin həlledici təsiri olmuşdur. 
 Yeri gəlmişkən: hətta, belə də danışırlar ki, guya, sərbəst nəzmlə yazan həmkarlarından birinin ona: "Sən ən yaxşı şeirlərini sərbəstdə yazmısan” – deməsinə S.Vurğun: "Onda mən özümü ən bədbəxt şair hesab edərdim” – cavabını vermişdir...

 – Səməd Vurğun elə şairdir ki, vaxtilə, elə indi də sanki sağ qalmaqda, ölməməkdə günahlandırılır. Əlbət, bunun başqa səbəbləri də var, fəqət oxuyucu ədəbiyyatda, ədəbiyyat adamında məcnunluq, rindanəlik, bədbəxtlik, nakamlıq axtarışındadır. Fikrinizcə, S.Vurğunun bu dövrdə belə "qaranlıq” qalmasının, dilə-dişə düşməsinin səbəbini bir az da oxucuda axtarmalıyıqmı?
 – Haqlısınız. Bilirsiniz ki, S.Vurğun sağlığında, hələ lap cavanlığından əfsanələşdirilmiş şəxs olmuşdur. Onun da nakam məhəbbətinin təsirilə yaşamalı olduğu  "məcnunluq” dövrü xalq arasında bir məhəbbət dastanına çevrilmişdir. Aşıqlar, şairlər də bu mövzuda xeyli şeirlər yazmışlar – çoxlu olmayan şeylər də uydurmuşlar. Amma, biz Vurğunun "qaranlıq” qalmasının səbəbini oxucuda axtarmağın tərəfdarı deyilik. Bir tərəfdən o, oxucuya başqa cür, yəni, yalnız sovet quruluşunun tərənnümçüsü, ağ günlər şairi... kimi tanıtdırılıb. Digər tərəfdən isə S.Vurğunun yazıb-yaratdığı siyasi sistem, ideoloji mühit kökündən dəyişib, yeni dəyərlər yaranıb. Eyni zamanda bütövlükdə sovet quruluşuna qarşı inkari münasibət formalaşdırılıb. Üstəlik, bəzi qüvvələr tərəfindən indi də şairə qarşı hücumlar təşkil edilir, ən iyrənc üsullarla onun nüfuzuna xələl gətirməyə çalışırlar. Təbii ki, bütün bunlar müasir oxucularda, xüsusilə də gənclərdə sovet dövründə yaşamış digər sənətkarlarla yanaşı, S.Vurğunun əsərlərinə qarşı da, az da olsa, laqeydlik yaradır. Şairin bu vaxta qədər "tanıtdırıldığı”  kimi olmadığı, əksinə, onun milli-mənəvi dəyərləri, azərbaycançılıq ideologiyasını təbliğ etməsi, yaşatması səbəbindən daim təqib və təzyiqlərlə üzləşməsi ilə bağlı üzə çıxarılan arxiv materialları belə bəzilərində şübhə yaradır. Bütövlükdə yanaşsaq, şairə olan xalq sevgisi yenə yaşamaqdadır və nə qədər ki, N.Hikmətin ifadəsi ilə desək, "Türk dilləri yaşayır”, nə qədər ki, azərbaycanlı körpələr "Azərbaycan” şeiri ilə dil açır S.Vurğun da yaşayacaqdır.

 – Kitabınızda son illərdə S.Vurğuna yönələn ittihamlardan söz açırsınız. Daha dəqiq desək, şairə qarşı hücumları 30-cu illərin davamı kimi qiymətləndirir, fərqi ittiham səbəblərinin yerinin dəyişdirilməsində görürsünüz. Qeyd edirsiniz ki, indi də S.Vurğunu H.Cavidə, Ə.Cavada, H.K.Sanılıya, M.Müşfiqə qarşı çıxmaqda günahlandırırlar. Belə olan təqdirdə mütləq həqiqətin varlığına necə inanaq, inandıraq? Bəlkə, vaxt gələcək və inandıqlarımız dandıqlarımıza çevriləcək. Ümumiyyətlə, bu aspektdən yazara qiymət vermək, yaradıcılığını dəyərləndirmək nə dərəcədə doğrudur?
