Biz imzaları yox, əsərləri dərc edirik...

"Əsər günah yuyan etiraf kimi yazılmalıdır" – Çingiz Əlioğlu ilə Çingiz Aytmatov barədə söhbət
1731
20 Dekabr 2017, 16:46
 artkaspi.az Azər Turanın Çingiz Əlioğlu ilə Çingiz Aytmatov barədə söhbətin təqdim edir: 
 

 
 Azər Turan:  Çingiz Aytmatov varacağı hədəfi dəqiq müəyyənləşdirən, səddi parçalayan nadir yazıçıydı...

Çingiz Əlioğlu:  Demoqrafiyanı öyrənən alimlər, öz dediklərinə görə, müəyyən ediblər ki, bu gün dünyada yaşayan insanların hər dörd nəfərdən biri Çingiz xan nəslindəndir, - dinindən, irqindən, dərisinin rəngindən asılı olmayaraq! Yəni, çağdaş dünya əhalisinin sayını aşağı-yuxarı yeddi milyard götürsək, bu, təxminən 1.75-2 milyarda yaxın türk geni daşıyıcılarından ibarət nəhəng bir insan okeanı deməkdir…
 Bəli, böyük fateh və onun övladları dünyanın az qala dörddə birini ram etmiş, qılınclarına baş əydirmişdi…

 Azər Turan:  Tarixdəki hər iki Çingizin - Çingiz xanla Çingiz Aytmatov şəcərəsinin ulu babası Altun İşıq - Boz Qurddur. Çingizlərin ulu nənəsi Alankova isə Ana Geyik (Maral) soyundandır...

 Çingiz Əlioğlu Hə. Ancaq bu tarixi ekskursdan daha çox məni indi düşündürən uşaq marağına bənzər başqa bir hissdir: görəsən, əfsanəvi sərkərdənin xəbəri oldumu ki, əsrlər sonra onun törəsindən, qəhrəman Çingizidlər sülaləsindən başqa bir böyük fateh Çingiz Aytmatov doğulacaq və bu səfər o, qədəmləri qanlı əcdadından fərqli olaraq, qan tökmədən, möcüzəvi qələmiylə ulu babasının hökmünə tabe olan ərazilərdən də böyük bir dünyanı, özü də, hər şeydən əfzəl, ürəkləri fəth edəcək, milyardların kumirinə çevriləcək?!
 Bilmirəm, bəlkə də olub, hələlik bizə yaxşı məlum olmayan o sirli aləmdə çox əhvalatlar baş vermiş ola bilər…
 Bəli, nəhəng türk dünyasının qırğı gözlü qırğız oğlu Çingiz Aytmatov...

 Azər Turan:  Çingiz Aytmatov və onun həyatınızdakı izləri?

 Çingiz Əlioğlu:  Böyük ustadın ölkəmizə son gəlişində onu müşayiət etmək Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən mənə həvalə olunmuşdu. 2008-in fevralın 21-də gələn yazıçı hələ martın 1-nə qədər Bakıda qalacaqdı. Sevincimin həddi-hüdudu yox idi, axı hələ lap gənclik çağlarımdan yaradıcılığının vurğunu olduğum bu böyük insanı lap yaxından görəcək, danışmaq, söhbət etmək imkanım olacaqdı…
 Onu da deyim ki, yazıçını, həm də onun bu səfərinin təşkilatçılarından biri, uzun müddətdi Bişkekdə yaşayan həmyerlimiz, tanınmış iş adamı və fəal ictimaiyyətçi, hüquqşünas, Türkdilli Dövlətlərin siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov müşayiət edirdi. Yazıçı ilə Bişkekdən bir qrup media işçiləri, tele-foto müxbirləri də təşrif buyurmuşdu.
 Prezident aparatının məsul işçisi hörmətli ziyalımız Qafar Əliyev də demək olar ki, həmişə bizimlə idi.
 Onu da deyim ki, əslində, Çingiz ağa ilə ilk tanışlığım, hələ lap cavan çağlarımdan, mən Neft və Kimya İnstitutuna daxil olandan sonra ailəmizin köçdüyü Gəncə şəhərinə valideynlərimin yanına getdiyim tətil günlərində baş vermişdi. Çox istedadlı insan olan, uzaq qohumum və yaxın dostum, rəhmətlik Vidadi Məmmədlə Sabir küçəsindəki məşhur kinoteatrda  "Ana tarla" filminə baxmağa getmişdik. Düzü, texniki ali məktəbdə təhsil aldığım üçün o dövr qardaş respublikalarda yaranan bədii ədəbiyyatdan sən deyən, o qədər də xəbərdar deyildim. Seans bitdikdən sonra tamaşa zalını, az qala başgicəllənməsi ilə tərk etmişdim. Filmin fabulası, toxunulan mövzunun sanbalı və bədii həlli, əsərdəki lirizm, gənc aktrisa N.Arinbasarovanın yaratdığı obraz məni valeh etmişdi.
 Bu, mənim Aytmatov yaradıcılığı ilə ilk təmasım idi. Deməyə ehtiyac varmı bundan sonra mən onun əlimə keçən bütün əsərlərini acgözlüklə gözümə təpməyə başladım…
 …Bir halda ki, yaddaşın həmləsi güc gəldi, elə buradaca xatırlayım ki, çox sonralar artıq 1976-da məni Qırğızıstana, III Ala-Too Poeziya festivalına dəvət etmişdilər. Və şeir şöləninin açılış tədbirində bəstəboylu gənc bir şair səhnəyə çıxaraq zala üz tutub dedi ki, mən indi sizə qardaş Azərbaycanın gələcək Çingiz Aytmatovunun şeirlərini öz tərcüməmdə oxuyacağam.
 Bunu deyib, necə bilirsiniz, mənim adımı çəkdi və qırğız dilində şeirlərimi səsləndirdi…
 Bu gözlənilməz hərəkətdən lap şaşırmışdım. Utandığımdan heç o şeirləri də düz-əməlli eşidə bilmədim…
Həmin o gözəl insan indi Qırğızıstanın xalq şairi, Yazıçılar İttifaqının sədri Akbar Rıskulovdur.
 Əziz dostum və qardaşımla biz bu ötən yay Qazaxıstanda Ekspo-2017 müstəvisində keçirilən Dünya Yazarlarının  Beynəlxalq Bianelisi tədbirlərində görüşdük. Xatırlamağa çox şey vardı…  Əlqərəz, sözü çox uzatmayıb, qayıdaq əsas məsələyə.
 Desəm ki, Azərbaycanda, xüsusən orta və yuxarı yaşlı ədəbiyyatsevərlərin və ümumən insanların arasında məlum bir Aytmatov mifi mövcuddur, güman edirəm, mənnən mübahisə edən az tapılar.
 Böyük ustad dəniz qırağındakı Yaxt klubun lüks qonaq apartmanında yerləşdirilmişdi və hər  gün ona baş çəkməyə, sadəcə, görməyə axın-axın insan gəlirdi.
 Amma təbii ki, o günlərin ən əlamətdar və tarixi hadisəsi, yazıçının və müşayiət edən şəxslərin bir qisminin hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Prezidentimizin sərəncamı ilə yazıçı yeni təsis edilmiş "Dostluq" ordeni ilə təltif olunmuşdu.
 Bəli, sonralar o yüksək dövlət mükafatı ilə təltif olunanların şərəfli siyahısı Böyük ustadın adıyla başlayır…
 …Dediyim kimi, yazıçını görmək istəyənlər çox idi və ümumiyyətlə şəhər o günlər sanki qəribə bir bayram ovqatı yaşayırdı. Şəhərin ən müxtəlif yerlərində, təşkilatlarında yazıçıyla görüşlər keçirilirdi...
 Tanınmış ictimai xadimlər, alim və ziyalılar onu öz evlərinə qonaq dəvət etməyə can atırdılar.
 Səbail raoyn İcra Hakimiyyətində o dövr icra başçısı, hörmətli Sahib Ələkbərvoun rəhbərliyilə təşkil edilmiş möhtəşəm görüş, əyləncə mərkəzində şəhər ictimaiyyəti nümayəndələrinin, yaradıcı ziyalılarımızın qatıldığı unudulmaz tədbir yaxşı yadımdadır.
 