 – Mən dediklərinizi faktlara o dövrün mətbuatında – 1930–1952-ci illər S.Vurğun haqqında yazılan məqalələrə, şairin özünün məktubları və çıxışlarına, barəsindəki xatirələrə istinadən yazmışam. Yazdığım müqəddimə 20 səhifədən artıqdır və orada sadaladığınız məsələlər barədə ətraflı danışmışam. Bu səbəbdən də burada həmin mövzuya çox qısaca toxunacağam. 
 Əvvəlcə onu qeyd edim ki, S.Vurğunun 1930–1950-ci illərdə ciddi tənqid edilməsinin, təqib və təzyiqlərə məruz qalmasının başlıca səbəbi adları yuxarıda çəkilən şairlər kimi, onun da "sinifsiz, mübarizəsiz burjua ideolojisini təbliğ edən şeirlər yazması”, "burjua və qolçomaq şairləri Ə.Cavadın, H.K.Sanılının havalarını daha ustalıqla çalması”, "burjua şairləri T.Fikrətdən, R.Tofiqdən, N.Kamaldan təsirlənməsi”, "H.Cavidin yolunu təqib etməsi”,  əsərlərinin "kifayət dərəcədə firqəviliyə və ideoloji cəhətcə sağlamlığa malik olmaması”, "burjua və qolçomaq görüşlərini daşıması”, "yeni quruluşa qarşı çıxıb, köhnə quruluşu idealizə etməsi”, "Lenin-Stalin dünyagörüşünü səmimi olaraq şeirlərində göstərə bilməməsi”, "kommunist firqəsinin rəhbərlik rolunu danması”, "millətçi ünsürləri – xüsusilə də H.Cavidi və M.Müşfiqi – qanadının altına alması”, "bolşevik partiyalılığı prinsipindən, sosializm realizmi yolundan geri çəkilməsi, sovet varlığını, sovet adamlarının simasını təhrif edən müvəffəqiyyətsiz əsərlər yazması” və bu səpkili siyasi ittihamlar olmuşdur. İndi isə şair sadalananların əksinə olaraq, mədhiyyəçilikdə, kosmopolitlikdə, yuxarıda adları çəkilən şairlərə qarşı çıxmaqda, repressiyadan qurtulmaqda, hətta istedadsızlıqda günahlandırılır...
 S.Vurğun – H.Cavid və S.Vurğun – M.Müşfiq münasibətlərinə vurğunşünaslıqda və şair haqqında xatirələrdə müəyyən qədər toxunulub. Vurğunun M.Müşfiq və H.Cavidlə  ailəvi dost olması, hər ikisinin istedadını yüksək dəyərləndirməsi, onların sonrakı taleyinə acıması və mümkün məqama qədər onların hər ikisini müdafiə etməsi ilə bağlı kifayət qədər faktlar var. 