 Azər Turan:  Çingiz müəllim, həmin görüşlərin birində diqqət etdim. Çingiz Aytmatov ondan bir az əvvəl Bakıya gəlmiş Orxan Pamukdan fərqli olaraq, əyləşdiyi salonun arxitekturasına deyil, ətrafındakı insanların gözlərinin içinə baxırdı. Sanki Ata-Beyitdəki  son mənzilində uzun minillər boyu tək qalanda həm də bu üzləri xatırlamaq üçün hamını yaddaşına köçürmək  istəyirdi...

 Çingiz Əlioğlu:  Xalqımızın nəğməkar qızı təkrarolunmaz Zeynəb Xanlarovanın qudası hörmətli Arif müəllim və onun xanımı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimovanın mənzilindəki çoxsaylı qonaqların iştirakı ilə verilən ziyafət isə milli mətbəximizin dadlı nemətlərinin zənginliyi, ev sahiblərinin diqqət və qonaqpərvərliyilə unudulmazdı…
 Ancaq yazıçının haqqında söhbət gedən səfərinin xronologiyası demək olar ki, bütün təfərrüatlarıyla o dövr mətbuatında yetərincə dolğun işıqlandırılıb. İstərdim ki, o detallara bir daha toxunmadan, sənətkarın zəngin iç dünyasının yalın gözlə görünməyən digər məqamları barədə danışım.
 …Dediyim kimi, Böyük ustadla görüşməyə can atanların, müsahibə almaq istəynələrin, foto, tele çəkilişlərə gələnlərin sayı çoxdu və bu insan sıxlığı, məlum məsələdir ki, müəyyən yaş dərəcəsinə çatmış, sağlamlığı artıq təəssüf ki, o qədər də möhkəm olmayan yazıçını, hiss olunurdu ki, yorur. Bunu özü dilinə gətirən deyildi, amma gəlişinin ikinci, ya üçüncü günü mənə deyəndə ki, sən elə et ki, heç olmasa naharı biz ikimiz bir yerdə, başqa adamların iştirakı olmadan edək, mən hər şeyi başa düşdüm. Həm də əlavə elədi ki, istəsən, bu gün səhər, hələ heç kim gəlməmişdən başladığımız, yarımçıq qalan söhbəti davam etdirərik…
 İstəsən nədi, sevindiyimdən az qala dilim tutulmuşdu! Tək bircə, baş üstə! - deyə bildim.
 Həmin günü mən Çingiz bəyi Bakının əla mətbəxi olan, təsadüfi insanların demək olar ki, ayağı dəyməyən elit restoranlarından birinə dəvət etdim.
 İncəvara, nahar fasiləsinə hələ bir qədər vaxt qaldığından, biz demək olar ki, boş restoranda sakitcə keçib özümüzə heç kimin mane olmayacağı xudmani bir guşə seçdik.
 Nahar mərasiminin əsas hissəsinə keçməzdən öncə onu da deyim ki, bu müdrik insanın çox toxdaq nəfsi vardı, qidanı az miqdarda və tələsmədən qəbul edirdi.
 Tünd içkilərdənsə ancaq yüngül ağ italyan şərabından uzaq başı yarım qədəh, ya da skotç bokalının dibində bir-iki qurtum viski dadardı…
 Yenə də boynuma almalıyam ki, taleyin mənə bu nəhəng insanla mükafattək qismət etdiyi söhbətin xülasəsini mən sizə bir qədər kollajvari, ordan-burdan çatdırmağa vadaram. Güman edirəm, məni qınamazsınız, o vaxtdan ötən on ilə yaxın uzun zaman kəsimi, çox çətinliklə qoruyub saxladığım, amma yenə də boyu qismini, təəssüf ki, ömür-gün keşməkeşlərində itirdiyim xəsis qeydlər və s.
 Amma Tanrıya min şükür ki, yaddaşım mənnən hələ ki, tam yadlaşmayıb…
 Gözəl Xəzər nemətlərindən bir-iki tikə kəsəndən sonra, Ustad çəngəli bir kənara qoyub, Venesiya şüşəsindən olan uzunşüllək qədəhdəki ağ şərabdan kiçik bir qurtum dadıb, özü sözə başladı.

 – Bu səhərki yarımçıq qalan söhbətimizdə, əgər səhv etmirəmsə, mənə verdiyin sualda bu son dövr incəsənətdə və xüsusən ədəbiyyatda baş verən avanqard, postmodern oyunlara münasibətimlə maraqlandın…
 Bunu deyib, bir qədər susdu.
 

  Mənsə kirimişcə başımla təsdiq etdim.
 


  Məsələ burasındadır ki, insan əsasən özündən kiçik, xırda şeylərlə oynaya bilər. Həyat və ölümsə bizdən asılı olmayan, böyük şeylərdir, biz onlarla oynaya bilmərik. Burası da var ki, bu adlarını çəkdiklərim yazarın əsas fəaliyyət sahəsidir. Mən xəyali dünyanın dəyər və qiymətini qəbul edirəm, ancaq onu şişirtmək də istəmirəm: çünki bu üsuldan istifadədə risk və mübarizə yoxdur. Bu isə öz növbəsində, həyatı bütün mənalardan məhrum edir. Prinsip səviyyəsinə qaldırılmış zəiflik ancaq yeni zəifliklər doğura bilər. Mən onunla da razıyam ki, istənilən fəaliyyətdə (o cümlədən ədəbiyyatda da) fantaziya vacibdir - bu reallığı daha doğru qavramağa kömək edir.
Amma əgər istənilən fəaliyyətdə bundan sonra - şifrələşdirmə, formalaşdırma cəhdində - əks hərəkət, şifrələrin açılması baş verirsə, incəsənətdə bu mücərrədləşdirilmiş dünya əsl kimi, arzu olunantək, tərk etmək istəmədiyin kimi qəbul edilir. Bu azmış kimi, mücərrədləşdirilmiş yeni qat və dərəcələri doğulur ki, bu da elə postmoderndir.
Təkcə postmoderndən söhbət getmir.
 Avanqard və postmodernə aşırı diqqət etdikcə daha çox bu qənaətə gəlirsən ki, bu ədəbiyyat barmaqdan sorulma, əqli-uydurma olduğu dərəcədə sterildir, ruhən effektsizdir. Effektsizdir ona görə ki, sənətin əsas xüsusiyyətindən məhrumdu - dramatik effekti yoxdur. Bu yolu seçən yazarların əsərlərində insanı axtarma, tapa bilməzsən. Əslində, onlar insanı və onun dünyasını çoxdan qərq ediblər, ortada olan meyitdi, özlərisə cənazənin başı üstündə  ölüyaranlardır…
 Onların bu dünyaya və onun ədəbiyyatına münasibəti belədir. Mənim də onların yaradıcılığına yanaşmam elədir…
 …Mənim zənnimcə, əsər günah yuyan etiraf kimi yazılmalıdır, oxucu üçün asan, anlamlı olsun deyə, əndazə daxilində sadələşdirilmiş şəkildə işlənməlidir. Belə ki, orada sadəcə müəllifin taleyi deyil, hansısa ümumbəşəri tale izlənsin.
 Ən böyük kitablar da məhz elə bununla böyükdür. Əsər təkcə oxucu üçün işləniləndə, həmin o ümumbəşəri tale ilə bağlı ağrı yaşanmayanda, bura nə həvəs, nə də bacarıq olanda, bu gün ədəbi mənzərədə sıx-sıx rastlaşdığımız əsərlər meydana çıxır. Hansısa cılız problemlər, uydurma əhvalatlar, heç bir aktual əhəmiyyət daşımayan və pis təsvir olunan olaylar.
 Heç nə barmaqdan sorulma olmamalıdır, bütün bunlar onun nəticəsidir, ancaq o zaman inandırıcı əsər yazmaq mümkündür ki, öz gözünlə gördüyünü, yaşadığını, doğru-dürüst bildiyini qələmə alasan. Şəxsi təcrübənin yoxluğu, ruhi-mənəvi sarsıntı qıtlığı zəif əsərlər çıxarır ortaya. Effektiv həyati yaşantılar cürbəcür stilistik oyunbazlıqlar, forma əllaməliyilə əvəz edilir.
 Ən dahiyanə əsərlərin fabulası isə, bir qayda olaraq çox sadədir. Yaradıcı, bədii kəşfləri fabula və az rast gəlinən süjet xəttində deyil, yazı səviyyəsində, intonasiya və ahənglərin uyarlığı, təzadları səviyyəsində edir. Sadə süjet xətti müəllifə dilin parlaqlığını, baxımın təzə-tərliyini, fikrin gərginliyini, özünün mənəvi bənzərsizliyini, hər sətirdə boy verən özünəməxsusluğu nümayiş etdirməyə mane olmur.
Dahini, sadəcə biləndən və texnika ustasında, hələ vaxtilə, səhv etmirəmsə, Sezan demişkən - "bürüncə ət-qan dolğunluğu" verən son ştrixin ustalığı fərqləndirir.
 Və nəhayət, postmodern mənimçün budur - az bilik, kasad həyat təcrübəsi və böyük iddialar üzərində qurulmuş istehlakçı, mənfəət güdmək istəyi. Qurama sənəti, instalizasiyalar baş alıb gedir, poeziyada, rəssamlıqda, heykəltəraşlıqda… İnsanlar yaşamaq istəyir, o cümlədən sənətdə. Nə olur-olsun, təki adın yazıçı, şair və s. çıxsın. Əsas odur ki, səndən əsər haqqında soruşanda çoxmənalı susmağı bacar…