 S.Vurğun Yİ-nin katibi olarkən 1937-ci ildə H.Cavidi və M.Müşfiqi gücü çatana və mümkün məqama qədər müxtəlif üsullarla müdafiəyə çalışıb. Şair çıxışlarından birində deyir: "S.Ordubadi yoldaş Kirov haqqında roman yazır. Yoldaş Mir Cəlal "Qayğılar” adlı roman yazmış... Bu roman kolxoz quruluşunu və həyatımızın inkişafını göstərən romandır. A.Şaiq "İki şam ağacı” adlı işçi həyatından alınmış roman yaratmaq istəyir. H.Cavid faşizm və müharibə əleyhinə yeni pyes yazmış. Bu günlərdə haman əsər oxunacaqdır. Müəyyən yoldaşlıq köməyi olduqdan sonra o, pyes üzərində çalışacaqdır... S.Rüstəm kolxoz quruluşundan poema yazmaq fikrindədir və bunu yazacaqdır. Yoldaş Müşfiq canlı insan temasından yazmaq istəyir. Əvvəl o, ziyalılar haqqında yazmaq istəyirdi, mən buna razı olmadım. Elə qərara gəlmişik ki, Müşfiq gedib, bir neçə ay kolxozda oturub, kolxoza dair bir şey yazsın”  – "Ədəbiyyat” q., 1937, 6 aprel. Nəzərə çatdıraq ki, Cavid də, Müşfiq də artıq "gedənlərin siyahısı”na daxil edilmiş və bundan Vurğun da xəbərdar idi. Buna baxmayaraq, o, hər iki sənətkarı müdafiə etməyə çalışır. Təxminən bir aydan sonra başlanacaq kütləvi qırğının "qara siyahısı” dəqiqləşdirildiyi, "işçi həyatı” və "kolxoz quruluşu”nun ədəbiyyatın baş mövzusuna çevrildiyi bir məqamda Vurğun başa düşür ki, Müşfiq "ziyalılar haqqında” , yaxud "insan temasından” yazmaqla, artıq "batmaqda olan gəmisi”ni xilas edə bilməyəcəkdir. Ümid edir ki, "kolxoza göndərib, kolxoza dair bir şey” yazdırmaqla – məsul katib kimi –, bəlkə dostunu fəlakətdən xilas edə. Vurğunun işlətdiyi "bir şey” ifadəsi də diqqət çəkir. O, demir ki, Müşfiq kolxoza dair "əsər” yazsın, deyir ki, kolxoza dair "bir şey” yazsın, təki bəladan canını qurtarsın.
 H.Cavidin də "gedənlərin siyahısı”na çoxdan qatıldığını nəzərə alsaq, Vurğunun onun da adını məhrəmliklə çəkməsi, ona yoldaşlıq köməyi göstəriləcəyini vəd etməsi də eyni istəkdən qaynaqlanırdı. Təbii ki, Vurğun nə Cavidi, nə də Müşfiqi xilas edə bilir, əksinə özü Yİ-nin rəhbərlərindən biri kimi "siyasi korluq” göstərməkdə, "millətçi ünsürləri qanadının altına almaqda” günahlandırılır. O, 1937-ci ilin iyununda Yİ-nin katibi vəzifəsindən kənarlaşdırılır, həbs edilməsinə ciddi cəhdlər göstərilir.
 Xatırladaq ki, S.Vurğun sonralar M.C.Bağırovdan H.Cavidin, A.M.Şərifzadənin və M.Müşfiqin həbsdən azad edilməsi ilə bağlı xahiş etmiş, lakin, bu xahişinə görə özü təkrar cəzalandırılmışdır. Bu barədə M.C.Bağırov  Respublikaya rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra – 1955-ci ildə yazdığı, S.Vurğunu "qatı millətçi” adlandırdığı və "qatı müsavatçıları müdafiə etməkdə” ittiham etdiyi izahatda, eləcə də V.Babanlı şair haqqındakı xatirəsində məlumat verir.
 Mütləq həqiqəti isə yalnız və yalnız S.Vurğunun öz əsərlərinə və digər mötəbər mənbələrə, yəni fakta söykənən materiallara, eləcə də onların tarixilik baxımından, mühit-müəllif-mətn kontekstində obyektiv şərhinə istinadən ortaya qoymaq olar... 
 
 

  
 –  Hazırladığınız kitabı Səməd Vurğunun əsərlərinin akademik nəşrinin hazırlanması istiqamətində uğurlu addım hesab edirik. Sizcə, şairin akademik nəşrinin hazırlanması nə dərəcədə realdır, əgər realdırsa, bununçün hansı mənbələrdən istifadə edilməlidir?  
 –  Əvvəlcə akademik nəşrin vəzifələrinə çox qısa aydınlıq gətirim: akademik nəşr elmi nəşrin ən yüksək pilləsi, səviyyəsidir və o, üç mühüm vəzifəni yerinə yetirməlidir: 1. Müəllifin bütün yazdıqlarını – tam, yarımçıq əhatə etməli; 2. Əsərlərin əsas mətnini müəyyənləşdirməli; 3. Əsər haqqında bütün məlumatları özündə birləşdirən dərin elmi-köməkçi aparata – ilk növbədə izahlara malik olmalıdır. 