 …Aradakı qısa fasilədən istifadə söhbəti bir qədər başqa məcraya yönəltmək  istədim:

 –  Çingiz Torekuloviç (təbii ki, biz rus dilində danışırdıq), əgər yaddaşım məni aldatmırsa, siz vaxtilə belə bir fikir səsləndirmisiniz: əgər din bu qədər qartlaşmasaydı, kərtdəşməsəydi… Belə qənaətə gəlmək olarmı ki, siz hansısa bir insanla daha asan yollaşan, çevik və azad din haqda düşünürsünüz?..
Ustadın üzünə yüngülcə bir təbəssüm qondu, əlini sanki təəssüflə yelləyib:
  İşlətdiyin o çevik sözü rəngdir,  dedi. Darmacalda can qurtaran kəlamdır. Din elə özünü tutmuş, oturuşmuş, müəyyən mənada kərtdəşmiş, lap elə özündənrazı, özünəyetərli, həm də yeri gələndə bütün axtarış və tədqiqatlara açıq olmalıdır. Özünə şəkk edən din - bitib-tükənməyən mübahisələrdir. Sonuncu din olan islam dinimiz bütün başlıca suallara son və dolğun cavablarımızdır…

 Ata, oğul və müqəddəs ruh… Yəhudi qızı müqəddəs Məryəmdən doğulan İsanı çarmıxa çəkilməsindən başlayıb dünyanın ən qədim və geniş yayılmış dinlərindən biri olan xristianlıq. Allah kimi qəbul edilən ilahi varlıq çarmıxa çəkilir və ölur. İnsanlar öz seçimlərilə oğru Varavvanı xilas edirlər…
 O vaxtdan dünyada ən amansız müharibələri, insan qırğınları törədənləri atom bombası partladanlar, həbs düşərgələri, insan yandırılan sobalar, siyasi görüş və etiqadlarına görə insanları zindan künclərində, Sibir şaxtalarında çürüdənlər, Saray-Bosnada, Serebrinnitsada müsəlman qırğınları törədənlər Varavvanın gen daşıyıcıları deyilmi?
 Çarmıxdakı müqəddəs insan - Allah… Əgər Allah ölürsə, demək, sənət də ölür?!
Şəxsən mən bunun belə olduğuna inanmaq istəməzdim. Tarixin sonrakı gəlişimi də sübut edir ki, bu belə deyil. Əslində, müqəddəs İsanın da əbədi həyatı çarmıxa çəkiləndən sonra başlayıb.

 …Bunu deyib, böyük Ustad susdu. Hiss olunurdu ki, artıq söhbəti davam etdirmək istəmir. Artıq vaxt da daralırdı, qarşıda sıx tədbirlər proqramı vardı.
 Qısa bir çay süfrəsindən sonra qalxmaq qərarına gəldik…
  
 Azər Turan:  Çingiz Aytmatovun ədəbiyyat dərsi hamıya örnəkdir. Sağ olun ki, bütün bunları belə müfəssəl xatırlatdınız. Çingiz Aytmatovun bəlkə də heç yerdə yazmadığı bu çox dəyərli söhbətini bölüşdünüz.

Çingiz Əlioğlu:  Həmin o fevral ayının son dekadasının 8-9 günü sanki bir göz qırpımında gəlib keçdi.
 Və martın 1-i böyük Ustad öz desant dəstəsiylə vətənə yola düşdü.
 Təəssüf ki, belə qısa görüşlərin uzun, bəzən də əbədi ayrılıqları var…
 Aradan üç aydan bir az ötmüş o məşum xəbəri aldıq.
 Türk dünyasının böyük oğlu, ürəklər və qəlblər fatehi dünyasını dəyişmişdi…
 Bu yerdə artıq söz gərəksizdir. Belədə ancaq susmaqdı dada yetişən…
 
 Azər Turan:  Çingiz müəllim, bayaq Çingiz Aytmatov yaradıcılığı ilə ilk təmasınızın "Ana tarla" əsəri ilə başladığını dediniz.  Yadıma "Ana tarla"nın epiqrafı düşdü: "Ata, bilmirəm harada dəfn olunmusan. Bunu sənə, Törequl Aytmatova ithaf edirəm", - nisgilini Tanrı sonralar Ata-Beyit anıtı ilə müjdələdi. İndiyəcən tək qırğız türklərinin  ziyarətgahı olan Ata-Beyit Çingizi də ağuşuna alandan sonra bütün dünya türklüyünün ziyarətgahına çevrildi. Çingiz Aytmatov onu yaradan ağrının içinə dəfn olunub. Bacısı Roza Aytmatovanın bildirdiyi kimi, kütləvi məzarlıqda 1938-də güllələnib basdırılmış 137 nəfərdən yalnız birinin - Törequlun cəsədi sahibinin adı ilə tapılmışdı. Çünki hamını başının arxasından güllələmişdilər. Törequlu isə ürəyindən vurmuşdular. Döş cibində "törətdiyi cinayətlərin" yazıldığı sənəd varmış. Güllə kağızı yandırıb-dəlib ürəyə çatmışdı... SSRİ dağılandan sonra həmin məzarlıq kəşf olunanda 137 nəfərin ümumi halda kimlər olduğu bəlli olub. Ancaq Törequl şəxsən tanınıb. Şəxsin özü, bədəni çürüyüb, ancaq şəxsi işi, yazısı çürüməyib. Çingiz Aytmatovun atasını yazı, kağız nişan verib.  Ziyarət etdinizmi Ata Beyiti?

 Çingiz Əlioğlu:  2008-in 26 oktyabrında Bişkekdə Beynəlxalq Çingiz Aytmatov Forumu idi. Mən də dəvət olunmuşdum və iki gün qabaq artıq Bişkekdə idim.
 Forumdan öncə, bir gün əvvəl yazıçının qardaşı, akademik İlgiz Aytmatov və bir dəstə adam Ustadın dəfn olunduğu Atabeyit məzarlığını ziyarət etdik. Rəhmətliyin ruhuna dualar oxuduq.
 Dəfndən üç-dörd ay ötməsinə baxmayaraq, məzarın üstü, bütün geniş ətrafı dəstə-dəstə təzə-tər gül-çiçəklə örtülmüş, əklillər dağtək qalaqlanmışdı…
 Səhəri gün paytaxtın ən gözəl saraylarından birində möhtəşəm Forum keçirildi. Mən də rəyasət heyətində əyləşən qonaqlar sırasındaydım və deyəsən, çıxış da elədim…
 …Vaxt ötdü, zaman keçdi, oğlu Əsgər Aytmatov Bakıya gəldi. Görüşdük, böyük ustadı xatırladıq.
Mənə heyranedici gözəllikdə rəng naxışları olan nəfis qırğız xalatı və papağı gətirmişdi… Sonralar hərdən evdə xələti əynimdə görən nəvələrim sevincək deyirdi ki, baba, sənin də sehrli xalatın var?!

 Azər Turan:  Vaxt ötdü, zaman keçdi, Çingiz Aytmatovun oğlu Əsgər Bakıya gəldi deyirsiniz. Mistik bir haldır ki, Çingiz Aytmatov Azərbaycana - Bakıya sanki axirət səfərinə hazırlaşarkən gəlmişdi. Axirət darvazasından keçməzdən əvvəl Bakıyla halallaşmağı lazım bilmişdi. İssıkgöldən başlanan ömrün son akkordları həm də Bakıda səslənirdi. Bakıya son səfərində onun üzündəki, bəlkə də, İssıkgöldən yansıyan böyük işıq kütləsi aydın görünürdü. Üzündəki işığın cazibəsi Çingiz Aytmatovun adi, bizim kimi adamlardan olmadığından xəbər verirdi. Bilinirdi ki, bu adam bəşəriyyətin seçilmişlərindən biridir.   Çingiz Aytmatov adam şəklinə düşmüş bir Yer kürəsinə bənzəyirdi...