 Yeri gəlmişkən bir məqamı da diqqətə çatdıraq: hələ sovet dönəmində A.S.Puşkin, L.N.Tolstoy və digər rus klassiklərinin 90,100, 120 cildlərdə çap edilmiş əsərlərinin böyük bir hissəsi, məhz, elmi-köməkçi aparatdan, izah və biblioqrafik məlumatlardan ibarətdir. Bizim ən nüfuzlu klassiklərin "akademik nəşr” adı ilə təqdim edilən əsərləri isə 5-6 cildi aşmır. Bizə görə, M.Füzulinin əsərlərinin elmi nəşrini 50 dəfə 6 cilddə nəşr etməkdən 1 dəfə 50 cilddə çap etdirmək daha əhəmiyyətli olardı. 
 Qısaca bir arayış da verim: indiyə qədər bizdə bir neçə sənətkarın əsərləri  oxuculara "akademik nəşr” adı ilə təqdim edilmişdir. O kitabları hazırlayanların çəkdikləri böyük zəhmətə kölgə salmadan deyək ki, onların heç biri akademik nəşrin tələblərinə cavab vermir. Bizdə "akademik nəşr” deyilərkən Akademiyanın hazırladığı nəşrlər başa düşülür.
 S.Vurğunun əsərlərinin akademik nəşrinin hazırlanmasına gəldikdə isə etiraf etməliyik ki, həm şairin altı, həm yeddicildliyində, həm də bizim hazırladığımız nəşrlərdə bu istiqamətdə müəyyən işlər görülüb, baza yaradılıb. Bu səbəbdən də şairin akademik nəşrinin hazırlanması realdır. Hətta, düşünürəm ki, bu nəşri, təxminən, 25-30 cilddə hazırlamaq mümkündür, amma, bununçün hələ çox işlər görülməlidir: şairin qələmindən çıxan bütün əsərlər tam və yarımçıq, bədii, yaxud, elmi-publisistik əsərləri, çıxışları, epistolyar irsinin mühafizə edilən bütün mənbələri – avtoqraf, çap nüsxələri daha dərindən öyrənilməlidir. Eləcə də haqqındakı xatirələrdən, özünün yazdığı və ona ünvanlanan məktublardan memuar ədəbiyyatı, səs yazılarından, çəkildiyi sənədli filmlərdən və əlbəttə ki, əsərlərinin elmi nəşrlərindən, bir sözlə, əsərlərin özündən və onların əlaqəli olduğu bütün mənbələrdən istifadə edilməlidir. 
 Bundan başqa: bədii əsərlərin filoloji tədqiqindən məqsəd, qısa və ümumi şəkildə desək, onların mövzu və ideyasını, sənətkarlıq məsələlərini açmaq, ilk növbədə oxuculara aydınlaşdırmaqdır. Ortaçağ ədəbiyyatımızdan üzü bəri müasir şair və yazıçıların yaradıcılığı üzərində saysız-hesabsız araşdırmalar aparılır, çox dəyərli monoqrafiyalar və elmi məqalələr çap edilir. Təəssüf ki, bizdə aparılan tədqiqatların nəticələrindən elmi nəşrlərdə, demək olar ki, istifadə edilmir...
 S.Vurğunun da əsərlərinin akademik nəşri hazırlanarkən yaradıcılığı haqqında yazılan monoqrafiya və məqalələrdən hökmən istifadə edilməlidir. 
 Və ustad şairin əsərlərinin akademik nəşri tezliklə hazırlanmalıdır. Çünki, S.Vurğundan da artıq bir əsr əvvəlin şairi kimi söz açırıq. Onun ilk şeirinin işıq üzü görməsindən bir əsrə yaxın, son şeirini dərc etdirməsindən isə yarım əsrdən artıq – 63il vaxt keçir. Bu zaman məsafəsi şairi və əsərlərini bizdən az uzaqlaşdırmır. Onun "nəbzini tutub, ürəyinə yaxşı qulaq asmaq” – yazdıqlarını anlamaq və anlatmaq yarım əsr sonra indikindən qat-qat çətin olacaq...  
 
 Söhbətləşdi: Fərid Hüseyn