 Çingiz Əlioğlu:  Azər müəlim, İssikkul demişkən... İşləyən vaxtlarımda MDB ölkələri İcraiyyə Komitəsinin "Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya məsələləri" üzrə Dövlətlərarası Şurasında respublikamızın təmsilçisi mən təyin olunmuşdum (əsasnaməyə görə hər il rotatsiya ilə sədri dəyişilən Şuranın, elə üzvlərinin təkidilə dörd il sədri olmuşam). Bəli, Şuranın iclaslarından biri Qırğızıstana salınmışdı və yerli rəhbərlik qonaqpərvərliklə tədbirin İssıkkulda keçirilməsinə qərar vermişdi.
 Bu mənim buraya ikinci gəlişim idi. Turanın ən gözəl göllərindən birinin sahili gözəl otellər, istirahət ocaqları, malikanələr, yerli və xarici sahibkarların mülkləriylə süslənmişdi. Ancaq ən gözəli və şübhəsiz ki, maraqlısı qırğız memarlarının zövqü ilə salınmış Ruhozda kompleksi idi.
 Bu kompleksin məna və təyinatını bütün dolğunluğu ilə təsvir etmək üçün gərək mahir qələmli sənətşünas olasan. Mən isə ancaq şairəm, bu fikrə düşşəm, gərək böyük bir poema yazam. Bu isə təbii ki, bir qədər uzun işdir… Odur ki, təkcə bunu deməklə kifayətlənirəm ki, bu yaxşı düşünülmüş memarlıq ansamblında insanlığın keçdiyi tarixi inkişaf yolunda din, fəlsəfə, ədəbiyyat, siyasət, mədəniyyətin gəlişimi öz ifadəsini tapıb.
 Məscid, kilsə, sinaqoq, budda məbədi, filosoflar, mədəniyyət xadimləri, siyasətçilərin heykəlləri…
 Və bir guşədə bürünc skamyada kirimişcə əyləşib, üzü İssıkkula sarı, bəlkə də, Ala-Tooya, Xan Tenqriyə, Sayanlara sarı baxan Çingiz Aytmatov.
 Ustadla sağlığında şəkillərim vardı, odur ki, icazəliydim, keçib böyründə öturdum.
 O məqamda ürəyimdən nələr keçdi, onu deyə bilmirəm. Ancaq mənə elə gəldi ki, mən böyük Ustadı yenə də eşidirdim…

 O ki qaldı Ala-Tooya, o öz əks-sədasını mənim qəlbimdə 2004-də tapdı:
 Ala-TOO
 Ala-Too, təpəndə qar tarında
 qar qurdlayıb… qırmağa qor qalandır!
 Ala-too, ala-tala turanda
 bu gün talan… yarın şölən yalandır!
 
 Ruhu törə təndən yigid törəmir,
 ruhun təndən söylə, böylə törəmi?!
 Hayla, yapaq türkün altın törənin, -
 tan yerinə ruhu tənlər törəni…
 
 Qırğı, qırğız qarğı atdan ensin qoy,
 bıqdırmazmı rus duzağı qazağı?
 Dinə gəlib başqırd da bir dinsin qoy,
 gözün açıb özbək görsün uzağı…
 
 Bir evdə ki, amal ayrı, tən yaxın,
 orda səngər tən ortadan qazılır.
 Tirə düşüb arasına, bir baxın,
 qazax-qırğız tire ilə yazılır…
 
 Xəbis gülüş qurquşundu - qalaydı…
 Xas sırası xakaslarsız xar olar!
 Türkmənlərim ərkin tərkin qılaydı,
 qaraqalpaq nə vaxt qara od qalar?!
 
 Haramıdır günəş nuru, ay zəri,
 Əsli-nəslin unudarsa bir insan!
 Quldur mağdur azarından azəri
 Bir gün tənin tikədəydi, ay aman…
 
 Ala-too, tovla tavla başımı,
 tilləridən millənsin türk türküsü!
 Yağıların verən yağlı aşını,
 türkün tükcə yox qorxusu-ürküsü…
 
 "Ədəbiyyat" qəzeti